Ənənələrə
sadiq qalan novator alim
Görkəmli pedaqoq Təhsin Mütəllimovun
doğum günüdür
Televiziyada, radioda, oxuduğumuz məqalələrdə
tez-tez bu ifadəyə rast gəlirik: "Canlı əfsanə".
Bəli, sağlığında ölməzlik qazanan və
işıqlı fəaliyyəti ilə, sözün əsl mənasında,
əfsanəyə çevrilən insanlar Yer üzünün
qiyməti ölçülməyən qənimətləridir.
Öz parlaq zəkası, əsaslı elmi düşüncələri,
məhsuldar tədqiqat fəaliyyəti ilə canlı əfsanəyə
çevrilmiş böyük şəxsiyyətlərdən
biri də filologiya elmləri doktoru, professor, Azərbaycan
Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan
Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər
bölməsi üzrə müxbir üzvü, Əməkdar
Elm xadimi Təhsin Mütəllimovdur. Bu gün qocaman alimin 92
yaşı tamam olur.
Təhsin müəllim ötən əsrin ikinci
yarısından ta günümüzə qədər ədəbiyyatşünaslıq
elminin əsaslarını, qayəsini, söykəndiyi
nöqtələri, qərar tutduğu məqamları tədqiq
edən, öz ədəbi görüşləri ilə bir
sıra nəzəri məsələlərə
aydınlıq gətirən alimlərimizdəndir. Mərhum
yazıçı Əbülhəsənin
yaradıcılığının tədqiqi ilə
başlayan tədqiqat yolunda Təhsin müəllimin bir alim
kimi çox dəqiq və orijinal qənaətlərinə
rast gəlirik. Xüsusən, Azərbaycan nəsrinin
araşdırılmasında Təhsin müəllimin rolu
böyükdü. İkinci Dünya müharibəsi illərindəki
bədii nəsr nümunələrinin məziyyətləri,
ideya və mövzu baxımından hansı kriteriyalara cavab
verdiyini müəyyənləşdirən Təhsin Mütəllimov
Süleyman Sani Axundov və Əbürrəhim bəy
Haqverdiyevin yaradıcılıq yoluna da nəzər salıb.
Sadaladıqca uzanan tədqiqat işləri barədə
çox yazmaq olar, qeyd olunan məqamlar Təhsin müəllimin
elmi yaradıcılığının kiçik bir hissəsidir.
Təhsin Mütəllimovu müəllimlər müəllimi
adlandırmaq yerinə düşər. O, 63 ildir ki, pedaqoji fəaliyyətlə
məşğuldur. Böyük ədəbiyyatşünas nəslinin
yetişdirilməsində Təhsin müəllimin əməyi
danılmazdır. Təsadüfi deyil ki, onun rəhbərliyi
ilə 2 filologiya üzrə elmlər doktorluğu və 14
filologiya üzrə fəlsəfə doktorluğu üzrə
dissertasiya işi müdafiə olunub. Təhsin müəllimin
mühazirələrinin hər biri qiymətli və
faydalıdır. Onun "Ədəbiyyatşünaslığın
əsasları" və "Ədəbiyyat nəzəriyyəsi"
fənlərindən dediyi mühazirələri kifayət edir
ki, bu sahədə uğurlu olmaq istəyən gənc filoloq
özünün elmi təfəkkürünü genişləndirsin
və gələcək araşdırmalarında konseptual
olmağı bacarsın.
Bu gün 92 yaşı olmasına baxmayaraq, Təhsin
Müəllimovun zehni, təfəkkürü əvvəlki tək
işıqlıdır. Onun yazıb-yaratmaq, öyrətmək
enerjisi cavanlığında olduğu kimi qaynar bulağa bənzəyir,
təmkini, aydın nitqi, iti hafizəsi bu gün də pedaqoji
fəaliyyətini davam etdirməyə imkan verir.
Təhsin müəllim "Ənənə və
navatorluq" adlı məqaləsində çox vacib nüanslara
toxunur. O qeyd edir ki, novator olan sənətkarın özü də
hansısa ənənəyə söykənir. Məsələn,
Nizami folklordan əlavə, Şərqin ona qədərki
böyük sənətkarlarının ənənələrinə
istinad edir. Zənnimcə, Təhsin Müəllimovun
özü də dəyərli alim kimi öz sələfi Mir
Cəlal Paşayevin ənənələrinin sadiq və
uğurlu davamçısıdır. O öz məqalələrində,
müsahibələrində də bu məqamı xüsusi
qeyd edir.
Dəyərli Təhsin Mütəllimovdan 92
yaşın təəssüratını öyrəndik:
"Çox şükür, bu qədər
yaşamışam. Ömrümdən razıyam,
çünki bu illər hədər keçməyib. Həmişə
zəhmətkeş olmuşam, çox
çalışmışam, əlimdən gələni əsirgəməmişəm.
İnanın, öz sahəmə, işimə, universitetimizə
o qədər bağlıyam ki, evdə də bekar qala bilmirəm.
İnsana həyat verən, yaşamaq həvəsi verən də
elə budur. Mənə göstərilən qayğı,
hörmət qəlbimi fərəhləndirir.
Bacardığım qədər elmə vicdanla xidmət
etmişəm. Ona görə də ürəyim sakitdir.
Allahımdan çox razıyam, yaxşı
yaşamışam".
Ötən gün "Ədibin evi"ndə bir
sıra elm xadimləri, qələm adamlarının
iştirakı ilə Təhsin müəllimin ad günü
qeyd olunub. O, "525"ə açıqlamasında həmin
günlə bağlı fikirlərini də
bölüşüb: "Mir Cəlal müəllimin
ocağı qədirbilən ocaqdır. Mən onlara minnətdaram,
həmişə mənə qayğı ilə
yanaşıblar. Mir Cəlal müəllimin ocağı mənim
üçün müqəddəsdir, həmin ailəyə
çox bağlıyam. Sağ olsunlar, heç gözləmədiyim
halda Hafiz müəllim Paşayev elə bir məclis təşkil
etdi, birlikdə ad günümü qeyd etdik, çox gözəl
keçdi".
Bir əsrə yaxın ömür sürən qiymətli
alim, gözəl pedaqoq Təhsin Mütəllimovu səmimi-qəlbdən
təbrik edir, möhkəm cansağlığı, fərəhli
günlər arzu edirik!
Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.9.