"Koroğlu"nun
Paris nüsxəsi, Qarabağ qayğıları və ötən
əsrdə Xansuvar Qasımzadənin Fransa səfəri
Ötən əsrin 80-ci illərinin axırları
idi. Dünyanın, özəlliklə Qərbin diqqəti
sovet rəhbəri M.Qorbaçovun çökməyə
istiqamət götürən SSRİ-də apardığı
“perestroyka” siyasətində idi. Vaxt o vaxt idi ki, Qorbaçovun
iqtisadi məsələlər üzrə müşaviri
A.Aqanbekyan Fransada yaşayan ermənilərlə
görüş zamanı Dağlıq Qarabağın Ermənistana
“qaytarılması” zərurətindən
danışmış, uyğun təklifinin sovet rəhbərliyi
qarşısında qaldırdığını, məsələnin
həllinə ümidvar oluduğunu söyləmiş, bu
dedikləri fransız kommunistlərinin məşhur “Humanite” qəzeti
vasitəsilə yayılmışdı.
Xansuvar Qasımzadə o zaman Moskvada SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunda “Qərbi
Sahara problemi beynəlxalq münasibətlərdə”
mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edərək sovetlərin Qərbi Sahara üzrə
ilk mütəxəssisinə çevrilmişdi.
Qərbi Sahara münaqişəsi barədə oxucu
üçün qısa arayış: Bu, Sahara Ərəb
Demokratik Respublikası/Polisario Cəbhəsi və Mərakeş
Krallığı arasında davam edən münaqişədir.
Polisario Cəbhəsi 1973-1975-ci illərdə İspan müstəmləkə
qüvvələrinə qarşı üsyan
qaldırmış, ardınca da 1991-ci ilədək Qərbi
Sahara bölgəsində Mərakeşlə müharibə
aparmışdır. Problem həll edilməmiş qalır.
Hazırda Qərbi Saharanın böyük hissəsi Mərakeş
hökumətinin nəzarətindədir, Mərakeşin cənub
əyalətləri kimi tanınır. Bölgə ərazisinin
təxminən 20%-i isə beynəlxalq səviyyədə məhdud
sayda ölkələrin tanıdığı Sahara Ərəb
Demokratik Respublikasının idarəsi altındadır.
Bu problemi bütün incəliklərinədək
bilib yorulmadan maraqlı təhlilləri ilə araşdıran
X.Qasımzadəyə Şərqşünaslıq
İnstitutunun “Beynəlxalq münasibətlərin kompleks
problemləri” şöbəsinin alimləri, SSRİ Xarici
İşlər Nazirliyinin 1-ci Afrika şöbəsi, Diplomatik
Akademiya və Sov.İKP MK-nın beynəlxalq əlaqələr
şöbəsinin əməkdaşları da tez-tez müraciət
edir, Əlcəzair, Mərakeş, Qərbi Sahara adları
çəkilən bütün elmi və praktik tədbirlərə
onu göndərirdilər. Sahara Ərəb Demokratik Respublikası
rəhbərlərini Moskvaya səfərlərində sovet
dövləti tərəfindən o müşayiət edirdi.
Ondan problemi araşdırmasına necə və hansı səbəbdən
başladığı ilə maraqlananlara bildirəndə ki,
mövzuya qardaşının tövsiyəsi ilə
girişmişdir, “qardaşın yəqin çox elmli şəxsdir”
reaksiyası ilə qarşılaşırmış. Bunu
Xansuvar mənə gülə-gülə deyirdi. Mövzunu
ona, həqiqətən, mən təklif etmişdim, bilirdim ki,
SSRİ-nin siyasi elmlərlə məşğul dairələrində
boşluq məhz bu sarıdandır. Bu boşluğu
X.Qasımzadə öncə Kiyevin Beynəlxalq Əlaqələr
İnstitutunda Diplom işi, daha sonra Moskvada dissertasiyası,
çoxsaylı məqalələri və
çıxışları ilə doldurur, elmi dairələrdə
nüfuz qazanırdı.
Uğurlarını nəzərə alan SSRİ EA onu
Fransaya elmi ezamiyyətə göndərir.
Xansuvarın mükəmməl fransızcası vardı,
nitqi ilə fransızları heyrətləndirə bilirdi.
Fransaya yola düşməzdən öncə
Bakıya, doğmalarına baş çəkir. Atası
Qasım Qasımzadə ondan təvəqqe edir: “Qərbi
Sahara-filan öz yerində, bəs millət üçün də
bir iş gör!”. Sonra sözlərini sifarişə
çevirir. Deyir, Ədəbiyyat İnstitunun
folklorçuları məlumatlıdırlar ki, Fransada
Koroğlu dastanının araşdırılmamış bir
nüsxəsi qorunur, onu tapıb gətirsə, əməlli-başlı
xidmət olar. Xansuvar o nüsxəni mütləq
axtaracağını bildirir, sadəcə
axtarışına ipucu üçün atasının
tövsiyəsini istəyir. Q.Qasımzadə onu Ədəbiyyat
institutunun əməkdaşı, folklorşünas Bəhlul
Abdulla ilə tanış edir. B.Abdulla vaxtilə Azərbaycanı
ziyarət etmiş Jak Karo isimli bir fransız şərqşünasının
telefonunu Xansuvara verir, deyir, həmin şəxs Parisin Milli
Kitabxanasında çalışır, bu işdə ona
yardım göstərər.
Deməli, qonşularımızın
başlatdığı Qarabağ avantürasının azərbaycanlılarda
yenicə yaratdığı qəzəb dalğasında
Xansuvar bir “millət” tapşırığını da
atasından alıb yollanır Fransaya.
SSRİ EA-nı təmsil etdiyinə görə,
Parisin nüfuzlu “İnsan Elmləri Evi Fondu” (franslzca
abbrevatürü FMSH) elmi ezamiyyətinin uğurlu keçməsi
üçün bütün istəklərinin yerinə
yetirilməsinə zamin olur. Xansuvarın xahişilə
Fransanın nüfuzlu Fiqaro, Le Monde, Humanite qəzetlərinin
müxbirləri ilə görüşlərini təşkil
edirlər. O müxbirlər ölkə mediasında
sovetoloqlar, araşdırmaçı yazarlar kimi
tanınmışlar olur. Onları Xansuvarın Qərbi Sahara
probleminə baxışları deyil, SSRİ-də
perestroykanın ayrıntıları, milli respublikalarda
yaranmaqda olan hərəkatlar maraqlandırır. Xansuvar bu
kontekstdə hayların torpaqlarımıza ərazi
iddialarının mahiyyətindən ətraflı söz
açır. Hər belə görüşdən sonra ona
açıqca, çəkinmədən deyirlər müsahibəsini
dərc etməyəcəklər. Xansuvarın “bəs
demokratiya, bəs aşkarlıq?!” sual-nidası havada
asılı qalır...
Fransa qəzetlərinin haypərəstliyi onu ruhdan
salmır. Parisdə Siyasi Elmlər və Beynəxalq Əlaqələr
İnstitutunda, Ərəb Dünyası İnstitutunda və
b. təhsil və elm mərkəzlərində mühazirələr
oxuyur, görüşlər keçirir. Bu görüşlərinin
təfərrüatlarını Parisdə YUNESKO-da
çalışan Ramiz Abutalıbovla müzakirə edir.
R.Abutalıbov fransız yazarlarının adlarını
Xansuvardan eşidincə təəccübünü bildirir ki,
o məşhurlarla necə olub görüşə bilib. Nəticəsiz
olsa da bu səviyyədə görüşlərin
ümumilikdə müəyyən faydası ola biləcəyini
deyir.
R.Abutalıbov Xansuvarla Parisdə başqa bir
görüşündə ona Timuçin Hacıbəylinin
(Ceyhun Hacıbeylinin kiçik oğlu) fransızca
yazdığı “Dağlıq Qarabağ problemi” məqaləsinin
makinada çıxmış variantını göstərir.
Həmin o çap üzü görməmiş məqalədə
T.Hacıbəyli hayların ərazi iddialarına toxunur,
Qarabağın Azərbaycana məxsusluğunun tarixi-hüquqi
sənədlərlə sübutlu təhlilini verir,
qonşularımızın Azərbaycan mədəniyyətimizdən
etdikləri plagiat faktlarından (əmisi Üzeyir Hacıbəyovun
“O olmasın, bu olsun” və “Arşın mal alan” komediyalarının
erməni müəlliflərinin yazılarında guya onlara aid
əsərlər kimi təqdim edilməsini və s.-ni ifşa
edən faktlardan) bəhs edirmiş. Xansuvar o məqalənin
ksero-surətini çıxardıb götürür.
Ertəsi gün elmi ezamiyyətinə himayədarlıq
edən Fonddan xahiş edir Marsel yaxınlığında yerləşən
Eks an Provans şəhərində “Ərəb və Müsəlman
Aləmi üzrə Araşdırma və Öyrənmə
İnstitutunda (fransızca abbrevatürü IREMAM)
görüşünü təşkil etsinlər. Orada
küçələri gəzən Xansuvar sanki İrəvanda
imiş kimi hər addımında “erməni genosidi”nin təbliğatı
qəbilindən əcayib abidə, anti-türk, anti-azərbaycan
şüarlarla rastlaşır. Belə bir mühitdə 30-a
yaxın alimin toplandığı məclisdə “perstroyka”dan,
bu siyasətin milli respublikalarda doğurduğu millətçilik
hərəkatlarından söz salır. Dinləyicilərini məmnun
edən çıxışının sonunda xahiş edirlər
əsli azərbaycanlı olduğuna görə Ermənistan-Azərbaycan
münaqişəsindən daha ətraflı
danışsın. Xansuvarın “aranızda erməni
varmı?” sualına gülüşərək “yoxdur” deyirlər.
Fürsəti fövtə verməyən Xansuvar münaqişənin
mahiyyətindən necə elmi, həm də xarizmatik bir tərzdə
danışırsa, çıxışını
yekunlaşdıranda möhkəm alqışlara tuş gəlir.
Bir-bir yaxınlaşıb ona vizit kartlarını təqdim
edirlər. Paris Milli Elmi Tədqiqat Mərkəzinin siyasi
sosiologiya üzrə fəxri direktoru və Şimali Afrika və
Yaxın Şərq İctimai Elmlər Araşdırma
Assosiasiyasının Prezidenti Pyer Rober Baduel onu öz evində
şam yeməyinə dəvət edir. Şam süfrəsi ətrafında
söhbət zamanı Xansuvar çantasından T.Hacıbəylinin
məqaləsini çıxarıb ona göstərir və məqalənin
Fransada dərcinə ondan yardım istəyir. Yazını vərəq-vərəq
nəzərdən keçirən professor Rober Baduel
planlaşdırdıqları növbəti kitabda o
yazını yerləşdirəcəklərinə söz
verir. Vədinə əməl edir. “Le Monde Musulman à
l'épreuve de la frontière” (“Müsəlman Dünyası
sınaqdan keçir”) adli kitab bir neçə ay sonra
çapdan çıxacaq, Rober Baduel kitabı öz
avtoqrafı ilə Xansuvarın Bakı ünvanına göndərəcəkdi.
Xansuvar da sevinəcəkdi ki, düşmənlərimizin at
oynatdığı bir məmləkətdə T.Hacıbəylinin
çap etdirə bilmədiyi məqaləsinin dərcinə
qısamüddətli ezamiyyətində şəxsən
özü nail olmuşdu. R.Abutalıbov Xansuvarın bu fərasətindən
də heyrətlənmişdi.
Sonralar taleyinin diqtəsi ilə elmi işlərindən
aralı düşüb biznes fəaliyyəti ilə məşğul
olan Xansuvar R.Abutalıbovla Parisdə başlatdığı
dostluğunu davam etdirirdi. 90-cı illərin əvvələrində
bir dəfə R.Abutalıbov Qarabağ həqiqətləri
barədə Parisdə kitab çıxarmağın
mümkünlüyü barədə ona demiş, maliyyə
çatışmazlığı üzündən çapa
artıq hazır bir kitabçanı orada mətbəəyə
verə bilmədiyindən şikayətlənmişdi. “Azərbaycan
Assosiasiyası”nın mərhum prezidenti Elxan Məmmədov bu
kitabçaya maliyyə ayrılması ilə bağlı
Xansuvarın xahişini nəzərə almışdı.
Xansuvar da o zaman üçün az olmayan bir məbləği,
35000 rublu nəqd şəklində şəxsən
özü R.Abutalıbova vermişdi. Nəticədə
Xansuvarın vasitəçiliyi, E.Məmmədovun səxavəti,
R.Abutalıbovun təşkilatçılığı ilə
bir neçə belə kitabça Fransada
yayılmışdı. Yeri gəlmişkən, E.Məmmədovun
başqa xidmətini də buradaca qeyd etməyə bilmirəm:
respublikamızın informasiya blokadasında olduğu bir zaman rəhbərlik
etdiyi şirkərin maliyyəsi ilə Moskvadan Bakıya bir təyyarə
ilə Qərb müxbirlərinin gəlişini təşkil
etmişdi ki, Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasına vəsilə olsunlar. Mərhum E.Məmmədovun
o zaman heç ağlına da gəlməzdi ki, perestroyka
dövründə Azərbaycanın ilk biznesmeni kimi etdiyi bu vətənpərlik
jestini Moskvanın təhlükəsizlik xidmətləri ona
bağışlamayacaq və taleyini torlu, tozanaqlı,
dumanlı dolambaclara sürükləyəcək...
Fransa səfərində Xansuvarı bir gün də
rahat buraxmayan başqa bir qayğısı atası
Q.Qasımzadənin haqqında qeyd etdiyim xahişi ilə
bağlı idi. “Koroğlu”nun Paris nüsxəsinin
axtarışını səfərinin sonuna
saxlayıbmış. Arxayın imiş ki, Bakıda telefon
nömrəsini B.Abdulladan götürdüyü Jak Karo ona həmin
nüsxənin harada saxlandığını dəqiq deyəcək,
o da xüsusi səy göstərmədən hansısa
kitabxanada əlyazmanın filmini, ksero-surətini
çıxartdırıb Bakıya gətirəcəkdi. Jakla
görüş tarixini əvvəlcədən zəngləşib
müəyyənləşdirsə də, mətləbinin nə
olduğunu deməyibmiş.
Bir daha zəngləşirlər,
görüşürlər. Xansuvar xahişini
açıqlayır. Bəlli olur ki, Bakıda Jakın telefon
nömrəsini Xansuvara çatdıran B.Abdulla bu fransızla
sadəcə, necə deyərlər, atüstü söhbət
edibmiş və bu fransızın da elmi maraqlarında
“Koroğlu” adında bir nəsnə yoxmuş. Söhbət əsnasında
Jak Xansuvara yəhudi əsilli olduğunu deyir. Onu da daha
çox siyasi məsələlər
maraqlandırırmış. SSRİ-də perestroykadan, Ermənistan-Azərbaycan
münaqişəsindən söz düşür. Xansuvar
görəndə ki, bu fransız həmkarı haylara rəğbəti
ilə görüşdüyü yazarlardan heç fərqlənmir,
ondan haylara Fransa vətəndaşı, yoxsa yəhudi kimi rəğbətli
olduğunu soruşur. Deyir, Qarabağın Azərbaycan ərazisi
olduğunu bilir, amma gülə-gülə də əlavə
edir, haylara həm fransız, həm yəhudi kimi rəğbəti
var. Yəhudi kimi ona görə ki, “erməni genosidi” onun
altşüurunda yəhudi holokostu ilə assosiasiya yaradır.
Xansuvarın dilxorçuluğunu aradan qaldırmaq
üçün onu Mərakeş restoranında nahara dəvət
edir. Nahar zamanı ona axtarışını başqa yerdə
deyil, məhz əlyazmalarla zəngin Paris Milli Kitabxanasında
aparmağı tövsiyə edir.
Xansuvar vaxt itirmədən baş vurur həmin
kitabxanaya. Orada onu çətinliklər gözləyirmiş.
Kitabxanaçılara nəyi axtardığını izah etsə
də, sadəcə deyirlər, kartotekaları ələk-vələk
eləsin, vəssəlam. Geriyə dönüşünə
bir həftə qalıb, ümid edir fransız, ingilis
qaynaqlarında “Koroğlu”nun Paris nüsxəsinə
hansısa bir istinad olar. 4 gün ərzində səhərdən-axşamadək
saysız-hesabsız kartotekaların içində itib-qalan
Xansuvar ruhdan düşmür, elə hey axtarır,
axtarır... Onun bu tövrünü sezən
kitabxanaçılardan biri təklif edir
axtarışını fars dilli kartotekalarda davam etdirsin.
Farscanı bilmir, ərəb əlifbasını ki, bilir,
ümidlidir, hansısa kartotekada “Koroğlu” sözünə bəlkə
rast gələ. İşin gedişatında xeyli sayda
M.Ə.Rəsulzadə yazıları ilə rastlaşır,
onları da sifariş edir. 5-ci günün sonunda
kartotekaların birində “Koroğlu” sözünə rast gələndə,
böyründə də fransızca “əlyazma”
sözünü oxuyanda gözlərinə sanki işıq gəlir.
Dərhal sifariş verir əlyazmanı gətirsinlər.
Baxanda ki, gətirdikləri bir yığın
kağızdır, ümidi artır. Kağızları diqqətlə
nəzərdən keçirərkən şeirləri azərbaycan
dilində oxuya-oxuya yəqin edir ki, bu elə onun
axtardığı dastan nüsxəsidir. Müəyyən məbləğ
ödəyib əlyazmanın ksero-surətini sifariş edir. Gətirirlər.
Ona deyirlər, istəsə əlyazmanın mikrofilmini də
sifariş verə bilər. Sevincindən uçan Xansuvar tərəddüd
etmədən ezamiyyət üçün ona ayrılan məbləğdən
400 frank da ödəyib sifarişini edir. Elə bilir, bu
mikrofilm tez hazır olar, nə qədər gözləməli
olduğunu soruşur. Deyirlər, iki-üç gündən
sonra gəlib apara bilər. Xansuvar da elə iki gündən
sonra SSRİ-yə qayıtmalı imiş. Bunu
kitabxanaçılara bildirəndə deyirlər, narahat
olmasın, mikrofilmi Sovet İttifaqında istədiyi ünvana
poçtla göndərə bilərlər. Xansuvarı fikir
götürür. Düşünür, xaricdən göndərilən
bütün bağlamalar sovet təhlükəsizlik xidmətinin
filtrindən keçəndən sonra ünvanlarına
çatır, birdən “Koroğlu”nun mikrofilmi həmin filtrdə
ilişib qalar, it-bata düşər. Ağlına
R.Abutalıbovun Paris ünvanını gətirir, kitabxanaçılara
deyir, bir müddətdən sonra göndərilmə
üçün onlara lazımi ünvan bildirər.
Gəlir R.Abutalıbovun yanına, “Koroğlu”nun Paris
nüsxəsi ilə bağlı nə iş
gördüyünü, necə
çalışdığını, nəhayət, əlyazmanı
necə tapdığını ona təfsilatı ilə
danışır. R.Abutalıbovun Parisdə belə bir əlyazma
haqqında məlumatı heç yox imiş, Xansuvarı bu
tapıntı münasibətilə təbrik edir. Xansuvar
ödənişini etdiyi əlyazmanın mikrofilminin itə biləcəyindən
narahatlığını da onunla bölüşür, Parisi
tərk etməli olduğuna görə mikrofilmi kitabxanadan
götürə bilməyəcəyini bildirir. Abutalıbov
deyir, kitabxanaya onun ev ünvanını versin, çünki
bir ay sonra onsuz da Bakıya getməlidir, mikrofilmi öz
çantasında aparar. Xansuvar xahiş edir, mikrofilmi Bakıda
Ədəbiyyat institutuna çatdırsın.
Parisdən geri dönən Xansuvar “Koroğlu”nun Paris
nüsxəsinin ksero-surətini atası Q.Qasımzadəyə
təhvil verir, o da öz növbəsində aparır Ədəbiyyat
İnstitutuna, əlyazma surətinin əldə edilməsinə
oğlunun töhfəsinə dair təfərrüatları
iş yoldaşlarına nəql edir. R.Abutalıbov bir ay sonra
Xansuvarın onun Parisdə ev ünvanına göndərtdiyi
mikrofilmi Bakıya gələndə Akademiyanın Ədəbiyyat
İnstitutuna çatdırır.
Təbii ki, Bakıda ilk sevinən Q.Qasımzadə
olur. Xansuvara deyir, “sənin bu xidmətini gərək
xüsusi qeyd edək, Ədəbiyyat institutunda
yığıncaq təşkil edərəm, gəlib əlyazmanın
təqdimatını edərsən, folklorşünaslıqda
hadisədir, bu tapıntıya dair dissertasiya yazılacaq,
araşdırmalar aparılacaq...”. Xansuvar “sənə təşəkkür
etsinlər, bəsimdir, mənim təqdimatıma nə ehtiyac,
sahəm də deyil axı...” deyib gözütoxluqla
yaxasını kənara çəkir
...O zamandan çox keçib, 34 il. Dastanın Paris
nüsxəsinin nəsr hissəsi farscadır. Bu mətni
dilimizə farscadan Qulamrza Budaqi tərcümə etmişdir.
1997-ci ildə Ozan nəşriyyatında, 2005-ci ildə Şərq-Qərb,
eləcə də Lider nəşriyyatlarında İsrafil
Abbaslının şərhləri və ön sözü, Bəhlul
Abdullanın redaktorluğu ilə çapdan
çıxmışdır.
Ön sözlərində “Koroğlu” dastanının
İran nüsxəsinin Parisə necə getdiyi barədə təfsilatlar
yazıldığı halda, “Paris nüsxəsi” kimi məşhurşalan
dastan variantının Bakıya necə gəlib
çıxdığı barədə ya heç nə
yazılmır, ya da çox lakonik bir ifadə keçir:
“Dastanın respublikamıza gətirilməsinə
yardımçı olmuş Paris Milli Kitabxanasının əməkdaşı
Jak Karo, o zaman BMT-nin mədəniyyət məsələləri
üzrə şöbəsində (YUNESKO) çalışan
həmyerlimiz Ramiz Abutalıbov xüsusi təşəbbüs
göstərmişlər”.
Bu ifadənin həqiqətə dəxli
olmadığı yuxarıdakı ayrıntılardan
aydındır.
O ayrıntıları aydınlıq üçün
yazdım: tarixdə nə baş verirsə, olduğu kimi
bilinməlidir. Həm də ona görə yazdım ki,
Qasım Qasımzadənin Xansuvarın özünə dediyi
bu sözlər uzun illərdən sonra ədəbi-elmi
ictimaiyyətin də diqqətinə çatsın: “Sənin
bu xidmətini gərək xüsusi qeyd edək...”
Nəriman QASIMOĞLU
525-ci qəzet.-2024.- 13 yanvar, ¹6.- S.20;21.