QOCA PALID

 

Salam, əziz dostum, ay uca palıd

Başını tərpədib, salam edirsən.

Yarpağı ətirli, ay qoca palıd,

Yenə pıçıldayıb, nəsə deyirsən.

 

Durub bu torpağın üstündə məğrur,

O uca göylərdən ilham alırsan.

Nə vaxtı bu ucsuz yollara baxır,

Gələnə, gedənə kölgə salırsan.

 

Sığınıb o cənnət, yaşıl qoynunda,

Quşlar da köksündə yuva qururlar.

Bülbüllər oxuyur mələk donunda,

Yaşıl qucağında cəh-cəh vururlar.

 

Yenə yaz günəşi nura bələyir,

Naxışlar toxuyur budağın üstə.

Son bahar başına yağmur ələyir,

Yarpağın səpilir torpağın üstə.

 

Sısqa bir arx suyu yanından keçir,

Köklərin su içir, təşnələr kimi.

Quşlar qatarlanıb, qıy vurub köçür,

Ax nə tez yetişdi ayrılıq dəmi.

 

Necə səbrin çatır, ay qoca palıd,

Yüz ildi bu yerdə qərar tutmusan.

Kök atıb torpağın dərinliyinə,

Rüzgarın altında məkan qurmusan.

 

Rövşən BUDAQ

525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.15.