Qumbara və Quran

 

AKADEMİK ZİYA BÜNYADOVUN HƏRBÇİ OĞLU VALERİ BÜNYADOVUN 1990-CI İLDƏ LİTVA MƏTBUATINA MÜSAHİBƏSİ

"Lietuvos rytas" qəzetinin xüsusi müxbiri Rasa Karmazayte 1990-cı ilin sentyabr ayında fövqəladə vəziyyət şəraitində yaşayan Azərbaycan paytaxtında həbs edilmişdi. Litva jurnalisti o zaman nəinki həbsdən qurtulmağa, həm də Bakı şəhərinin hərbi komendantı Valeri Bünyadovdan müsahibə almağa nail oldu.

Həmin müsahibənin Litva dilindən edilmiş tərcüməsini oxuculara təqdim edirəm.

Hörmətlə, Mahir Həmzəyev Litva Azərbaycanlıları Cəmiyyətinin sədri

26 sentyabr 1990-cı ildə - Azərbaycan SSR Ali Sovetinə seçkilərə bir neçə gün qalmış Bakı şəhərinə girişlər hər tərəfdən bloklanmışdı. Litvadan gələn iki gənc jurnalist xanımı hava limanında Azərbaycan Xalq Cəbhəsinin oğlanları qarşıladılar. Onlar bizim üçün çox darıxmış nişanlı roluna girmişdilər. Həm hava limanında, həm də şəhərə aparan yolda hərbi komendantın əmrlərini icra edənlər sahiblik edirdilər. Bizi müşayiət edən oğlanlar Bakının hərbi komendantı ilə görüşüb danışmağa can atdığımızı biləndə əlini yelləyib dedilər: o, sizi dərhal həbs edib evinizə - Litvaya qaytaracaq.

Qaldığımız mehmanxanada Estoniyadan gəlmiş jurnalistlər həbs olunarkən başa düşdük ki, olduqca ayıq-sayıq olmaq lazımdır. Komendantdan müsahibə almaq barədə heç bir söhbət belə ola bilməzdi. Bakıda işləmək asan deyildi: KQB və milis hər addımını izləyir, telefon danışıqlarına qulaq asır, gecələr mehmanxana nömrəndəki telefona zəng edir və heç nə danışmayıb susurdular... Bakıdakı bu vəziyyəti Estoniya Teleqram Agentliyinin xüsusi müxbiri Ralf Amos (1950-2012) olduqca dəqiq müəyyənləşdirdi: - mən deputatlığa bir namizəddən soruşanda ki, bu nədir, sizdə baş verir, indiyədək bu cür seçkilər heç yerdə olmayıb, Ralf mənə dedi - səhv edirsiz, Çilidə də belə seçkilər olub.

Seçki günü namizədlərlə birgə seçki dairələrini gəzərkən, Bakının rayonlarından birinin komendantının bilavasitə əlinə keçdim. O, göstəriş verdi ki, xanım jurnalisti maşına ötürün, onunla şəhər komendantlığında danışacağıq. Cəmi on dəqiqədən sonra biz artıq Bakı şəhər hərbi komendantının kabinetində idik. Hərbi komendant Valeri Bünyadovun kabinetində keçirdiyim bir neçə saat vaxt gözlənilməz bir sonluqla bitdi: O, saxlanılan jurnalistlərdən yalnız mənə müsahibə verdi və ...məni sərbəst buraxdı.

 

lll

 

- 20 Yanvar hadisələrindən sonra Bakıda tətbiq edilmiş komendant saatı hələ indiyədək qüvvədədir. Niyə?

- İnsanların rahat yatmasını və həyatın öz rəvan axarı ilə davam etməsini təmin etmək üçün.

- Bakı sakinləri olmayan şəxslərə sentyabrın 26-dan oktyabrın 2-dək şəhərə giriş qadağan edilib, komendant saatının vaxtı uzadılıb və vətəndaşların sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulub. Bununla belə, siz demokratik seçkilərdən danışırsız.

- 14 sentyabrda Bakıda baş tutmuş icazəsiz mitinqdə biz 45 nəfər iştirakçını həbs etdik. Onlardan yalnız ikisi paytaxt sakini idi. Başqa yerlərdə yaşayan insanlar Bakıya gəlir və paytaxtda sabitliyi pozurlar. Bundan əlavə, Xalq Cəbhəsi seçkilərə kənardan müşahidəçilər dəvət etməyə başlayıb. Kim onlara buna icazə verib? Seçiciləri isə qorxudurlar və onlar səs verməyə getmirlər. Buna görə, seçkilərin daha bir neçə ay davam edəcəyini düşünürəm.

- Bəs komendant saatı necə olacaq?

- Bu barədə sərəncamı ləğv etmək fikrində deyiləm. Bu gecə 36 nəfəri saxlamışıq. Məgər normal insanlar gecə saatlarında küçələrdə gəzərmi? Əgər kiminsə çox vacib işi varsa, biz ona icazə vərəqəsi veririk.

- Bakı sakinləri olmayan şəxsləri həbs edərkən onları geri qaytarırsız?

- Əlbəttə. Son sutkada artıq 20 nəfəri saxlayıb geri qaytarmışıq. Bunlar Rusiyanın Yaşıllar və Demokratlar partiyasının üzvləri və jurnalistlər idilər. Heç kəs onları bura dəvət etməmişdi. Tör-töküntüdən ötrü gəliblər ki, sonra bu natəmizlərin üfunətini özlərinin "Demokratiçeskaya Rossiya", "Sobesednik", "Kurantı" kimi qəzetləri vasitəsilə hər tərəfə yaysınlar... Azərbaycan xalqı mitinqlərdən bezib. Ona rahatlıq lazımdır.

- Əgər əlinizə bir Litva qəzetinin jurnalisti keçsəydi, nə edərdiz?

- Mütləq onu Litvaya geri qaytarardım. Siz Sov.İKP-nin tərkibindən çıxmısız - mərkəzlə bütün siyasi-təşkilati əlaqələri kəsmisiniz.

- Litva Ali Sovetinin 11 mart 1990-cı ildə dövlət müstəqilliyinin bərpa olunması ilə bağlı qəbul etdiyi Qətnamə barədə fikriniz nədir?

- Müstəqil yaşamaq istəyinizi alqışlayıram. Amma Qorbaçov öz mövqeyindən geri çəkilməyəcək. Əgər azından bir respublika mərkəzdən ayrılsa, bu, Sovet İttifaqının məhvi olardı. İki Almaniya artıq bir dövlət olaraq birləşiblər. Bəs onda kim sizi müdafiə edəcək?

- 1990-cı ilin mart ayında siz Vilnüs şəhərinin hərbi komendantı təyin olunsaydız...

- Ən kiçik bir toplaşmanı belə qadağan edərdim. Bunu etməyə geciksən - tez bir zamanda yarım milyonluq bir kütlə yığılar və onda bu toplaşmanın çətin proqnozlaşdırılan nəticələri ola bilər. İnsanlara atəş açmazdım. Yaxşısı budur ki, onları dəyənəkləyib dağıdardım, həbs edərdim. İzdihamlı kütlə - çox qorxunc bir təzahürdür! Qadınlar və uşaqlar da daxil olmaqla bərk qorxudulmuş insanların mitinqlərə necə hovlanıb zorla aparıldığını yaxşı bilirəm.

- Komendant saatı tətbiq edildikdən sonra şəhərdə cinayətkarlıq azalıbmı?

- Bəli, ötən illə müqayisədə Respublika üzrə iki dəfə, Bakıda isə dörd dəfə azalıb. Bununla bağlı Respublika prezidenti mənə dedi ki, "düşünürəm bu, hərbçilərin xidmətidir".

- Gecələr Bakıda neçə nəzarət postu fəaliyyət göstərir?

- Budur, baxın xəritəyə, onu sizdən gizlətmirəm. Hava limanından şəhərə aparan yolda yeddi post qurulub. Bu yolun hər iki tərəfində Bakıya qədər həm də xeyli zirehli hərbi texnika yerləşdirilib.

- Komendantın iş saatı nə qədər çəkir?

- İş günüm bu səhər saat 5-də başlayıb və sabah səhər bitəcək. Bəzən stulların üstündə uzanıb yatmalı olursan.

- İnsanları sizə zəng etməyə ən çox hansı problemlər məcbur edir?

- Qaçqınlar sığınacaq almaq üçün zəng edirlər. Bəziləri zəng edib deyirlər ki, işığımız sönüb və ya suyumuz kəsilib. Kimsə onun evindəki ayaqyolunda unitazın xarab olması ilə bağlı müraciət edib kömək istəyir. Bir sıra insanlar da icazə vərəqələri almaq, işlərinə qayıtmaq üçün zəng edirlər. Mənim hər hansı bir məmuru tutduğu vəzifədən azad etmək hüququm var.

- Sizə kim əmr edə bilər?

- Heç kəs. Burada yeganə rəis mənəm!

- Sonuncu əmrinizi Moskvadan almısınız?

- Yox, bu, mənim şəxsi əmrimdir. Nə Respublika prezidenti, nə də hökumət belə əmri verə bilməz.

- Siz Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədisiz. Respublikanın gələcəyini necə görmək istərdiniz?

- İqtisadi cəhətdən suverenlik əldə etməsini istərdim. Deputatlar Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll etməlidirlər, həmçinin mafiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq üçün xüsusi komissiyalar yaratmalıdırlar. Xalqı geyindirmək və yedizdirmək lazımdır. Xalq üçün hansı hökumətin hakimiyyətə gəlməsi vacib deyil. Ali Sovetdə ən müxtəlif partiyalar təmsil oluna bilərlər. Amma indiki Azərbaycan prezidentinə alternativ yoxdur.

- Digər namizədlərin media vasitələrindən istifadə etmək imkanı varmı?

- Son vaxtlar yerli qəzetlər namizədlər haqqında çox yazırlar. Seçkilər haqqında qanunun 28-ci maddəsində hər bir namizədin xalq qarşısına çıxıb ünsiyyətdə olmaq hüququ təsbit olunub. Mən, bir komendant olaraq, seçicilər qarşısında çıxış etmək üçün televiziya efirində mikrofondan zamanca qeyri-məhdud şəkildə istifadə edə bilərəm.

- Sizcə, SSRİ-də hərbi çevriliş ola bilərmi?

- Çevrilişə rəhbərlik edəcək hərbçilərin tapılacağına şübhə edirəm. Ordu və polis Prezidentin dayağı olmalıdır. Odur ki, bu strukturları elə təchiz etmək lazımdır ki, hərbçilər heç bir çətinlik yaşamasınlar. Hər bir ölkədə demokratiyanın müəyyən həddi olmalıdır. Prezidentin dəmir əli ölkənin hər bir guşəsində hiss olunmalıdır. Ermənistana onun qeyri-qanuni silahlı birləşmələrinin 15 gün ərzində ləğv edilməsi barədə göstəriş verildikdə, Prezident məndən soruşdu ki, əgər mən belə əmr alsaydım, nə edərdim? Ona dedim ki, ayrılan 15 gün ərzində qeyri-qanuni yaraqlı dəstələri silahlarını təhvil verməsəydilər, onları mühasirəyə alardım, bir-iki saat da düşünməyə vaxt verərdim, sonra havadan və qurudan zərbələr endirib məhv edərdim. Prezidentin sözü - mənimçün sərəncamdır.

- Yerli xalqla azərbaycanca danışıb bir-birinizi başa düşə bilirsizmi?

- Atam Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır, tarixçidir. Ancaq mən də anam kimi milliyətcə rusam.

P.S. Hərbi komendant eyni zamanda Respublikanın ağır iqtisadi vəziyyətindən danışdı, həmçinin qeyd etdi ki, Xalq Cəbhəsində ağıllı adamlar da vardır və bu gün seçkilərdə xalqın gələcək taleyi həll olunur. Sonra seyfini açaraq mənə müsadirə olunmuş güllə darağını və əl qumbarasını, habelə imzalanıb ona hədiyyə edilmiş müqəddəs Quran kitabını göstərdi.

...Bir neçə gündən sonra Azərbaycan SSR Ali Sovetinə seçkilərdə Kommunist partiyasının namizədləri qalib gəldilər.

Hərbi komendantın özünə gəlincə isə, televiziya efirindən zamanca qeyri-məhdud şəkildə istifadə etmək imkanı ona deputat seçilməyə heç bir vəchlə kömək etmədi. Seçkilərdə öz rəqibinə - ət kombinatının direktoruna uduzdu.

 

Rasa KARMAZAYTE,

Vilnüs

 

Vilnüs, "Lietuvos rytas" gündəliyi,

9 oktyabr 1990-cı il, ¹ 166.

Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə edib.

525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.7.