Qəhrəman məzunumuz
- qürur ünvanımız
Vətən müharibəsi qəhrəmanı şəhid
Azad Hümbətovun xatirəsi işıqlı və əziz,
rəşadəti unudulmazdır
Neçə müddət idi ki, şəhid məzunumuz
Azad Hümbətov haqqında məqalə yazmaq fikri məni tərk
etmirdi. Hər dəfə onunla bağlı keçirilən
dövlət tədbirlərində, vaxtilə təhsil
aldığı liseydə təşkil olunan mərasimlərdə,
valideynləri ilə görüşlərdə iştirak
etdikdən sonra buna qərar verməyə bir addım da
yaxınlaşırdım. Amma görəcəyim işin məsuliyyətinin
nə qədər ağır olduğunu da yaxşı dərk
edirdim. Axı hər kəlmənin, hər cümlənin
yetkinliyinin, dürüstlüyünün, əziz şəhid-məzunumuzun
ruhunu oxşayacağının fərqində olmalı,
düşündüklərimin səmimi şəkildə
oxucuya çatdırmağın qayğısına
qalmalıyam...
Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə
Bakı şəhərində ziyalı ailəsində anadan
olub. Əslən Göyçə mahalındandı. Birinci
sinfə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli
tam orta məktəbdə getmişdi. 7-ci sinifdən təhsilini
291 nömrəli "Araz" Ekologiya liseyində davam etdirdi.
Qısa bir zaman kəsiyində fəallığı,
təşkilatçığı, liderlik qabiliyyəti ilə
yaşıdlarından seçilməyə və müəllimlərinin
diqqətini cəlb etməklə yanaşı, onların
hörmətini də qazanmağa başladı. Yaxşı
dostluq etməyi, ünsiyyət qurmağı, ətrafındakılara
qarşı diqqətli olmağı, onları başa
düşməyə çalışması, heç nəyə
qarşı laqeyd, biganə qalmaması həmişə diqqət
çəkirdi. Dost-yoldaş üçün canından
keçməyə hər an hazır idi. Sən demə, bu Vətən
üçün canından keçməyə hazırlıq
imiş.
Dərslərini yaxşı oxumaqla yanaşı,
liseyin ictimai həyatında da, keçirilən tədbirlərdə
də həmişə fəal iştirak edirdi. Onun ən
yaddaqalan təşkilatçığı isə "Son zəng"
tədbiri ilə xatirimizdə qalıb. Liseydə təşkil
olunan həm rəsmi hissədə, həm bədii hissədə
böyüklərə məxsus qabiliyyətilə təşkilatçılıq
işinin öhdəsindən məharətlə gəldi.
Sanki bütün işləri 17 yaşlı məktəbli
deyil, böyük təcrübəsi, səristəsi olan bir
şəxs görmüşdü.
Tez-tez muzeylərə, tarixi yerlərə
ekskursiyaların da fəal təşkilatçısı və
iştirakçısı olurdu. Bir dəfə - 20 Yanvar ərəfəsində
Şəhidlər xiyabanını ziyarətə getmişdik.
Qayıdarkən Azadın söylədikləri bu gün də
qulaqlarımda səslənir: "Müəllimə, Şəhidlər
xiyabanında əsl kişilər yatır..."
Azad (Mən onun adını liseydə təhsil
aldığı vaxtlarda olduğu kimi, sadəcə, Azad
yazıram) 2013-cü ildə liseyi bitirdi, həmin ildə də
Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil
oldu.
Biz 2013-cü ildə Azadı məzun kimi yola
saldıq. Amma Vətən müharibəsinin
başlanmasından düz bir ay sonra - 2020-ci il oktyabrın 27-də
qəhrəman şəhid kimi qarşıladıq onu. Bu xəbərdən
Ekologiya Liseyinin şagird, müəllim və valideynlərdən
ibarət böyük ailəsi çox üzüldü,
sarsıldı, amma təəccüblənmədi. Bu, bizim
tanıdığımız, dərs dediyimiz Azad idisə, bu,
bizim tanıdığımız ailənin övladı idisə,
başqa cür ola bilməzdi. O, dostu-tanışı
üçün hər zaman canından keçməyə həmişə
hazır idisə, Vətən üçün heç vaxt
bunu əsirgəməzdi.
Müharibənin ilk günündən ön cəbhədə
tank komandiri olan leytenant kimi düşmənlə üzbəüz
döyüşə atılmışdı. Düşmənin
5 tankını qənimət kimi mövqelərimizə gətirmişdi.
Hazırda onlardan üçü Hərbi Qənimətlər
Parkında sərgilənir.
Qızğın döyüşlərin birində
yaralanır Azad. Amma tank mexanikinin daha ağır yaralı
olduğunu görüb 25 km məsafə qət edərək
onu gətirib öz mövqelərimizə
çatdırır. Özünü Beyləqanda hospitala yerləşdirirlər.
Lakin tam sağalmamış cəbhəyə qayıdır.
Oktyabrın 27-də Qubadlı uğrunda gedən
döyüşlərdə ağır yaralanır və həyatını
xilas etmək mümküm olmur. Canından da çox sevdiyi vətən
uğrunda şəhid olur Azad, özünün dediyi kimi,
kişilər sırasına adını əbədi
yazdırır.
II Fəxri xiyabanda dəfn edilən Azad,
ölümündən sonra "Xocavəndin azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə",
"Vətən uğrunda" medalları ilə təltif
olundu, Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görüldü.
Deyirlər, həyatda təsadüfi heç nə
yoxdur. Bunun doğrudan da belə olub-olmadığı
haqqında heç nə demək istəmirəm. Amma mənim
gəldiyim qənaət başqadır.
"Müəllimlər ikinci valideyndir" ifadəsinə
tez-tez rast gəlirik. Yaşımızdan asılı olmayaraq
ömrümüzün sonunadək ehtiramla xatirələrini əziz
tutduğumuz, yad etdiyimiz müəllimlərimiz kifayət qədərdir.
Bir neçə kəlimə ilə fikrimi əsaslandırmaq
istəyirəm. Mənə orta məktəbdə (1968-78) dərs
demiş ensiklopedik biliyə malik, son dərəcə xeyirxah və
qayğıkeş insan olmuş Azərbaycan dili və ədəbiyyatı
müəllimim Qadir Məmmədov minlərlə sagirdin
yaddaşında yaşayır. Həyatının son günlərini
yaşayanda 80-ə yaxın yaşı vardı,
keçmiş sagirdlərinin əksəriyyəti onu
müalicə edən həkimdən müəllimi
sağaltmağı, yaşatmağı xahiş edəndə
həkim təəccübünü gizlədə bilməmişdi.
Axı müəllimin xeyli yaşı vardı və xəstəliyi
də ciddi idi. Bunu onun keçmiş şagirdləri də
bilirdilər. Amma onu itirmək istəmirdilər. Biz şagirdləri
Qadir müəllimin məzarını bu gün də ziyarət
edir, ruhuna dualar oxuduruq.
Mənim ibtidai sinif müəlliməm Arifə Məmmədova
həmişə ana qayğıkeşliyi ilə 30-40 il sonra
da keçmiş şagirdləri ilə maraqlanır,
onların uğurlarına sevinirdi. Mən 2014-cü ildə fəlsəfə
doktoru alimlik dərəcəsi diplomumu alanda birinci ona zəng
vurdum, sonra hədiyyə alıb evinə gedərək onu təbrik
etdim - keçmiş şagirdinin uğuru münasibətilə...
Həmin vaxt onun valideyinlərim qədər sevindiyinin
şahidi oldum.
Mənim müəllimim olmuş Nəriman Məmmədovun
dediklərini də xatırlatmağım yerinə düşər:
"Valideyn qədər əziz tutulan müəllimlərin
şagird və tələbələri özlərini onlara bənzətməyə
çalışırlar. Görün, müəllimlər cəmiyyət
üçün nə qədər yaxşı insan
yetişdirirlər". Nəriman müəllim öz
övladına ona vaxtilə Gəncə Pedaqoji İnstitutunda
dərs demiş Altay müəllimin adını qoymuşdu.
Oğlu Altay I Qarabağ müharibəsinə
könüllü yollanmış və şəhid
olmuşdu. Məzarı Şəhidlər
xiyabanındadır.
Bunları əbəs yerə qeyd etmirəm. Azad şəhid
olmazdan 2-3 gün əvvəl bütün günü onun
obrazı gözümün qarşısındaydı, xəyalımdan
çıxmırdı. Oktyabrın 27-si idi, səhər
işə gələndə Azadın sinif rəhbəri
olmuş Sevinc müəllimə dəhlizdə çox kədərli
halda dedi ki, heç bilirsiniz kim şəhid olub? Cavab verdim ki,
Sevinc müəllimə, deməyəsiniz ki, bu Azaddır. O, təəccüblə
soruşdu: "Niyə məhz Azadı soruşdunuz? Bizim nə
qədər məzunumuz var". Cavab verdim ki, Azad neçə
gündən bəri gözümün qarşısından
getmir. 27 ildir ki, hər il yüzlərlə məzun yola
salmışıq, amma o günlər məhz Azad həm xəyalımda,
həm də gözlərimin önündəydi. Onda fikirləşdim
ki, müəllimlər doğrudan da ikinci valideyn olurlar.
Liseyin müəllim, şagird və valideyn kollektivi
Azadın xatirəsini həmişə əziz tutmağı,
onun ailə üzvləri ilə səmimi, doğma ünsiyyət
qurmağı özünün müqəddəs borcu hesab
edir.
Azadın təhsil adığı dövrdə liseyin
direktoru olmuş Südabəxanım Mikayılova və 2016-2021-ci
illərdə liseydə direktor vəzifəsində
çalışmış K.Mirzoyeva qəhrəman şəhidimizin
dəfn mərasimində iştirak etmişdilər. Liseyin dəhlizində
Azadın həyatını, döyüş yolunu əks etdirən
guşə, həyətdəki səhnədə Azadın
böyük ölçüdə şəklinin təsvir
edildiyi lövhə var. Hər səhər liseyin həyətinə
daxil olanda həm müəllimlərini, həm də
kiçik lisey dostlarını qarşılayıb, onları
salamlayan və liseyin dəhlizinə, oradan da sinif otaqlarına
yola salan Azadın əziz, parlaq obrazı olur. Vaxt var idi biz hər
gün səhər onu qarşılayıb sinif otağına
yola salırdıq. İndi bu missiyanı sanki Azad yerinə
yetirir.
Müəllimlərin, şagirdlərin, valideynlərin
qəlbində yavaş-yavaş bir arzu baş
qaldırırdı: Liseyə Azad Hümbətovun
adının verilməsi arzusu! 26 iyun 2021-ci ildə - məhz
Silahlı Qüvvələr Günündə Azad Hümbətovun
vaxtilə yaşadığı binanın
qarşısında onun büstünün
açılışı idi. İlk dəfə olaraq orada
Azad haqqında söz söyləmək liseyin müəllimləri
adından mənə nəsib olmuşdu. Əlbəttə,
duyğulanmadan çıxış etmək mümkün
deyildi. Çıxışımın sonunda dövlət
qurumlarında çalışan müxtəlif vəzifəli,
səlahiyyətli şəxslərin orada olduğunu nəzərə
alaraq liseyə Azadın adının verilməsini məsələsini
qaldırdım və bunu aidiyyəti qurumlara
çatdırmağı təklif etdim.
2021-ci il noyabrın 3-də liseyə A.Hümbətovun
adının verilməsi xəbəri ildırım sürətilə
yayıldı və lisey ailəsini həm kövrəltdi, həm
də sevindirdi. O zamandan Vətən Müharibəsi Qəhrəmanı
Azad Hümbətov adına 291 №-li Ekologiya Liseyi bütün tədbirləri
"Azadla birgə" keçirir: 27 sentyabr - Şəhidlərimizin
Anım günü, 27 oktyabr - Azad Hümbətovun Anım
günü, 8 Noyabr - Zəfər günü, 24 yanvar - Azad
Hümbətovun doğum günü və sair. Bizim tədbirlərin
baş qəhrəmanı ölməz qəhrəmanımız
Azaddır. Azadın qəhrəmanlığı bizim
qürur mənbəyimiz, onun II Fəxri xiyabandakı məzarı
and yerimiz, Liseyə verilən adı böyük məsuliyyətimizdir.
Vaxtilə Azad təhsil aldığı Liseylə fəxr
edirdisə, bu gün liseyimiz onunla qürur duyur.
Biz Azadın valideynləri ilə hələ o, liseydə
təhsil alan vaxtlardan tanış idik. Sonralar bu
tanışlıq doğmalığa çevrildi. Azadın
ailə üzvləri bizim tədbirlərimizin fəxri
qonağına çevrildilər, tez-tez biz də onların
qonağı oluruq. Həm anası Leyla xanım, həm də
atası Arif müəllim çox genişürəkli
insanlardır. Tədbirlərin birində Arif müəllim mənə
bir jurnal verdi və dedi ki, bu, bütövlükdə Azada həsr
olunacaqdı, lakin mən istədim ki, digər şəhidlərimiz
haqqında da materiallar dərc edilsin. Belə bir alicənab
şəhid atasıdır o!
Bir dəfə də Leyla xanımla söhbət əsnasında
dedi ki, Azadın döyüş yoldaşlarından neçəsinin
toyu olmalıdır. Amma heç biri toy etmək istəmir. Gərək
mən onlara deyim ki, gedib toylarını etsinlər. Fikirləşdim
ki, belə şəhid anasının qarşısında necə
baş əyməyəsən?!
İndi həmin döyüş dostlarının,
qohumlarının evində balaca Azadlar - 6 Azad böyüyür.
Azad haqqında iki sənədli film çəkilib və
o filmdə, qəhrəmanımızın valideynlərinin təşəbbüsü
ilə, müəllimlərinin də
çıxışları yer alıb. Azada həsr
olunmuş bütün dövlət tədbirlərinə onun
müəllimləri dəvət edilir.
Bu gün Azad Hümbətov adına 291 №-li Ekologiya
liseyini bitirən məzunlar dünyanın nüfuzlu ali məktəblərinə
daxil olurlar və orada bizim XXI əsr savaşının
unudulmaz şəhidi - Vətən Müharibəsi Qəhrəmanı
Azadın simasında Azərbaycan xalqının qəhrəmanlığını
beynəlxalq aləmə bəyan edirlər. Əgər bu qəhrəmanlıqda,
Azadın müəllimi kimi, zərrə qədər də zəhmətimiz
varsa, deməli, biz xoşbəxt müəllimlərik.
Yanvarın 24-də Azadın doğum
günüdür. Nə deyək? Cənnətdəki
doğum günün mübarək, bizim şəhid məzunumuz,
qəhrəman Azadımız! Biz səninlə fəxr edirik:
bizim şagirdimiz, məzunumuz olduğun üçün,
torpaqlarımız uğrunda müqəddəs savaşda
başımızı uca etdiyin, Vətənin əbədiyaşar
Qəhrəmanına çevrildiyin və nəhayət,
liseyimiz sənin əziz adını
daşıdığı üçün!
Zeynəb QASIMOVA
Azad Hümbətov adına 291 №li Ekologiya liseyinin direktor
müavini, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.14.