Qəribə "qərib"
yuxu
Yarım əsr əvvəl tanımaq şərəfinə
nail olduğum müəllimlərimə
Elə bilirəm yenə yatıb qalmışam. Bu
gün də dərsə getmək lazımdır. Hələ
yuxunun cəngində qalan yaddaşım, palçıq məngənəsindən
çıxmağa çalışan təkər kimi
ağır-ağır fırlanır, aydınlaşır, əşyaları
öz təbii ölçülərinə gətirir, fikirləri
normal sıraya düzür. Bu gün Xarici ölkələrin
mətbuat tarixindən Şirməmməd Hüseynovun
mühazirəsi var. Sonra Azərbaycan dili, bu da əladır -
Zinyət Əlizadə. Sonra...
Nəsir İmanquliyevin təmkinli çöhrəsi
gəlir gözümün qabağına. "Köhnə
kişilər"in ahənginə uyğun "moozu" deməsi.
Dərsində Maya ilə Sərhəddinin tənəffüsdə
bitirəmmədikləri mübahisənin
"qızğın, əlbəyaxa fazası". Nəsir
müəllimin içərisindəki fırtınanı
üzə vurmamaq üçün keçirdiyi dəqiqələr.
"Yaşlı" tələbələr vəziyyəti tənzimləyir.
Mühazirə davam edir, tezliklə başa çatır və
növbəti semestr Mayasız, Sərhəddinsiz
başlayır. Ona qədər imtahan veririk. Mir Cəlal mənim
Hacı Qaranı az qala dünya şöhrətli obraz səviyyəsinə
qaldırmağıma bığaltı gülür və
Şəkidən olduğumu dəqiqləşdirib, "Sizin
üçün qiymətin fərqi yoxdur, - deyir, - şəkililər
oxuyan olur və imtahan kitabçama ilk qiyməti
"yaxşı" yazır.
Zinyət Əlizadənin işvəli-nazlı
yerişi, açıq çiyninə etinasızca
saldığı zərif şalı və gözəllikdə
ona meydan oxuyan qızlara öldürücü
baxışları "səhnəni" doldurur. "Kim
deyir ki, "meyl" sözü "i"siz yazılır? Səməd
Vurğundan çox bilirsiniz dili? "Ovçuluğa meyil
saldım...". Etiraz eləmək gəlir içimdən:
müəllim, onu qafiyə xatirinə eləyib şair...
baxın, bu da var: Meylim üzündəki qara xaldadır...
İri gözləri üstümə yönəlir. Qəşəng
qızlara ildırım saçan baxışlardan əsər-əlamət
yoxdur. Nə vaxt ayağa qalxdığımdan xəbərim
yoxdur. Elə sevgi və şəfqətlə, hətta
ehtirasla "otur" deyir ki, zəhmindən hər kəsin lərzəyə
gəldiyi Zinyət müəllim yoxa çıxır.
Aramızdakı yaş fərqi də. Dərs bitir. Mir Cəlalın
imtahanından sonra Zinyət Əlizadəyə imtahan verirəm.
Hamı tarıma çəkilmiş yay kimidir. Mən dörd
("yaxşı") alacağıma əminəm nədənsə.
Niyə "nədənsə"? Ana dilimdən pis qiymət
alacağamsa, burda nə işim var? Bileti çəkirəm.
Zinyət xanım sadəcə biletin nömrəsini
soruşur: On beş, - deyirəm. Kitabçamı alır.
"Əla. Gedə bilərsən", deyir. İnana bilmirəm,
seminarlardakı cavablarmı rol oynadı, başqa nə ola bilər?
Qıvrım saçları enli kürəklərinə
söykənən Firuz Sadıqzadə "Pənbeyi
daği-cünun içrə nihandır bədənim"lə
Füzulini gətirir auditoriyaya. Sonra bir-birini əvəz edən
nurlu simalar - Nurəddin Babayev, Vaqif Vəliyev, Əzizə Cəfərzadə,
Ağamusa Axundov, Seyfulla Əliyev görünürlər
auditoriya səhnəsində. Portret ləngəri
yavaşıyır, ilk görüşə gəlmiş
nişanlı oğlan kimi bığ yeri tərləmiş
Tofiq Rüstəmovun gül camalı dayanır bir anlıq.
Sanki bütün fakültəni idarə edən müəllim
deyil, birinci kurs tələbəsidir. Amma rəvan səsi ilə
deyilən hər cümlənin altın sanbalı var. Bizə
sərbəst danışmağı, savadlanmağı,
mübahisə etməyi öyrədən, özü
dağın zirvəsində ola-ola ətəkdə olan bizləri
də öz səviyyəsində tutan Tofiq müəllim.
Hava qaralan kimidir. Yasamalda yataqxanalarımıza qalxan
yolun üstündəki kafedə gecə keçirir fakültəmiz.
Bizə müxtəlif janrları öyrədən müəllimlər
arabir bu janrları zarafatla bayrama gətirirlər. Nəriman
Zeynalov da bəhri-təvil üstündə başlayır:
"Deyirəm ki, Bağırı çağır. Cavab gəlmir,
soruşuram: hanı Bağır? Bağır gəlir
fağır-fağır..." Gülüş qopur,
Əliş müəllimin çantasından şponların,
petitlərin cingiltisi gəlir. Bu kaleydoskopun
fırlanmasını Nüsrət Bağırovun tələbəliklə
əsgərliyi ömürlük müqəddəsləşdirən
hekayəsi dayandırır. Sağ tərəfdə əzəməti
ilə sal qaya təsiri bağışlayan Xəlil Əlimirzəyev
elm qranitini necə parçaladığını gənclərə
izah edir: bir əsəri bitirəndə Marks bu cümlə ilə
"nöqtə" qoyub: Yazdım, canım qurtardı. O qədər
ağır əsər idi və müəllifi elə
anlayırdım ki, oxuyan kimi mən də bu cümləni
yazdım: oxudum, canım qurtardı.
Ərəb əlifbasını da öyrənirik.
Müəllim lövhəyə sağdan sola nöqtəli-ilməli
ərəb hərfləri yazıb deyir: bunu oxuya bilən
varmı? Özü də cavab verir: bu, "Mahmud"dur. Biz təəccüblənməyə
macal tapmamış Zülfüqar Şahsevənli arxadan
soruşur: o nətər Mahmuddur? Ərəb əlifbasının
ilk günü belə başlayır.
İki qrupdan olan kursumuzun dörd tələbəsi
üç nömrəli yataqxananın 60-cı
otağında bərqərar olub. Ələddin Əsədov,
Qulu Məhərrəmli, Qəzənfər Qəribov, Cəfərsadıq
Abbasov. Tələbə qazanı vaxtaşırı
qaynayır, ən azından axşam yeməyi olur. Bir müddət
sonra axşamlar üç pay yeyilir, bir pay saxlanırdı.
Ələddinin sevda yolu bir az uzaqdır, yeməyə yetişə
bilmirdi. Sonra Cəfərin də payı saxlanmağa
başladı. Çox keçmədi Qəzənfər də
bu mərəzə tutuldu. İndi şamın bir
payını Qulu yeyir, üç payı sevdalıları
gözləyirdi. Qulu sevdasını güvənli yerə
bağlamışdı. Bir yerdə oxuduqlarından onun dərsin
sonunu gözləmək kimi bir dərdi yoxdu.
Sevdalarımızın adları müxtəlif, təyinatları
bir idi: ailə səadətimizin təməli qoyulurdu. Bu gec gəlmələrə
də arabir cırnayırdıq. Qəzənfərin gec gəlməsinə
sataşmaq üçün və zarafata onun daha düzgün
təpki verəcəyini bildiklərindən bir gün Elbrusla
Qulu bir "oyun" düzəltdilər. Qış vaxtı
idi. Qəzənfər içəri girən kimi (yeri gəlmişkən,
o içəri girəndə qapını əli ilə yox,
ayağının ucu ilə elə açırdı ki, sanki
onu kimsə arxadan müşayiət edir və düz
otağın ortasına gedirdi), Elbrus bir xidmətçi ədası
ilə onun paltosunu soyundurdu, Qəzənfər saatını
qolundan açanda Qulu sanki hər gün etdiyi hərəkət
kimi ona yaxınlaşıb saatı iki əlinin üstünə
qoydu və pəncərənin önünə apardı.
Elbrus yaxınlaşıb: Şahım, indi nə buyurursunuz? -
dedi. Qəzənfər, halını pozmadan, Elbrusa tərəf
baxmadan sağ əlinin şəhadət barmağını
qaldırıb: Rəqqasələr gəlsin, - deyəndə
çox gözəl plastikası olan Elbrus mükəmməl
bir ərəb rəqsinə başladı. Mən
çarpayıda gülməkdən keçinib birtəhər
olmuşdum. Bu arada qapı açıldı. Yusif
başını içəri salıb: Yimağa bir
şeyiniz vaaar, demişdi ki, gördüyü səhnədən
donub qaldı, elə bunu deyə bildi: Şəbeh
çıxardırsuuz?
Ara sakitləşəndən sonra da inanmaq istəmirdi
ki, gördükləri hazırlıqsız bir ekspromt idi.
Sonra da gəlişinin səbəbini xırdaladı:
Cünorta çavaf yidim, didim daa ajmaram, hayındı
içim siyrılır.
Yataqxana bir aləmdi. Gündüzü səssiz olan bu
binalar gün dönəndən sonra canlanır, xüsusən
qızlar yataqxanasının qarşısı şirəyə
yığışan arıları xatırladırdı.
Qapının ağzında pıçıldaşan cütlər
saatın on bir olmasını, növbətçi
qadınların qəzəblənməsini istəmirdilər.
Bu görüşlər də bəzən qısa qapanmalar
verir, cütlər küsüşür, yeni cütlər
yaranırdı. Bir gün bizimlə eyni mərtəbədə,
beşinci kurs tələbəsi Möhbəli ilə bir otaqda
qalan Məsayim başıalovlu gəldi ki, bu Möhbəlini
sakit edin, vəziyyəti heç yaxşı deyil. Onların
otağına girəndə gördüyüm səhnəni təsvir
eləməyə dəyər. Küncləri qopmuş
süfrəsiz stolun üç-dörd yerdən qara yanıq
yeri olan üstündə əsl rəngi bəlli olmayan qapqara
tavanın içində soğançalı kartof
qızartması, stolun arxasında bir əlində çəngəl,
o biri əlində qara çörəklə oturmuş
Möhbəli. Yağlı saçları sallanıb,
gözündən axan yaşlar az qala ağzına girəcək
uzun bığlarına qarışıb, tam bir Xudayar bəyi
xatırladır adama. Ondan yaşca çox kiçik olan biz
(o, hazırlıqdan gəlmişdi deyə bizdən 7-8 yaş
böyük olardı) ona təsəlli verməyə
çalışdıq. Məsayimin dediyinə görə,
sevdiyi qız bu gün Möhbəliyə "yox"
demişdi. Yataqxana Məcnununun "izahatı" "ürəkləri
parçalayırdı":
- Mən əslində ölmüşəm. Bu kartofu
da tamam ölməmək üçün yeyirəm...
Kazımağa Kərimov tələbə
şurasının sədri idi. Birinci kurs tələbəsi
Şakir otaq yoldaşlarının onu otağa
buraxmamasından şikayət elədi. İndi də
otaqdadırlar dedi, Şuranın iclasını bitirib,
Şakirə "otağı göstər" dedi.
Otağın önünə gəldik. Kazımağa
qapını döydü. Açan olmadı. Bir də. Yenə
cavab yoxdur. Şakir "içəridədirlər" dedi.
İnanmayacaqsınız, Kazımağa qapıya bir yumruq
vurdu və qapı lay kimi qopub içəri düşdü.
Otaq boş idi. Kazımağa heç kimin üzünə baxmadan
öz otağına getdi. Şakir də süd
dağıtmış pişik kimi quyruğunu qısıb
öz otağına girdi.
Əlli il keçib. Mən hələ o yuxunu
görürəm. Orada hamı sağ idi. Kəlbəcərin
İstisuyuna, Şuşanın Cıdır düzünə,
İsa bulağına, Ağdamın Çörək muzeyinə
sadəcə vaxtın olmamasını bəhanə edib
getmirdik. Nankor qonşular başımıza o müsibətləri
açmamışdılar. Dağlar kimi güvəndiyimiz, sərvətimizlə
bəslədiyimiz, dünyaya meydan oxuyan dövlətimiz bizi
namərdliklə üz-üzə qoymamışdı.
Kazımağa erməni tankının üstünə
çıxmamışdı, Alı vertolyota minməmişdi.
Osman Mirzəyev "Vışka" qəzetinə, Nəsir
İmanquliyev "Bakı" və "Baku" axşam qəzetlərinə
rəhbərlik edirdi. Saçlarımız gur, şəvə
kimi qara, niyyətimiz təmiz, ümidlərimiz çox idi.
Keçən əlli ildə min illik yol keçdik
sanki. Amma hələ yuxu davam edir.
Bu yuxunun səhnələri çoxdur. Sualları daha
çox. Sizin istədiyiniz ola bildikmi? Həm olduq demək istəyirəm,
həm də həqiqəti etiraf eləmək gəlir
içimdən - yox!
Gözəl istedadlı jurnalistlər, nəzəriyyəçilər,
müəllimlər, professorlar yetişdi. Çünki biz həyata
qədəm qoyanda əlimizdən tutdunuz, yolumuza işıq
saldınız, dostluğunuzu bizə layiq gördünüz.
O dəstənin layiqli nümayəndələrindən
biri də Cahangir Məmmədlidir. İllər sonra onu şəhərin
izdihamından qoparıb Moskva ətrafına aparanda sanki yenidən
kəşf elədim. Ağsaqqalımız, duayenimiz Şirməmməd
Hüseynov haqqında bir kiçik qardaş, oğul, məsləkdaş
sevgisi ilə danışmağı, səmimiyyətin
qıt, cəsarətin dərman həbləri kimi dozalı
olduğu indiki vaxtda məlhəm kimi yayıldı ürəyimə.
Tale hərəyə bir yol müəyyən eləsə
də, həmişə bir-birimizdən, tələbə
yoldaşlarımızdan, müəllimlərimizdən xəbər
tutmağa çalışdıq. İtkilərimizə
üzüldük, uğurlarımıza sevindik. Heç vaxt gərəksiz
təkəbbür görmədim sizlərdə. Bu səbəbdəndir
ki, həyat yolunda sizlərə bənzəməyə qeyrət
göstərdim.
Hamısının adını çəkmədim.
Amma bu, onların unudulmuş olması mənasına gəlməməlidir.
Həmişə xəyalımda həyatıma nur qatan
insanların siması dolaşmaqdadır.
Bu yazını yazmaq ehtiyacını nədən
duydum? Onu da mən bilmirəm. Bu "yuxu"nun çin
olmuş yanları da var, gözlənilən açmaları
da. Sadəcə keçdiyimiz zaman kəsiyində bizlərin
də olduğunu, sizləri sevdiyimizi, dünənə
bağlılığımızı, sabaha ümidlərimizi
bu səhnələri dumanlı yuxuda dilə gətirmək
istədim.
9 yanvar 2024-cü il,
Moskva
Cəfər SADIQ
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.12.