Özbəkistanın
Azərbaycan sevdalı şairəsi - Xasiyyət Rüstəm
Türklər tarix səhnəsinə
çıxdıqları andan bəri bir əlində
qılınc oynadaraq at üstündə salnamələrə
düşəcək cəngavərliklər göstərmiş,
bir əlində isə qələm tutub mürəkkəbi ilə
ədəbiyyatlar yaradaraq dünya mədəniyyətinə
möhür vurmağı bacarmışlar. Bizə bəlli
olan ilk türk-uyğur şairi Arpınçor Tigindən bu
yana misilsiz örnəkləri könül oxşayan ədəbiyyatımızın
zəngin mirası bu gün də davam etməkdədir.
Böyük coğrafiyanın, minillik tarixin, əsrarəngiz
ədəbiyyatın sahibi olan türklər boylara, soylara
bölünsələr də, yenə də ortaq türk ədəbiyyatından
bəhs etməkdəyik. İstər xalq ədəbiyyatının
"Dədə Qorqud"u, "Manas"ı, istərsə
də yazılı ədəbiyyatın M.Kaşğarisi,
Y.Balasaqunlusu, N.Gəncəvisi, Ə.Yəsəvisi, Ə.Nəvaisi,
M.C.Rumisi, Y.Əmrəsi, M.Füzulisi, A.Kunanbayevi, M.Fəraqisi,
İ.Qaspıralısı, A.Çolpanı, N.Hikməti,
Ç.Aytmatovu ilə fərqli türk xalqlarından doğan
günəşlər birgə ulu bir irsin davamı
olmuşlar. Ulu(q) sözünün əski mənası
"böyük, nəhəng" deməkdir, indiki anlamı
isə "qədim" çalarındadır. Bizim
üçün isə bu mənada həm nəhəng, həm
qədim anlamları keçərlidir.
Əsrlər boyunca - Tomrisdən tutmuş
günümüzədək türk ulusunda qadının da
kişi qədər önəmli mövqelərə sahib
olduğuna tarix şahidlik edib. Mübariz türk
qadını, həmçinin həssas və titrək bir qəlbə
sahibdir. M.P.Vaqifin vəsf etdiyi "Həyası üzündə,
əqli başında" türk qadınları, türk
gözəlləri qələm əhli olmağın da
öhdəsindən gəliblər. Azərbaycan ədəbiyyatında
rübailəri ilə mənalar hörən Məhsəti Gəncəvi,
ömrü iztirablar içində keçən Heyran
Xanım, qəzəlləri ilə könlə incə
cığır tapan Xurşidbanu Natəvan, ötən əsr
ədəbiyyatımızın nəzmdə Mirvarid Dilbazisi, nəsrdə
Əzizə Cəfərzadəsi indi ağlıma gələn
sadəcə bir neçə isimdir.
Yuxarıdakı adları sadalayarkən bizə hər
mənada yaxın olan ədəbi məktəbləri
aşağı-yuxarı eyni yolu keçmiş özbək ədəbiyyatından
Nadirə, Zülfiyyə, M.Usmanova, H.Xudaverdiyeva, Z.Möminova,
F.Əfruz yaradıcılığı da türk qadın
şairələrini düşünən zaman eyni zamanda
işıq sürəti ilə xatirimdən axır.
Çağdaş özbək ədəbi
"asiman"ında bu gün yeni bir ulduz parlayır,
işıltısı Özbəkistan
sınırlarını çoxdan aşmış, əsərlərinin
çevriləri ilə qardaş türk ellərinin ədəbi
cameəsinə bərq vurub, hətta
beynəlxalq ədəbi arenada belə tərcümə
edilərək "özbək şairəsi" deyə bir
nəqş olub. Bu, Xasiyyət Rüstəm imzasıdır.
1971-ci ildə Özbəkistanın Namanqan vilayətinin
Almaz kəndində anadan olan Xasiyyət İslaməli
qızı Rüstəm ali təhsilini Daşkənd Dövlət
Universitetinin Jurnalistika fakültəsində, sonra isə həmin
universitetin ali Ədəbiyyat kurslarında alıb. 1993-1997-ci
illərdə "Dan ulduzu" qəzetində
çalışan şairə 2015-ci ildən etibarən
Özbəkistanın məşhur "Kitab
dünyası" qəzetinin baş redaktorudur.
Gəncliyin ən coşqun illəri, şübhəsiz,
tələbəlik dövrüdür. Məhz bu dönəmdə
qələmə sarılan gənc ilk ədəbi örnəklərini
oxucuların ixtiyarına vermişdir. Zaman keçdikcə həmin
şairənin incə ruhlu misraları əldən-ələ
gəzib, eldən-elə dolaşıb, nəhayətində,
Xasiyyət Rüstəm imzasını yaradıb. 1997-ci ildə
nəşr olunan "Göydəki ev" ilk şeirlər
kitabı sanki ona göylərdən bir ismaric gətirib, yolunu
bəlirləyib. Onun öz məmləkətində
işıq üzü görmüş "Nicat" (2003),
"Təsəlli" (2005), "Divar" (2006),
"Avqust" (2008), "İşğal" (2011),
"40:0" (2011), "Unudulmuş illər" (2014), "Sərgərdan
buludlar" (2019), "Gecənin başı qaranlıq"
(2021), "Dərbədər kölgələr" (2021),
"Qəhvərən dəftər" (2021) adlı
kitabları uğurlu yaradıcılığın məhsullarıdır.
Xasiyyət xanımın yaradıcılığı
nəinki Özbəkistanda oxunur, o, həmçinin digər
türk məmləkətlərində tanınır, hətta
beynəlxalq nəşriyyatlarda belə öz ədəbiyyatlarını,
ümumən türk ədəbiyyatını qürurla təmsil
edir. Kitablarının Azərbaycan, Türkiyə,
Qazaxıstan, Tacikistan, Rusiya, Belarusiya, Ukrayna, Serbiya,
Rumıniya, Vyetnam, Meksika, İngilt?r?, ABŞ, Səudiyyə
Ərəbistan kimi ölkələrdə nəşri ona
yalnız şöhrət deyil, həm də böyük sevgi
gətirib.
Sevgidən söz açmışkən, məhz bu dəm
bu sözün yeridir: Xasiyyət xanıma özbək yazar
adı ilə yanaşı, tərəddüd etmədən
Azərbaycan qızı adını məmləkətimizə
olan dərin məhəbbətindən dolayı vermək olar.
Qəlbindəki Azərbaycan sevgisi onun poeziyasından yan
keçməyib. O, həmişə Azərbaycanın
acısını acı, sevincini sevinc bilib. "Mən
ömrüm boyu anam üçün Azərbaycan idim..."
deyən şairənin bu misrası da sözümüzə
haqq verməkdədir. Axı insanı bəzən
özündən belə yaxşı tanıyan varlıq
anadır.
Təsadüfi deyil ki, şairənin xarici dillər
içində ən çox nəşr olunduğu dil - Azərbaycan
dilidir və Azərbaycanda ən çox nəşr edilən
özbək yazarlardan biri Xasiyyət Rüstəmdir. Şairə
indiyidək "Qorxunc" (2008), "Məcnun
söyüd" (2020), "Leyli ağaclar" (2020),
"Adı Lalə idi o qızın" (2020), "44
gün" (2021) adlı kitablarını ölkəmizin
oxucularına sunmuşdur.
Xasiyyət xanım lirik hissləri həlim olan
şairə təsiri bağışlayır. Əgər biz
bu şeirlərdəki hissi ürəyi kardioqrama
saldığımız kimi yoxlamaya salsaq, kəskin
qalxış, yaxud qəfil düşüş görmərik.
Düz xətt boyunca hərəkət edən hisslərin hərdən
azacıq titrəşdiyini, yaxud emosiyadan doğan kədərdən
endiyini, sevincdən isə qalxdığını görərik.
Telefon... Bir anlıq durdu nəfəsim,
"Sevirəm" söylədi... kəsildi səsim.
Sənə minnətdardır ürəyim mənim!
Telefon, olarmı sənə güvənim?
(Xasiyyət Rüstəm)
Ta dünya yaranan gündən bəri həyata
baxış hər zaman müxtəlif olub. Şairlər də
filosoflar kimidir, onlar da filosoflar kimi hər şeyə öz
prizmalarından baxırlar. Həyat... Həyatın nə
olduğunu özünə soran və bunu dərhal cavablayan
Mikayıl Müşfiq bu məqamda xatırlanır:
Həyat nədir? Sual verdim özümə,
Mənasını çiçəklərdən
öyrəndim.
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim.
(Mikayıl Müşfiq)
Xasiyyət Rüstəm də öz
yaradıcılığında həyatdan bəhs edən
fikirlərə toxunub. Onun yaradıcılığında bir
öz - şair duyumundan doğan həyat var, bir də o
başqalarının gözündən həyatı qələmə
alıb. Şair həyatı ilə bağlı özünə
açıq sual verməsə də, ilmi-ilmə toxunan sətirlərindən
bəllidir ki, "küləyi acı",
"yağışı yorğun", "sabahı mənasız",
"Günəşi sərindir". O bu gördüklərindən
təəccüb edir və "Həyat" adlı
şeirinin son bəndində sanki bir üsyan havası
çalır:
Həyat, elə bumu vəd etdiklərin?
Bu nə gün-güzəran, nə gözləntidir?!
-
Sabahı - mənasız, Günəşi - sərin,
Məni bu günlərmi səsləyəcəkdi?..
(Xasiyyət Rüstəm)
Bir də onun qələmindən doğan başqa həyatlar
var. Məsələn "Məhbus" adlı şeirində
bir məhbus üçün həyatın nə anlam ifadə
etdiyi sərgiləyir:
Artıq geridədir qandallar, zindan,
Təmiz hava ilə nəfəs alıbdır, -
O - məhbus, günahkar... yaddaşında qan...
Lakin keçmiş ilə vidalaşıbdır...
Qarşıda - həyat var, yaşamaq... hər
gün...
(Xasiyyət Rüstəm)
Hərdən elə düşünürəm ki,
doğrudan da, gerçək şairlərin göylə, ilahi
qatla bir bağlılığı var. S.Vurğunun
"Vaqif" dramında Qacarın dilindən Vaqifə dediyi
kimi:
"Yenə göylərdədir şair xəyalın?"
(Səməd Vurğun)
Şair olan kəs sıradan insanlardan, əlbət ki,
fərqlənir. Lakin bu fərqlənmə sadəcə
Tanrı vergisi olan istedadla yetinmir. Məsələ bundadır
ki, hansı dövrdə, hansı dövlətdə
yaşamasından asılı olmayaraq, şübhəsiz, qələm
əhlinin xəyalı göylərdədir. Hətta onu da demək
olar ki, bəzən kişi sənətkarlar pərvazlanan
duyğularına sənətdə geniş meydan versələr
də, bizim cəmiyyətdə qadın yazarlar bəzən
göylərin hüduduna daraltmağa məcbur olurlar. Bu anlamda Xasiyyət
Rüstəm yaradıcılığının fərqlilik təşkil
etdiyini, hətta göylərə qanad açıb uça
bilmək dilədiyini görməkdəyik:
Qanad açıb, uçaydım, kaş!
Göylə birgə uçaydım, ah!
Ey göyüzü, qaçır məni!
Öz bağrında
bircə dəfə uçur məni!
Yaşaram addım atmadan,
Uçmamağım - yaddan çıxmış...
Vəfasız qanadım məni,
nə zamansa,
torpağın təkinə çaxmış...
(Xasiyyət Rüstəm)
Sözsüz ki, şairə xanım özü və
sözü bir şəxsiyyət olduğundan,
düşüncələri və
yaradıcılığı paralelliyi də diqqət cəlb
edir. Azərbaycan oxucusu üçün onun şair kimi
bütün məziyyətləri ilə yanaşı, daha bir
cəhəti də maraqlıdır. Yuxarıda da qeyd
etmişdik, Xasiyyət Rüstəm cani-könüldən Azərbaycan
sevdalısıdır. Və istər-istəməz bu, onun
yaradıcılığında da öz əksini tapıb. Hətta
Vətənimizin çətin günlərində, savaş
anlarında bir vətəndaş qayğısı ilə
narahatlıq keçirdiyini görməkdəyik. Sanki
içinə doğubmuş kimi Tovuz döyüşlərinin
başladığı gün yazmağa
başladığı "Adı Lalə idi o
qızın" adlı poeması, nə təsadüf ki,
döyüşlərin bitdiyi gün də başa
çatır. Bu poema kiçik Lalənin bir daha tapa bilmədiyi
gəlinciyinə, şokolad almaq üçün gedib, amma bir
də geri dönməyən "abi"sinə doğan kədərdən
ərsəyə gəlib. Bütünlükdə, Lalənin
timsalında 30 ilə yaxın müddətdə elindən-obasından
didərgin düşən Qarabağ sakinlərinin Vətən
həsrətinə həsr olunub desək, yanılmarıq.
Sanki şairə burada ədaləti bərqarər etmək
üçün başlanğıcın gəlincikdən və
"abi"dən keçdiyi qənaətindədir.
Çünki orada hər kəsin geridə
buraxdığı və bir daha əldə edə bilmədiyi
yarım hekayələr qalıb, birisinin baş obrazı gəlincik
idi, birisinin şokolad...
Səsimi dinlə.
Verdiyin dəftərin varaqlarında,
Haçandır tapmışam gəlinciyini.
Ha bugün, ha sabah gətirrəm sənə!
İki dünyanı da gəzib dərbədər,
Səninçün şokalad almağa gedən
Abini tapanda verəcəm xəbər...
(Xasiyyət Rüstəm)
Xasiyyət xanım, həmçinin "44
gün" adlı poemanın və "Yuxuma girər
Qarabağ (gündəliklər)" adlı essələr
toplusunun müəllifidir. Hər iki əsər Vətənimizin
haqq savaşında olduğu dönəmdə ərsəyə
gəlib. Hər misrasında həm sükut, həm də
hayqırtı duyulan bu əsərlərdən yazarın da həmin
günlər içində bizlər kimi gah
ağladığını, gah da sevincdən uçduğunu
hiss etməkdəyik.
O, vətənini sevən, milli kimliyini duyan şəxsiyyətdir.
Bunu onun yaradıcılığından ziyadə, həm də
baş redaktoru olduğu "Kitab dünyası" qəzetindən
görə bilərik. Sanki qəzet özbək oxucusuna deyil,
türk dünyasına, hətta ümumən dünya ədəbi
cameəsinə sunulur.
Son söz olaraq, tez-tez ölkəmizə səfərə
gələn özbəyin Azərbaycan sevdalı
qızına, Azərbaycan-Özbəkistan ədəbi-mədəni
əlaqələrinin yeni şəkil almasında böyük
əməyi olan yazara yaradıcılığında
uğurlar arzu edir və qəlbində qardaş məmləkətə
olan sevgisindən doğan məşəlin daim gur
olmasını diləyirəm!
Məleykə MİRZƏLİ
Bakı Dövlət Universitetinin Türkologiya
kafedrasının doktorantı
525-ci qəzet .- 2024.- 25 yanvar, №14.- S.12.