Bakıdan kənarda Yaşıl Universitet Şəhərciyi

Ekspertlər bu ideyanın gerçəkləşdirilməsinin paytaxt həyatına müsbət təsirləri olacağı qənaətindədirlər

 

Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının yaxınlığında Yaşıl Universitet Şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri olacaq. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.

Baş Planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Dövlət Universitetinin Bakı Filialının yataqxanası və universitet şəhərciyi daxil olmaqla 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.

Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər: "Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olar. Bu, Bakıətrafı ərazilərin də inkişafına təkan verər. Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı".

Ekspert bildirib ki, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var: "Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub".

Təhsil eksperti Elçin Əfəndi deyir ki, tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və sair daxil edilə bilər. Tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər.

Ekspertin dediyinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir: "Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur".

Millət vəkili Etibar Əliyev hesab edir ki, böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir: "Amma bizdə əksinədir, universitetlərin çoxu şəhərin mərkəzinə toplaşıb. Bunlar yavaş-yavaş şəhər kənarına çıxarılmalıdır ki, paytaxtdakı sıxlıq aradan qalxsın.

Millət vəkili qeyd edib ki, bir sıra konkret universitetlər var ki, onların bölgələrə köçürülməsi mümkündür: "Məsələn, Neft və Səneye, Pedaqoji, Texnoloji universitetləri köçürmək olar. Texniki təhsil üçün çox böyük kampus lazımdır. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkündür. Bu mənada universitetlər daha effektiv olur. Bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Dünyanın bir çox ölkələrində universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Yəni universitetlər kampussuz mümkün deyil. Bu, mütləq şəkildə olmalıdır. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək öz funksiyasını yerinə yetirə bilməyəcək. Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu sinif otaqlarının, laboratoriyaların, müasir və zəngin kitabxananın, bir çox sosial təsisatların olması zəruridir. Hətta yerləşdiyi ərazinin mənzərəsi belə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Kampuslar yaradılarkən yalnız xarici görünüşün gözəl olması nəzərdə tutulmamalıdır. Bu şəhərciklər elə qurulmalıdır ki, orada elmlə məşğul olmaq istəyənlər üçün hər cür şərait olsun. Kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır. Bu gün dünyanın aparıcı universitetlərinin çox yaxşı kitabxana fondları var. Bizim tələbələr isə çox təəssüf ki, hər hansı materialı əldə etmək üçün kampusun yoxluğu ucbatından uzun məsafə qət edərək bu və ya digər kitabxanaya gedirlər".

Təhsil eksperti Elşən Qafarov bildirib ki, Bakının baş planı 2040-cı ilə qədər təsdiq olunub. Burada ilk növbədə bir neçə maraqlı məqam var. Bu məqamlardan biri də şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılmasıdır: "Yaşıl universitet şəhərciyinin yaradılması həqiqətən maraqlı və gözlənilən bir addım idi. Layihənin 2040-cı ilə qədər reallaşması mümkün olacaq. Bakı ətrafında, xüsusilə yolların kəsişdiyi və nisbətən daha az məskunlaşan ərazidə yaşıl şəhərcik yaradıla bilər. Düşünürəm ki, daha çox Qala qəsəbəsi yaxınlığında olan ərazilərdə yaradıla bilər. Universitetlərin regionlara köçürülməsi daha effektiv olar. Bakı şəhərində qalan universitetlərin isə həmin yaşıl universitet şəhərciyinə köçürülməsi ümumilikdə bizə nə verə bilər? İlk olaraq şəhərdə sıxlığın aradan qaldırılmasına yardım edəcək. Şəhərcikdə tələbə yataqxanalarının olması və tələbələrin mənzil-kirayə probleminin aradan qalxmasına kömək edəcək. Digər tərəfdən, yenidən qurulacaq elmi laboratoriyaların, kitabxanaların, mərkəzlərin, idman komplekslərinin olması da tələbələrə özlərinin asudə vaxtının səmərəli təşkilinə şərait yaradacaq".

Elşən Qafarov qeyd edib ki, bir neçə universitetin bir ərazidə yerləşməsi tələbələrin daha artıq  sosiallaşmasına gətirib çıxara bilər: "Şəhərciyə dəmiryolu və digər ekoloji cəhətdən təmiz olan nəqliyyat xətlərinin çəkilməsi də həmin şəhərciyə gediş gəlişi asanlaşdırar. Ümumilikdə müsbət layihədir. Düşünürəm ki, ölkədə olan ali təhsil müəssisələrinin böyük bir hissəsi Bakı şəhərində yerləşir. Universitetlərin Gəncə, Şamaxı, Mingəçevir kimi şəhərlərə köçürülməsi mövcud problemə kömək edə bilər. Tibb Universiteti, Bakı Dövlət Universiteti və s. kimi universitetlərin şəhərciyə köçürülməsi müsbət addımdır. Layihənin gerçəkləşməsini ölkə üçün müsbət addım hesab edirəm".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.14.