Azərbaycanda təhsil
alan əcnəbi tələbələrin sayı rekord həddə
yüksəlib"
Mütəxəssislərin fikrincə, bu reallıq
ölkədə ali təhsilin cəlbediciliyinin
artırılmasından xəbər verir
Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə təsis edilən Təhsil Qrantı proqramları
çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatına
üzv dövlətlərin 40 vətəndaşı müxtəlif
yerli təhsil müəssisələrində təhsil almaq
hüququ qazanıb. Ümumilikdə 2018-2023-cü illər
çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatına
üzv dövlətlərin vətəndaşları
üçün ayrılan 200-ə yaxın təqaüd
proqramı çərçivəsində yerli təhsil
müəssisələrində əcnəbi tələbələr
bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura,
doktorantura səviyyələri üzrə təhsil almaq
hüququ əldə ediblər.
Hökumətlərarası Təqaüd Proqramları
(HTP) çərçivəsində cari tədris ilində
Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və
Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil
müəssisələrində təhsil almaq hüququ
qazanıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli
deyir ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin
sayı 10 minə çatıb. Bu Azərbaycan təhsili
tarixində rekord rəqəmdir: "Son illərdə xarici vətəndaşlar
üçün təhsil müəssisələrinə
müraciət və yaşayış icazələrinin
alınması üçün xeyli iş görülüb.
Azərbaycanda oxuyan tələbələrin sayının
2026-cı ildə 75 minə çatması hədəfdir. Azərbaycanda
əcnəbi tələbələrin və onların əhatə
dairəsinin artdığı müşahidə edilir. Bunun
üçün sistemli iş tələb olunur ki,
bütün bu istiqamətdə atılan addımlar vahid
olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə
ali təhsilə qəbul 60 min nəfəri keçib. Biz bu
sayın 2026-cı ildə 75 min nəfərə
çatdırılmasını hədəfləmişik".
Nazir müavininin fikrincə, əcnəbi tələbələrin
ölkədə artmasına töhfə verən digər
addımlardan biri də özəl universitetlərin əcnəbi
tələbələr üçün
ayırdığı təqaüdlərdir:
"Düşünürəm ki, bu cür addımlar sistemli
olması təhsilimizin gələcəyi üçün
daha da səmərəli nəticələr verəcək".
Dövlət Miqrasiya Xidməti (DMX) Baş idarə rəisinin
müavini Tamilla Hacıyeva bildirib ki, bu il ali məktəblərdə
işləyən 500-ə yaxın əcnəbi professor və
müəllimə yaşama icazəsi verilib. Ölkəyə
miqrant axınını səciyyələndirən amillərdən
biri də ali təhsil sisteminin keyfiyyətinin
yaxşılaşdırılması, beynəlxalq standartlara
uyğunlaşdırılması və təhsilin cəlbediciliyinin
artırılmasıdır: "Biz bu tendensiyanı ölkəmizdə
hər il əcnəbi tələbələrin sayının
artmasında müşahidə edirik. Hazırda Azərbaycanda
yaşayan miqrantların önəmli bir qismini respublikanın
ali təhsil müəssisələrində oxuyan və
çalışan əcnəbilər təşkil edir.
Əcnəbi tələbələrlə yanaşı, ali təhsil
müəssisələrində çalışan əcnəbi
və vətəndaşlığı olmayan professor və
müəllim heyəti üçün də bütün zəruri
imkanlar təmin olunub. 2023-cü ildə professor və müəllim
heyəti üçün 500-ə yaxın yaşama icazəsi
rəsmiləşdirilib".
T.Hacıyevanın dediyinə görə, Dövlət
Miqrasiya Xidmətinin əcnəbi tələbə və
müəllimlərlə bağlı işinin digər bir
istiqaməti onların yerli cəmiyyətə
inteqrasiyasının təmin edilməsidir: "Bu istiqamətdə
Dövlət Xidməti müxtəlif layihələri icra edir
və zəruri tədbirləri görür. Ölkəmizdə
mövcud siyasi sabitlik və iqtisadi inkişaf, Azərbaycanın
multikultural dəyərləri, xalqımızın qonaqpərvərliyi
və bəşəri dəyərlərə önəm verməsi
ölkəmizdəki əcnəbi tələbələrin
özlərini rahat hiss etmələrini şərtləndirir.
Əcnəbilər, o cümlədən, əcnəbi tələbələr
arasında aparılmış sorğular onların inteqrasiya
ilə bağlı çətinliklər
yaşamadığını göstərir. Bununla belə,
Dövlət Xidməti əcnəbilərə ödənişsiz
Azərbaycan dili ilə bağlı kurslar təşkil edir, həmçinin
onların yerli cəmiyyətə inteqrasiyasına yönəlmiş
digər tədbirlər həyata keçirir".
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, qəbul
qaydalarının asanlaşdırılması Azərbaycana
üz tutan xarici tələbələrin sayına təsir
göstərib: "Qeyd edim ki, Azərbaycana oxumağa gələnlər
arasında rus, İran vətəndaşları
üstünlük təşkil edir. Qardaş Türkiyədən
gələnlərin sayında ciddi artım var. Təbii ki,
bunun birinci səbəbi "Study in Azerbaijan" layihəsidir.
Azərbaycanda hər il xarici ölkə universitetlərinin sərgiləri
həyata keçirilir. Həmçinin, ölkədən kənarda
bu istiqamətdə ciddi işlər görülür. Azərbaycan
universitetlərinin xaricdə sərgilərinin keçirilməsi,
alimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələrinin
çıxması ölkəmizdəki ali təhsil müəssisələrinə
marağı kifayət qədər artırıb".
Onun sözlərinə görə, daha çox xarici
tələbənin təhsil aldığı universitetlər
arasında Bakı Dövlət Universitetini, Naxçıvan
Dövlət Universitetini və Tibb Universitetini xüsusən
qeyd etmək lazımdır. "ADA" və İqtisad
Universitetində də kifayət qədər xarici tələbə
təhsil alır. Bu, ölkə iqtisadiyyatına çox
müsbət təsir göstərir.
Ekspert vurğulayıb ki, son illər ingilis dilində
tədrisin peşəkar səviyyədə təşkil edilməsi
də ölkəyə olan marağı artırıb. Ekspert
hesab edir ki, ölkəyə gələn əcnəbi tələbələrin
sayının artması gələcəkdə ali təhsil
müəssisələrinin dünyada reytinqini
yaxşılaşdıra bilər. Bu, həm də ali təhsil
sisteminin beynəlxalq rəqabət imkanlarını artırmağa
kömək edəcək.
Təhsil eksperti Nadir İsrafilov vurğulayıb ki, əcnəbi
tələbələrin təhsil almaq üçün Azərbaycanı
seçmələrinin əsas səbəbi Boloniya bəyannaməsinə
üzv dövlətlərin hamısı üçün tətbiqi
zəruri olan prinsiplərin həyata keçirilməsi ilə
əlaqədardır. Yəni ikipilləli ali təhsilə
keçid, kredit sisteminin tətbiqi, təhsilin keyfiyyətinə
nəzarətin gücləndirilməsi, tələbə və
müəllim mobilliyinin genişəndirilməsi, diploma əlavələrin
Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə
uyğunlaşdırılması, məzunların işlə
təminatına nail olunması və s.
Qeyd edək ki, əcnəbilərin Azərbaycanda təhsil
alması prosesi Nazirlər Kabinetinin müəyyən etdiyi və
qüvvədə olan qaydalarla tənzimlənir. Həmin
qaydalar imkan verir ki, başqa ölkələrin vətəndaşı
olan gənclər Azərbaycan universitetlərində təhsil
alsınlar. Bunun üçün mövcud yollardan biri
universitetlərin elan etdiyi qəbula qatılmaqdır. Bu zaman
xarici ölkə vətəndaşı olan şəxs təhsil
almaq istədiyi ixtisasa uyğun universitetin müəyyən
etdiyi fənn və ya fənlər üzrə müsahibədən
keçir. Yəni imtahan fənninə də, keçid
üçün qoyulan tələblərə də hər
universitet özü qərar verir.
Statistik təhlil sübut edir ki, universitetlər
arasında əcnəbi tələbələrin ən
çox üz tutduğu təhsil müəssisəsi Azərbaycan
Tibb Universitetidir. Bu, bir tərəfdən tibbə olan maraqla əlaqələndirilsə
də, digər tərəfdən tibb təhsilinin başqa
ölkələrlə müqayisədə ölkəmizdə
nisbətən ucuz başa gəlməyi ilə izah olunur.
Ümumiyyətlə, universitetlərimizdə əcnəbilərlə
iş yaxşı təşkil olunub. Məsələn,
Bakı Dövlət Universitetində (BDU) də ölkədəki
bütün ali təhsil müəssisələrində
olduğu kimi vətəndaşların qəbulu və ölkədə
təhsil alan əcnəbi tələbələrin məlumatlarının
toplanması uyğun olaraq portal.edu.az və atis.edu.az vasitəsilə
aparılır.
BDU-dan verilən məlumata görə, Türkiyə,
İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan,
Tacikistan, Banqladeş, Ukrayna, Gürcüstan, Çin, Nigeriya,
Küveyt və digər öklələrdən BDU-da təhsil
almaq üçün çoxsaylı müraciətlər
daxil olur. Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində
51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində
7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla,
ümumilikdə 127 nəfər əcnəbi vətəndaş
qəbul olunub. Bu da ötən illərə nisbətən
böyük göstəricidir.
Dünyada ən çox iqtisadiyyat və mühəndislik,
memarlıq ixtisaslarına maraq var. Ona görə də UNEC,
AzTU və AzMİU əcnəbi tələbələrin
çoxluğuna görə ölkə universitetlərinin
siyahısında ön yerlərdə olmaları təəccüb
doğurmamalıdır. Məsələn, "Prestijli
universitet olduğu üçün UNEC-i seçdiyini" deyən
Yohana Emmanuel Kitima Tanzaniyadan Azərbaycana gələn ilk tələbədir.
O, "Mühasibatlıq və audit" ixtisasına yiyələnir:
"İlk dəfə Bakıda keçirilən
Çelsi-Arsenal oyununa baxmağa gəlmişdim, Bakıdan
çox xoşum gəldi. Ona görə təhsil
alacağım universiteti də buradan seçdim. Azərbaycanın
Efiopiyadakı səfirliyi vasitəsi ilə Azərbaycan
Respublikası tərəfindən ayrılan qrant
proqramından xəbərdar oldum. Bu, xaricdə yaşamaq
üçün də ilk şans idi. Amma UNEC-ə qəbul
oluna biləcəyimə inanmırdım".
Ümumiyyətlə, universitetlərə xarici ölkə
vətəndaşlarının müraciəti təhsil
müəssisələrində təhsilin keyfiyyəti ilə
yanaşı, tədrisin ingilis dilində təşkilindən
asılıdır.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin sektor müdiri Müjdat Həsənovun
fikrincə, ölkəmizdə 4 dildə təhsil imkanı
var və bu, bir çox ölkələrdən universitetlərimizə
tələbə cəlbinə təkan verən vacib amillərdəndir.
O, son illərdə regionlardakı təhsil müəssisələrinin
də bu imkanları təmin etdiyini və nəticədə
artan nüfuzunu qeyd edib: "Sevindiricidir ki, region universitetlərində
də əcnəbi tələbə sayı artmaqdadır. Məsələn,
Gəncədə fəaliyyət göstərən Azərbaycan
Dövlət Aqrar Universiteti bu il tələbələri
arasında əcnəbi sayını kifayət qədər
artırıb".
Bu, həm də hökumətin həyata keçirdiyi
layihələrlə əlaqədardır. Azərbaycanda əcnəbilərin
təhsilə cəlbində hökumətin, Elm və Təhsil
Nazirliyinin fəaliyyətinə diqqət çəkən
sektor müdiri Azərbaycanda təhsil imkanlarını ən
yaxşı şəkildə təqdim edən "Study in
Azerbaijan" layihəsindən danışıb: "İlk
dəfə olaraq, layihə çərçivəsində
bütün universitetlərə qəbulun elektron formatı tətbiq
edilib və uğurla icra olunur. Belə ki, əcnəbi tələbə
sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən
birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə
alətlərinə, tələbənin keyfiyyətinə
uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib
cavab verir. Prosesin sonunda tələbənin məlumatları
nazirliyin portalına düşür".
Sevinc QARAYEVA
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.23.