Nizami əsərlərində
şahmat motivləri
İnsan zəkasının yaradıcılıq məhsulu
olan şahmat oyunu hələ qədim zamanlardan öz
sirli-sehrli, möcüzəli aləmi ilə insanları
düşündürüb. Zəmanənin ən görkəmli
adamları, elm, mədəniyyət xadimləri bu müdrik
oyunla maraqlanıb və möcüzəli şahmat oyunu barədə
söz deyiblər.
Dahi Nizami Gəncəvi bu qədim oyunu iki rəqibin
"ağıllı" yarışı adlandırıb,
onu müharibə meydanı ilə müqayisə edib, taxta
üzərində şahmatın qeyri-adi gedişlərində
bir poeziya ruhu, poetik uyarlılıq sezib.
Nizami ictimai hadisələri, həyatda olan mübarizələri
şahmat taxtası üstündə də görərək
nəzmə çəkib. İki ordunun
qarşı-qarşıya dayanıb döyüş əmri
gözləməsi, mübarizənin başlanması, müxtəlif
fənd və hiylələrin kəşf edilməsi -
bütün bunları Nizami ağlın, zəkanın
gözü ilə şahmat taxtası üstündə də
görüb.
Şahmatla bağlı motivlərdən Nizami ilk dəfə
"Xosrov və Şirin" poemasında istifadə edib.
Poemada göstərilir ki, şah öz oğlu Xosrovu çox
sevdiyindən düşmənlər bundan istifadə edib Xosrov
Pərvizin adından saxta pul kəsərək şəhərlərə
yayırlar. Şah bu pulları gördükdə Xosrovdan
şübhələnir, onu məhv etmək istəyir.
Şah istədi oyun atıb meydana,
Təzə şahı tutub salsın zindana.
Xosrov atasının fikrini eşidib qaçır. Bir
müddətdən sonra atası həqiqəti öyrənir,
Xosrovu əfv edir. Atasının ölümündən sonra
şahlığa keçən Xosrov eyş-işrətə
qurşanır, ölkədə özbaşınalıq, ədalətsizlik,
zülm hökm sürür. Bundan istifadə edən Bəhram
Xosrovun vətəninə hücum edir, şah qaçır.
Şair yazır:
Zəmanə Xosrova olmadı pənah,
Bəhram qarşısında məğlub oldu şah.
Müxalif şətrəncdə qanlı zəmanə,
"Şah" dedi Xosrova vermədi xanə.
Dahi şair göstərir ki, "qanlı zəmanə"
eyş-işrətlə məşğul olan şaha elə
bir öldürücü "şah" elan etdi ki, şah
getməyə bir xanə də tapmadı.
Nizami poemanın sonunda nəsihət edərək
bildirir:
Dən kimi yerə düş başın ucalsın,
Sünbül kimi olma yel yerə salsın.
Dünya bir şətrəncdir, unutma bunu,
İki rux qoyaraq udar oyunu.
"İsgəndərnamə" poemasında
şahmatın adı ilk dəfə İran hökmdarı
Dara ilə onun qoca pəhləvanı arasındakı söhbətdə
çəkilir. Makedoniyalı İsgəndərin qoşun
çəkib İran hökmdarına hücum etməsini
eşidən Dara dərhal özünün yaxın
adamlarını toplayıb bir çarə axtardıqda qoca pəhləvan
məsləhət verir:
Hər bəndin açarı səbrdir, inan!
Səbirli kimsələr olmaz peşiman.
Ziyandır uduzmaq belə şahmatı,Ç
apdırmaq nə gərək "fil" ilə
"atı".
Beləliklə, qoca pəhləvan başa salır ki,
İsgəndər hazırda çox qüvvətlidir. Onunla
müharibə yox, barışıq yolu axtarmaq
lazımdır. Poemanın bir yerində şair, İsgəndərin
dili ilə belə deyir:
Fillərin yanında gedən piyadə,
Hər yerdə yüz fili salırdı bəndə.
İsgəndərin Bərdə hökmdarı
Nüşabə ilə görüşünü təsvir edən
şair, Nüşabənin cavabını belə qələmə
alır:
Qara bulud kimi gurlasam kinlə,
Qılınc tüstüsündən yanar su belə.
Sözünü ürəklə dedi şənləndi,
Öz bullur taxtından aşağı endi.
Taxtımda, - dedi - sən otur, namidar,
Bir taxtda yaramaz iki tacidar.
Bilirsən, şahmatın iki şahı var,
Hər qəlbə yeni qəm gətirir onlar.
Nüşabə bu sözləri deyib öz
taxtından düşür və İsgəndərə deyir
ki, xoş niyyətlə gəlmisənsə, bu taxta
oturmalısan, çünki şahmatda iki şah var və hər
biri çalışır, digərini məhv etsin, odur ki, kin
olmasın deyə öz yerimi sənə verirəm.
Nizami şahmat oyunundakı piyadanın ancaq irəli,
düz yolla getməyinə, vəzirin isə hər tərəfə
hərəkət etməyinə dərin məna verərək
deyir:
Qayda ilə daim düz gedən əsgər,
Vəzir olan zaman əyri yol gedər.
Əsərlərindən gördüyümüz kimi,
Nizami şahmatı yaxşı bilib və çox güman,
xüsusilə ömrünün son illərində şahmatla
daha yaxından maraqlanıbmış.
Tural ADIŞİRİN
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.10.