Sürətli quruculuq və qayıdış davam edəcək

​​​​​​​

AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN BAŞ PLANLARI AVROPANIN ƏN QABAQCIL ŞİRKƏTLƏRİ TƏRƏFİNDƏN HAZIRLANIB

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli və geniş bərpa-quruculuq işlərini davam etdirir. Şəhər və kəndlərimiz yüksək səviyyədə müasir standartlar əsasında yenidən inşa edilir. Eyni zamanda, Böyük Qayıdış Proqramına uyğun olaraq 30 ildən artıq yurd həsrəti çəkən insanlarımız artıq öz dədə-baba ocaqlarına qayıdırlar. Azərbaycan dövlətinin əsas hədəflərindən biri məhz uzun illərdir qaçqın həyatı yaşayan insanlarımızın köçünü sürətləndirməkdir. Təbii ki, Ermənistanın işğal müddətində tamamilə dağıdıb yerlə-yeksan etdiyi, həmçinin kütləvi şəkildə  minalarla çirkləndirdiyi ərazilərin yenidən qurulmasına, bərpasına tez bir zamanda nail olmaq mümkün deyil. Çünki önəmli şərtlərdən biri vətəndaşlarımızın təhlükəsiz qayıdışıdır ki, bunun üçün də ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Hazırda həm bərpa-tikinti, həm də minalardan təmizlənmə işləri paralel olaraq davam etdirilir. Azərbaycan dövləti bütün bu işləri öz gücü və imkanları hesabına aparır.

Qayıdışın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. 2022-ci ildə ağalılar öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıblar. Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə də məhz Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Eyni zamanda bu gün azad edilmiş ərazilər - Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji" zonasına çevrilir. Bu ərazilərin böyük günəş və külək potensialına malikdir. Bu, həm də həmin ərazilərdə istehsal olunan enerjinin digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təs­diqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilmə­sinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb. Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensia­lı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konk­ret tədbirlər həyata keçirilir, aparılan bər­pa-quruculuq işlərində “yaşıl texnologi­ya”ların tətbiqinə üstünlük verilir.

Bu il də azad edilmiş ərazilərdə böyük həcmli işlər davam etdiriləcək. Azərbaycan Prezidenti yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. 2026-cı ilin sonuna qədər hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.

Sitat: “Bu günə qədər görülən işlər göz qabağındadır. Bu haqda çox danışmaq istəməzdim. Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır”.

Prezident öz yurd yerlərinə qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı dövlət qurumlarının ciddi məşğul olduqlarını, həm gedənə qədər onlar üçün treninqlər keçirildiyini, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradıldığını və bu prosesin davam edəcəyini vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək: “Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır”.

Prezident özəl sektora da müraciət edərək, onları Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymağa çağırb. Bildirib ki, artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir.

“Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik”, deyən dövlət başçısı əlavə edib ki, şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanıb, o cümlədən, Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bütün işlər planlı şəkildə və çox sürətlə aparılır. İnsanlarımızın geri dönüb rahat yaşamaları üçün bütün şərait təmin edilir, müasir infrastruktur yaradılır, iş yerləri, məktəblər, uşaq bağçaları yaradılır.

Milli Məclisin deputatı Vüqar İsgəndərov mövzu ilə bağlı bildirib ki, Azərbaycan Vətən müharibəsində qələbəsi və antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Paralel olaraq 2020-ci il qələbəmizdən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa, quruculuq, tikinti işləri görülür: “Bu işlər çərçivəsində cənab Prezident tərəfindən irəliyə vəzifə kimi qoyulmuş "Böyük qayıdış" konsepsiyası icra olunmağa başlayıb. Dövlətimiz, bir neçə dost ölkələrin şirkətləri tərəfindən azad edilmiş bölgələrimizdə yaşayış binaları, ağıllı kənd və şəhər konsepsiyaları icra edirlər. Füzulidə, qismən Şuşada, Laçında məskunlaşma prosesləri həyata keçirilir. Dövlət başçısının dediyi kimi 2026-cı ilin sonuna qədər həmin bölgələrimizə 140 min vətəndaşımız qayıdacaq. Bu proses gələcəkdə də davamlı olacaq. Çünki həmin bölgələrdə insanlar yüz, min illərlə yaşayıblar, bundan sonra da daimi yaşayacaqlar. Bu proses Azərbaycan dövləti tərəfindən ən layiqli formada həyata keçiriləcək".

Deputat bildirib ki, işlərin daha sürətli getməsinə mane olan cəhətlər erməni vandalları tərəfindən basdırılmış minalardır. Dövlətimizin öz hesabına minalar təmizlənir. Paralel olaraq da tikinti işləri baş verir. Bütün bunlar həm də ölkəmizin gücünə, qüdrətinə işarədir. Biz iqtisadi potensialımıza, insan resurslarımıza, yeni texnologiyalara əsaslanaraq bunları həyata keçiririk. Bu da bizim dünyadakı artan nüfuzumuzun bariz nümunəsidir".

 

Pərvanə Sultanova

525-ci qəzet .- 2024.- 17 yanvar, ¹8.- S.4.