Həsrət-vüsal
yollarının yolçuları
Keçən ilin son günlərində "Ədəbiyyat
qəzeti"ndə çap olunan çox geniş "Məhəbbət
ölüncədi" adlı məqaləmdə (16.12.23)
iraqlı soydaşlarımızın vətənimizə həsrət
və sonsuz məhəbbətindən söz
açmışdım.
İraqlı soydaşlarımızın görkəmli
şair və tədqiqatçısı, ədəbi əlaqələrimizin
inkişafında misilsiz xidmətləri olan Ə.Bəndəroğlunun
"Yaşar könlüm" bayatısı onların həsrət
və istəyini tam ifadə edir desək, həqiqətdən
kənar olmaz:
Yaşar könlüm;
Çırpınar, yaşar könlüm.
Bağdadda bir ah çəkər
Bakıda yaşar könlüm.
Bu yazımızda İraq türkman şairlərinin
poetik dünyasında baş verən nadir hadisələrdən
- onların ölkəmizi görmədən oxuduqları,
eşitdikləri məlumatlar əsasında Azərbaycanı
öz vətənləri hesab edərək vəsf etdikləri
maraqlı əsərlərindən söz
açacağıq.
Əbdüllətif Bəndəroğlu lap cavanlıq
çağında "Bakıya həsrət" şeirini
yazmışdır.
İçində sönməz, yanar,
Şiddətlə şövq Bakıya.
Yoldaşlarım da bilir,
Məndə var zövq Bakıya.
Bir dostum daim sorar
Səfərin yox Bakıya?!
Nəsrin Ərbil də Azərbaycanı görmədən
düşündürücü xoyrat yazmışdır:
Dilimsən;
Qonuşduğum dilimsən.
Kərküküm, sən Bakıdan
Bölünmüş bir dilimsən.
Əbdüllətif Bəndəroğlu və Nəsrin
Ərbil kimi, Fövzi Əkrəm, Farük Köprülü
və Sabir Dəmirçi də eşitdikləri,
oxuduqları məlumat əsasında Azərbaycanı görmədən
vətənimizi öz vətənləri sayıb vəsf
ediblər. Fövzi Əkrəm və Sabir Dəmirçi
ayrı-ayrılıqda "Azərbaycan dastanı", Faruk
Köprülü isə "Kərkükdən Bakıya
şahin uçurtdum" adlı poemalar yazıblar.
Doğrudur, hansısa bir ölkəni görmədən
bir-iki şeir yazmaq olar. Bu, təcrübədə var. Lakin
görmədiyin ölkə haqqında bütöv əsərlər
yazmaq həqiqətən də fenomenal hadisədir.
Fövzi Əkrəm Tərzinin poemasını və
bayatılarını 2001-ci ildə professor Vaqif Arzumanlı
ön sözlə Bakıda çap etdirib. Vaqif müəllim
ön sözdə yazıb: "Əsəri oxuyanlar Azərbaycanı
görmədən vətənimizin vurğunu Fövzi Əkrəm
Tərzioğlunun Azərbaycana olan sonsuz məhəbbətini,
rəğbətini, həsrətini duyacaqlar".
"Azərbaycan dastanı" başdan ayağa
dördlükləri üstündə köklənib.
Gəncləşərəm səni görsəm,
Bulağından bir az içsəm.
Səndən keçməm, sərdən keçsəm,
Azərbaycan... Azərbaycan!
Maraqlıdır ki, dastanda yer alan 266 dördlüyün
hamısının sonuncu sətri "Azərbaycan... Azərbaycan"
misrası ilə bitir:
Bir gəzəydim qarlı dağın,
Bərəkətli bol torpağın.
Muğan, Şirvan, Qarabağın
Azərbaycan... Azərbaycan!
Qarabağı bir gəzəydim
Yollarına gül düzəydim.
Toylarında tox süzəydim
Azərbaycan... Azərbaycan!
Fövzinin Azərbaycanı görmədən
yazdığı çoxsaylı bayatılara heyran olmamaq
olmur. Onun bayatı üstündə köklənməsi təsadüfi
deyil. İraqlı soydaşlarımız arasında ən
çox yayılan və sevilən bayatılardır. Verdiyimiz
nümunələr deyilənlərə dayaq olur.
Gül-çiçək Şəkidə var.
Ədalət çəkidə var.
Sordum din, dil, yurdsevər
Dedilər Bakıda var.
Yar saçını hörəydim
Pənbə gülün dərəydim.
Ölməzdən bir gün əvvəl
Kaş Bakını görəydim.
Qapılar bağlı qaldı.
Ürəklər dağlı qaldı.
Çox ər getdi gəlmədi
Qızlar adaxlı qaldı.
Yağ olaydım çırağında
Zirvə olaydım dağında
Basdırın sizlər məni
Ölsəm Araz qırağında.
Oxuculara Faruk Köprülünün "Kərkükdən
Bakıya Şahin uçurtdum" kitabından
"Bayatılar çələngi"ni təqdim edirik. Kitab
ilk dəfə Faruk Köprülü Bakıya gəlmədən
əvvəl çap olunub (Kərkük, 2007, 89 səh.).
Kitaba Qasım Sarıqaya geniş ön söz
yazmışdır. Ön sözdə oxuyuruq: "Əlimizdə
bulunan bu kitab şair Faruk Köprülünün Azərbaycanı
görmədən bu ölkəyə və xalqına
böyük coşqu duyğularıyla Azərbaycanın
şairləri, şəhərləri, insanlarını vəsf
edən bayatılara sığdırmış və bir dastan
halına gətirmişdir".
Qasım Sarıqaya ön sözdə eləcə də
Azərbaycan-İraq türkman ədəbi-mədəni və
elmi əlaqələrinin inkişafında xidmətləri ola
Rəsul Rza, Əta Tərzibaş, Qəzənfər
Paşayev, Sinan Səid, Əbdüllətif Bəndəroğlu,
Mustafa Ziya, Şəmsəddin Küzəçioğlu,
Qasım Sarıqaya və Məhəmməd Bayatdan söhbət
açır və nəhayət xüsusi vurğulayır:
"Azərbaycan xalqı ilə İraq türkmanları
ayrılmaz bir bütündür. Onların sevinci sevincimiz, kədəri
kədərimizdir".
"Kərkükdən Bakıya şahin
uçurtdum" kitabının 2-ci təkmilləşdirilmiş
nəşri şairin Azərbaycana iki dəfə ziyarətindən
sonra işıq üzü görüb (Kərkük, 2018, 82
səh.).
Faruk Köprülü əsərinin bu cildinə Azərbaycanı
görmədən əvvəl yazdığı,
nöqsanlı olan bəzi bayatıları
çıxarmışdır. Yalnız bayatılardan ibarət
olan kitabda tariximiz vərəqlənir, dağlarımız,
çaylarımız, şəhərlərimiz, məşhur
insanlarımız, alimlərimiz, o taylı-bu taylı şairlərimiz
vəsf edilir. Dr.Faruk Köprülü "Türk
dünyasına salam" kitabında da Azərbaycanı vəsf
etməkdən doymur (Kərkük, 2011, 84 səh.).
Faruk Köprülü "Kərkükdən
Bakıya şahin uçurtdum" kitabında Rəsul Rza və
bu sətirlərin müəllifinin Azərbaycan-İraq
türkman ədəbi-mədəni və elmi əlaqələrinin
inkişafı yolunda xidmətlərini yüksək qiymətləndirmişdir:
Rəsul Rza pınardı,
İşıq kimin yanardı.
Nur evi bir nur doğdu
O da ədib Anardı.
Bakıda var bir nəfər,
Hər yazısı bir zəfər
Folklor dünyamızın
Anaxtarı Qəzənfər.
Dr.Faruk Köprülünün çox maraqlı
"Kərkükdən Bakıya şahin uçurtdum"
kitabından şairin hədəfə düz dəyən
bayatılarından nümunələr veririk.
Şuşa kültür məkanı.
Dağı gurgur məkanı.
Şahbuz gözəllər yurdu.
Naxçıvan nur məkanı.
Azərbaycan ağladı,
Araz kimin çağladı.
Hərbə gedən igidin
Kəmərin qız bağladı.
Bayrağı tutan şair
Xəyalı vətən şair
Məzarın nurla dolsun
Gəncədə yatan şair.
Şəhriyar şan Şəhriyar,
Yazdı dastan Şəhriyar.
Azərbaycan şerində
Oldu sultan Şəhriyar.
Azərbaycan, şanın var.
Şanın var, ünvanın var.
Bakı məzarlığında
Şəhidlər dastanın var.
Dəli dağ kar yığnağı
Göyçaydı nar yığnağı
Təbriz gözəllər şəhri
Şamaxı ər yığnağı.
Sən üstanın sözün al.
Cülhanın da bezin al.
İstəsən yaxşı həyat
Get azəri qızın al.
Azərbaycanı görmədən vətənimizi vəsf
edən şairlərdən biri də Sabir Dəmirçidir.
Şairin "Azərbaycan dastanı"
adlandırdığı kitabı 2008-ci ildə Kərkükdə
çap olunmuşdur. Yığcam ön sözdə şair
yazır: "Xalqımızın, dilimizin bir aşiqi olaraq bu
naciz sözlərimi dastana çevirib yazarkən qafamda,
duyğumda Azərbaycan adı şimşək kimi
canlanırdı".
64 səhifədən ibarət kitabın 51 səhifəsini
beşlik qoşmalar təşkil edir.
Beşliklərin demək olar ki, əksəriyyətinin
1-ci misrası verdiyimiz nümunələrdən
göründüyü kimi "Azərbaycan" sözü
ilə başlayır:
Azərbaycan, suyun baldan şirindi.
Eşqin isə dənizlərdən dərindi.
Bu müjdələr hamsı şan zəfərindi
Səslən, səslən bilməyənlər
oyansın,
Əğyarların üzü qara boyansın.
və ya:
Azərbaycan, dağı sarıp dumanın
İnsan kimi inildəyir kamanın
Şanlı tarix yazılıbdı zamanın
Heç zənn etmə,
bəxtin qara boyanmaz
Bu səbrinə səbir daşı dayanmaz.
Şeir Qarabağ azad olunmamışdan əvvəl
yazılıb.
Şairin "Azərbaycan dastanı" əsərinin
qalan hissəsini isə vətənimizə həsr olunmuş
bayatılar təşkil edir.
Bayatıların hamısında 3-cü misra Azərbaycanla
başlayır:
Yanar dağın közüsən
Gözəllərin özüsən.
Azərbaycan, dillərdə
Aşıqların sözüsən.
və ya:
Sevgilər eşq saçırı,
Boş xəyallar qaçırı.
Azərbaycan, dilsizlər,
Adınla dil açırı.
Təəssüf ki, Sabir Dəmirçiyə ölkəmizi
görmək qismət olmadı. 8 noyabr 2012-ci il tarixdə
dünyasını dəyişdi.
Fövzi Əkrəm dəfələrlə, Faruk
Köprülü isə iki dəfə vətənimizdə
olub, ilhamlanaraq yeni əsərlər yazıblar.
Xüsusi vurğulamaq istəyirəm ki, Ulu öndərimizin
iraqlı soydaşlarımızın dünya şöhrətli
alimi İhsan Doğramaçı ilə dostluğu əlaqələrimizin
inkişafında müstəsna rol oynadı. Ulu öndərimiz
İhsan Doğramaçının xahişi ilə iraqlı
soydaşlarımızın İstanbulda çıxan
"Qardaşlıq" dərgisinə müsahibə verdi
(müsahibəni professor Mahir Naqib götürdü) və
dedi: "...Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları bir
bütövün parçalarıdır"
("Qardaşlıq", №8, s.4; İstanbul, 2000).
Ulu öndərimizin tarixi sözləri əməli fəaliyyətimizə
təkan verdi. Yazıçılar Birliyində İraq
türkman ədəbiyyatı üzrə müşavir təyin
olundum. Əvvəllər iraqlı soydaşlarımızdan
yalnız iki nəfər - Əta Tərzibaşı və
Ə.Bəndəroğlu AYB-in fəxri üzvü idi.
İndi onların sayı 15-dən artıqdır.
İraq-türkman ədəbiyyatının nümayəndələri
dərsliklərə salınır,
soydaşlarımızın folkloru və ədəbiyyatından
kitablar çap olunur, dissertasiyalar yazılır. Azərbaycan
Milli Elmlər Akademiyasında İraq-Türkman
Araşdırmaları üzrə Əlaqələndirmə
Şurası yaradılması (12.07.2023) böyük hadisəyə
çevrildi.
Bu ilin oktyabr ayında Bakıda "İraq
türkmanları və türk dünyası: tarixi
yaddaşın bərpası" adlı Beynəlxalq
elmi-praktik konfrans keçirildi. 40-dan artıq İraq
türkman yazar və elm adamlarının iştirak etdiyi,
yüksək səviyyədə keçən konfransda həm
iraqlı, həm də Azərbaycandan olan
soydaşlarımız məruzə ilə
çıxış etdi.
Bütün bunlar iraqlı soydaşlarımızla mənəvi
birliyimizdən xəbər verir.
Özümü xoşbəxt sayıram ki, 60 ildən
artıq yaradandan təmənna etdiyim arzu və istəklərim
gerçəkləşir.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.12.