Leylanın Məcnunluğa
gedən yolu...
"Mən öləndə ağlama"
tamaşasının dedikləri
Gözlənilməzlik sənətin sehrini artıran
meyardır. Yaxşı işlənmiş novella oxucunun mətnə
heyrətini, major və minor ladlar arasında ani keçidlər
edən bəstəkar dinləyicinin musiqiyə
vurğunluğunu artıran kimi təqlidi sənətlərin
ən alisi hesab olunan teatr tamaşaçının
marağını çoxşaxəli qabiliyyətlərin
kombinasiyası ilə cəlb edir. Fəqət, Aristotelin təbirincə
desək, "nə ilə təqlid etmək", "necə
təqlid etmək" və "nə təqliddir"
suallarına verilən cavablar bütün dövrlərdə
teatrın aktuallığının qorunmasına zəmin
yaradır. Ötən günlərin birində izlədiyim
"Mən öləndə ağlama" mono
tamaşasını tamaşaçının
zövqünü oxşayacaq, hazırlıqlı izləyicini
düşündürəcək və həqiqi katarsis rolunu
oynayacaq səviyyədə bütün standartlara və
qarşıya qoyulan "niyə?" və "necə?"
suallarına cavab verə bilən bir səhnə əsəri
kimi səciyyələndirmək yerinə düşər.
Sözügedən səhnə əsərində sona kimi əvvəldə
qeyd etdiyim gözlənilməzlik, qıvraq manevrlar
müşahidə olundu.
Mono pyes yazmaq bir yazıçı üçün,
mono tamaşaya quruluş vermək bir rejissor üçün,
tək adamın oyununun yükünü daşımaq və
enerjini sona kimi saxlamaq bir aktyor üçün bəzən
daha çox obrazın iştirakı ilə
hazırlanmış çoxpərdəli səhnə əsərlərinin
ərsəyə gətirilməsindən qat-qat çətindir.
Təbii ki, söhbət sanballı və detallarla işlənilən
tamaşalardan gedir. Dramaturgiya dialoqların,
qarşılıqlı hiss və düşüncələrin,
müxtəlifcinsli hərəkət və səslərin nəticəsidir.
Mono pyesdə isə yazıçıya təqdim olunan
çox az fürsət var - bir real, gördüyümüz,
bizə təqdim olunan obraz; həmin obrazın monoloqları ilə
təsəvvürümüzdə formalaşdırılan,
amma canlı görmədiyimiz bir neçə obrazlar, xarakterlər;
əvvəldən sona qədər ana xətti təşkil edən
əsas hadisə və onun fonundakı bir neçə
başqa məsələlər; qayədən çox da aralanmağa
imkan verməyən, haşiyə çıxmağı
mümkün olmayan dramatizm, yəni hadisələrin cərəyanolunma
ardıcıllığı, sadə dillə desək,
süjet... Və ən əsası SÖZ... O tək obraz
ekspazisiyanı da, zavyaskanı da, kulminasiyanı da,
razvyaskanı da göstərməlidir, özü də daha
dinamik, sürətli və aydın... Dialoqların
bütün təsiretmə gücü monoloqlara yüklənir
və obraz izləyiciyə, özünə və digər təxəyyülümüzdə
canlandırdığı obrazlara eyni anda xitab etməli olur.
Zənnimcə, yazıçı Pərvin "Mən
öləndə ağlama" pyesi ilə tamaşaçıya
xitab etməklə yanaşı, rejissora və aktyora da xitab
etməyi bacarıb. Bu barədə daha ətraflı
danışmazdan əvvəl pyesin enerjisi barədə
söhbət açmaq yerinə düşər.
İnsan ağrılarının alt şüura, gələcək
həyata, baş verənlərə adekvatlığa
vurduğu zərbədən bəhs edən pyes bir məşhur
mesajı yenidən nəzərə çatdırır:
"İnsan travmalarının nəticəsidir". Leyla
obrazı hadisələrin mərkəzində dayansa da, o, bəzən
baş obraza, bəzən ikinci dərəcəli obraza, bəzən
isə epizodik obraza çevrilə bilir; ata və
anasının münasibətlərinin fonunda ikinci dərəcəli,
düşdüyü dəlixananın o biri otağında məşuqu
ilə sevişən növbətçi tibb
bacısının fonunda epizodik, 51 yaşlı
Mikayılın könül yoldaşı və bütün
baş verənlərin ən ağır zərbə
vurduğu insan kimi Leyla baş obrazdır. Tamaşa ruhi dispanserdə
müalicə alan Leylanın üsyanı ilə
başlayır: "Adamın da əlini-qolunu bağlayıb
düz yola çəkərlər?!" Bu naqolaylıq,
uyğunsuz münasibət onun köhnə dərdləri, əzabları
ilə əlaqələndirilir. Əslində,
uşaqlıqdan münasibətlərdə tərs mütənasibliyin
şahidi olan Leyla dəlixananın qaydalarının fonunda
dünyanın, insan münasibətlərinin
natarazlığına üsyan edir.
Məlum olur ki, anası da vaxtilə Leyla kimi
ağlını itirib. Dünyadan köçən
anasının xiffətini xatırlayan Leyla atasına
qarşı qəzəbini, eyni zamanda, mərhəmətini,
narahatlığını ifadə edir. Onun qəzəbi də
səbəbsiz deyil. Arxa planda qalmaq Leylanı mənəvi cəhətdən
yaralayıb. O, uşaq olanda da, böyüyüb hüquq
fakültəsinə daxil olanda da atasının
reaksiyasını, nəvazişini, sevincini sezməyib.
Leyla bu qayğısızlığı,
natamamlığı aralarında yaş fərqi çox olan
Mikayılda tapır. Xoşbəxtlikdən Mikayılın həqiqi
məhəbbəti Leylanı xoşbəxt edir. Məsələ
orasındadır ki, Mikayıl da həyat yoldaşını və
qızını itirib, onun da bir natamamlığı var.
İki yarım qalmış insan birləşərək
qaynar həyatın qucağına atılır.
Mikayılın ölümü isə Leylanın faciəsinə
çevrilir. Çünki Mikayıl onun boğularkən
yapışdığı saman çöpü idi. İndisə
artıq söykənəcək divarı
qalmamışdı. Keçmişdə yaşadıqları
və bu ani ölüm Leylanın ruhi xəstəxanaya
düşməsinə səbəb olub.
Leyla isə dəli deyil, qarışıq hisslərinin
və yaşadıqlarının əsiridir... Mikayılın
"Mən öləndə ağlama" sözlərini əsas
götürən yazıçının qənaətini belə
yozmaq olar: Mikayılın vəsiyyətinə əməl edən
Leyla ağlamadı, ağlasaydı, daha rahat ola bilərdi. O
isə bəladan həzz almağı seçdi.
Ağlını isə həmin bəlanın rənglərinə,
havasına tapşırdı.
Tamaşanın rejissoru Ayla Osmanovanın quruluşunu
uğurlu hesab etmək olar. Hadisələrin keçidindən
tutmuş aktyor üzərində işə qədər
böyük zəhmət hiss olunur. Mizanlarda məntiqi
ardıcıllıq aydın sezilir. Bir çarpayı və
bir pəncərə kifayət edir ki, rejissor bütün
fikrini çatdıra bilsin; pəncərədən
çöldəki və içəridəki hadisələr,
bir insanın məhkum olunduğu nöqtə -
çarpayı... Leyla pəncərənin o üzündəki
növbətçi qadının sevişdiyini görüb nələrisə
xatırlayır. O tərəfdəki xoşbəxtlik ona
gülməli gəlsə də, keçmiş
ağrılarını dindirir. Rejissor bu nəqletmənin
göydən düşmədiyini, xüsusi bir səbəbin
nəticəsi olduğunu çatdırır. Tamaşanın
ekspozisiyası çox yaxşı işlənib. Tamaşada
şahidi olduğumuz situasiyaya qədərki məsələlər
aydın izah olunur.
Yazının əvvəlindəki gözlənilməzliyə
qayıtmaq istərdim. Ömrün müxtəlif mərhələlərini
nəql edən Leyla bir epizoddan digərinə adlayanda gözlənilməz
keçidlər edir, ya rəqslə, ya görünüşündəki
xırda dəyişikliklə (məsələn, saç
düzümü), qeyri-adekvat davranışları,
şıltaqlığı, hərəkətliliyi ilə
tamaşaçını dörd gözlə izləməyə
vadar edir.
Sona yaxın Leyla ilə Mikayılın dialoqları
olur. Səhnədə isə təkcə Leyla var. O,
döşəyinin altından kişi köynəyi
çıxarır və əyninə geyinir. Bu mizan rejissorun
axtarışlarının nəticəsidir. O bunla məsələni
həll edir və Leylanı Mikayılın da dili ilə
danışdırmağı bacarır.
Tamaşanın finalında isə Leyla özü əlləri
bağlı şəkildə səssiz uzanıb ruhunu əzabların
xatirəsindən qurtarmağı seçir: bəzən insan
tab gətirmir və mübarizədə uduzur.
Heç də həmişə qalib, bütün fəlakətlərə
baxmayaraq, mübariz qadın obrazını seyr eləməyə
məcbur deyilik. "Mən öləndə
ağlama"nın orijinallığı da məhz
burdadır. Tamaşanın səhnəyə qoyulmasında əsas
məqsəd odur ki, insan tab gətirməyə bilər, amma
kiminsə bu həddə gəlib çatmasına şərait
yaratmaq lazım deyil.
Pyes və quruluş barədə qeyd etdiyim müsbət
auranın əsas qəhrəmanı təqlid edən şəxs
- Səbinə Məmmədzadədir. Aktrisanın səhnə
adamı kimi keyfiyyətləri tamaşanın uğurlu
taleyini şərtləndirdi. Onun aydın diksiyası, səhnədə
imkanlarını genişləndirən elastikliyi,
plastikası, qıvraqlığını xüsusi
vurğulamaq lazımdır. Səbinə Leyli xislətli Məcnunluğu
canlandıra bildi, bunu bacardı. Leyli məhəbbətinin, sədaqətinin
acı nəticəsi onun məcnunlaşdırdı.
Stanslavskinin nəinki 4-cü divarı, hətta digər
3 divarı da bu tamaşada görünmürdü.
Tamaşaçılarla yaxın təmasda belə təbii
performans peşəkarlıq tələb edir. Bəzən
tamaşaçı ilə üzbəüz dayanıb
gözünə zillənən aktrisaya müxtəlif
reaksiyalar gəlsə də, o öz havasını pozmur, həqiqətən,
obrazın əhvalından ayrılmırdı.
Uğurlu səhnə işinə görə Gənc
Tamaşaçılar Teatrının kollektivini, xüsusən,
yazıçı Pərvini, rejissor Ayla Osmanovanı və
aktrisa Səbinə Məmmədzadəni səmimi qəlbdən
təbrik edirəm!
Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.11.