"Əshabi-Kəhf"in
sirləri: qaranlıqdan aydınlığa
Simvolik anlam daşıyan məqamları özündə
ehtiva edən hadisələrin ruhi-mənəvi dərketmə
üsullarından biri ezoterikadır. Bu, bir çox hekayə,
nağıl və rəvayətlərin batini xarakterini əks
etdirir. Qədim tarixə malik və dövrümüzədək
gəlib çatan bir sıra hekayə, nağıl və rəvayətlərdə
təsvir olunan məlumatların gizli şəkildə nəsildən-nəsilə
ötürülməsinin sirri artıq
açılmaqdadır. Belə hekayələrdən biri də
"Əshabi-Kəhf" haqqındadır. Bu hekayədə
simvolik anlama malik olan çoxlu ezoterik terminlərlə
rastlaşmaq olur. Məsələn, "mağara",
"yeddi rəqəmi", "üç yüz doqquz
il", "it", "yatmaq", "sağ tərəfə
və sol tərəfə çevirmək" və sair.
Bəs "Əshabi-Kəhf"lə bağlı
hadisə hansı mənbələrdə əks olunub?
Hamımızın ağlına gələn ilk mənbə təbii
ki, Qurani-Kərimin "Kəhf" surəsidir (9-26-cı ayələr).
Hökmdar zülmündən qaçıb mağaraya
sığınan və orada uzun illər yatdıqdan sonra
oyanan bir qrup insanın və onları müşayiət edən
Qitmir adlı bir itin başına gələn hadisəni əks
etdirən bu hekayə Qurani-Kərimin nazil olmasından
çox əvvəllər bir sıra başqa xalqların mədəniyyətlərində
və başda xristinalıq olmaqla digər dini mənbələrdə
də yer alıb. Hələ Hindistanın sanskrit dilində
yazılmış olan "Mahabharata" dastanının 17-ci
kitabı olan "Mahaprasthanika Parva"da sözügedən əhvalat
var. Xristianlıq inancına gəldikdə isə, bu hekayənin
ən qədim variantının itmiş bir yunandilli qaynaqdan gəldiyi
söylənilən suryani rahib Suruçlu Yaquba aid olduğu
bildirilir. Hekayə eyni zamanda keşiş Diyakoz Paulun (720-796,
797, 798 və ya 799) "Historia Langobardorum"
("Lombardların tarixi") adlı əsərində təsvir
edilir. Bundan başqa, həmin hekayənin ən papulyar
versiyalarından birinə italyan katolik keşişi Yakopa da
Varazzenin (1230-1298) "Legenda Aurea" ("Qızıl əfsanə")
adlı əsərində də yer verilir. "Əshabi-Kəhf"
hekayəsinin analoji variantları çoxsaylı başqa mənbələrdə
də vardır.
Gələk, bu hadisənin harada baş verməsi məsələsinə.
"Əshabi-Kəhf" hekayəsinin hansı ərazidə
"yaşanılması" bu gün birmənalı qəbul
edilmir. Hazırda bu mistik bölgənin Azərbaycanla
(Naxçıvan bölgəsi) yanaşı, Türkiyə,
İordaniya, Hindistan, İspaniya, Misir, Suriya, Əfqanıstan,
Əlcəzairdə və digər ölkələrdə
olmasına dair mülahizələr mövcuddur və bu hadisənin
"yaşanıldığı" yerə dair abidələrə
(mağaralara) həmin ölkələrdə rast gəlmək
mümkündür. Lakin haqqında söhbət
açdığımız məsələni
araşdıran tədqiqatçı və mütəxəssislərin
böyük əksəriyyətinin fikrincə,
"Əshabi-Kəhf" Azərbaycanın Naxçıvan
bölgəsindədir. Bu barədə görkəmli islam
alimi Fəxrəddin Razi "Mefatih-ül-Qeyb" adlı əsərində
yazır ki, "Doğrusu, "Əshabi-Kəhf"in nə
zamanını, nə yerini ağıla gətirə bilməyə
imkan yoxdur, lakin şühbə yoxdur ki, bu mağara
Naxçıvan ərazisindədir".
Orta əsrlərdə Avropada çap edilmiş,
fransızların məşhur "Qrand"
Ensiklopediyasında "Sert Dormans" ("Yeddi
yatmışlar") adı ilə dərc olunan yazıda
"Əshabi-Kəhf" hadisənin tarixi keçmişi və
bu hadisənin cərəyan etdiyi ərazi ilə bağlı
məlumatlar əksini tapıb. Orada da sözügedən
bölgənin məhz Azərbaycan ərazisində olması
ehtimalı yürüdülüb.
Bir sıra alimlər (Əbu Həyyan, Əbdürrəşid
Əl-Bakuvi, Bertran Rassel və b.), eləcə də
hökmdarlar (Bizans imperatoru II İohan və digərləri)
"Əshabi-Kəhf" mağarasının
Naxçıvan ərazisində olmasını qeyd ediblər.
"Əshabi-Kəhf" mağarasının
Naxçıvanda olmasını təsdiq edən onlarla
başqa faktları da qeyd etmək olar. Lakin biz bu
siyahını uzatmadan keçək sözügedən hekayədə
adı keçən "Qitmir" adlı itlə
bağlı bəzi məqamlara. Ümumiyyətlə, itin bu
hekayədə nə işi var? Başqa sözlə, hekayədəki
itin batini anlamı nədir və o, nəyə işarə
edir? "İt" sözünün ezoterik anlamı müxtəlif
cür izah edilir. Belə ki, bu sözün batini mənası
"insana yaxın", "sədaqətli",
"aqressiv", "sahibini o biri dünyada qorumaq",
"ruha səyahətində işıq yolu tutmaq" deməkdir.
Qədim Misir mifologiyasında Set və Neftisin oğlu
olan itbaşlı axirət dünyası tanrısı
(ölüm tanrısı, məzar tanrısı) Anubis
ölüləri axirət dünyasına yola salmağı
ilə tanınır. Sonralar Set tərəfindən
öldürülən Osirisi mumyaladığı
üçün o, mumyalama tanrısına çevrilir. Anubis əlində
Anx xaçı (yuxarısı üzük nişanlı Misir
xaçı) tutmuş formada təsvir olunub. Bu xaçın
mənasını izah edən çoxsaylı izahlar var.
Fikrimcə, bu izahlar içərisində ən
ağılabatan olanı budur:
"Yüksəliş və keçidlərdə gərəkli
qapıları açmağa kömək edəcək, fərdləri
sirrə aparacaq sehrli açar".
Ümumiyyətlə, analoji məqsədlərə
xidmət edən it simvoluna başqa mədəniyyətlərdə
də rast gəlinir. Məsələn, Qədim meksikalılar
ölümdən sonrakı dünyaya yolçuluq edərkən
müşayiət etməsi üçün sahibləri ilə
birlikdə itləri də basdırıblar. Kanar adalarında
yaşayan "Guanche" yerliləri (e.ə. 3000-ci illər)
də ölülərini itlərlə birlikdə dəfn
ediblər. Belə bir davranış mayyalılar, asteklər,
Afrika yerliləri, Qədim İran, Hindistan, Anqoladakı Bantu qəbilələri
arasında və ümumiyyətlə, Asiyanın demək olar
ki, bütün qədim cəmiyyət və mədəniyyətlərində
geniş yayılıb.
Elə buradaca "Sirius" ulduzu haqqında məlumat
verməyin vaxtıdır. "Bunun mətləbə nə dəxli
var?" deyə bilərsiniz Məsələyə
aydınlıq gətirək. Qurani-Kərimin "Nəcm"
surəsində ərəb dilində "Şira" deyilən
"Sirius" ulduzundan bəhs olunur. Alimlər gecələr
göydə görünən ən parlaq ulduz olan
"Sirius"un hərəkətindəki
nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz
olduğunu kəşf etmişdilər. Beləliklə, Sirius
"Sirius A" və "Sirius B" kimi ifadə edilən
iki ulduzdan meydana gələn bir dəst ulduzdur.
Ən köhnə astronomik mənbələrdə
adı keçən Sirius, qədim Misirdə Sopdet adlı
tanrı olaraq maddiləşdirilib. Bir sıra qədim Misir məbədi
Sirius ulduzuna istiqamətlənmiş şəkildə inşa
edilmişdi. Məsələn, Xeops piramidasının firon
otağının divarında açılan bir kanal Sirius
ulduzunu görmək üçün nəzərdə
tutulubmuş.
Maraqlıdır ki, Sirius ulduzunun içində
olduğu bürcə "Böyük it bürcü"
(latınca "Canis Major") adı verilib. Sirius ulduzunun digər
adı da "İt ulduzu" adlanır. Nəyə görə?
Çünki əksər mədəniyyətlərdə (Qədim
Çin, İran və yunan mifologiyasında) adı çəkilən
ulduz klasteri (ulduz çoxluğu) itlə əlaqələndirilir.
İndi isə məsələnin düyün nöqtəsinə
toxunaq. Qədim Misir inancına görə, bədən
öldükdə ruhlar Siriusa yolçuluq edir. Ezoterizmdə
Sirius "qalaktik idarə mərkəzi" hesab
edilir."Əshabi-Kəhf" sözündəki "kəhf"
sözünə gəlincə isə, bu söz ərəbcə
"mağara" anlamını daşıyır. Ezoterizmdə
"mağara" simvolundan ana bətnini ifadə etmək məqsədilə
istifadə olunur. Eyni zamanda ezoterik mətnlərdə məzarlar
da simvolik olaraq ana bətnini ifadə edir və
ölüb-dirilmə inisiasiya mərasiminin izahı belə
açıqlanır: ölülər torpaq ananın bətninə
qoyulur və üzərinə su tökülür ki, ruh gedəcəyi
yerə salamat çatsın.
Yuxarıda deyilənləri ümumiləşdirsək,
"Əshabi-Kəhf" hekayəsinin ezoterik
anlamının"mağara" simvolu ilə
kodlaşdırılan ölüb dirildikdən sonra
saflaşan və kamilləşən ruhların "it"
simvolu ilə kodlaşdırılan Sirius ulduzuna yolçuluq
etməsi" mənasına uyğun gəldiyini deyə bilərik.
Göründüyü kimi, dərin mətləblərdən
bəhs olunan bu hekayəyə hərfi və bəsit
yanaşmaq olmaz.
Elmi araşdırmalar "Əshabi-Kəhf"
mağarası ilə bağlı da ictimaiyyət
üçün o qədər də geniş məlum olmayan
maraqlı fikirləri və məqamları ortaya
çıxarır. Məsələn, bəzi mənbələrdə
bildirilir ki, tarixin müəyyən dövrlərində
"Əshabi-Kəhf" mağarasında İsa peyğəmbərin
yaxın əshabəsi tərəfindən qələmə
alınmış İncil kitabı, İsa peyğəmbərə
aid bir neçə əşya, eləcə də qədim əlyazmalar,
İsa peyğəmbərin hesab edilən su dolçası,
onun əl ağacı, ölüb-dirildikdən sonra əynindəki
paltar və dünya tarixini dəyişə biləcək
müəyyən sirli kitablar mühafizə olunub.
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent Zaur Əliyev hələ 2018-ci ildə dərc olunan
"Tampliyerlər, "sirr bəkçi"ləri və
bektaşilərin qoruduğu Əshabi-kəhf" adlı məqaləsində
son dərəcə maraqlı məqamlardan bəhs edərək
vurğulayır ki, Naxçıvanda bir neçə ailə
bu mağaranın yerini və sirrini qoruyub saxlamaq
üçün seçilmişdi. Müəllif həmin
yazısında daha sonra bildirir ki, Osmanlı-Səfəvi
dövründə Şah İsmayıl bu yerin mühafizə
olunmasını qaramanlı tayfasına
tapşırmışdı. Onun yanına gələn Vatikan
elçilərinin xahişini yerə salmayan Şah
Muğanlı Sarı Əlinin nəslindən olan Noruz Ağa
Əlini bura mühafiz təyin edir.
Məqalə müəllifinin yazdıqlarına
görə, "Türkmənçay müqaviləsindən
sonra buranı işğal edən ruslar ətrafda
qazıntı işləri zamanı böyük miqdarda
qızıl olan xəzinə aşkar edirlər. Bundan sonra
qazıntını genişləndirmək qərarına gəldikdə
yerli sakinlərin etirazı ilə qarşılaşırlar.
Onlara dəstək vermək üçün erməni dəstələri
də gəlir. Mağaraya yol axtaran ruslara ermənilər yol
göstərirlər. Bu döyüşlərdə iştirak
etmək üçün tampliyerlər, İrandan batini bəgləri,
yəni "sirr bəkçi"ləri və Türkiyədən
bektaşilər gəlirlər. Rus və ermənilərə
qarşı savaşda onlar da iştirak edirlər və qələbə
qazanandan sonra tamamilə mağaraya gedən yolları, bu
yolları bilənləri məhv edirlər. Naxçıvanda
mağaranı qorumaq üçün seçilən ailələrə
isə zamanı gələnə qədər buranı qormaq həvalə
edilir".
Batini alimi, misirşünas Firudin Gilar Bəgin fikrincə
"bu mağara haqqında söz demək üçün qədim
yazıların batini mənalarını açmaq
lazımdır". Misirşünas alimin daha maraqlı fikirlərinə
gəlincə müəllifə görə,"Sufi-batinilərdə
"Əshab" rəmzi -
"Sahu-Ba" kimi açılır ki, buradakı
"Sahu" rəmzi qədim Misir yazılarında, insan
öləndən sonra bədənindən çıxan ruhunu
bildirirdi. "Ba" rəmzi isə bu fəlsəfədə,
insan ruhunun ilkin materiya ilə vəhdəti, yəni
ölümsüzlük qazanmış ruhları, Misir
Allahları demək idi. Batinilərdə "Kəhf"
sözünün Kufə-Qaf rəmzləri ilə eyni mənalı
olduğunu dilə gətirən F.G.Bəgin düşüncəsinə
görə, "Əshabi-Kəhf" dedikdə sufilər,
ölümsüzlük qazanaraq Allaha çevrilmiş
insanları nəzərdə tuturlar ki, onların cəsədləri
də məhz Qaf dağındakı "Əshabi-Kəhf"
mağarasında gizlədilib.
Ümidvarıq ki, mütəxəssis alimlərimizin
gələcəkdəki elmi aşardırmaları haqqında
söhbət açdığımız mövzunun batini
anlamlarını daha dərindən izah etməyə geniş
imkanlar yaradacaq.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet .- 2024.- 25 yanvar, №14.- S.10.