"Gördüyüm kəs yuxuymuş..."    

Alim və yazıçı dostum Rövşən Mustafayevin işıqlı xatirəsi yaddaşımın ən munis guşəsində yaşayır

 

Qədirbilməzlikmi, unutqanlıqmı? Yoxsa illər keçdikcə korşalan yaddaşmı? Bəlkə gündəlik "dərd-sər"ə başım qarışdığından elə özüm günahkaram? Səbəblər, günahkar axtara-axtara yaşımın yetmişini tamamlayandan sonra yaddaşımı qınamıram. Yəqin ki, günahkar elə özüməm. Axı 40 il bundan qabaq az qala həftə boyu görüşdüyüm, oturub-durduğum unudulmaz dostlarımdan biri haqqında nə vaxtdan bəri ürəyimdən keçənləri niyə belə gec - vəfatından 15 il sonra qələmə alıb varaqlara köçürürəm? Özümə təsəllimsə budur ki, haqq dünyalarında o əziz dostlarından biri kimi mənim də yolumu gözləyən, yaddaşımın ən munis guşəsində yaşayan, son vaxtlar az qala hər gün yadıma düşənlərdən biri də məhz odur: dünyadan çox erkən köçmüş Rövşən Mustafayev...

Rövşən - işıqlı, nurlu deməkdir... Dilimizin izahlı lüğətində də belə yazılıb. Bir vaxtlar elə özü də adı kimi işıqlı, nurlu, aydın bir şəxsiyyət kimi tanş olduğum Rövşən Mustafayevdən söz açıram bu yazıda.

lll

...Onda ötən əsrin səksəninci illəri idi. O vaxtlar idi ki, az qala hər gün "burdan vurub-ordan çıxırdım". Bir ayağım da oturub-durduğum dostlarımın çoxunun yaşadığı Siyəzən şəhərində idi. Günlərin bir günü elə Siyəzəndə o ziyalı dostlarımdan birindən eşidib bildim ki, bəs şəhərdəki məktəblərin birinə təyinatla bir rus dili və ədəbiyyatı müəllimi gəlib. Özü də yazıçıdır. Əlbəttə, dostlarım mənim də o illər az-çox yazı-pozu yiyəsi, bir qələm adamı olduğuma görə belə bir tanışlıq verdilər və o müəllimin ad-soyadını da dedilər: "Rövşən Mustafayev!"

Ad-soyad mənə dərhal tanış gəldi. Yaddaşımın o vaxtlar iti olan çağları idi və hər sayını alıb oxuduğum "Ulduz" jurnalında belə bir imza ilə hekayələrini oxuduğum cavan müəllif dərhal yadıma düşdü.

Rövşənin çalışdığı məktəbə gedib onunla görüşdüm, yaxından tanış olduq. Sonralar sıx ünsiyyətə, dostluğa çevrilən ilk şəxsi tanışlığımız belə başlandı. Məndən 8 yaş cavan olsa da, həmyaşıd kimi oturub-durduq.

lll

Aradan qısa bir zaman keçəcək, rusdilli Rövşən 1984-cü ildə "Gənclik" nəşriyyatında 10 min tirajla çıxan "Toqquşma" adlı ilk hekayələr toplusunu kitabın elə ilk səhifəsində belə bir avtoqraf yazıb mənə bağışlayacaqdı: "Əziz dostuma, istedadlı yazıçı, əsl ziyalı, doğma yurdunun əsl bələdçisi Aydına müəllifdən yadigar. 13 sentyabr, 1984-cü il".

Kitabın ikinci səhifəsində çöhrəsindən mehribanlıq, doğmalıq, istiqanlılıq yağan, gözləri isə elə bil çox-çox uzaqlara zillənən, gur saçlı 23 yaşlı müəllifin - Rövşənin şəkli vardı. Və fotonun altında nəşriyyatın qısa bir tanıtması: "Toqquşma" hekayələr toplusu Rövşən Mustafayevin ilk kitabıdır. S.M.Kirov adına ADU-nun məzunu hazırda kənd məktəbində müəllimdir, M.Ş.Vazehin yaradıcılığı haqqında dissertasiya yazır, qəzet və jurnallarla fəal əməkdaşlıq edir".

Sonra üçüncü, kitabın açılış səhifəsi və yazıçı Elçinin "Etimad" adlı ön sözü... O vaxt həmin ön sözü oxuduqca bəzi sətirlərin altından xətt çəkmişdim: "Bu ilk kitabından Rövşəni istedadlı bir gənc yazıçı, ilk əvvəl tapdanmış yolları tapdalamaqdan imtina edib axtarışlar aparan, istedadlı, cavan bir yazıçı kimi duyub qəbul edirik..."

Səmimiyyətdən, ürək genişliyindən, xoş sözə xəsislik etməyən səxavətindən gələn avtoqraflı o kitabından xeyli əvvəl də Rövşən Mustafayev mənim haqqımda "İnsanların yanına nəylə gedirsən?" adlı irihəcmli bir portret-oçerk yazıb, o illərdə respublikanın ən mötəbər mətbu orqanında - "Bakınskiy raboçiy" qəzetinin 11 avqust 1983-cü il sayında dərc etdirmişdi. Bu yazı SSRİ-nin "Pravda" qəzetindən sonra ən nüfuzlu qəzeti olan "İzvestiya"da da işıq üzü gördü.

Rövşənin şəxsən özünün tanıdıqdan sonra qəbul etdikləri haqqında yazıb onları həm də oxucularına təqdim edən o yazılarından, təvazökarlıqdan kənar olsa da, bir neçə cümləlik iqtibaslara burada yer verməyi lazımlı bilirəm:

"Mən Aydın Tağıyevi ilk görüşümüzdən əvvəl də tanıyırdım. İzahı sadədir, imzasından - onun oçerkləri, məqalələri respublika, eləcə də yerli rayon qəzetinin səhifələrində müntəzəm çap olunur. Artıq o öz diyarının tarixinin, etnoqrafik xüsusiyyətlərinin, əmək və mədəniyyət ənənələrinin bilicisi kimi məşhurdur".

"Aydın həmişə köməyə hazırdır. Bu, təkcə dediyi sözlərdə deyil, onun konkret işlərində, əməllərində də özünü göstərir".

lll

Rövşən Bakıda doğulub-böyümüşdü. Mötəbər, tanınmış bir ailənin övladı idi. Atası, adlı-sanlı yazıçı-jurnalist Faiq Mustafayev o illərdə nüfuzlu "Sovetskaya kultura" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri idi. Ali təhsilini başa vurduqdan sonra F.Mustafayev övladını paytaxtda saxlamadı və Rövşən, Dövlət Komissiyasının təyinatı ilə, əyalətə - Şabran (keçmiş Dəvəçi) rayonuna yollandı. Siyəzən şəhər fəhlə-gənclər axşam məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başladı.

Haylı-küylü Bakıdan uzaq, o vaxtlar elə də geniş, böyük, gur olmayan əyalət şəhərinin sakitliyi, hər gün, artıq şəxsən tanıdığın adamlarla rastlaşıb salamlaşmaq, tanış səslər eşitmək bir yazıçı kimi Rövşəni həyatın dərin qatlarına endirdi, insanlara daha da yaxınlaşdırdı. Sonralar "Toqquşma" kitabında "Gənc müəllimin qeydləri" silsiləsindən "Salam, müəllim!" və "Qayıdış" hekayələrində bütün bunları səmimiyyətlə qələmə almışdı.

Rövşən Mustafayev təyinatla müəllim kimi gəlib çalışdığı Siyəzəndə həm də yerinə-yurduna bağlı bir ziyalı, fəal bir vətəndaş kimi də tanındı. Onun "Toqquşma" kitabındakı "Qayıdış" hekayəsində söz açdığı Rasimin prototipi Rövşən müəllimin elə özünün dərs dediyi Rasim adlı bir gənc idi - Rasim Məmmədov. Bədbəxt bir hadisə - yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində hər iki qolundan dirsəkdən aşağı amputasiya edilmiş siyəzənli gənc mətin iradəsi hesabına öz əzəli arzusundan - rəssam olmaqdan əl çəkməmiş və ayaq barmaqları ilə əvvəlcə karandaş, sonralar isə fırça götürmüş, rəsmlər, tablolar çəkib ərsəyə gətirmişdi. Rövşən Mustafayevin Rasim haqqında "Sovetskaya kultura" qəzetində yazısı çap olunandan sonra bu əlil rəssama qarşı maraq, diqqət daha da artdı. Rasimin çəkdiyi mənzərə rəsmləri, portret və natürmotlardan ibarət fərdi sərgisi Şabranda, Siyəzəndə, daha sonra Naxçıvan və Bakıda sənətsevərlər tərəfindən maraqla qarşılandı.

lll

Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycanımızın ən qədim şəhərlərindən, Şirvanşahların ilk paytaxtlarından olmuş Şabran şəhərinin xarabalıqlarında EA-nın Arxeoloji İnstitutu təzəcə arxeoloji qazıntı işləri aparırdı və mən də arxeoloji qazıntı işlərinin ilk nəticələri barədə o vaxt ali mətbuat orqanlarında - "Kommunist", "Bakinski raboçiy" qəzetlərində çap etdirdiyim məqalələrlə oxuculara müfəssəl məlumat verirdim. Rövşənin təklif və məsləhəti ilə Şabran haqda yüzminlərlə tirajı olan "Sovetskaya kultura" qəzetinə bir məqalə hazırladım. Rövşən yazını qəzetin respublika üzrə xüsusi müxbiri olan atasına çatdırdı. Beləcə, məqaləm "Sovetskaya kultura"da çap olundu.

lll

Siyəzəndə müəllim kimi üç illik təyinat nüddəti başa çatdıqdan sonra Rövşən paytaxta qayıtdı. Artıq imzası yaxşı tanınan, kitabları çap olunan, cavan yaşlarında alimlik dərəcəsi almış boylu-buxunlu, yaraşıdlı Rövşən Mustafayevə işlə bağlı neçə-neçə təklif gəlsə də, özünə daha yaxın bildiyi sahəni seçdi. O illərdə kütləvi mətbu orqanlarımızdan biri olan "Molodyoj Azerbaydjana" qəzetində işə girdi. Rövşənin qəzetin əməkdaşı kimi o qəzetdəki fəaliyyətindən, yazıb çap etdirdiyi bir-birindən maraqlı materiallarından indi geniş söz açmaq istəmirəm. Amma bunu qeyd etməliyəm ki, xırda dostbazlıq hisslərindən uzaq olan Rövşən özünün bəyəndiyi neçə-neçə hekayəmi tərcümə edib "Molodyoj Azerbaydjana" qəzetində, "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdi.

lll

R.Mustafayev 1988-ci ildə ADU-da namizədlik dissertasiyası müdafiə etmiş, elə həmin il "Yazıçı" nəşriyyatında onun redaktorluğu ilə "Mirzə Şəfi Vazehin nəğmələri. Unudulmuş və az tanınan tərcümələri" şeirlər toplusu çap olunmuşdu. 1990-1992-ci illərdə R.Mustafayev etnosistemlərin öyrənilməsi üzrə ixtisaslaşdırılmış "Çeşmə" və "Günaydın" mədəniyyət cəmiyyətlərini yaratmış, bir il sonra isə tədqiqatlarının əhatə dairəsini genişləndirərək Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitunu təsis etmişdi. "Dirçəliş - XXI əsr" politoloji jurnalı həmin institutun elmi nəşri kimi çap olunur, R.Mustafayev eyni zamanda bu institutun direktoru və jurnalın baş redaktoru vəzifələrində çalışırdı.

Rövşən Mustafayev Cənubi Qafqazda ilk siyasi elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdü. 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Milli Elmlər Akademiyasının nəzdində demokratik islahatların sürətini artırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı və AMEA Rəyasət Heyətinin qərarı ilə yeni tədqiqat mərkəzinin təşkili və ona rəhbərlik Rövşən Mustafayevə həvalə edildi. 2007-ci ilin iyulunda Ali Attestasiya Komitəsinin qərarı ilə ona "Beynəlxalq münasibətlər və qlobal inkişafın siyasi problemləri" ixtisası üzrə professor adı verildi. Elmi yaradıcılıqla yanaşı, səmərəli ictimai fəaliyyətlə də məşğul olan R.Mustafayev respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirdi. O, 1998-ci ildəki Prezident seçkilərində Ümummilli lider Heydər Əliyevin vəkillərindən biri olmuşdu.

Tanınmış ziyalı, yazıçı, ictimai xadim Rövşən Musafayev, nə yazıqlar ki, dünyasını erkən, heç ömrünün yarım əsrini başa vurmadan dəyişdi. Cəmi 49 yaşında, uzun sürən xəstəlikdən sonra, 2009-cu il fevral ayının 20-də Türkiyədə, İstanbulda "Memorial" xəstəxanasında vəfat etdi.

lll

...Bu gecikmiş yazını necə tamamlayıb sona çatdırmaqda uzun illərin əhli qələmi olsam da, indi çətinlik çəkirəm. Hardan başladığım məlum, bəs harda bitirim...

Düz 45 il bundan qabaq, beləcə soyuq bir qış günü həvəskar fotoqraf tərəfindən Rövşənlə birgə çəkdirdiyimiz, indiyəcən əzizləyə-əzizləyə albomumda qoruyub saxladığım yadigar şəkilə dönə-dönə baxıram...

Nə qədər gözümü dörd dolandırıb ətrafımı axtarsam da, görmək istədiklərimi tapa bilmədiyim məqamlarda diksinib üşüyərək əlimi sinəmə aparıb ovxalamaqdan başqa çarəm qalmır... Düşünürəm: Yox, ola bilməz... Yoxsa... elə Rövşən kimi bu dünyadan vaxtsız köç edən unudulmaz Əli Kərimin ürək dağlayan, qəlb parçalayan misralarındakı acı həqiqət xalis gerçəyin ifadəsidir?..

 

O, dünyada yox imiş,

Gördüyüm kəs yuxuymuş...

dekabr, 2023

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

525-ci qəzet.-2024.- 23 yanvar, №12.- S.13.