Çağlayan bulaq
kimi...
bir ifanın izi ilə
Mən musiqi sənətinin fəlsəfəsinə,
estetikasına, psixoloji məqamlarına az-çox bələdəm
və bu mənada hazırda məni hansısa bir ifa ilə təəccübləndirmək,
heyrətləndirmək çətindir, bəlkə də
mümkün deyil. Amma Niyazinin mənzil muzeyində "Sadəcə
Niyazi" kitabımın təqdimat mərasimində Sevinc
xanım İbrahimova fortepianoda öz müşayiəti ilə
maestronun "Arzu" romansını ifa edəndə bu hadisə
baş verdi. Xanımın səsinin məlahəti, emosional
çalarlarının zənginliyi
fortepiano ilə müşayiətin parlaq rənglərinə
qarışaraq elə bir aura yaratdı ki, ifa başa
çatan kimi qalxıb Sevinc xanımın əlini
sıxmaqdan, onu təbrik etməkdən özümü saxlaya
bilmədim, hətta bir anlığa mənə elə gəldi
ki, hansısa nüfuzlu bir beynəlxalq müsabiqənin
münsiflər heyətinin üzvüyəm və müsabiqə
hələ başa çatmamış qələbəsi
şübhə doğurmayan qalibin əlini sıxıram.
Amma mənim heyrətim tədbir başa çatandan
sonra çay süfrəsi arxasında Sevinc xanıma verdiyim
sualın cavabını eşidəndə daha mükəmməl
şəkil aldı. Mən onun harada işləməsini
soruşanda xanım fəxrlə, qürurla dedi ki, Xırdalan
uşaq musiqi məktəbində çalışır.
Dedim: "Bu, necə ola bilər, Sevinc xanım?
Axı siz daha böyük auditoriya qarşısında, daha
geniş meydanda fəaliyyət üçün
doğulmusunuz".
Sevinc xanım gülümsəyərək cavab verdi:
"Bəs gələcəyimiz olan uşaqlar? Onların
ürəyində əsl sənətə, klassik musiqiyə
sevgi işığını biz
yandırmamalıyıqmı?
Artıq xeyli vaxtdır mən bu cavab ətrafında
fikirləşir, musiqi sənətinə umacaqsız, təmənnasız
xidmət edən xanımın nə dərəcədə
haqlı olması barədə baş sındırıram.
Suallar isə bitmir, əksinə, bir-bitinə
calanır: "Haqlıdırmı Sevinc xanım öz
seçimində? - hətta bu, onun öz könüllü
seçimi olsa belə!
Ədalətli qərardımı bu?
Onun uşaq musiqi məktəbində pedaqoji işlə
məşğul olmağı məqsədəuyğundur,
yoxsa peşəkar musiqiçi kimi konsert
ifaçılığı ilə?"
Bildiyim odur ki, bütün istedadlı adamlar kimi, Sevinc
xanımın da istedadı onun öz şəxsi mülkiyyəti
deyil, həm də təmsil etdiyi xalqın sərvətidir. Rəvadırmı
ki, biz bu gözəl səsi, ifaları dinləyib feyziyab olmaq
imkanından məhrum olaq?
Ağlıma qəribə fikirlər gəlir - bəlkə
Sevinc xanım və onun kimilərin sakitcə öz hücrələrinə
çəkilib iddiasız, umacaqsız, vicdanla öz işləri
ilə məşğul olmalarının nəticəsidir ki, əksər
hallarda onların yerini əldəqayırma "müğənnilər",
səsi qarğa qarıltısına bənzəyən
"vokalçılar" zəbt edir, böyük ənənələri
olan musiqi sənətimizi gözdən salır, yaman günə
qoyurlar?
Məncə, gec-tez kim(lər)sə bu məsələdə
məsuliyyəti öz üzərinə götürməli,
vəziyyəti gətirib bu yerə çatdıran səbəblər
araşdırılmalı, təhlil olunmalı, bu sahədə
sistemsizliyə, pərakəndəliyə son qoymaq
üçün vahid bir strategiya hazırlanmalıdır.
Flora xanım Kərimova müsahibələrinin birində
deyirdi ki, əvvəllər müğənnilərin yeni
ifaları efirə buraxılmazdan əvvəl nüfuzlu
musiqiçilərdən ibarət bədii şurada diqqətlə dinlənilir, əgər
hər hansı bir səs düzgün tələffüz
olunmurdusa, hecalar düzgün bölünmürdüsə,
vurğu yerinə düşmürdüsə, ifa geri
qaytarılırdı.
Məgər bizim indi belə musiqi ekspertlərimiz
yoxdurmu ki, yeri gələndə etiraz səslərini
qaldırsınlar, efirdən səslənib zövqləri
korlayan, musiqimizin başına, necə deyərlər, daş
salan bayağı, hətta bəzən vulqar ifaları boykot
edib, yollarında heç olmasa sarı işıq
yandırsınlar? Əgər yoxdursa, çox pis. Yox, əgər
var ola-ola "az aşım, ağrımaz başım" məntiqi
ilə susurlarsa, ondan da pis.
Bu yaxınlarda respublikanın müxtəlif bölgələrində
yaşayan gənclər arasında "hansı peşəyə
üstünlük verir, gələcəkdə hansı sənətin
sahibi olmaq istəyirsən" sualı ətrafında
keçirilən sorğunun nəticələri ilə
tanış oldum və rəhmətlik nənəmin
sözü olmasın, matım-mutum qurudu. Sizcə, sorğuda
iştirak edən gənc qızların böyük əksəriyyətinin
ən böyük arzusu nə imiş? Əlbəttə ki,
müğənni olmaq (???). Heç fikirləşirsinizmi nə
üçün? Ona görə ki, hal-hazırda Azərbaycanda
mahnı ifaçılığı, müğənnilik fəaliyyəti
sahəsində elə bir durum yaranıb, gənclərdə
elə bir rəy
formalaşıb ki, çoxlu pul qazanmağın, bir
günün içində şan-şöhrət, ardınca
da ad-san qazanmağın ən kəsə yolu müğənni
olmaq hesab edilir. Fərq eləməz, səsin, istedadın var,
ya yoxdur - təki bu dəstəyə qoşul, şou
proqramlarda gur-gur gurulda, hamıya həyat və sənət
"dərs"i keç.
Bu vurhavurda, qaçaqaçda əsl sənətə
xidmət edən, özünə və peşəsinə
hötmətlə yanaşan Sevinc xanım kimi istedadların
küncə sıxışdırılıb, halal
haqlarının əllərindən alınıb özgələr
tərəfindən mənimsənilməsi o qədər də
çətin deyil. Halbuki o, mükəmməl təhsil
almış, klassik ənənələrə hörmətlə
yanaşan, ifalarında onları yaşadan, öz fəaliyyəti,
çıxışları ilə sənətə necə
münasibət bəsləmək lazım olduğunun klassik
nümunəsini sərgiləyən təvazökar bir
xanımdır.
Bəs onu və onun kimi neçə-neçə
istedadı görmək, ruhumuzu sakitləşdirən,
oxşayan səslərindən, oxumalarından zövq
almağımıza, daha məhsuldar fəaliyyətlərinə
imkan yaratmaq, xidmətlərini qiymətləndirib onlara yeni
impuls vermək nə üçün bu qədər
müşkül bir məsələyə çevrilib?
Həmin tədbirdə Sevinc xanım Üzeyir bəyin
"Sənsiz" romansını, Fikrət Əmirovun "Azərbaycan
elləri" mahnısını da yüksək peşəkarlıqla
(və öz müşayiəti ilə) ifa etdi və hər dəfə
də ifa başa çatan kimi sürəkli alqışlar
"bravo" sədalarına qarışaraq uzun müddət
səngimədi.
Bu alqışlar təkcə mənzil muzeylərdə
deyil, daha böyük salonlarda dalğalansa, dünyamı
dağılar, yaxud kiminsə xəncərinin
qaşımı düşər?
Mən sonralar Sevinc xanımın digər
ifalarının lent yazılarını dinlədim, müxtəlif
tədbirlərdə baş tutan
çıxışlarının videoyazılarına
baxdım və tam əminliklə deyirəm ki, bu xanım
bizim musiqi sənətimizin, vokal
ifaçılığımızın müasir səviyyəsini
Azərbaycanın sərhədlərindən kənarda da
tanıtmağa, sevdirməyə gücü çatan bir
musiqiçidir. Yetər ki, bu imkanı ona yaratsınlar.
Bioqrafiyasının, yaradıcılıq yolunun
ayrı-ayrı faktları da Sevinc xanımın taleyindəki
ziqzaqlı məqamlar barədə az şey demir. O, 1988-ci ildə
indi müəllim kimi çalışdığı
Xırdalan uşaq musiqi məktəbini əla qimətlərlə
bitirib, Azəf Zeynallı adına musiqi texnikumuna daxil olub, əvvəl
fotepiano sinfində təhsil alıb, sonra musiqi nəzəriyyəsinə
olan sonsuz marağına görə fakültəsini dəyişib
və texnikumu məhz bu ixtisas üzrə bitirib. 1992-1997-ci illərdə
Bakı Musiqi Akademiyasının musiqişünaslıq və
orqan ifaçılığı fakültəsində təhsil
alıb və bu müddət ərzində vokal sənəti
ilə fakültativ qaydada məşğul olub. 1992-ci ildən
bu günədək Xırdalan uşaq musiqi məktəbində
pedaqoq kimi fəaliyyət göstərir, solfecio, musiqi nəzəriyyəsi,
harmoniya, xalq musiqisinin əsasları fənnini tədris edir.
Şəxsən mənə görə bu məlumatlar
adi, standart tərcümeyi-hal elementlərinin sərhədlərini
aşıb əlavə mənalar, anlamlar kəsb edir.
İş burasındadır ki, Sevinc xanım bilik və
savadı, pedaqoji və yaradıcılıq fəaliyyətlərini
bir-biri ilə əlaqələndirib öz
uğurlarının zəmanətinə çevirməyə,
təməlinə qoymağa nail olan istedad sahibidir. Hamı
bilir ki, səsin diapazonu, tembri, digər özəllikləri,
eləcə də musiqi duyumu, yaddaşı deyilən keyfiyyətlər
sonradan qazanılmayan Allah vergisidir - onlar təhsil almaqla, bilik
və savadın gücü ilə əmələ gəlmir və
gələ də bilməz. Səsi idarə etmək, göy
qurşağına bənzər çalarlarını
göstərmək, modulyasiya və plastika imkanlarını,
ifa texnikasını təkmilləşdirmək, bir sözlə,
özünü, istedadını reallaşdırmaq isə
ifaçıdan bilik, savad, gərgin zəhmət tələb
edir. Bu mənada düşünürəm ki, musiqi nəzəriyyəsini
mükəmməl bilməsi fortepiano
ifaçılığı və vokalçılıq
keyfiyyətlərini sintez edib bir keyfiyyətə çevirməkdə,
vəhdət halına gətirməkdə Sevinc xanıma xeyli
kömək edib. Öz çalğısının
müşayiəti ilə oxuduğu mürəkkəb vokal
partiyalar dediklərimə təkzibedilməz sübutdur. Qeyd
edim ki, vokalçının fortepianoda özünü
müşayiət etməsi
çox çətin bir işdir, çünki ən
azından diqqətin iki yerə bölünməsi, iki
müxtəlif ifa növünün, texnikasının
sinxronlaşdırılması, müxtəlif səs
çalarlarının uzlaşdırılması kimi qəliz,
çətin tələblərlə müşayiət
olunur. Buna yalnız qeyri-adi musiqi duyumu olan virtuoz musiqiçilər
nail ola bilirlər. Və əgər Sevinc xanım da onlardan
biridirsə buna necə sevinməyəsən, qururlanmayasan...
Sevinc xanım bu dünyaya musiqi aləmində nəfəs
ala-ala yaratmaq, insanlara xoş ovqat bəxş etmək
missiyası ilə gələnlərdəndir. Məhz musiqiyə
olan böyük sevgisinə görə böyük eşq
yolunda addımlayır, özünü sındırmır,
işlədiyi təhsil ocağında öz
davamçılarını - gələcəyin musiqiçilərini
yeyişdirmək üçün həvəslə, səylə
çalışır. Onun musiqyə, peşəsinə olan
məhəbbətinin miqyası o qədər böyükdür
ki, hal-hazırda durğunluq yaşayan, qltlıqdan,
kasadlıqdan əziyyət çələn uşaq
mahnıları janrında maraqlı nümunələr
yaratmasına, yəni Sevinc xanımın bəstəçilik
fəaliyyəti ilə məşğul olmasına da impuls
verib. Onun səs və fortepiano üçün
yazdığı uşaq mahnıları
"Nağıllardan gələn qızın uşaq
dünyası" adlı məcmuə şəklində
çap olunub və musiqi ictimaiyyəti tərəfindən
maraqla qarşılanıb. Qeyd edim ki, bu mahnıların əksəriyyətinin
sözlərinin müəllifi də
Sevinc xanımın özüdür.
Sevinc xanım bir neçə romansın da müəllifidir.
Xalq şairi Nigar Rəfibəylinin sözlərinə
yazdığı "Qadın olmasaydım əgər"
romansı xüsusilə məşhurdur.
2020-ci ildə bəstəkar Əşrəf Abbasovun
100 illik yubileyinin Bəstəkarlar
İttifaqında böyük təntənə ilə
keçirilməsi nəzərdə tutulmuşdu. Amansız pandemiya buna imkan vermədi. Bu,
Abbasovlar ailəsinə çox pis təsir etmişdi. Belədə
Sevinc xanım materiallar toplayıb, onlayn qaydada şagirdləri
ilə birlikdə bəstəkarın həyat və
yaradıcılığı haqqında film hazırladı. Hətta
naməlum əsərlərinin ifasına da nail oldu.
Əhsən belə ürəyə!
Belə insanları bulağa bənzətmək olar -
başqalarının yanğısını söndürmək
üçün daim çağlamaq eşqi ilə
alışıb yanırlar və onların
yaradıcılıq istəyinin, eşqinin gözünü
bağlamaq günahlar günahı, Allahın iradəsinə,
istəyinə qarşı getmək kimi bir şeydir.
Mənə elə gəlir ki, musiqi ictimaiyyətimiz bu
xanımın yaradıcılıq gecələrini, solo
konsertlərini keçirmək barədə fikirləşməli,
onun musiqisevərlərə daha geniş müstəvidə
tanıdılması naminə səy göstərməlidir.
Xalq şairi Musa Yaqubun "...və
başqaları" adlı gözəl bir şeirində
ürək ağrıdan belə misralar var:
Necə sadalayıb gətirək yada,
Göylərin ki, min-min səyyarəsi var.
Bu var ki, ən parlaq bir ulduzu da
"...və başqalarında" gizlətmək
olar.
Gəlin Sevinc xanımın adını, qiymətini "...və başqaları"
sindromunun əsarətindən xilas edək. Bu, Allaha da xoş
gedər, bəndəyə də...
Qoy bəndənizin bu yazısı da bu yolda ilk
addım olsun!
Əlisəfdər Hüseynov
525-ci qəzet .- 2024.- 26 yanvar, ¹15.- S.13.