Azərbaycan obrazı ingilisdilli mətbuatda: müstəqillik dövrünün mənzərəsi

 

Bu yaxınlarda layihə rəhbəri akademik Kamal Abdulla olan "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" məqalələr toplusu işıq üzü gördü və ictimaiyyətə təqdim olundu. 447 səhifəlik bu nəşri ADU-nun əməkdaşları tərtib ediblər.

Ön sözün müəllifi, akademik K.Abdulla kitabın ən yüksək məziyyətlərindən biri kimi hesab edir ki, bu nəşr ilk növbədə Vətənimizin kənardan, xarici ölkələrdən necə görünməsi barədə təsəvvür yaradır. Kitabın digər fərqləndirici əlaməti məqalələr toplusunun məzmununda zamana uyğun obrazlarla üzləşməyin mümkünlüyüdü. Məqalələr toplusu Azərbaycanın 1993-2003-cü illərdəki reallıqlarını - erməni təcavüzü, Dağlıq Qarabağ və onun ətrafında baş verən qanlı hadisələr, qaçqın, köçkün obrazlarının real və irreal surətləri, dövlətimizin neft strategiyasının, Xəzər dənizinin karbohidrogen yataqlarının işlənməsinin siyasi müstəviyə təsiri və Ümummilli lider Heydər Əliyevin parlaq obrazını əks etdirir.

Obrazların yaradılmasının sosial-psixoloji xüsusiyyəti ondan ibarətdir ki, o, zaman ardıcıllığının nəticəsi olmaqla, məlum məkanda real obyektiv hadisələrin qavrayışından asılıdır. Məqalələr toplusunda zamanın ardıcıllığı formal xarakter daşımır, həm də obrazların dərkini reallaşdırır. Jurnalistlərin, dövlət xadimlərinin, xarici elçilərin ingilisdilli ədəbiyyatda Azərbaycan reallıqları haqqında baxışları, Azərbaycan həqiqətləri zamanın tələbinə uyğun verilib.

İngiltərə, ABŞ, Kanada, Avstraliya, Rusiya mətbuat orqanlarında ("The Gazette", "The Times", "The Glob et Mail", "The Sydney Morning Heralt", "The Washington Post", "Sunday Times", "The New York Times", "The Guardian", "The Economist The Darly Heralt") Azərbaycanın öz yurd-yuvalarını silah gücünə tərk etməyə məcbur edilmiş yüzminlərlə qaçqın və köçkününün acı taleyi, minlərlə insanın həlak olmasını, çarəsiz insanların pərişan vəziyyətini əks etdirən materiallar verilib. Bəzi mətbu orqanlarının jurnalistləri sərhəd təhlükəsizliyinin təhdidini, digərləri sülhün pozulmasının canlı, obyektiv reallıqlarını neytral ifadələrlə verməyə cəhd etsələr də, məqalələrdə toplanmış ümumi fikir Azərbaycan məkanında baş verən, dövlətçiliyi təhdid edən hadisələri göstərir. Dağlıq Qarabağ iddiası və onun ətrafında yaradılmış siyasi manipulyasiyalardan yoğrulmuş erməni yalanına söykənən əsassız iddiaların "Azadlığa Dəstək Aktı" ilə ABŞ-da müdafiə edilməsi (EBSCO (ABŞ) 05.02.1994) də burada yer alıb.

Ermənilərin Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycan torpaqlarını zəbt etmək üçün yararlandığı xarici dəstək çox açıq şəkildə məqalələrdə inikas olunub. Beləliklə, 1993-2003-cü illərdə Azərbaycanda baş verən hadisələrin zaman və məkan obrazı xarici mətbuatın köməyi ilə işıqlandırılıb.

Məqalələr toplusundakı təsvirlər ingilisdilli mətbuatda Azərbaycan obrazının tamamlanmasına xidmət edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin varlığını qorumaqda səbatlılığı, iradəsi, müqavimət gücü, xalqa inamı və etibarı kimi keyfiyyətlər burada aydın əks olunmaqla onun Xilaskar obrazının layiqincə yaranmasına yol açır. Nümunələrdən birinə nəzər yetirək. Carey Scott 1994-cü il 09 oktyabr "Sunday Times" (İngiltərə) məqaləsində yazırdı: "Lider eyvana çıxarkən, günortadan sonra Bakıda isti günəş altında səbrlə gözləyən 20.000 nəfər azərbaycanlıdan ibarət izdihamdan güclü alqış və qışqırıq qalxdı. 71 yaşlı liderin portretlərini tutaraq irəli atılan başıörtüklü, beli bükülmüş yaşlı qadınlar, çiynində körpə uşaqları olan gənc atalar, nimdaş geyinmiş qaçqınlar və səliqəli geyinmiş neftçilər, hamısı Azərbaycan xalqının "babamız" dediyi insanı uca səslə dəstəkləyirdi".

Bu sətirlərin müəllifi Azərbaycan xalqının bütün zümrələrindən olan insanlarda bir Xilaskar obrazının inikasının sosial olaraq toplumun ümumi inamının ifadəsinə çevrildiyini göstərir.

Amerika Birləşmiş Ştatlarında çıxan 07.06.2001-ci il tarixli "Azərbaycan imkanlar pəncərəsinə baxır" məqaləsində yazılıb ki, Heydər Əliyev "...Azərbaycanlıların əksəriyyətinin sürətlə aşağı düşən həyat səviyyəsini qaldırmaq üçün" şəxsi fəaliyyət imkanlarını, həyat təcrübəsini zamanın tələbatına uyğun şəkildə istifadə edərək respublikada ərzaq bolluğu yarada bildi. Materiallarda bu da nəzərə çarpır ki, şəxsiyyətə inam və ərazi təhlükəsizliyinin təminatı dövlət qurmağın mühüm sosial-psixoloji əlamətləri kimi məhz Ulu öndərin fəaliyyətində gerçəkliyə çevrilib. H.Əliyevin Azərbaycanın bir dövlət kimi qorunub saxlanmasındakı uğurlarına yer verən ingilisdilli mətbuatda bu məsələlər aşkar göstərilirdi. 22.11.2000-ci ildə Səniz Pamela Ann "The Middle East" jurnalında (ABŞ) bu davranışları qiymətləndirərək yazırdı: "Artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Azərbaycanın ulduzu yüksəlməklə davam edir".

Jurnalist Carl Mortished 14.02.2003-cü ildə "The Times" (İngiltərə) qəzetində yazırdı ki, "Neft kəməri həyatları dəyişdirmək gücünə malikdir". Steve Levitre 24.11.1997-ci ildə ABŞ "Newsweek" jurnalında qeyd edirdi ki, Xəzər regionunun neft xəzinəsidir. ABŞ 1994-cü ildən Xəzəri ABŞ strateji maraq dairəsinə aid etmişdi və məqalələrdən bəlli olur ki, "Xəzər dənizi və ətraf ərazi XXI əsrdə dünyanın ən strateji əhəmiyyətli yerlərindən biri olacaq".

Müxtəlif siyasi mərkəzlərdə Azərbaycanın taleyüklü məsələləri müzakirə olunanda, kitabdakı məqalələrin məzmunundan da bəlli olduğu kimi, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi cəhətdən gücləndirilməsinə, siyasi dividentlərin qazanılmasına, ölkə daxilində sabitliyə və rifaha nail olunmasına yönələn mükəmməl fəaliyyət ortaya qoymuşdu.

1993-2003-cü illərdə toplanmış məqalələrin bir çoxunda, Duqlas Frantsın (03.02.2001, "The New York Times" (ABŞ) yazdığı kimi, Azərbaycan iqtisadiyyatı "keçmiş və gələcək qan damarı olan neftin sinonimi" şəklində qiymətləndirilirdi.

Məqalələr toplusu ali məktəblər üçün də əvəzsiz pedaqoji mənbə və ən yeni tariximizi əks etdirən qiymətli nəşrdir.

 

Misgər MƏMMƏDOV

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent

525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.10.