Qara tut ağacı
Hekayə
- Salam. Sizniyə köçürsünüz?
- Nə bilim, deyəsən, belə lazımdır.
- Axı prezident dəfələrlə deyib ki, Azərbaycan
vətəndaşları olan ermənilər üçün
lazımi şərait yaradılacaq...
- Artıq mümkün deyil, - Qarabağdan Ermənistana
gedən Aşot kədərli-kədərli uzaqlara baxdı...
- Sizin gedişinizə şərait
yaradılıbmı, nədənsə şikayətçi
deyilsiniz?
- Yox, hər şey qaydasındadır. Özüm
könüllü gedirəm; bizi mehribanlıqla yola
salırlar.
- Çoxdan burda yaşayırsınız?
- Bəli, xeyli azərbaycanlı dostum da vardı.
- Onda azərbaycanlıların başına gətirilənləri
xatırlayarsınız. İndi siz belə rahat, deyə-gülə
gedirsiniz, amma yəqin, azərbaycanlıların Qarabağdan
necə çıxarıldığını
unutmamısınız.
- Nə deyim, düz deyirsiniz. Bir oyunu idi,
başımıza açdılar. Heç xatırlamaq istəmirəm.
- Vicdan əzabı çəkirsiniz heç?
Bayaqdan kədər və üzgün dolu
baxışlarla kameradan gözlərini yayındıran
Aşot qəfil coşdu:
- Biz insan deyilik, niyə çəkmirəm? Elə
ona görə də gedirəm. Bura qayıdan azərbaycanlıların
üzünə necə baxaram? Heç nə eləməsəniz,
o işgəncələrin qisasını almasanız belə,
o qonşularım, dostlarım olmuş türklər deməzlər
ki, adam kişi olar? Mən onlarla çörək kəsmişəm.
Amma indi qala bilmərəm! Yox!..
- 90-cı illərdə azərbaycanlılara
qarşı döyüşmüsünüz?
- Yox, döyüşməmişəm. Heç
döyüşənlərə də kömək etməmişəm,
- Aşot söhbətdən maksimum şəkildə
qaçmaq istəsə də, jurnalist bu fürsəti əldən
vermək istəmir, daha çox danışdırmağa,
daha çox fikir almağa çalışırdı.
- Onda niyə vicdan əzabı çəkirsiniz?
Qalın, yenidən dostlaşın, mehriban olun.
Aşot:
- Burada yaşamağa haqqımız yoxdur!
Danışmaq istəmirəm! - deyib əşya dolu
maşının şüşəsini qaldırdı.
Yovşan bu videonu Xocalı qaçqını olan
babasına göstərdi:
- Baba, gözün aydın! Xocalı qayıtdı,
ermənilər Xankəndini boşaltdılar. Daha Azərbaycanda
erməni yaşamayacaq; Qarabağdan gedirlər
2023-cü il... Unudulmaz tarix. 30 ildən çoxdur,
düşmən tapdağı altında qalan Qarabağ tam nəzarətə
götürülüb. Bunu anlayan ermənilər də Azərbaycanı
könüllü tərk edirdilər. Bu görüntülər
bütün sosial şəbəkələrdə
yayılır, telekanallarda nümayiş olunurdu.
Birinci Qarabağ savaşında qardaşlarını,
oğlanlarını şəhid vermiş Əlif kişi də
uzun illərdir, bu həsrətlə yaşayırdı.
Yetmiş dörd yaşlı Əlif kişi
gözünün yaşını silib nəvəsinə:
- Şükür, Xudaya, şükür! - dedi, -
Qızım, bir də qoy baxım, bu adam mənə
tanış gəldi, - Əlif kişi bu dəfə
baxmadı, sadəcə dinlədi. Qəfil, - Tanıdım,
tanıdım, bu, yuxarı məhəllədə olan
Aşotdur. Şəklini böyüt görüm. Hə-ə
odur, bir gözü yoxdur, amma özüdür. Qızım,
bu indi hardadır?
- Xocalıdan Laçın postuna gedirlər. Yollar
tıxacdır deyə, qalıblar yolda.
Baba tez durub pencəyini götürdü:
- Onu görməliyəm, hökmən görməliyəm!
- Dalınca ha səslədilər, gözləmədi. Amma
çıxandan sonra bir də qayıtdı, - Qızım,
telefonunu mənə ver, lazım olacaq, - deyib nəvəsinin
cavabını gözləmədən telefonu əlindən
aldı.
On səkkiz yaşlı Yovşan:
- Baba, hara gedirsən? Tək getmə, - deyib onunla bərabər
çıxdı.
Baba və nəvə birbaşa üz tutdular rayon icra
hakimiyyətinə. Rayonun ağsaqqalı olduğundan hamı
onun hörmətini saxlayırdı. Elə gedən kimi:
"Başçı ilə görüşəcəyəm",
- deyib içəri girdi.
- Cənab başçı, bu ermənini görməliyəm.
Başçı söhbətin nədən getdiyini
bilmədiyi üçün:
- Ay Əlif dayı, bir dayan görək. Kimi görməlisən,
niyə görməlisən, ətraflı danış
görüm?..
- Oğlum, deməli, bu videoda gördüyün
Aşotdur, yuxarı məhəllədən qonşumuz. Biz
qaçqın düşəndə oğlum Tuqay
yaralanmışdı. Onların evində gizlətdik, amma
özümüzlə gətirə bilmədik. Aşot bizə
erməni döyüşçülərdən qaçmaq
üçün kömək etdi. Amma sonra oğlumdan heç
bir xəbər tuta bilmədim. Onun evində qoyub gəldim,
sonra... Sonra bütün əlaqələr kəsildi, hara
yazdım, əlac olmadı. Xəbər-ətər
çıxmadı, - Əlif kişi elə
hönkür-hönkür ağladı, otaq silkələndi.
Qırışmış dəsmalı ilə yol çəkməkdən
sozalan gözlərini sildi. Dodaqları əsə-əsə,
- Mən onu görməliyəm e, görməliyəm. O bilir
oğlumun taleyini, ölübsə də, heç olmasa, qəbrinin
yerini deyər. Qurban olum sənə, başçı, kömək
elə. O getsə, bir də məlumat ala bilməyəcəyəm,
- dedi.
Başçı sarsılmışdı. Nə deyəcəyini,
necə edəcəyini bilmirdi. Həm Əlif dayının
halına acıyır, həm də kişini Aşotla necə
görüşdürəcəyini
düşünürdü. Axı çox çətin məsələ
idi. Kimə desin, kimdən kömək istəsin, bilmirdi. Amma
Əlif kişi qan ağlayan gözlərlə:
"Yalvarıram sənə, anası "Oğlum!" - deyə-deyə
köçdü bu dünyadan, heç olmasa, mən
sümüklərinə sarıla bilim, o körpə
sümüklərinə... Əlləri babbalaca idi. On
üç yaşı olsa da, körpə idi oğlum.
Bığ yeri təzəcə tərləmişdi. Otuz ildir,
o son baxışları unuda bilməmişəm. Dili ilə:
"Siz gedin", - desə də, gözləri, "Məni
buraxma, ata!" - deyirdi, başçı. Bilirsən, qızlarımdan,
namusumuzdan qorxdum. Dedim "Dalınca qayıdacağam!"
Qayıda bilmədim..." - deyirdi.
Başçı nəmlənmiş gözlərini
silib kiməsə zəng vurdu. Vəziyyəti izah etdi.
Telefonun o tərəfindən: "Həmin videonu mənə
göndər!" - səsi eşidildi. Bir saat keçməmiş
gəlib, Əlif kişini götürüb üzü
Qarabağa yola çıxdılar.
Əlif kişi o dağınıq yollarda bir dəfə
də olsun, gözünü qırpmır, uzanıb gedən
kələ-kötür yollara baxırdı. Yol kənarlarında
qalan tək-tük tut ağacları sanki necə var idisə,
eləcə yerlərində qurumuşdu. Başına illərdir,
daraq dəyməyən, dünyadan uzaq düşən divanə
kimi görünürdü ağaclar. Bəzi yerlərdə
isə üzüm kolları necə simə vurulmuşdu, elə
də qalmışdı; baxımsızlıqdan
qurumuşdular. Əlif kişiyə elə gəlirdi, bu yerləri
heç vaxt görməyib. Çünki tanınacaq bina, yol,
nişanə yox idi. Nə kəndlər, nə qəsəbələr
qalmışdı; heç nə yox idi. Bəzən uzaqdan
sökülmüş evlərin yeri görünürdü.
"Bəlkə, yaşayır..." - deyə
qeyri-ixtiyarı dodaqlarından qopdu. Tez-tələsik əlləri
ilə ağzını qapayıb hönkürdü.
Çünki özü də inanmırdı. Amma yenə də
ölməyən ümidin, həsrətin, dəhşətin
səsi idi, - çıxmışdı ağzından:
"Bəlkə, yaşayır..."
Heç vaxt siqaret çəkməyən Əlif
kişi gözləmə zalının qarşısında əsgərdən
aldığı siqareti elə sümürürdü, az
qalırdı, ovurdları bir-birinə dəysin. Amma
oğlundan gəlməyən xəbər kimi ağzından
da tüstü çıxmırdı. Sanki tüstü
göz yaşı olub içinə axırdı.
Nəhayət...
Əlif kişi heç nə demədən vicdan əzabından
tir-tir əsən erməninin gözlərinə
baxırdı. Bu dəqiqə onu boğa bilərdi, amma birinci
oğlundan xəbər almalı idi. Düz gözünün
içə baxır, nəsə soruşmağa isə cəsarəti
çatmırdı. Aşot da bir müddət ona baxdı.
Sonra başını aşağı salıb:
- Bağışla, Əlif, bağışla!
Bacarmadım. Əmanətinə sahib çıxa bilmədim.
Əlif onun yaxasından tutub silkələdi:
- Necə yəni bacarmadım? Necə yəni?.. Haram
olsun sənə etdiklərim! Səni mən adam etdim!
Qızının müalicəsi üçün o boyda
var-dövlətimdən keçdim. Amma sən, sən,
alçaq çıxdın. Onu sənə
tapşırmışdım! İnanırdım ki, nə
olur-olsun, qoruyacaqsan! Oğluma nə etdin? Öldürmüsən,
heç olmasa, yerini de... - Bayaqdan qisas hissi ilə alovlanan
Əlif kişi birdən-birə günahkar adamlar kimi yalvarmağa
başladı, - Xahiş edirəm, de, yerini de...
Aşotun deyəcək sözü olmasa da, dik
durmuşdu. İçindən Əlifi qucaqlamaq, ayaqlarına
düşüb yalvarmaq, üzr istəmək keçsə də,
bacarmırdı. Qaçmağa yer olmadığı kimi,
üzrxahlığa da üz yox idi. Günahkar idi. Kişiliyi
çatsa, elə ordaca özünü öldürərdi,
amma onu da bacarmazdı.
- Mən çarəsiz əclafam, Əlif! Mən
vidansız, ruhsuzam, Əlif! Məni bağışla,
oğlunu mən öldürdüm! Həm də
gözünün içinə baxa-baxa. O qürurlu, mərd
gözlərdə səni görə-görə
öldürdüm. "Əmi" dediyi adam öldürdü
oğlunu. Bilirsən niyə? Çünki mən də ata
idim. Sizdən sonra Vitali dəstəsi ilə evimə gəldi.
Oğlunu gizlətdiyimi bildilər. Bax bu gözüm də sənin
oğlunla öldü. Qurban oldu sənin oğluna bu
gözüm. Ondan sonra bu dünyaya tay gözlə baxdım.
Vitali məni döydü, gözümü
çıxardılar. Sonra da onu öldürməyimi istədilər.
Etməsəm, gözümün qabağında
qızımı, arvadımı zorlayacaqdılar. Tək idim,
Əlif, tək idim... Mən də ata idim. Mənim yerimə sən
olsan, nə edərdin, deyə bilərsən? Çarəsiz
idim... Gücüm çatmazdı onlara...
Əlif kişi bildiyi həqiqəti indi ucadan
eşitdi... Oğlu elə indicə ölübmüş kimi
hayqırdı. Xırıltılı səslə:
- Qəbri haradadır? Haradadır? - bağıra bildi
sadəcə...
- Sizin həyətdəki qara tut ağacının
yanında dəfn etdim. Bilirsən, Əlif, bütün
ağaclar qurudu getdi, bircə o qara tut ağacı hələ
də qalıb. Amma o ildən sonra bir də bar vermədi. Eləcə
yaşadı qara tut. Bu otuz ildə həmişə qulluq elədim,
baxdım, suladım, budadım. Amma bir daha bəhər vermədi.
Hər il tut yetişən vədə onu ziyarətə
gedirdim, görüm, bu il necədir? Nəfəs almadı,
amma yaşadı tut ağacı, - deyib Əlif kişiyə
sarıldı. Sonra da onun dizlərini qucaqlayıb
ağladı, - Məni bağışla! Bütün millətim
adına səndən üzr istəyirəm! Mən erməni
olduğum üçün utanıram, Əlif, utanıram!
Şəmil SADİQ
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.13.