COP29 - Azərbaycanın böyük
hədəflər yolunda daha bir parlaq uğuru
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-ə
Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan
indiyədək bir çox beynəlxalq tədbirlərə ev
sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib.
Lakin Prezident İlham Əliyevin dediyi kimi, COP29 bu vaxta qədər
keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.
Bakı iki həftə dünyanın mərkəzi olacaq və
şəhər təqribən 70-80 min xarici qonağı
qarşılayacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər
Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin
keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi
ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
1990-cı illərin ortalarından başlayaraq sözügedən
konfrans çərçivəsində inkişaf etmiş
ölkələrdə istixana qazlarının atmosferə
tullantılarının məhdudlaşdırılması ilə
bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən
Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə
mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə
qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən,
Azərbaycan bu razılaşmaya qoşulub.
Hər il dünyanın çox sayda ölkələrindən
hökumət nümayəndələri COP-da toplaşaraq
iqlim dəyişmələrinin qarşısının
alınması və fəsadlarının aradan
qaldırılması istiqamətində birgə səylər
göstərmək üçün müzakirələr
aparır, çağırış edirlər. COP-un ilk
toplantısı 1995-ci ildə Berlin şəhərində
keçirilib. Hələlik sonuncu olan COP28 ötən il
Dubayda təşkil edildi. 100 minə yaxın nümayəndəni
bir araya gətirən COP28 BMT-nin tarixində ən
genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində
təşkil edilən Zirvə toplantısına 120-dən
artıq dövlət və hökumət
başçısı qatılıb. Sözügedən tədbirdə
ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak
edib.
COP29 konfransına ev sahibliyini Azərbaycan
üçün 2024-cü ilin ən mühüm hadisəsi və
ölkənin yaşıl iqtisadiyyata keçid
strategiyasının məntiqi davamı kimi qiymətləndirmək
olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı
ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya
naminə həmrəylik ili" elan edilib.
"Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə
də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha görəcək ki, bizim
gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda
bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və
bütün dünya bunu bir daha görəcək", - deyə
Prezident İlham Əliyev ötən il dekabrın 15-də
COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar
müşavirədə vurğulayıb.
Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi
önəmi əməli fəaliyyətlərlə də
sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər
isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri
üzrə yüksək potensiala malik olan ölkələrdəndir.
Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin
bərpaolunan enerji mənbələrinin texniki potensialı
quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin
iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək
enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə
23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ
çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev
deyir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi
mühüm hadisə olacaq. Bununla bağlı iki amili qeyd etmək
yerinə düşər. İlk növbədə, belə
bir mötəbər tədbirin Azərbaycana həvalə
edilməsi ölkəmizin nüfuzundan xəbər verir. Eyni
zamanda, bu hadisə Azərbaycanın bərpaolunan enerji mənbələri
üzrə yüksək potensiala malik ölkələrdən
olduğunun göstəricisidir.
COP28-in ərəb dünyasının ən zəngin
ölkələrindən biri olan Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) tərəfindən təşkil
edildiyini xatırladan BMTM-in sədri bildirib: "Tarixə nəzər
salsaq görərik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının sessiyalarına adətən, neft ölkələrinin
ev sahibliyi etməsi artıq faktdır.
Vurğulanmalıdır ki, COP-a ev sahibliyi etmiş ölkələr
həm regionda və həm də dünyada kifayət qədər
nüfuzu olan ölkələrdir. Buna iki aspektdən
yanaşma mümkündür. Bəzi ölkələr
güclü neft ölkəsi olan BƏƏ-dən sonra bu
mötəbər tədbirə ev sahibliyinin digər neft
ölkəsi olan Azərbaycana verilməsinə
qısqanclıqla yanaşırlar. COP29-un ölkəmizə həvalə
edilməsi bir daha onu göstərir ki, neft istehsal edən Azərbaycan
kimi ölkə alternativ enerjinin inkişafına fikir verir. Deməli,
güclü neft ölkələri alternativ enerjinin
inkişafını diqqətdə saxlayırlar".
Azərbaycanda bir sıra mühüm layihələrin
həyata keçirildiyini diqqətə çatdıran Fərid
Şəfiyev ölkəmizin 2030-cu ilədək olan
dövrü əhatə edən strateji mərhələdə
ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan
enerji mənbələrinin payının 30-40 faizə
çatdırılmasını hədəf kimi
qarşıya qoyduğunu qeyd edib. Ölkəmizin bu istiqamətdə
müxtəlif dünya ölkələri ilə münasibətlərindən
danışan BMTM-in sədri Azərbaycan ilə BƏƏ
arasında əlaqələrin inkişafında enerji sektorunun
xüsusi payının olmasını da diqqətə
çatdırıb. O, COP29-un gələn il Azərbaycanda
keçirilməsi barədə qərarın da məhz
BƏƏ-də qəbul edilməsinin təsadüfi hadisə
olmadığını vurğulayıb.
Ölkəmizin alternativ enerji ilə bağlı
Rumıniya, Gürcüstan və Macarıstanla ortaq layihələrinin
olduğunu qeyd edən BMTM-in sədri deyib: "Bu layihə
alternativ enerjinin Avropaya və adıçəkilən ölkələrə
daşınmasının təminini özündə ehtiva
edir. Bu da təbii olaraq Azərbaycanın alternativ enerji ilə
bağlı öhdəliyini göstərir və ölkəmiz
bu öhdəliyi ardıcıl yerinə yetirir".
Millət vəkili İlham Məmmədov deyir ki,
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə
Konvensiyasının tərəflər konfransının 29-cu
sessiyasının Azərbaycanda keçirilməsi haqqında
qərarın qəbul olunması ölkəmizin çox
böyük nüfuzundan xəbər verir. Bu, təkcə
ekoloji problemlərin həlli deyil: "İqlim dəyişikliklərinin
ətraf mühitə vurduğu ziyan böyük problemdir.
Dünyanı təhdid edən bu problemin aradan
qaldırılması, həll yollarının
axtarılması, bunun üçün dünyanın birlik
nümayiş etdirməsi, müzakirələrin keçirilməsi
üçün Azərbaycana ev sahibliyinin həvalə
olunması böyük nüfuz deməkdir. COP29-un Azərbaycanda
keçirilməsi haqqında qərar bir neçə gün ərzində
baş verdi. BMT-nin ən böyük qlobal tədbirinin Azərbaycanda
keçirilməsi ölkəmizin təbliğinin,
inkişafının dünyaya nümayiş
olunmasıdır. Təhlükəsizlik tədbirləri
üçün Azərbaycanın həmişə ədalətli
olduğu, təbiətin xilası üçün ekoloji
tarazlığın qorunmasına lazımi addımların
atılmasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın
nüfuzundan xəbər verən bu tədbirin ölkəmizdə
keçirilməsi Prezidentin illər boyu apardığı
uğurlu siyasətin nəticəsidir. Prezident dünya xəritəsində
zərrə qədər görünən Azərbaycanı
dünyanın özü qədər böyüdüb. Bu
kimi qlobal tədbirlərin ölkəmizə ev sahibliyi etməsinə
etimad göstərilməsi xalq və dövlətimizin
böyük qələbəsidir. Gələcək
üçün xalqımıza uğurlar arzu edirəm. Azərbaycan
daim inkişaf edir. Prezidentin Azərbaycanın inkişafı
üçün atdığı addımlar 7 fevralda
keçiriləcək prezident seçkilərində yeni
dövrün başlanğıcı üçün töhfə
olacaq. Bu günlərdə ictimai-siyasi xadim kimi seçki
kampaniyası üçün rayonlarda olub insanlarla
görüşürük. Bu məsələlərin əhəmiyyətinin
nə qədər böyük olduğunu insanlara
çatdırırıq. Bu, Azərbaycanda keçirilən
hansısa tədbir deyil, Azərbaycanın bu qədər nəhəng
tədbirə ev sahibliyi edə bilməsi üçün
inkişaf edən dövlət olduğunu göstərir".
O qeyd edib ki, iqlim dəyişikliklərinin əsas səbəblərindən
biri artıq yanacağın tullantıları, bu sahədə
nizamsız olan proseslərin nəticəsində atmosferin
korlanmasıdır: "Bu, planetimizin ekologiya, fauna və
florasının çirklənməsinə, xəstəliklərin
artmasına səbəb olur və bəşəriyyətin məhvinə
gətirib çıxarır. Azərbaycan həmişə
ekoloji təmizliyin qorunmasına sadiqliyini nümayiş etdirib.
COP29-un qəbul etdiyi qərarlardan ilk faydalanan da ev sahibi kimi Azərbaycan
olacaq. Hesab edirəm ki, tədbirin ən əhəmiyyətli
hissəsindən biri də bu olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.-2024.- 23 yanvar, №12.- S.14.