COP29-un yüksək
səviyyədə təşkili üçün
mühüm addımlar atılır
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun
Tərəflər Görüşünün 19-cu
sessiyasının və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
ilk iclası olub.
İclasda çıxış edən Prezident
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin
sədri Samir Nuriyev Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin
"Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi" kimi müəyyən edildiyini, ölkəmizin
baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə
qədər istixana qazlarının miqdarının 35 faiz
azaldılması öhdəliyini
götürdüyünü, işğaldan azad edilən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının,
habelə Naxçıvan Muxtar Respublikasının
"Yaşıl enerji" zonası elan edildiyini bildirib.
S.Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə
2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə
həmrəylik ili" elan edilməsinin ölkəmizdə ətraf
mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü
və ardıcıl dövlət siyasətinin tərkib hissəsi
olduğunu qeyd edib. Samir Nuriyev Azərbaycanın ətraf
mühitin qorunması və qlobal iqlim dəyişmələri
sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini
və bu prosesə töhfələr verdiyini vurğulayıb:
"Azərbaycanda iqlim dəyişmələrinə
qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq
aləmdə təqdir edildiyini və dünyada ən
irimiqyaslı və mötəbər tədbirlərdən
biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə
keçirilməsi barədə yekdil qərarın qəbul
edilməsinin Prezident İlham Əliyev tərəfindən
ölkəmizə beynəlxalq səviyyədə olan hörmət
və etimadın bariz göstəricidir. COP29-un ən yüksək
səviyyədə keçirilməsi üçün
bütün lazımi tədbirlər görülür. BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək".
Sonda Təşkilat Komitəsinin Katibliyinin, COP29
prezidentinin, Baş danışıqçının heyətinin,
Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili
və keçirilməsi ilə bağlı Tədbirlər
Planının yekunlaşdırılması və digər
aidiyyəti məsələlər üzrə
tapşırıqlar verilib.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasının və Paris
Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyasının prezidenti kimi müəyyən edilib.
Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam
imzalayıb. Sərəncamla müəyyən edilən
Prezidentə (President-Designate) Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasına və Paris
Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyasına hazırlıq işlərinin
aparılması və sədrliyin həyata keçirilməsi
üçün məsul nümayəndələrdən ibarət
heyətin formalaşdırılması səlahiyyəti
verilib. Sərəncamda qeyd olunub ki, Azərbaycan ətraf
mühitin qorunmasına, iqlim dəyişmələrinin
qarşısının alınmasına xüsusi əhəmiyyət
verir.
Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi
inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf
mühit və yaşıl artım ölkəsi" kimi
müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin
və Naxçıvan Muxtar Respublikasının yaşıl
enerji zonası elan olunması, 2024-cü ilin "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə
aparılan məqsədyönlü və ardıcıl
dövlət siyasətinin təzahürüdür.
İqlim dəyişmələrinin
qarşısının alınması sahəsində Azərbaycanın
həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilir. Məhz
bu səbəbdən, iştirakçıların sayına və
səviyyəsinə, müzakirəyə
çıxarılan məsələlərin
aktuallığına görə dünyada ən mötəbər
tədbirlərdən biri hesab edilən Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin
yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda
keçiriləcək. Azərbaycan beynəlxalq ictimaiyyətin
ona böyük hörmət və etimadının göstəricisi
olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə
təşkil edilməsi, ölkəmiz və bəşəriyyət
üçün uğurlu nəticələrlə
yekunlaşması naminə bütün zəruri tədbirləri
görəcək.
Milli Məclisin Komitə sədri, professor Hicran
Hüseynova bildirib ki, Azərbaycan müxtəlif istiqamətlər
üzrə bir çox beynəlxalq tədbirlərə ev
sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması,
onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə
olunması, iqtisadi imkanlar, gələcək layihələrin
və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi
baxımından xüsusi əhəmiyyət
daşıyır. Beynəlxalq aləmin hər bir
üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi
ölkəmizin alternativ enerjiyə keçiddə öz
imkanlarını nümayiş etdirmək üçün
mühüm platformadır. Əlbəttə ki, bu, səbəbsiz
deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət
nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın
beynəlxalq aləmdə nüfuzu artır. Ölkə
başçısının apardığı müstəqil
siyasət, bütün qərar və addımların beynəlxalq
hüququn norma və prinsiplərinə əməl edilməsi,
əməkdaşlıq münasibətlərində
dürüstlük, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası
və digər amillər bütövlükdə Azərbaycana
olan münasibəti müsbət mənada dəyişib:
"Doğrudur, erməni diasporası və bəzi siyasi
qüvvələr revanşist hərəkətlərini davam
etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi,
"Fransada və bəzi siyasi liderlər ermənilərdən
daha çox erməni olmağa çalışırlar. Ancaq
onlar da bu vəziyyətlə barışmağa məcbur
olacaqlar". Belə ki, 2024-cü ildə dünyanın ən
böyük və ən mühüm dövlətlərarası
tədbirlərindən birinin Azərbaycanda keçirilməsi
Fransadakı erməni havadarlarını ciddi təşvişə
salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə
mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın
özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev
sahibliyi etmək üçün öz namizədliyini geri
götürüb. Yəni Ermənistan rəhbərliyi Azərbaycanla
birbaşa danışıqlar aparmağın
adekvatlığını və məlumatlılığını
nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq
şəkildə bu prosesi pozmağa
çalışırlar. Bu və ya digər şəkildə
Azərbaycanın düşmənləri növbəti
uğursuzluqları ilə barışmalı olacaqlar.
Əslində, COP29-un Bakıda keçirilməsində
gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya
gündəmindəki qlobal problemlərin
qarşısını almaq və həll yollarının
müəyyən edilməsi üçün mühüm təşəbbüslər
göstərən, çağırışlar edən, həmin
məsələləri beynəlxalq səviyyədə
aktuallaşdıran dövlət kimi kifayət qədər
hörmət qazanıb. Pandemiya dövründə Prezident
İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin
həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti,
Azərbaycanın Qoşulmama Hərəkatının sədri
bu qurumun institusional mexanizmlərin yaradılması səyləri
konkret nümunədir. Həmçinin, Azərbaycan qlobal inteqrasiya
prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə
ciddi töhfə verir və bu istiqamətdə səylərini
artırmağa hazırdır".
Millət vəkilinin dediyinə görə, Azərbaycanın
irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə
böyük təcrübəsi var. COP29-un gələn il
ölkəmizdə keçirilməsi ilə əlaqədar
müşavirədəki çıxışında bu məsələyə
toxunan Prezident İlham Əliyev bildirdi ki, "Hər kəs
bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə
Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl
sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə
müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir
keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər
keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.
Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min
idmançı və onları müşayiət edən təqribən
3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici
nümayəndə ölkəmizə gələcək, iki həftə
ərzində Bakı dünyanın mərkəzi olacaq.
Müəyyən ehtimallara görə, təqribən 70-80 min
xarici qonaq bu müddət ərzində ölkəmizdə
olacaq". Düşünürəm ki, COP29 sammiti də ən
yüksək səviyyədə, iştirakçılar
üçün səmərəli müzakirələr və
qərarların qəbulu üçün hər cür şərait
yaradılacaqdır. İqlim dəyişikliyi problemi təkcə
dövlətləri deyil, bütün planeti əhatə edən
çox ciddi problemdir. Azərbaycan COP29-u uğurla keçirməklə
və alternativ enerjini inkişaf etdirməklə bu qlobal bəlaya
qarşı mübarizəyə töhfə verəcəkdir.
Belə bir tədbirin ölkəmizdə keçirilməsi
beynəlxalq nüfuzun güclənməsi, xarici
investorların diqqətinin Azərbaycana cəlb edilməsi
baxımdan əhəmiyyət kəsb edir.
Millət vəkili Sevinc Hüseynova qeyd edib ki, COP29-un
gələn il ölkəmizdə keçirilməsi ilə
bağlı verilən qərar mühüm tarixi əhəmiyyət
kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə
ölkəmizdə keçirilməsi Azərbaycanın
növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu eyni zamanda
dünya ölkələrinin Azərbaycana növbəti dəfə
böyük etimad və hörmətinin bariz nümunəsidir:
"Ölkəmiz məhz bu cür yüksək dəyərlərə
layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə
sahib olub".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.12.