Qədim dövrün
yeni aşkarlanan nişanələri
Cəlilabadda üzə çıxarılmış,
neolit dövrünə aid edilən abidələr haqqında
qeydlər
"Azərbaycan insanın, bəşəriyyətin
beşiyi olan nadir ölkələrdən biridir"
Ümummilli lider Heydər Əliyev
Azərbaycan ərazisi buranın ən qədim insan məskənlərindən
biri olduğunu sübut edən arxeoloji abidələrlə zəngindir.
Belə abidələrdən biri də Cəlilabad-Yardımlı
şose yolunun 22-ci kilometrində, Cəlilabadın Çəmənli
və Cəlayir kəndləri arasında yerləşən
Xudutəpə abidəsidir. Sahəsi 7 hektara yaxın olan Xudutəpə
abidəsi mənim tərəfimdən (Rza Rzayev) 1982-ci ildə
aşkarlanıb. Əkin zamanı buradan tapdığım
tuncdan hazırlanmış yəhər tipli qılınc, misdən
hazrlanmış ox ucluqları, məişət əşyaları,
sümük və daşdan hazırlanmış əmək
alətləri, Parfiya hökmdarı Qotaza (57-37) məxsus
gümüş pulu bir yerə toplayaraq Cəlilabad rayon tarix diyarşünaslıq
muzeyinə, akt tərtib olunduqdan sonra təhvil verdim. 1992-ci ildə
mərhum arxeoloq Fərman Mahmudov Xudutəpəyə ilk dəfə
baxış keçirdi. Yerüstü materiallara əsasən,
onun çoxtəbəqəli yaşayış məskəni
kimi neolit eniolit abidəsi olduğun təsdiq etdi. Lakin 2010-cu
ilə qədər Xudutəpədə heç bir arxeoloji
qazıntı aparılmayıb. Mənim 2010-cu ildə
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna
müraciətimdən sonra 2011-ci ildə rəhmətlik
alimimiz - tarix üzrə fəlsəfə doktoru Abuzər
Ələkbərov tərəfindən kəşfiyyat
xarakterli arxeoloji qazıntı aparıldı. Qazıntı
zamanı burada dördkünc formada hörülmüş
möhrə (palçıq və saman
qarışığından hazırlanmış) qəbir
aşkar olundu. Maraqlı o oldu ki, qəbirin yeri
yandırılaraq cəsədin başı və bədəni
ayrı qablarda, sağ böyrü üstə, üzü
günəşə dəfn olunmuşdu. Cəsədin baş
tərəfində çoxlu sayda məişət əşyaları
və misdən düzəldilmiş konusvari bıçaq və
döyüşdə istifadə olunan dəmir ucluqlu nizə
başlığı qeydə alındı. Yuxarıda qeyd
etdiyim maddi mədəni nümunələrə əsasən bu
abidənin Son Tunc-İlk Dəmir dövrünə aid
olduğu təsdiqləndi. Əfsuslar olsun ki, 2011-ci ildən
2020-ci ilə qədər Xudutəpədə kəşfiyyat
xarakterli qazıntılar aparılmasına baxmayaraq, abidə
haqqında dəqiq elmi məlumat verilməyib. Son tədqiqatlar
zamanı, 2020-ci ildə AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun elmi işçisi, Muğan
Neolit-Eneolit Ekspedisiyasının üzvü tarix üzrə fəlsəfə
doktoru Anar Ağalarzadə Xudutəpədə arxeoloji
qazıntı apardı. Həmin ildə Xudutəpə abidəsinin
şimal tərəfində aparılmış arxeoloji
qazıntılar nəticəsində torpaq qəbirlər
olduğu aşkarlandı. Qazıntılar zamanı 3 qəbir
aşkar edildi və bu qəbirlərdən maraqlı dəfn
avadanlıqları üzə çıxarıldı.
Aşkarlanmış saxsı qablar analoji olaraq "Muğan
arxeoloji mədəniyyəti" və Cənubi Azərbaycanın
bir sıra abidələrinin materialları ilə
uzlaşır. Qeyd etmək lazımdır ki, abidənin üzərindəki
nekropol əsasən e.ə 8-7-ci əsrlərə aid sallama qəbirlər
olmaqla yaşayış yerinin üzərində
salınıb. Bunu sübut edən tutarlı faktlar qəbirlərin
qazıntısı zamanı alt qatlardan üzə
çıxarılmış orta əsrlər, Son Tunc-Dəmir
və İlk Tunc dövrü "Kür-Araz mədəniyyəti"
saxsı qab, müxtəlif formada qoç başları
nümunələridir.
2023-cü ildə Xudutəpədə tədqiqatlar
yenidən davam etdirildi və bütün kvadratlarda
qazıntılar aparıldı. Bu qazıntılar zamanı
daha zəngin artefaktlar üzə çıxarılıb.
Onlardan bir qismi haqqında burada məlumat verirəm.
Birinci kvadratın orta əsrlər dövrü təbəqəsindən
sikkə nümunəsi tapılıb. Bu, Elxanilər dövlətinin
9-cu hökmdarı Əbu Səid Bahadur xanın adından kəsilmiş
mis puldur. Həmin kvadratın şərq divarında 50x10 sm
ölçüdə çiy kərpiç qalıqları
təmizlənib. Gələcəkdə şərqə
doğru genişləndirilməsi ilə bu tikili
qalıqları tam açılacaq.
İkinci kvadratda iki ədəd qoç, bir ədəd
qadın fiquru, həmçinin çaxmaqdaşından kəsici
alətlər, gildən muncuq, obsidiandan arxaik səciyyəli kəsici
alətlər tapılıb. Bütün kvadratlarda heyvan
sümüklər aşkarlanıb. Heyvan sümüklərindən
bir neçə nümunə Radiasiya Problemləri
İnstitutuna arxeoloji yaş təyinatı üçün
göndərilib ki, nəticəni aşağıda qeyd edirəm
İnstitutda fəaliyyət göstərən
"Arxeoloji tapıntıların tarixləndirilməsi"
qrupunun üzvü, kiçik elmi işçi Aybəniz
Əhədova "Elektron Paramaqnit Rezonans" və "Termoluminessensiya"
metodlarından istifadə ilə qədim dövrə aid olan
arxeoloji tapıntıların yaşını təyin edib. Tədqiqat
zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə
qədim yaşayış məskənindən
götürülmüş diş nümunəsinin təxminən
e.ə. 6225-ci ilə aid olduğunu müəyyənləşdirib.
Bu tarix isə Neolitin sonu deməkdir.
Sözü gedən tədqiqatda həmin abidədən
götürülmüş keramika nümunəsinin bişmə
temperaturu da müəyyən olunub. AMEA Arxeologiya və
Antropologiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin
rəhbərliyi ilə "Cəlilabad arxeoloji
ekspedisiyası" zamanı aşkarlanmış Xudutəpə
abidəsi mühüm çoxtəbəqəli
yaşayış məskənidir. Qazıntılar zamanı həm
Neolit dövrünün artefaktları, Əliköməktəpə
və Leylatəpə tipli saxsı qab nümunələri, həm
də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid
Bahadır xanın (1305-1335) adından kəsilmiş mis pulun
tapılması abidənin çoxtəbəqəli
olduğunu sübut edir. Xudutəpədə arxeoloji
qazıntılar zamanı aşkarlanan silahlar, məişət
əşyaları, əmək alətləri, Parfiya
hökmdarı Qotaza (57-35) məxsus gümüş pul, Urartu
dövlətinə aid "Saray keramikası" bir daha
sübut edir ki, eramızdan əvvəl bu yerlərdə
yüksək mədəniyyətə malik oturaq əhali
yaşayıb və yaxın Şərqin o dövrdəki
böyük dövlətləri ilə sıx əlaqələr
qurub.
Rza RZAYEV
Tədqiqatçı
525-ci qəzet.-2024.- 23 yanvar, ¹12.- S.11.