Tanrının seçdiyi insan

yaxud 10-cu uşaq 9 eylüldə

 

1991-ci il... Həmin dövrü yaşayanların ölkəmizin tarixində olan ən ağır, siyasi hadisələrlə silkələnən, iqtisadi baxımdan kritik, bütün parametrlərinə görə çətin il kimi unuda bilmədiyi o ildə Azərbaycan hökuməti tərəfindən Türkiyəyə təhsil almağa 50 nəfərə yaxın tələbə göndərildi. Müxtəlif ixtisaslar üzrə göndərilən bu tələbələr ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək göstəriciləri olan abituriyentlər arasından seçilmişdi. Bu seçilmişlər arasında İzmirin 9 Eylül Universitetinin Tibb fakültəsinə göndərilən arıq, hündür bir oğlan da var idi. Seçilmişdi! Minlərlə gəncin arasından seçilmişdi deyə, qarşıdakı yolun  mürəkkəbliyindən, dillərini yaxşı bilmədiyi türk dilində təhsil alacağından, harada yaşayacağını müəyyən etmədiyindən, evlərindən heç vaxt çıxmadığına görə anasının qayğısından uzaqda nə edəcəyindən vahimələnərək geri qayıtmaq, təhsilini elə Bakıda davam etdirmək, lazım olanda evlərinə getmək, bu şəhərdə yaşayan qohumlarının  qayğısından bəhrələnmək, daha rahat və aydın görünən gələcəyi seçmək  haqqında bayaqdan düşündüyü tərəddüdlərinə son qoydu. Nənəsinin danışdığı Məlikməmmədin nağılındakı etimad məsuliyyəti onu ürəkləndirdi. Sinif yoldaşlarından öz biliyi, davranışı, qabiliyyəti, təhsil və idman göstəriciləri, ictimai fəallığı, qavrama qabiliyyəti ilə seçilən bu oğlanı müəllimləri, dostları, valideynləri, bacı-qardaşları, bütün qohumları xüsusi istedadlı bir uşaq kimi əzizləyir, gələcəyinə böyük ümidlər bəslədiklərini gizlətmirdilər.  Tibb İnstitutuna (indiki ATU) sənəd verən minlərlə abituriyentin arasında ən yüksək bal toplayan da o idi, onu seçmişdilər. Yox, getməliyəm! Çətin olsa da, getməliyəm!

Çoxuşaqlı ailənin sonbeşiyi, böyük bacısından 22 il kiçik olan onuncu uşağın dünyaya gəlməsi də seçilmiş olduğunu göstərirdi. Onun ana bətnində olduğunu bilən böyük bacıları qəti etiraz etmişdilər: "Ay ana, biz Bakıda universitetdə oxuyuruq, birimizin 22, o birinin 20 yaşı var, sənin dünyaya uşaq gətirən vaxtındır? Camaatı bizə güldürmə, tələbə yoldaşlarımız nə deyər, bizim taylarımız ana olur, indi deyək ki, bizim anamızın uşağı olacaq, gülməli deyil?" 1973-cü ilin yay tətilində Astarada olanda xeyli deyinib-danışdıqdan sonra ananı yoldan çıxarıblar, aparıblar həkimə ki, uşağı tələf eləsinlər, bu "biabırçılıq" bitsin. Həkim də bunu günah sayan qadının etirazlarına baxmayaraq, qızların inadlı sözündən çıxa bilməyib, missiyasını yerinə yetirib. Ancaq "Allahın dediyi olur", "sən saydığını say, gör fələk nə sayır", deyiblər, uca tanrı seçdiyi bəndəsini bu xatadan qoruyur. Qızlar yay tətilindən Bakıya qayıtdıqdan xeyli sonra məlum olub ki, həkimin cəhdləri və aldığı pullar əbəsmiş, uşağa heç nə olmayıb, dünyaya gəlməlidir, vəssəlam! Sonralar dəqiq məlum oldu ki, ona görə gəlməliymiş ki, minlərlə insanın taleyini yaxşılığa doğru dəyişə bilsin, ona görə bu hadisə qarşısıalınmaz olub ki, dünyaya qarşısıalınmaz bəlaların qarşısını almağı bacaran, çarəsini bilən adam gəlirmiş.

Nəhayət, 1974-cü ilin yanvarın 18-də gələcək missiyaları ilə birlikdə, ancaq elə ana bətnində ağır sınaqlardan keçərək dünyaya gəlir... Sonralar da uca Tanrının bu sevimli və seçilmiş bəndəsi hamar olmayan ömür yolunda çox sınaqlardan, imtahanlardan, çətinliklərdən  keçəcəkdi, hamısından da üzüağ, alnıaçıq, şərəflə çıxmağı bacaracaqdı.

2018-ci ilin yanvarında ölkənin tanınmış insanlarından birinin ürəyində ciddi problem yaranır. Avtomobildə gedən həmin şəxsin halı birdən pisləşir və onu təcili klinikalardan birinə, sonra daha məşhuruna çatdırırlar. Hər ikisində komada olan dostumuzla bağlı tanınmış kardioloqların diaqnozu eyni olur: "Bunu xilas etmək  mümkün deyil". Süni nəfəs aparatına qoşulmuş deputatı vəziyyətdən çıxarmaq üçün son ümid kimi Almaniyadan tanınmış kardioloq-cərrahlar dəvət olunur. Ancaq demə,  bu da çıxış yolu deyilmiş - dostumuzun cəmi bir neçə saat vaxtı qalıbmış, alman həkimlər isə ən tezi  iki günə gələ biləcəkdilər, gəldilər də... Onlar gələnə kimi ümidləri hər yerdən üzülmüş qohumlardan birinin təklifi ilə xəstəni Gömrük  hospitalına, Rəşad Mahmudovun yanına aparırlar. Rəşad Mahmudov böyük risk tələb edən mürəkkəb əməliyyatın məsuliyyətini üzərinə götürür və həyat şansı çox cüzi olan xəstəni təcili əməliyyat edir. Özü də necə əməliyyat: sonra alman həkimlərin də təəccüblə qarşılayacağı dəqiqliklə, unikal və çox yüksək peşəkarlıqla.

Almaniyadan gələn həkimlər əməliyyatın gedişinin videogörüntülərini izlədikdən, epikrizlərlə, digər tibbi sənədlərlə tanış olduqdan sonra heyrətlərini gizlədə bilmədilər: "Yəni doğrudan bu əməliyyat Azərbaycanda olub???" Axşam şam yeməyində bu heyrəti bir az da açıqladılar: "Biz indiyədək elə bilirdik ki, bu tipli əməliyyatları dünyada yalnız bircə nəfər edə bilir, o da Almaniyadadır. Dünyanın hər yerindən - İsraildən, Yaponiyadan, Amerikadan, Avropanın digər ölkələrindən onun növbəsinə yazılırlar, o da il ərzində cəmi 50 əməliyyat edə bilir, qalan yüzlərlə adam çarəsiz qalır. Biz inanmazdıq ki, Avropanın lap ucqarında, Azərbaycanda belə həkim ola bilər".

Bu cür unikal əməliyyatların sayı yüzlərlədir. Son dərəcə mürəkkəb varlıq olan insanın döş qəfəsi açılana kimi oradakı real vəziyyəti heç bir avadanlıqla müəyyən etmək mümkün deyil. Tibb elminə yalnız 10-15 faizi məlum olan ürək də, onun mürəkkəb funksiyaları da hər insanda individualdır. Çox vaxt əməliyyat vaxtı ekstremal qərarlar qəbul etmək lazım gəlir. Belə anlarda çevik təfəkkür, iti düşüncə, dəqiq qərar insan taleyini həll edir. İndiyədək on beş minə yaxın açıq ürək əməliyyatı etmiş professor Rəşad Mahmudov da on beş min dəfə fərqli, ancaq dəqiq qərar qəbul edib, bu qədər ölkə vətəndaşını sağlam həyata qaytarıb, on beş min insanın ürəyinə şəfalı, nurlu əlləri dəyib, onların ailə üzvlərini, qohum-qardaşını saysaq, 100 minlərlə insana sevinc bağışlayıb, milyonlarla insanın ürəyinə ehtiramla, məhəbbətlə daxil olub.

Azərbaycanın Mustafa Topçubaşov, Mirməmməd Cavadzadə kimi beynəlxalq nüfuzlu həkimləri sırasında dünyanın bütün kardioloqlarının tanıdığı və ehtiramla yanaşdığı, hesablaşdığı bir imza var: Rəşad Mahmudov! Uca Tanrı seçdiyi, sevdiyi bu insana öz nurundan, hikmətindən səxavətlə pay ayırıb ki, onun hökmü ilə ömrü davam etməli olan kəsləri professor Rəşad Mahmudovun əli ilə dünyaya qaytarsın. Belə olmasaydı, bu qədər intellekti, nəcibliyi, fəhmi, abırı, xoş simanı, gözəl nitqi, əxlaqı, bunları əldə etmək üçün zəkanı, zəhmətsevərliyi, müşahidəçiliyi ona verməzdi. Belə olmasaydı, həyat yolunu asan, keşməkeşsiz, sınaqlarsız, dərəsiz-təpəsiz, ətrafını paxıllarsız, bədxahlarsız edərdi. Belə olmasaydı, cavan yaşında bu qədər hörmətə, məhəbbətə, rəğbətə, yüksək vəzifələrə, nüfuzlu statuslara sahib olmazdı.

Xalqımızın fəxri olan bu unikal şəxsiyyətin 50 yaşı tamam olur! Hələ 50 il də bu xalqa xidmət göstərməyini, həm həkimliyi ilə, həm də nəcibliyi ilə milli qürur mənbəyi olmasını arzulayırıq.

 

Fikrət ŞİRİYEV

525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.7.