Yazıçılar Birliyində
Ramiz Əskərin yubileyi qeyd olunub
Görkəmli elm xadimi, filologiya elmləri doktoru,
professor, bir çox yerli və beynəlxalq mükafatlara layiq
görülmüş, "Şöhrət" ordenli Əməkdar
jurnalist Ramiz Əskərin 70 illik yubileyi Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda qeyd edilib.
Tədbirdə tanınmış alimlər, jurnalistlər, qələm
adamları, şair və yazıçılar iştirak ediblər,
yubilyara xoş arzularını çatdırıblar.
AYB-nin katibi, Əməkdar incəsənət xadimi,
yazıçı Elçin Hüseynbəyli R.Əskərin
yaradıcılıq yolu barədə geniş söhbət
açıb. Onun tədqiqatçı kimi səmərəli
fəaliyyəti haqqında fikirlərini bölüşən
E.Hüseynbəyli yubilyarın zəngin bioqrafiyası, bir elmi
konfransın mövzusu ola biləcək qiymətli xidmətlərini
xüsusi vurğulayıb.
AMEA Folklor İnstutunda xarici ölkələrlə əlaqələr
bölməsinin rəhbəri, alim, publisist Əli Şamil
keçmişə nəzər salıb, tələbəlik
illəri ilə bağlı xatirələrini dilə gətirib.
O bildirib ki, Azərbaycanda milli şüurun oyanmasında,
türkçülük ideyasının inkişafında
R.Əskərin böyük rolu olub.
Filologiya elmləri doktoru, professor Firuzə Ağayeva
bildirib ki, əgər biz R.Əskərin tərcümə
etdiyi, müəllifi olduğu kitabları bir yerə
yığsaq, böyük bir qalereya yaratmaq olar. F.Ağayeva
onun elmi-bədii yaradıcılığı ilə
yanaşı, pedaqoji fəaliyyəti barədə də
danışıb. F.Ağayeva bildirib ki, R.Əskər Bakı
Dövlət Universitetində Türkologiya kafedrasına rəhbərlik
etdiyi illərdə müəllim heyətinə olduqca hörmət
və qayğı ilə yanaşıb, tələbələrin
sevimlisinə çevirilib. F.Ağayeva
çıxışını bu fikirlərlə
yekunlaşdırıb: "Ramiz Əskər təkcə Azərbaycanda
yox, bütün Orta Asiyada tanınan və sevilən
alimdir".
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı
Nazim Mustafa R.Əskərin mənsub olduğu nəsil,
doğulub boya-başa çatdığı Qərbi Azərbaycan
eli barədə çıxış edib.
Əməkdar jurnalist, şair və tədqiqatçı
Adil Cəmil tələbəlik illərindən bəhs edib,
R.Əskərlə birgə oxuduğu illərin təəssüratını
bölüşüb. "Manas" dastanının tərcüməçisi
olan A.Cəmil daim R.Əskərdən yaradıcılıq
impulsu aldığını vurğulayıb. A.Cəmil qeyd
edib ki, R.Əskərin elm aləminə gəlişi
türkologiya sahəsindəki boşluğu doldurdu.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
R.Əskərin əmisi Əsgər Əsgərov
çıxışında yubilyarın uşaqlıdan ta
indiyə qədər keçdiyi ömür yoluna ümumi nəzər
salıb, şəxsi və yaradıcı keyfiyyətləri
barədə danışıb.
Əməkdar jurnalist Tahir Aydınoğlu R.Əskərin
mətbuatdakı fəaliyyəti barədə
çıxış edib. O bildirib ki, elmi
yaradıcılıqla yanaşı, R.Əskərin publisist
kimi fəaliyyəti də təqdirəlayiq olub.
T.Aydınoğlu görkəmli türkoloqun ictimaiyyətə,
yeni nəsilə daha yaxşı tanıdılmasının zəruriliyini
vurğulayıb.
Professor Sayalı Sadıqova bildirib ki, R.Əskər zəhmətkeş
alim kimi bütün türk dünyasına xidmət edib. Onun
sözlərinə görə, R.Əskər tərcümə
etdiyi əsərlərin bir çoxunu həm də linqvistik cəhətdən
tədqiq edib və ortaya sanballı elmi əsərlər
çıxarıb.
İslam Sadıq, Fazil Güney, Seyfəddin Altaylı
çıxış edərək R.Əskərin uğurlu həyat
yolundan bəhs ediblər, ona təbriklərini
ünvanlayıblar.
Şair, rəssam Nəvai Mətin çəkdiyi
portreti R.Əskərə hədiyyə edib, ürək
sözlərini bölüşüb.
Sonda çıxış edən R.Əskər tədbir
iştirakçılarına minnətdarlığını
bildirib.
Nadir YALÇIN
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.8.