Eyni kökənli iki hadisə
esse
Həyat, doğrudan da, insana verilən bir məqamdır,
ona, illərcə uzanan bir an da demək olar. Bəzən bu
anın o başında və bu başında baş verən
hadisələr bir-birinə çox oxşayır, sadəcə
həmin oxşarlığı (az qala eyniliyi) görmək
lazımdır.
...Yay ayları idi. Kəndə şəhərdən
bir qız gəldi, bir qız gəldi ki, gözəlliyini təsəvvür etmək
mümkün deyil. Qızın 20-25 yaşı vardı. Mən
onda 6 yaşımda idim. Həmin qızı görən kimi
vuruldum. Bilmirəm, bu, səmimi uşaq məhəbbəti
idi, bilmirəm, nə idi, amma sevdim. Qızı görəndə
utanırdım, özümü yıxşırıb
çalışırdım, əsl kişi kimi davranım.
Bir axşam saçımı (kəkilimi) isladıb səliqə
ilə daradım. Kəndə çıxdım ki, gedim
"sevgilimi" görüm. Axşamlar yeniyetmə qızlar
və oğlanlar kəndin ortasında, bulağın
yaxınlığında "birjaya" toplaşardılar,
deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Mən də
qızı görmək ümidi ilə həmin yerə
üz tutdum.
Evdən xeyli aralanmışdım ki, Allahdan olan kimi,
həmin xanım qənşərimə çıxdı. Mən,
balaca əllərimi ciblərimə qoyub, yanından guya
saymazyana keçib getmək istədim. Amma istədiyim kimi edə
bilmədim. Biz bir-birimizə yaxınlaşanda qız ayaq
saxlayıb:
- Hara gedirsən? - deyə soruşdu.
Onun mənimlə maraqlanmağı sevgimi lap
alovlandırdı. Düşündüm, demək, o da mənə
qarşı laqeyd deyil. Odur ki, qəlbimdə tüğyan edən
həyəcanı cilovlayıb:
- Gəzintiyə çıxmışam, - dedim.
Mən bu kəlməni deyəndə o, mənə
yaxınlaşıb əlimdən tutdu.
İlahi, onda necə hisslər keçirdiyimi anlatmaq
etmək üçün nə söz var, nə səs, nə
də rəng...
Əlimi verdim qızın əlinə. Onun əlinin
istisi canıma yayıldı.
Qız, beləcə əlimdən tutub, məni gəldiyim
yolla geri evə tərəf apardı. Mən qəddimi düzəldib
onun yanıyla əsl kişi kimi gedirdim. İstəyirdim,
bütün kənd bizə tərəf baxsın,
görsünlər sevənlər necə olur! Görsünlər,
biz bir-birimizə necə yaraşırıq! 20-25
yaşında gözəl bir qız və 6 yaşında
oğlan kəndin ortasından beləcə keçib gəlib
bizim evə çatdıq. Mən təsəvvürümdə
evə gəlin gətirirdim. O isə anamı görcək məni
ona təhvil verərək dedi:
- Şamama xala, uşağınız o tərəfə
gedirdi, hava qaralır, dedim, Allah eləməsin, birdən itib
eləyər, budur, götürüb gətirdim.
Mən başımı qaldırıb qızın
üzünə qəzəblə baxsam da, aşıq
demiş, sındı qol-qanadım yanıma düşdü.
Aradan altmış il keçdi. Bəli, bəli, nə
az, nə çox, düz altmış il. Mənim indi 66
yaşım var.
Bu günlərdə işlə bağlı bir idarəyə
getməli oldum. Məni masa arxasında oturan gənc, həm də
çox gözəl bir xanım qarşıladı.
İş uzandı, sənədləri diqqətlə nəzərdən
keçirib yerbəyer eləmək lazım idi. Xanım bir az
darıxdığımı hiss etdi.
- Bilirəm, uzun çəkdi, amma darıxmayın,
iş bunu tələb edir, - dedi.
Mən də hazırcavablığımdan
qalmadım:
- Xanım, işin uzanmağı problem deyil, - dedim, -
məsələ burasındadır ki, insan çox oturduğu
yerə tədricən adaptasiya olur, öyrəşir. Qorxuram,
mən gedəndən sonra bura üçün darıxam.
Bu sözümün müqabilində xanım
üzümə elə gülümsündü ki, qəlbimə
süzülən günəş işığını
ap-aydın hiss etdim. Düşündüm, görünür,
hələ qocalmamışam, hələ üzümdə gəncliyimin
havası sezilir.
Bu cür ilıq duyğuların qoynunda idim ki, gənc
xanım otağa daxil olan iş yoldaşıma üz tutub:
- Müəllim yaşlı adamdır,
qılımından hiss edirəm ki, darıxdı, yoruldu. Qoy
o getsin, sənədlər hazır olanda siz apararsınız,
- dedi.
Qızın üzünə gizlin gileylə baxdım.
Sağollaşıb qapıya tərəf gedəndə 60 il
öncə baş verən əhvalat bu əhvalatın eynisi kimi
gözümün önündə canlandı.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.11.