Sənətin zirvəsində

 Hacı İsmayılov - 80

 

Səhnə əsəri məhdud zaman və məkan çərçivəsində baş verən hadisələrin yığcam formada təsvirini ifadə edir. Bu kiçik çərçivədə böyük bir aləm yaratmaq, tamaşaçını baş verənlərə inandırmaq, onun zövqünü oxşamaq, mənəvi aləmini zənginləşdirmək isə aktyor sənətinin başlıca prinsipidir. Aktyorun yaratdığı hər bir obraza fərdi yanaşması, onu yaşadığı dövrə uyğunlaşdırması, həyat gerçəkliklərini tamaşaçıya doğru-düzgün çatdırması, hadisələri real çalarlarla təqdim etməsi tamaşanın cazibə qüvvəsini artırır, onu daha mənalı, daha təsirli edir. Bu baxımdan teatr sənətinin bütün inkişaf mərhələlərində adını tarixə qızıl hərflərlə yazmış ustad sənətkarların şərəfli həyat və sənət yolu son dərəcə maraqlı və diqqətçəkəndir. Belə sənətkarlardan biri Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Hacı İsmayılovdur.

Hacı İsmayılov peşəkar aktyora xas olan bütün keyfiyyətləri özündə birləşdirib. Gözəl səs tembri, aydın, səlis diksiyası, zəngin mənəvi aləmi, aktyor plastikası, yüksək səhnə mədəniyyəti olan sənətkar maraqlı obrazlar dünyası yaradaraq, orijinal ifa tərzi ilə böyük tamaşaçı auditoriyasının dərin rəğbətini qazanıb. Teatr səhnəsində, kinoda və televiziya tamaşalarında ifa etdiyi çoxsaylı obrazların hər biri bir kitab həcmli zəngin və mükəmməl təhlil oluna bilən, dəyərli sənət incisidir.

Hacı İsmayılovun gəncliyindən bu günə qədər çalışdığı bütün rejissorlar onun əsl aktyora xas olan "rolun böyüyü-kiçiyi olmaz" fikrinə daim sadiq qaldığını, epizodik rolda belə tamaşaçıda özünə qarşı maraq oyada bilmək bacarığını görüblər. Obraz üzərində işə başlayan andan artıq onunla yaşayan, özünə qarşı son dərəcə tələbkar olan Hacı İsmayılov istər klassik, istərsə də müasir dramaturqların əsərlərinə eyni məhəbbətlə yanaşır. Obrazın daxili aləminə məharətlə nüfuz etməyi bacaran aktyor böyüklü-kiçikli, bütün rolları eyni həvəslə, eyni məsuliyyətlə yaradır, ən əsası, yaratdığı obraza çevrilə bilir.

Hacı müəllimin zəngin daxili aləmi tərəf-müqabillərinə də təsir edir. Sənətkarla eyni səhnədə çıxış edən aktyorların onun oyunundan ilhamlanıb, ifa etdikləri obrazı böyük şövqlə təqdim etmələri demək olar ki, bütün tamaşalarda hiss olunur. Hacı İsmayılovun və tərəf-müqabillərinin oyununa baxan tamaşaçı həmin səhnənin bütün hiss və həyəcanlarını aktyorlarla birlikdə yaşayır.

Hacı İsmayılov hər cür ştampdan, şərtilikdən, mücərrədlikdən uzaq, təbii, səmimi, mükəmməl oyun tərzi ilə xalqın böyük məhəbbətini qazanıb. Simasındakı saflığı yaratdığı obrazlara ötürən, tamaşaçı ilə sadə və ifadəli dildə danışan aktyor rolu məharətlə ifa edərək qəhrəmanının mənəvi dünyasını mükəmməl şəkildə təqdim edir. Bənzərsiz oyunu ilə könüllərə rahatlıq gətirən, ürəklərdə xoş hisslər oyadan sənətkar ifa etdiyi rolları bütün incəlikləri ilə öz tamaşaçısına çatdırır. Onun obrazları adətən həlim, sakit təbiətlidir, lakin onların hər birində özünəməxsus xarakterik cizgilər var.

O, sənətinə vurğun, özünə qarşı tələbkar, tərəf-müqabillərinə, xüsusən gənclərə münasibətdə son dərəcə diqqətlidir. İllər öncə teatra olan böyük sevgisindən qürur duyan Hacı İsmayılov müəllimləri - Azərbaycanın görkəmli sənətkarları Məlik Dadaşovdan, Tofiq Kazımovdan, Nəsir Sadıqzadədən estafeti uğurla qəbul edib. Fitri istedadı və sənəti bütün xırdalıqlarına qədər öyrənmək istəyi gələcəkdə onun kamil bir sənətkar kimi yetişməsinə zəmin yaradıb. Müasiri olduğu Səməndər Rzayev, Yaşar Nuri, Hamlet Xanızadə, Kamal Xudaverdiyev, Şəfiqə Məmmədova, Fuad Poladov, Əliabbas Qədirov, Amaliya Pənahova və bir çox digər aktyorlarla eyni vaxtda teatra qədəm qoyan Hacı İsmayılov müəllimlərinə rəğbəti, onlardan əxz etdiyi sənətə məhəbbəti, özünə qarşı tələbkarlığı, məsuliyyəti və çalışqanlığı sayəsində əsl teatr fədaisinə çevrilib.

Uzun illər ərzində yaratdığı obrazların xarakterini bütün müsbət və mənfi cəhətləri ilə tam aça bilən Hacı İsmayılovun istər teatrda, istərsə də filmlərdə oynadığı rollar həm mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib, həm də tamaşaçıların dərin rəğbətini qazanıb. Lakin getdikcə teatr fəaliyyəti kinonu üstələyib və onun həyatının bir parçasına çevrilib. Ömrünün kamillik çağında Hacı İsmayılov özünü bütünlükdə teatra həsr edib.

Hacı İsmayılov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir çox tamaşalarda da öz ustad bacarıqlarını nümayiş etdirib, teatrda olduğu kimi, televiziya tamaşalarında da yaratdığı obrazların hamısına eyni məhəbbət və tələbkarlıqla yanaşıb.

Televiziya ilə sıx əməkdaşlıq edən Hacı İsmayılov mədəniyyətlə, onun ayrılmaz hissəsi olan teatr və kino sənəti ilə bağlı bir çox verilişlərdə öz sənətkar mövqeyini nümayiş etdirib. Çıxışlarında aktyor sənətinin incəliklərini ustalıqla təbliğ edən sənətkarın xüsusən gənclərə verdiyi maraqlı məsləhətlər onların sənət yolunda inamla irəliləməsində əhəmiyyətli rol oynayıb. Onun fikrincə, hər bir aktyor müəyyən həyat mərhələsi keçməli, bir aktyor həyatı yaşamalıdır ki, səhnədə özünü təsdiqləyə bilsin.

Hacı İsmayılovun gənc sənətkarlara aşıladığı yüksək sənət meyarlarından biri də teatra vurğunluqdur. Əgər sənətə sevgi varsa, aktyor çox şeyləri qurban verə bilir, çox məhrumiyyətlərə dözür, həyatın hər üzünü görə-görə kamilləşir, dünyanı dərk edir, özünü tapır, təsdiqləyir. Bu yolda rastlaşdığı məqamları gələcəkdə oynadığı obrazlarda canlandırır. Beləcə o, sınaqlardan keçə-keçə püxtələşib, sənətin zirvəsinə doğru irəliləyir.

Kinoya təsadüfən düşdüyünü etiraf etsə də, Hacı İsmayılovun ekranda yaratdığı müxtəlif xarakterli obrazlar milli kinematoqrafiya tarixində layiqli yer tutur və bu təsadüfün də zərurətdən yarandığı inkaredilməzdir.

Onun kinoda ilk rolu Ümumittifaq Televiziya və Radio Komitəsinin sifarişi ilə çəkilmiş "Ad günü" filmində Mustafa obrazı idi. "Ad günü" ilk dəfə 1978-ci il yanvarın 26-da Ümumittifaq Televiziyası ilə gecə nümayiş etdirildi. Səhər Hacı İsmayılov artıq milyonlarla insan tərəfindən tanınan və sevilən bir aktyor oldu.

Filmə maraqla baxan tamaşaçılardan biri Ümummilli liderimiz Heydər Əliyev ekran əsərini və Hacı İsmayılovun oyununu yüksək qiymətləndirdi. 1980-ci ildə "Ad günü" filmindəki Mustafa roluna görə aktyor Dövlət mükafatına layiq görüldü.

İllər keçəndən sonra 19 dekabr 1995-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri ilə görüşündə də fenomenal yaddaş sahibi - Ulu öndər Heydər Əliyev "Ad günü" filmini və Hacı İsmayılovu yüksək qiymətləndirmişdi: "Ad günü" filminin yaranmasından mənim xəbərim yox idi. Bazar günü idi, təsadüfən baxdım. Gördüm ki, çox dəyərli filmdir. Amma mənə belə gəlir ki, bizim tamaşaçılar əvvəl onun mənasını dərk edə bilməmişdilər. Yadımdadır, bir dəfə partiya plenumunda dedim ki, o filmə baxın. Bundan sonra film dəbə düşdü, hamı ona baxmağa başladı.

...O gün televiziya ilə bir verilişə baxırdım, gördüm ki, onun davamı çəkilib. Artistləri tanıdım. Hacı İsmayılovu tanıdım, amma heç dəyişməyib. Çox adam mənə deyir ki, mən də dəyişməmişəm. Mən baxdım, o da heç dəyişməyib. Çox yaxşı artistdir, yaxşı da rol oynayır".

"Ad günü" filminin davamı olan "Həm ziyarət, həm ticarət" filminin çəkilişlərinin daha çətin olduğunu etiraf edən Hacı İsmayılov filmdəki vəziyyətlərin mürəkkəb və keşməkeşli olduğunu deyir. Həm də "Ad günü" filminin uğurundan sonra ikinci film daha böyük məsuliyyət tələb edirdi. Buna baxmayaraq, Hacı İsmayılov professional aktyor bacarıq və vərdişləri sayəsində ifa etdiyi rolun öhdəsindən məharətlə gələ bildi.

Teatr və kino yaradıcılığı ilə yanaşı, Hacı İsmayılovun icitmai-siyasi fəaliyyəti də diqqəti cəlb edir. O, 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavinidir, İttifaqın keçirdiyi festivalların, konfransların, yubiley gecələrinin, anım günlərinin, təqdimat mərasimlərinin, teatr günlərinin, irimiqyaslı layihələrin və s. tədbirlərin təşkilatçısı və fəal iştirakçısı olan Hacı İsmayılov hazırda İttifaq sədrinin vəzifə səlahiyyətlərini uğurla icra edir.

İttifaqda çalışdığı müddətdə təkcə yaradıcılıq məsələləri ilə kifayətlənməyən Hacı İsmayılov teatrın, teatr sənətçilərinin problemləri ilə də yaxından maraqlanır və onların həlli üçün əlindən gələni əsirgəmir.

2019-cu il mart ayının 1-də ölkə Prezidenti cənab İlham Əliyevin incəsənət xadimləri ilə görüşündə Hacı müəllimin sənətkar mövqeyindən çıxış edərək səsləndirdiyi fikirlər, toxunduğu problemlər teatrı, teatr sənətçilərini narahat edən vacib məsələlər idi. Bu məsələlərə diqqətlə yanaşan ölkə başçısı, cənab İlham Əliyev Hacı İsmayılovun səsləndirdiyi fikirlərlə tam razılaşdı və qaldırdığı problemlərin həlli, teatra dəstək göstərilməsi istiqamətində müvafiq tapşırılqar verdi.

Hacı İsmayılov Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda da uğurla təmsil edir, teatrımızın dünyaya inteqrasiyası istiqamətində keçirilən tədbirlərdə fəal iştirak edir.

Sadə, gülərüz, səmimi, qayğıkeş, insanları qarşılıq gözləmədən sevən, dostluqda sədaqətli olan Hacı İsmayılov sənətini sevdiyi qədər ailəsinə də bağlı bir insan, sadiq həyat yoldaşı, mehriban ata, qayğıkeş babadır.

Zəngin daxili aləmi, fitri istedadı, güclü yaradıcı potensialı sayəsində aktyorun böyük məharətlə səhnə və ekran həyatı verdiyi hər bir obraz bu gün də sevilir, alqışlanır.

Tanrının sevimli, seçilmiş bəndəsi, həyatın bütün çətinlikləri ilə mübarizə aparan və bütün sınaqlardan üzüağ çıxan, istedadı, zəhməti və səmimiyyəti sayəsində sənətinin ən yüksək zirvəsində parlayan Hacı İsmayılov bu gün yeni aktyor nəslinin sənət yollarına işıq saçan bir sənətkardır.

Görkəmli sənətkarlara həsr olunmuş bədii gecələrdəki, mədəniyyət sahəsi ilə bağlı toplantılardakı, siyasi tədbirlərdəki möhtəşəm çıxışları onun yüksək intellektinin və cəmiyyətdəki nüfuzunun parlaq göstəricisidir.

Çalışdığı hər iki sənət ocağının şərəfini uca tutan, insanlara hörmət və ehtiramla yanaşan Hacı İsmayılovu kiçikdən-böyüyə hamı sevir. Hər dəfə küçəyə çıxarkən üzləşdiyi insanların məhəbbəti, təbəssümü, onunla ünsiyyət qurmaq arzusu Hacı müəllimin ən böyük mükafatıdır. Bir insan, bir vətəndaş, bir sənətkar üçün bundan böyük xoşbəxtlik ola bilməz.

2024-cü ilin 22 yanvar tarixində sənətkarın 80 yaşı tamam oldu. Bu tarixi təkcə Hacı İsmayılov deyil, onu sevən milyonlarla insan böyük məhəbbətlə qeyd edir. Elə biz də... Hacı müəllimlə hər gün ünsiyyətdə olan, birgə çalışan, maraqlı söhbətlərini, dəyərli məsləhətlərini eşidən Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivi...

İttifaqımızın adından görkəmli sənətkarı təbrik edir, ona möhkəm cansağlığı, tükənməz ilham, milli teatr sənətimizin inkişafı naminə fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Yubileyiniz mübarək, əziz Hacı müəllim! Nə yaxşı ki varsınız bu dünyada!

 

Aida QAFAROVA

Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi

525-ci qəzet.-2024.- 23 yanvar, №12.- S.12.