Zərdablı Məlikzadə
Həsən bəy
Bu il yanvarın 31-də Azərbaycanın görkəmli
dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 140 illiyi tamam olur. M.Ə.Rəsulzadənin
Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı
ilə bağlı çox zəngin irsi mövcuddur. Onun
yazıları sırasında mətbuat tariximiz və mətbuatımızın
görkəmli xadimləri haqqında da dəyərli bilgilər
vardır. Bunu nəzərə alıb M.Ə.Rəsulzadənin
"Yeni Qafqasiya" jurnalında nəşr edilmiş, mətbuatımızın
yaradıcısı olan H.Zərdabi haqqındakı
yazısını oxuculara təqdim edirəm.
Nəsiman YAQUBLU
Azərbaycan mətbuatının, yalnız Azərbaycan
deyil, çarlıq əsarəti altında qalan bütün
türk dünyasının ilk qəzetəçisi Həsən
bəy türklüyə hizməti toxunmuş pək
(çox) dəyərli zatlardan (şəxslərdən) birisidir.
Mərhum 1842-də Bakı vilayətində vaqe Zərdab
qəsəbəsində doğulmuşdur. Edadi (orta) təhsilini
tamam edərək 1869-da Rusiyada ali təhsilini bitirmiş,
Bakıya övdət etmişdi. İxtisası ülumi-təbiyyə
və bilxassə ziraət fənni idi. Bakı edadilərində
ülumi-təbiyyə təliminə təyin olunmuşdu.
Edadi və ali təhsili rusca keçən Həsən
bəy yetişdiyi ailənin o zamankı ənənəsinə
tabeən bir miqdar islami tərbiyə aldığından
türkcə oxumaq və yazmaq imkanında idi.
Azərbaycan türkləri arasında milli intibah və
mədəni hərəkata sadiq olan ilk böyük sima
türk tamaşanəvisi Mirzə Fətəli Axundzadə
idi. Mirzə Fətəli ənənəsinin doğurduğu
ikinci böyük şəxsiyyət Həsən bəydir.
Həsən bəy böyük ədibin teatroya aid əsərlərini
səhnəyə vəz etmək işini ümumiləşdirmək
təşəbbüsü ilə millətə hizmət
meydanına girmiş, sonra qonşu erməniləri təqlid
ilə cəmiyyəti-xeyriyyə təsis etmək istəmişsə
də, müvəffəq olamamış, nəhayət,
"Əkinçi" qəzetəsinin təsisinə qərar
vermişdir.
Həsən bəy rəsmi vilayət mətbəəsində
təsis edəcəyi qəzetənin təbini təmin eyləmiş,
türkcə hərflər cəlbi üçün kəndisi
bizzat İstanbula qədər gəlmişdi. Həsən bəy
vilayət mətbəəsində çalışan əcnəbi
bir mürəttibi ərəb hərflərinin tərtibi ilə
aşina edərək və kəndisi bizzat tərtib işinə
yardım etmək surətilə "Əkinçi"yi
çıxarmağa başlamışdır.
Bu qəzetə millət arasında elm və ürfan
toxumlarını saçmaq etibarilə məcazən bir əkinçi
olduğu kimi, naşirinin ixtisasından bilistifadə haiz olduğu
mündəricat etibarı ilə həqiqətən də əkinçi
idi.
Həsən bəy nə kimi saiqələrlə bu qəzetəyi
təsis etdiyi və hansı yüksək həyəcanlarla bu
qədər maneələr önünə keçdiyi baş
məqaləmizdə təsbit edildiyindən burada ondan bəhs
etmiriz.
Həsən bəyin Azərbaycan xalqına etdiyi hizmət
yalnız qəzetəçilik ilə tamam deyildir. O, Bakı
türklərinin milli işlərində daima fəal bir rolda
bulunmuş, ömrünün son dəmlərinə qədər
Bakı bələdiyyəsində əza (üzv) olmuşdur.
Çar dövründə bələdiyələr xalq idarəsinə
məxsus yeganə bir müəssisə idi. Pək (çox)
məhdud səlahiyyət və hüquqa malik olsalar da, bələdiyyə
məclisləri bir növü məhəlli parlaman
hökmündə idilər. "Bakı parlaman"da
mühüm bir türk mərkəzi olmasına rəğmən,
müsəlman əzanın miqdarı qanunən məhdud idi.
Bu məhdud əzanın dəxi əksəriyyətlə
rusca bilməyən və cəmiyyət işlərindən
anlamayan xudayinabit Hacı və Kərbəlayilərdən
ibarət olduğu üçün Həsən bəy kimi
münəvvərlərin vəzifəsi pək mühüm və
məsuliyyətli idi. Bu məsuliyyətli "lider"lik
rolunu Həsən bəy üçün müddət icra eyləmiş
Topçubaşioğlu Əli Mərdan və Ağa oğlu
Əhməd bəylər kimi cəmaət adamları yetişəncəyə
qədər Həsən bəy Azərbaycan
türklüyünü təmsil edən yeganə mücahid
olmuşdur.
Bundan maəda (başqa), rusca nəşr edilən
"Kaspi" qəzetəsində dəxi Azərbaycan
türklərinin hüququnu müdafiəyə aid pək
çox nəşriyyatda bulunmuş, 1905-dən etibarən
Bakıda intişara başlayan türkcə "Həyat"
qəzetəsində ziraətə aid pək mühüm məqalələr
nəşr eyləmişdir. Qəzetə məqalələrindən
başqa Həsən bəyin ziraətə aid sadə bir ifadə
ilə yazılmış bir çox risalələri
(kitabçaları) də nəşr edilmişdir.
Həsən bəyin Azərbaycan intibah tarixində
iknci mühüm sima olduğunu söylədik. İlk
mücahid olurkən xitab etdiyi mühitin laqaydisi içində
tərki-həyat eyləmiş, hətta cahil mütəəsiblərin
düşmənanə təzahürlərinə belə məruz
qalmışdı. Həsən bəy ondan daha məsud
çıxdı. 1905-də vüqu bulan irtihalı milli
intibah tarixində əmsalı nadir görülən möhtəşəm
bir nümayiş halını aldı. İlk qəzetəçinin
tərhimi-xatiri üçün Bakıda çıxan
türkcə qəzetələr məqalələr dərc
eyləmiş, ilk səhifələrini qara çərçivəli
matəm elanları ilə doldurmuşlardı. O günü
şəhərin türk hissəsi matəmə girmiş,
bazar bütün günü qapalı qalmışdır.
Hacı Qasım bəy Camii havlusunda (ətrafında)
milli alayı xatırlayırız. Müxtəlif cəmiyyətlər,
müəssisələr və heyətlər naminə mütəəddid
natiqlər söyləyir. Böyük tabuta qarşı son vəzifələrini
ifa edirlərdi. Bunlar miyanında müxtəlif qəzetələr
naminə söz söyləyən üç mühərrir
vardı.
Mürşid bir pir üçün bundan daha
böyük müzahiriyyət olamaz. Fəqət Həsən
bəyin məzahiriyyəti yalnız bu qədərlə
qalmaz, onun əziz xatirəsi qızıl çizmələr
altında çeynənən zavallı vətəndəkilərə
milli ideal zövqünü yaşamaq fürsətini bəxş
etdiyi kimi, bizim kimi vətəncüda qəlbləri dəxi
vüsal və istiqlal ümid və imanı ilə doldurur!
"Yeni Qafqasiya", 1 mart 1926 / 17 şaban 1344. il:3, № 9, s. 4-5
Məhəmməd Əmin RƏSULZADƏ
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.8.