İki səs
haqqında ballada
AĞ KƏPƏNƏKLƏR KİMİ...
Xalq artisti Əli Zeynalovun xatirəsinə
Əli Zeynalovun ipək kimi sərin, titrək, məxmər
kimi yumşaq səsi vardı və bu səslə nə
deyilirsə deyilsin, beyindən, şüurdan yox, mütləq
ürəkdən, içdən, ruhdan gəlirdi. Uzağa niyə
gedək, Mixaylonu xatırlayırsınızmı? "Uzaq
sahillərdə" filmində Əli Zeynalovun səsi ilə
danışır bakılı eloğlumuz. Məncə,
Mixaylonu tamaşaçılara sevdirən, simsarına, dostuna
çevirən amillər sırasında o munis,
işıqlı, hamımın döşünə yatan səsin
ayrıca yeri var.
Səsin ahəngi, tembri onun sahibinin daxili aləminin
çalarlarını, ruhunun rəngini sərgiləmək
gücündədir. Bu mənada Əli müəllimin səsi
sanki kövrək qəlbli, həssas, nəcib, xeyirxah,
xoşxasiyyət obrazların boyuna biçilmişdi.
Bəs necə olmuşdu ki, Əli müəllim bu səsi
"Bir qalanın sirri" filmində qəddar, qaniçən
Simnar xanın, "Aydın" tamaşasında şəhvətpərəst
Dövlət bəyin, "Səhər" filmində xain
Abuzər bəyin, pis xislətli, qara ruhlu digər tiplərin
də fakturasına eyni uğurla otuzdura bilmişdi? Mehriban,
xeyirxah insanların ruhunun vizual ifadəsinə çevrilən
səs pisliyi özünə peşə seçmiş antiinsanların
kin-küdurətini, nifrətini necə və nəyin
hesabına ifadə edə bilirdi?
Bu suallar üzərində çox
düşünmüşəm və düzü, məni qane
edən dəqiq cavabım hələ də yoxdur. Amma
Əıi Zeynalov "tilsimi" mənə başqa bir
paradoksu anlamaqda kömək etdi: pis səsi aparıb pis xislətə
yapışdırmaq, onun xarakterinin atributlarından birinə
çevirmək heç də böyük qəhrəmanlıq
deyil və aktyordan xüsusi istedad da tələb etmir. Amma
gözəl, xoş avazı pis xislətə calaq eləmək,
pis niyyətin görüntüsünə çevirmək hər
aktyorun işi deyil! Əli Zeynalov bunu bacardı, "pis adam -
pis səs" sindromunu dağıdan birincilərdən oldu.
İnanmırsınızsa, "Bir qalanın sirri" filminə
bir də, amma diqqələ baxın, Simnar xanın
replikalarını dinləyin...
Səslə xislət arasındakı təzad,
toqquşma yaradılan obrazın xarakterinə əlavə
çalarlar qatır, ona daha rəngarəng, həyati görk
verir. Bu mənada, nə qədər paradoksal səslənsə
də, kinomuzun Gəray bəyinin, Şeyx Nəsrullahının,
Mötəsiminin, Səhl Sumbatının... səs
obrazları Əli müəllim tərəfindən rəsm
edilsəydi, fikrimcə, onlar daha möhtəşəm
alınardılar.
Əli müəllimin səsindəki yüngül
titrəyiş gözəllikdən riqqətə gələn
insan qəlbinin pıçıltısını ifadə
etdiyi kimi, qəddar, rəzil tiplərin daxili qəzəbini,
içində boğulan daxili sarsıntılarını,
gizli qorxusunu da rəsm edə bilirdi. Buna inanmaq
üçün ustadın ədəbi qiraət sahəsindəki
fəaliyyətinə nəzər salmaq kifayətdir.
Çoxları yaradıcılığın bu sahəsini
uğura aparan kəsə, asan yol kimi başa düşür
və elə fikirləşir ki, az-çox aktyorluq təhsili
alan hər kəs bu işin öhdəsindən asanlıqla gələ
bilər. Əslində isə ədəbi qiraət aktyor
yaradıcılığının ən mürəkkəb və
çətin sahələrindən biridir. Çünki o,
aktyordan səhnə, ekran plastikası yox, səs plastikası,
səsi ilə oynamaq, yaratmaq qabiliyyəti tələb edir -
aktyor səsləndirdiyi əsərdə obrazların
xarakterini hərəkətdə, realilərə, tərəf-müqabillərinə
münasibətdə yox, səsinin tembri, tonu, ahəngi ilə
yaradır və deməli, o səs qısa vaxt ərzində rəngdən-rəngə
düşür, qeyri-səlis məntiqin anlayışları
ilə desək, pis və yaxşı arasında qalan min bir
çalar qazanır, dinləyicilər də məhz bu səs
obrazlarından, improvizasiyalarından çıxış edərək
əsərdəki obrazları, məkanı, hadisələri
vizual şəkildə qavrayırlar.
Ötən əsrin 70-ci illərinin ortalarında mən
televizorda Əli müəllimin ifasında A.Çexovun
"Qılaflı adam" hekayəsini dinləmişəm və
o verilişin təəssüratı hələ də
yaddaşımdadır. Studiyada əyləşən Əli
müəllimin hekayəni söylədiyi müddətdə mən
sanki kadr-kadr gözəl bir filmi izləyirdim. Əli müəllim
həmin o bənzərsiz səsi ilə müəllifin
nitqini, bir-birinə bənzəməyən personajların
dialoqlarını, daxili monoloqlarını elə səsləndirir,
buna uyğun olaraq səsinin ahəngini elə ustalıqla dəyişirdi
ki, sanki studiyada bir yox, beş-altı aktyor əyləşmişdi
(intəhası onlar gözə görünmürdülər).
Mənə görə dünyadakı bütün səslərin
musiqi obrazları və rəng ekvivalentləri var və
onları sözlə ifadə eləmək çox vaxt
çətin, bəzən isə mümkünsüz olur. Səs
var ki, tikan kimi, mismar kimi insanın canına sancılır, əsəbləri
qıcıqlandıra-qıcıqlandıra iliyə qədər
işləyir, ruhu şüşə kimi çilik-çilik
edib pis günə qoyur. Belə səslər həmişə
tutqun rəngdədir, günəşin qabağını
tutan qara buludlar kimi qəm-qüssə gətirir. Səs də
var ki canına yağ kimi yayılır, səni nəyə
görəsə birdən-birə rəng qammaları
solğunlaşan dünyanın bozluğundan qoparıb səmaya
qaldırır və sən həmin səsin qanadlarında səmanın
maviliyinə qovuşur, o səsi ruhunu sığallayan həzin
bir melodiya kimi qəbul edirsən.
Əli müəllimin səsi belə səslərdən
idi...
Nə işdirsə hər dəfə radio
dalğalarında, efirdə bu səsi eşidəndə
gözlərimin qarşısında güllər üstə
ora-bura uçuşan kövrək qanadlı ağ kəpənəklər
canlanır və nəyə görəsə mənə elə
gəlir ki, o kəpənəklərdən hansısa birinin
qanadına yüngülcə toxunsan, yer-göy titrəyər,
hardasa dəhşətli bir vulkan püskürər,
dünyanın harmoniyası dərhal pozular...
Bu səs ən adi bir cümlənin də, hər
gün dəfələrlə işlətdiyimiz ən sadə
sözlərin də canındakıları üzə
çıxarmaq, bu vaxtadək bizə
gizli qalan melodiyasını səsləndirmək
gücündə idi.
Boynuma alıram: məni Səməd Vurğunun dillər
əzbəri olan "Azərbaycan" şeirinin şəddi-şəkərinə
Əli müəllimin səsi qovuşdurdu. Bu şeir Əli
müəllimin ifasında təkcə şeir kimi yox, həzin
nəğmə, sevən ürəyin izharı kimi səslənirdi.
Bu, səsin zəfəri idi!..
SƏSİN HÖKMÜ
Xalq artisti Həsənağa Salayevin xatirəsinə
Mən Həsənağa Salayevin özünü
görüb səsini eşidəndə ötən əsrin
60-cı illərinin sonu idi - televiziya ilə
C.Cabbarlının "Oqtay Eloğlu" pyesinin
tamaşası göstərilirdi və biz ailəlikcə
televizorun qarşısında oturub bu maraqlı tamaşanı
izləyirdik. Əlbəttə, indi - aradan 50 ildən də
artıq vaxt keçəndən sonra o tamaşanı
bütün təfərrüatları ilə xatırlamaq
mümkün deyil. Amma Oqtay rolunu oynayan Həsənağa
Salayevin bütün tamaşa boyu göy gurultusu kimi
dalğa-dalğa ətrafa yayılıb
tamaşaçıların diqqətinə hakim kəsilən
səsini, tamaşanın final səhnəsini - trans vəziyyətdə
olan Oqtayın Firəngizi oynadığı rolla eyniləşdirib
bıçaqla öldürdüyü məqamı
yaxşı xatırlayıram. Bir də tamaşa başa
çatanda anamın yanıqlı səslə dediyi sözləri:
"Bu binəva (H.Salayevi nəzərdə tuturdu) səhərə
kimi çətin yata!" (Əlavə etməyi lazım
bilirəm ki, anam televizora baxmağa bir o qədər də
meyilli adam deyildi. Amma həmin axşam Həsənağa
müəllimin səsinə yenilib oturmuşdu hamıdan irəlidə).
Aradan xeyli vaxt keçəndən sonra
düsünürəm ki, anamın onda dedikləri Həsənağa
müəllimin oyun tərzinin yaradıcılıq
uğurlarının sirrini açan ən sərrast sözlər
imiş.
Nə üçün belə deyirəm?
Əvvəla, ona görə ki, Həsənağa
müəllimin də səsi beyindən yox, ürəkdən,
daxildən gələn səs idi və az qala 2 saata yaxın
vaxt ərzində obrazın daxili yaşantılarını bu
səsin qanadlarında izhar etmək, vulkan kimi çölə
püskürmək böyük enerji tələb edirdi. Oqtay
kimi romantik təbiətli obrazın səhnə yozumunda Həsənağa
müəllim onun nəinki monoloqlarını, hətta
ağzından çıxan hər sözü xüsusi bir
enerji ilə, sanki bədəninin bütün hüceyrələrinin
iştirakı ilə yaranan daxili impulslarla deyirdi, ən
başlıcası isə Oqtayla özü arasında məsafə
saxlamır, elə dönüb Oqtay olurdu. Bu boyda "həngamədən"
sonra obrazdan "çıxıb" yenidən özünə
qayıtmaq, Həsənağa olmaq, hisslərin od-alovunu
alıb sakitləşmək, sizcə, asan idimi?!
Həsənağa müəllimin gur, bir az zəhmli,
bir az ağayana səsi Azərbaycan teatrında, kinosunda ən
aristokrat səslərdən biri, bəlkə də birincisi idi
və bu, ona
yaradıcılığının ilk mərhələsində
romantik teatrın ən maraqlı nümayəndələrindən
biri olmaq şansı vermişdi. Şahidlərin dediyinə
görə, o, səhnəyə çıxanda sanki
bütün zalda ab-hava dəyişir, həmin səsin
hökmranlıq etdiyi bir aura yaranırdı.
Amma romantik məktəbi təmsil edən aktyor
üçün süni pafosa, yersiz ritorikaya yenilib, necə
deyərlər, yolunu azmaq təhlükəsi də var. Həsənağa
Salayev bu təhlükəni tədricən
neytrallaşdıra-neytrallaşdıra romantik oyun tərzindən
realist üsluba uğurlu keçid etdi. Mən onun teatr səhnəsində
oynadığı rolları görmədiyimdən tutarlı
dəlillər gətirə bilmirəm. Amma
yaratdığı ekran qəhrəmanlarını
xatırlamaq kifayətdir ki, yanılmağıma şübhə
etməyəm. "Onu bağışlamaq olarmı"
filmində az qala kitab cümlələri ilə danışan
Qüdrət romantik vüsətdən yaxa qurtarmağa
uğursuz cəhd idisə, "Aygün" filmindəki
Əmirxan bəlkə də poemadakı Əmirxandan daha təbii
alınmışdı. "İstintaq davam edir" filmindəki
mayor Rüstəmov isə teyxa realist cizgilərlə
yaradılmışdı.
H.Salayevin şedevrləri sırasında
İsmayıl Şıxlının "Dəli Kür"
romanının qəhrəmanı Cahandar ağanın
xüsusi yeri var. Amma qəribədir ki, bu dəfə biz
ekranda onun vizual obrazını yox, səsini
"görürük". "Eşidirik" yox,
"görürük" ona görə yazıram ki, Həsənağa
müəllimin səsi ilə az qala gözönü obrazını
yaratdığı Cahandar ağa hələlik teatr və kino
sənətlərimizdə yaradılan ən uğurlu Cahandar
ağadır. Ələlxüsus da eyni adlı
radiotamaşasındakı Cahandar ağa. Bu mürəkkəb,
ziddiyyətli obrazın monoloqlarını, daxilində
qaynaşan fırtınaları Həsənağa müəllim
öz səsinə hopdurub elə rəsm edir ki, heç
obrazı vizual qaydada seyr etmək ehtiyacı yada
düşmür - sanki personajın səsindəki ahəng
bir rentgen şüası kimi Cahandar ağanın daxili aləminin
ən mübhəm hücrələrini
işıqlandırır, onun bəy
əzəməti, psixoloji yaşantıları barədə hər
şeyi deyir.
"Dəli Kür" filmi çəkiləndə
bu səsdən Həsənağa müəllimin öz
fakturası ilə bir yerdə istifadə edib Azərbaycan
kinosunun ən möhtəşəm obrazını
yaratmağa real şans yaransa da, filmin rejissoru nədənsə
bu şansdan sonadək faydalanmadı,
Ə.Abbasovun oynadığı personajı Həsənağa
müəllimin səsi ilə danışdırmaqla kifayətləndi.
Nəticəsi isə hamıya məlumdur.
Məncə, bu filmin əsas çatışmayan cəhəti obrazların
düşüncələrinin, daxili monoloqlarının ekran
ifadəsinin tapılmaması, daha doğrusu,
unudulmasıdır.
Radiotamaşada janrın verdiyi imkanlar çərçivəsində
onları səsli nitqə, hətta Qəməri öldürəndə
Cahandar ağanın için-için ağlaması süjet
faktına çevrilmişdi və həmin məqamlarda Həsənağa
Salayev bənzərsiz, təkrarsız idi.
Filmdə isə ağır psixoloji sarsıntılara
məruz qalan, zamanla konfliktdə olan Cahandar ağanın daxili
aləmi lazımınca rəsm edilmir, görünmür, qəlbinin
harayı qədərincə eşidilmir...
Nə isə...
Çox heyif...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.11.