Şuşaya
getmişdim...
Çoxdan idi ki, səhər tezdən bir yerə səfər
etmirdim. Arzu qanadlarında, Medianın İnkişafı
Agentliyinin (MEDİA) təşkil etdiyi Şuşa səfərinə
sevindim. Səhərin soyuğu, alatoranlıq heç vəchlə
xoş ovqatımıza mane olmurdu. Ona görə ki, doğma
Qarabağımızın baş tacı Şuşaya yol
alacaqdıq. Bir azdan qış günəşi
çıxacaq, qırmızı şəfəqləri
yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət
- elm, sənət, incəsənət, musiqi beşiyi Zəfər
şəhəri Şuşanı ziyarət etmək,
bulaqlarından su içmək, hər qarış
torpağına müqəddəs şəhidlərimizin ruhu
hopmuş müstəqil Azərbaycan Respublikasının
alınmaz qalasını görmək çoxdankı arzum
idi. Düzdür, düz 40 il əvvəl Ağdamın
Şahbulağına - qardaşım Ənvərin yanına
anamla gedəndə həmin yerlər Şuşaya yaxın
idi. Arzulamışdım, gedə bilməmişdim. İndi
gedirəm.
Bakı, Gəncə və Lənkəran şəhərlərindən
də jurnalistləri Şuşaya aparmaq üçün 3
avtobus yola düşmüşdü. Dan yeri söküləndən
sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə
çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal
dövründə Ohanyan səddi və neytral zona burada yerləşirdi.
Təsəvvür edin ki, Azərbaycan torpağında
düşmən səddi... Düşdük, baxdıq.
Televiziya ekranlarından gördüyümüz viranə evlər,
dağıdılmış kəndlər də buradan
başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı
məzarlara qırmızı lentlər
bağlanmışdı. Yəni ki, sakinlər
doğmalarının məzarlarını ziyarət ediblər.
Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polis
işçiləri sənədlərimizi yoxlayıb, bizi
Şuşa səmtinə getməyə xoş niyyət
göstərdilər.
Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi
Elşən Ağayev bu yerlərdə bir neçə dəfə
olduğundan Qarabağın əbədi tarixi, rayonları,
yaşayış məskənləri, 44 günlük Vətən
müharibəsində işğaldan azad edilmiş yerlər
haqqında məlumatlar verir, suallarımızı
cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin
Füzulinin işğaldan azad edilmiş birinci kəndlərindən
olduğunu, ermənilərin Ohanyan səddi deyilən
istehkamın müzəffər ordumuzun gücüylə
dağıdılaraq ərazinin düşməndən azad
olunmasından danışdı. Strateji və sosial obyektlər,
qəbiristanlar, qapıları, divarları
sökülmüş binalar, yol-rizi itmiş
cığırları belə tanımaq olmur. Düşmən
elə bir vandallıq edib ki, Xerosima onun yanında toya-bayrama
getməlidir.
Füzuli şəhərinə çatanda adamın
ürəyi açılırdı. Şəhər
müasir standartlara uyğun yenidən bərpa olunur. İrəlilədikcə
abad yolları görürsən. Yolun hər iki tərəfində
quruculuq işləri görülür, ucu-bucağı
görünməyən torpaqlarda müasir traktorlar işləyir,
taxıl əkilirdi. Adamın sevincdən köksü
çağlayırdı... Bu yerdə şəhidlərimizə
Allahdan rəhmət diləyirik, qazilərimizə
cansağlığı arzulayırıq, hamımız bir
ağızdan Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandanımız İlham Əliyevə dualar edirik. Məhz
möhtərəm Prezidentimizin Sərəncamı ilə
inşa edilmiş 101,5 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolu ilə Şuşaya irəliləyirik. Bu yol Zəfər
yoludur. Azərbaycan Ordusunun xüsusi təyinatlılarının
Şuşanı işğaldan azad etmək üçün
keçdiyi meşələrdən, dərin dərələrdən,
sıldırım qayalardan çəkilib bu yol...
"Kolin" şirkətinin və Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin əməkçiləri
tikinti işlərini sürətlə və dünya
standartlarına uyğun yerinə yetirirlər. Layihəyə əsasən
çətin relyefə malik olan dağ yerlərində,
dolaylarda körpü və tunellərin bünövrəsi
qoyulur. Belə ki, təzə yolun uzunluğu 17 kilometrə
yaxın qısalaraq 84,6 kilometr olacaqdır. Tunellərin
ümumi uzunluğu təxminən 3 kilometr təşkil edəcək,
Şuşa şəhərinə gediş-gəliş daha
rahat olacaqdır. Elşən müəllim sıldırım
qayaların ortasında ulu keçmişimizin yadigarı olan
Azıx mağarasını göstərib söhbətini
davam etdirərək, Tuğ kəndinə
çatdığını, yazıçı Cəfər
Cabbarlının "1905-ci ildə" əsərindəki
hadisələrin məhz bu kənddə cərəyan etdiyini
bir daha göz önünə gətirir.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata
keçirilməsi Azərbaycan xalqının
qazandığı parlaq Qələbənin simvoludur. Belə
bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə
Azərbaycan dövlətinin gücünü, onun malik
olduğu potensialı və ən əsası Prezident
İlham Əliyevin qətiyyətini bütün dünyaya
göstərdi. Şanlı ordumuzun ölkəmizin mədəniyyət
paytaxtı olan Şuşa şəhərini mənfur
düşməndən azad edərkən istifadə etdiyi
cığır-yolun əbədiləşdirilməsi məqsədilə
tikilən və Müzəffər Ali Baş Komandan İlham
Əliyev tərəfindən "Zəfər yolu"
adlandırılan avtomobil yolunun inşası dövlət
başçısının daimi nəzarəti altında
icra olunub.
Dörd il əvvəl Azərbaycan xalqı, dövləti
və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin
ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə
çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə
yeni səhifə yazıldı. Şanlı ordumuz yağı
düşmənin üstümüzə atdığı ləkəni
təmizlədi, biz qamətimizi düzəltdik, illərlə
həsrətində olduğumuz torpaqlarımıza
qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da
möhkəmləndik, gücləndik və nəhayət,
dünyanın illərdir göz yumduğu ədalətsizliyi
özümüz təkbaşına aradan qaldırdıq.
Prezident İlham Əliyevin yüksək sərkərdəlik
qabiliyyəti ilə qəhrəman ordumuzun Vətən
müharibəsində qazandığı Qələbə Azərbaycan
xalqının Zəfər məramına, milli kimlik
mücadiləsinə, torpaq və Vətən sevgisinə
şahidlik etdi.
Bəli, Zəfər yolu ilə sərt döngələri
dolanıb Daşaltı kəndinə, sonra Şuşaya gəlirik.
Axırıcı aşırımı keçəndən
sonra göz önümüzdə Şuşanın gözəl
panoramı açılır. İndiki Şuşa şəhəri
böyük tikinti meydanına bənzəyir. Yuxarı
Gövhər ağa məscidi, Cıdır düzü, Topxana
meşəsinin dağıdılmış ərazisi, Molla PənahVaqifin
məqbərəsi, Xan qızı Natəvanın
dağıdılmış malikanəsi, Şuşa
Qalası, İsa bulağını bir-bir ziyarət edir,
tikinti-quraşdırma işlərinin burada davam etdiyinin
şahidi oluruq. az vaxtda burada xeyli iş görülüb.
Şuşada hər məhəllənin öz məscidi olub və
indi də fəaliyyətini davam etdirir. "Xarıbülbül",
"Şuşa", "Qarabağ" otelləri göz
oxşayır, hər bir xarici, yaxud yerli insanın ruhuna
oxşarlıq əxz edir. Səliqəli, müasir üslublu
110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasına
baxdıqca adam riqqətə gəlir.
Axırda Cıdır düzünə gələrək
əsrarəngiz dağ mənzərələrini seyr etdik. Bu
düzdə mən və jurnalist həmkarlarım 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistanın işğalı
altında olan ərazilərin azad edilməsi və ölkəmizin
ərazi bütövlüyünün bərpa olunması
üçün başlanan İkinci Qarabağ müharibəsi
zamanı 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində
gedən döyüşlərdə həlak olan Azərbaycan
Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Vətən
Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlnin
həlak olduğu yeri ziyarət etdik. Allahdan İntiqama,
bütün şəhidlərimizə rəhmət dilədik.
MEDİA-nın şöbə müdiri Natiq Məmmədli
jurnalistlərə verdiyi
müsahibəsində bildirir ki, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında aparılan böyük
tikinti, quruculuq, bərpa işləri medianın əsas
mövzusudur. Düşünürəm ki, bu səfərdən
sonra da Şuşada və işğaldan azad olunmuş ərazilərdə
aparılan işlər maraqlı yazılar, reportajlar şəklində
Azərbaycan cəmiyyətinə təqdim ediləcək.
Nədənsə gedəndə də, gələndə
də anam yadıma düşmüşdü. Bu savadsız
qadın vətənpərvərdi, bizə Ana Vətənimizi,
torpağı sevdirərdi, yaradıcı insanları, hərb
fatehlərini tanıtdırardı. Deyərdi ki, müharibəni
başlayan da, qurtaran da bir baş (yəni bir adam) olur.
Ağıllısı, müdriki dözür, fikirləşir,
necə qalib gəlməyin yollarını tapır,
müşahidə edir, udur... Anam düz deyirmiş, 30 il
düşmən tapdağına dözəsən, səbir edəsən,
müharibə edəsən, Qalib olasan, torpağını
geri alasan, bu zəka, müdriklik, dözüm tələb
edir. Bizim Prezident kimi! İlham Heydər oğlu Əliyev bizə
şəhidlərimizlə, qazilərimizlə birgə əyilən
qəddimizi yüksəltdi, vüqarımızı, şərəfimizi qaytardı. Nə qədər həyat
var, biz onlara borcluyuq. Bizim Prezidentimiz başımızı
ucaltdı, 200 il torpaq almayan bir dövlətdən
torpağı geri alan xalqa çevirdi.
İlham Əliyev 2020-ci ilin 1 dekabrında deyirdi ki, 94
nəfər mülki vətəndaş həlak olub, 400 nəfərdən
çox mülki vətəndaş vəhşi düşmən
tərəfindən yaralanıb. Evi dağılmış
insanlar dağıntılardan çıxarkən deyirdilər
ki, ancaq irəli! Bilirsiniz, hər kəs bilməlidir və biz
bütün dünyaya göstərdik ki, biz böyük xalqıq,
yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi
müstəvidə Qələbə qazanmağı
bacardıq və bu Qələbə ölkəmiz
üçün yeni dövr açır. Bu dövr
inkişaf, təhlükəsizlik, tərəqqi dövrü
olacaq.
Mən artıq bu mövzu ilə bağlı
müraciətlərimi yekunlaşdırıram. Əminəm,
bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma
xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu
dövrlə bağlı müraciətlərimi yenə də
hər bir Azərbaycan vətəndaşının
arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm:
Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir,
Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir,
Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan
xalqına! Yaşasın Azərbaycan!
Bəli, biz 100 il, 1000 illər bundan sonra da, həmişə,
hər vaxt Qalib xalq olacağıq!
Xalqımız öz torpaqlarında əbədi əmin-amanlıqda
yaşayacaq. Ölkəmizin hər guşəsi
gülüstana dönəcək.
Əlihüseyn ŞÜKÜROV
Masallıda çıxan "Yeni həyat" qəzetinin
baş redaktoru
525-ci qəzet .- 2024.- 25 yanvar, ¹14.- S.8.