Aqşin Yenisey: “Təəssüf elədiyim yeganə
şey odur ki...”
“Yaxşı insanlar məni qorudular, amma şair
öldü”
Nə nəsrini o qədər sevə bildim, nə fəlsəfəsini.
Mənim üçün Aqşin Yenisey şeirdən
başlayır, nəsrindəsə candərdi yaşayır.
Əminəm ki, şair üçün darıxan tək mən
deyiləm. Müsahibimiz şair, yazıçı Aqşin
Yeniseydir.
- Şair Aqşinə nooldu?
- Şairlik aşiqlik hadisəsidir. Aşiqlər isə
eşq qanunlarına görə tez ölməlidir. Hətta
belə bir misram da var: “Nədən ölüm çəkər
aşiqin nəfsi?” O vaxt ölən mən deyildim, şair
idi. Azərbaycan dövləti və yaxşı insanlar məni
qorudular. Amma şairi qorumaq mümkün deyil, şair
öldü.
- Niyə dəli Kür, yaralı Araz yox, Yenisey?
- Bu, bir az təsadüf, bir az da şüuraltıdan
gələn informasiyanın təzahürüdür. Mənim
“mütləq bir təxəllüsüm olmalıdır” deyə
bir iddiam olmayıb. Deməli, o vaxt öz imzamla bir yazı
yazmışdım, çox qalmaqal yaratmışdı. Mənə
dedilər ki, qonorar almaq istəyirsənsə, Aqşin
imzası ilə yazma, başqa təxəllüs götür.
Həmin dövrdə də qədim türklərlə
bağlı bir kitab oxuyurdum. Kitabdakı əhvalatlar
Orxon-Yenisey bölgəsində baş verirdi. Beləcə,
Yeniseyi qamarladım. Elə bu imza ilə yazdığım
“Muğamın birinci qanunu” da qalmaqallı yazı oldu.
Yazının məğzi bu idi ki, bizə muğam
oxumağı öyrədənlər uranı zənginləşdirir,
biz isə muğamı. Hətta o vaxt rəhmətlik Habil
Əliyev haqqımda danışanda “O yeni şeydi, nədi”
demişdi. Bir yanda Aqşin imzası ilə yazırdım, bir
yanda Yenisey. Sonra qərara gəldim ki, bu iki adı nikah
masasına dəvət edim.
- Muğamla bağlı fikirləriniz dəyişməyib
ki?
- Yox, dəyişməyib. Muğam bir mədəniyyət
faktıdır. Azərbaycan mədəniyyətinin bir elementi,
ümumilikdə isə Şərq mədəniyyətinin
instrumental platformasıdır. Mən o vaxt yazanda və izah etməyə
çalışanda ki, muğam mənəvi dimedroldur, bir
xeyli muğamsevər cavab verdi ki, muğamın müxtəlif
bölmələri var ki, orada cəngi, döyüş ruhu
var. Bunlar hamısı muğama sonradan əlavə olunmuş
elementlərdir. Mədəniyyət tarixində yarandığı
dövrdən bu günə qədər öz forma və məzmununu
olduğu kimi saxlamış janr yoxdur. Muğam dini musiqidir,
hücrəvidir, sosial məzmunu yoxdur, fərdi kamilliyə
önəm verən Şərq mistisizminin heç vaxt ictimai
funksionallığı olmayan bir janrıdır. Muğamı
funksionallaşdırmaq üçün onu emal etməlisən,
necə ki, Üzeyir Hacıbəyli bunu etdi və muğamla
muğam toplumunun məşədiibadlıq problemini
açıb göstərdi. Teyxa muğamla cəmiyyətdə
hər hansı bir sahədə şüur
sıçrayışı həyata keçirmək
mümkün deyil. Təbii ki, muğamı sevənlərinin əlindən
almaq da olmaz, qədim Şərq mədəniyyətinin bir
parçası kimi yaşadılmalı və dünyaya
cürbəcür boğazlardan təqdim edilməlidir. Lakin
muğamı mədəniyyətimizin dominant sahəsinə
çevirmək bizim dünyəvi dəyərlərdən xəbərsizliyimizin
əlamətidir. Digər tərəfdən bizi ekzotik mədəniyyət
daşıyıcısı olan, modern mədəniyyətdən
uzaq toplum görüntüsünə pərçimləmək
istəyən postmodern kolonializm siyasətinin təzahürüdür.
Mədəniyyətimizin qədimliyinə icazə verməməliyik
ki, cəmiyyəti də ucdantutma qədimləşdirsin.
- Sizcə, dünyəviliyin diktəsi ilə ənənəvi
dəyərlər arasındakı zidiyyəti dərinləşdirən
əsas amillər nələrdir?
- Sosiologiya elmi artıq xeyli klassik dəyərlərin
yeni çağ həyatında tətbiqinin problem
yaratdığını görür. Biz hələ də
Orta əsrlərin folklorik, filoloji dəyərləri ilə
yaşayan cəmiyyətiyik. On doqquzuncu əsrdən bu tərəfə
elm-intellektual kültürün hakim olduğu dünya
düşüncəsi bizim həyatımızda yoxdur. Ona
görə də dünyagörüşümüz müasir
hadisələrin izahında bizə kömək edə bilmir.
Bizi çox rahat şəkildə demokratiya, insan haqları,
söz və fikir azadlığı kimi liberal və neoliberal
dəyərlərin tələsinə salıb kölələşdirmək
olar. Çünki bu dəyərlərin fəlsəfi,
sosioloji təhlili bizim cəmiyyətimizdə
aparılmayıb. Azərbaycanda demokratiya, insan haqları,
söz və fikir azadlığı kimi humanist
anlayışların yalnız siyasi gecəqonduları
yaradılıb. Bu gün isə dünyada insanın insan
adlı rəqibi yoxdur, süni zəka adlı rəqibi var.
Süni zəkalar dünyasının üzərinə və
ya önünə muğamla, yaxud hər hansı Orta əsr dəyəri
ilə getmək uğurlu heç nə vəd etmir. Gəlin
sizə feminist bir qeybət edim. “Qızını döyməyən
dizinə döyər”. Belə bir atalar sözümüz var.
Bizdə sosiologiya elmi və sosioloji araşdırmalar,
statistikalar olmadığına görə biz bu klişeni
ucdantutma bütün atalara və qızlara aid edirik. Amma min nəfər
ata arasında sorğu keçirsək ki, qızını
döyən və döyməyən ataların neçəsi
bu gün dizinə döyür, neçəsi döymür, kəlləmayallaq
bir durumla üzləşərik. Biz əxlaqı etika və tərbiyə
kimi başa düşürük ki, bu da birmənalı olaraq
uzun müddət müstəmləkəçilik
qamçısı altında böyüməyimizin nəticəsidir.
Qamçı olan yerdə əxlaq və etika yoxdur, tərbiyə
var. Bu gün ictimai rəy hər yerdə – metroda, ədəbiyyatda,
televiziyada, mediada, ailədə – bizdən əxlaq yox, tərbiyə
tələb edir, yəni öyrədilmiş vərdiş və
davranışların icrasını. Tərbiyə təşkil
və tərtib olunmuş sintetik bir proqramdır. Dəyişkəndir,
zorakıdır, təmənnalıdır. Əxlaqa pis vərdişlər,
adətən, tərbiyə vasitəsilə daxil olur. Bunu
araşdıran sosioloji bir araşdırma varmı? Tərbiyəni
göylərə qaldıran klişelər isə xirtdəyəcəndir.
- Bizdə bu praktikanın tətbiqi niyə ləngiyir?
- Folklorik, filoloji düşüncənin kütləvi
elitarlığı! Elmi, araşdırmaçı
kültürün Azərbaycanda yoxluğu. Folklorik kəhanət
kahinləri elə bilir ki, elmi kültür ölkəyə
ayaq bassa, heç kim Dədə Qorqudu, yaxud Koroğlunu
tanımayacaq. Əslində, söhbət Koroğlu, Dədə
Qorqud davası deyil, akademik nüfuz davasıdır. Bu adamlar
atalar sözlərindən, holavardan, bayatından-filandan
müdafiə edib, akademik, professor rütbəsi alıblar, bu
gün də onun kababını yeyib, vodkasını
içirlər. Buna görə də istəmirlər ki, elmi
kültürün praktikası Azərbaycana gəlsin.
Çünki bu praktika gəlsə, məlum olacaq ki, bu
gün inandığımız ictimai dəyərlərin bəlkə
də, yetmiş faizi zərərlidir. Azərbaycanda söz və
fikir azadlığının boğulduğu yeganə
mühit elmi-akademik mühitdir. Bir balaca iradə ortaya qoyulsa,
Azərbaycan mədəniyyətində qısa zamanda çox
ciddi dünya səviyyəli nümunələr yaradıla bilər.
ABŞ-da Reyqan, İngiltərədə Tetçer hakimiyyəti
zamanı olduğu kimi, Azərbaycanda da dövlət cəmiyyətin
bəlli kəsimlərini incəsənətə dəstəyə
vadar etməlidir. Mədəniyyət tamamilə zorakı
prosesdir. Hazırda “Azərbaycan mədəniyyəti-2040”
dövlət strategiyası hazırlanır və bunun ətrafında
çox gərgin müzakirələr gedir. Yollar
axtarılır ki, köhnələri incitmədən, yeniləri
məhv etmədən Azərbaycan mədəniyyətini bu
bolşevizm durğunluğundan necə çıxaraq?
Düşünürəm ki, 2024-cü il bu dəyişikliklərin
real baş verəcəyi il olacaq. Bu il bizi 2040-a aparan yolun ilk
addımları atılacaq.
- Nəzərə alsaq ki, biz keçmişə
bağlı toplumuq, köhnələri incitmədən bu
işin öhdəsindən gəlmək çətin məsələdir.
- Mədəniyyət inqilabları sevir, ehkamları
yox. Sənət, fəlsəfə
funksionallığını itirəndə girdaba
çevrilir. Azərbaycan mədəniyyətinin gələcəyi
yaradıcı, intellektual məktəblər üzərində
formalaşmalıdır. Ədəbiyyatda da fəlsəfi,
estetik dəyərlər sistemi olmalıdır ki, hər yerindən
duran onun prinsiplərinə xor baxa bilməsin. Məsələn,
Üzeyir Hacıbəyli prinsipləri olan bir musiqi məktəbi
miras qoyub və o məktəb öz bəhrəsini zamanla
göstərib. O məktəbin tək-tük yetirmələri
bu gün də var. Məsələn, bəstəkar Firudin
Allahverdi. Bəlkə də, Firudin bu məktəbin son səsi,
nəfəsidir. Biz həmin məktəbi qorumalıyıq. Azərbaycanda
ictimai şüurda iki qütb var: istedad və mühit. Məktəb
bu ikisinin arasında olan bir təsisatdır. İstedadı məktəb
mühit üçün hazırlayır. Bizdə istedad da
var, mühit də, ancaq məktəb yoxdur. Ona görə də,
bu iki qütb arasında bir-birini tanımamaq bəlası var.
İstedad mühitin şərtlərini, mühit də
istedadın eqosunu qəbul etmir.
- Bu mübarizədə qalib gələn, adətən,
hansı tərəf olur?
- Bizdə çox vaxt mühit istedadı məhv edir.
- Amma sizi məhv edə bilmədi. Baxmayaraq ki,
imzanızın tanınmağa başladığı
dövrdə də analoji problem vardı. Həm də daha kəskin
formada.
- Mənim ədəbiyyat aləmində sağ
qalmağım tamamilə təsadüfdür.
- Bu qədər təsadüf? Sizinlə eyni dövrdə
ədəbiyyata gələn və bu gün də
mövcudluğunu qoruyan kifayət qədər imza var.
- Biz ədəbiyyata “talpa”yla gəlmişdik. Bəs
bu gün neçə Aqşin Yenisey qalıb? İki, ya
üç. Halbuki o vaxt hər qəzetin bir ədəbiyyat səhifəsi,
hər səhifənin öz yazarları vardı. Mühit
onlara neynədi? Birini taksi sürücüsü, birini
oğru elədi, birini Moskvaya badımcan satmağa göndərdi,
birini bənna elədi, birini fəhlə. İstənilən
daşlıq əraziyə aparıb bir ton buğda səpsəniz,
onların içərisindən bir-iki dənəsi cücərəcək.
Məni Azərbaycan ədəbiyyatında ölməyə
qoymayan filoloji yox, bioloji qanunlardır.
- Babəkin oğlu təsadüfən sağ
qalmamışdı axı.
- Babəkin oğlunu sağ saxlayan şərtlərlə
biz də razılaşmamışıq. O şərtlərlə
razılaşanların heç biri bu gün ədəbiyyatla
məşğul deyil. Həmin şərtlərlə
mübarizə aparanlardan iki-üç nəfər sağ
qaldı. Bizi də o adamlar pis-yaxşı qorudular ki,
onların Azərbaycan ədəbiyyatına yaxından-uzaqdan
dəxli yoxdur. Məsələn, iyirmi bir yaşımda
Bakıda ev almaqla, məni böyük bir məişət
qayğısından xilas edən Rusiyada yaşayan əmim
olub. Halbuki o, Azərbaycan dilində yazıb-oxuya bilmir.
Əmim mənim nə yazdığımı başa
düşmürdü. Yaxşı ki də başa
düşmürdü, başa düşsəydi, azərbaycanlı
damarı tutacaqdı. Bəlkə, mənim
şansımdır ki, azərbaycanca yazıb-oxumağı
bacarmayan adam mənə yazıb-oxumaq üçün şərait
yaratdı. Əmim Moskvada böyüyüb, təhsil alıb
uzun illərdir orada yaşayır. Əslində, o, evi də mənə
almamışdı, rus cəmiyyətinin onda
yaratdığı kitab yaza bilən adam obrazına
almışdı.
- Aqşin bəy, Azərbaycan dilinin bügünkü
vəziyyəti ilə bağlı problemlər sizin
yazılarınızda, çıxışlarınızda
aktuallığını daim qoruyur. İstərdim, bir qədər
bu haqda danışaq.
- Azərbaycan dilinin gələcəyi haqqında
çox bədgümanam. Bu barədə boyum çatan hər
yerdə dəfələrlə demişəm ki, Azərbaycan
dilində sürətli islahatlar aparmaq lazımdır. Folklorik
düşüncə daşıyıcısı olduğumuza
görə bizdə hələ də o fikir hakimdir ki, dili
yazıçılar və şairlər inkişaf etdirməlidirlər.
Müasir çağda dili yaradanlar rəqəmsal
dünyanın mühəndisləri, genetika, kibertəhlükəsizlik,
süni zəka mühəndisləridir. Şairlər,
yazıçılar humanitar, filoloji çağda dilə nə
qata bilirdilərsə, qatdılar. Bu gün sizin süni zəka
haqqında bilginiz yoxdursa, siz dilə hansı sözü gətirəcəksiniz?
Məsələn, bu gün Azərbaycan Folklor
Akademiyasının dil islahatları aparması faydasız
işdir. Dilimizin hazırkı problemi “şpilka” sözünə
qarşılıq tapmaması yox, texnoloji çağın
dil elementlərini yarada bilməməsidir. Azərbaycan dilində
yaşamaq statusu verilməmiş, yəni yazılı dilimizə
daxil etməyə cəsarət etmədiyimiz sözlər var.
Gündəlik həyatda müasir texnologiyalara aid başqa dillərdən
alınıb işlətdiyimiz onlarla söz var. Amma icazə
vermirik ki, o sözlər bizim yazılı dilimizə girsin.
Çünki yazılı dilimizə gəlsə, yaşamaq
statusu qazanacaq və bizə elə gəlir ki, o əcnəbi
sözlərin ilk işi Dədə Qorqudu bu qoca vaxtında
evdən qovmaq olacaq. Beləcə, yazılı dilimiz
çağdan geri qalır. Dillər adətən
çağdan çağa keçid baş verdikdə
ölürlər. Bu gün də dünya ideologi
çağdan texnoloji çağa keçir. Azərbaycan
dili iyirmi birinci əsrdə bu sözlərdən məhrum
olduğuna görə məcbur öz ehtiyatında olan
sözlərin mövzularını yazır. Köhnə
mövzularda çıxış etməyimizin səbəbi
yeni mövzuları yaradacaq söz ehtiyatımızın
olmamasıdır. Məsələn, bu yaxınlarda süni zəka
haqqında satirik bir hekayə yazmağa cəhd etdim. Hekayədə
süjet belədir ki, Yaponiyada oxuyan azərbaycanlı tələbə
orada özünə süni zəka bir arvad düzəldib
Salyana gətirir. Bir müddət sonra mentalitet qurcalanır ki,
bəs gəlinimiz niyə doğmur. Süni Zəkiyyəni gəzdirmədikləri
cindar, falçı, yedirtmədikləri ilan-qurbağa əti,
içirtmədikləri yarpız, əvəlik suyu qalmır.
Hekayənin sonunda axır ki, milli mentalitet süni zəkanı
doğuzdurur. Hekayəni özüm oxuyanda gördüm ki,
dili çox bərbaddır. Sanki mətn bir kompüter
ustası tərəfindən yazılmışdı.
Çünki gəlinin bütün orqanları, yəni daxili
gözəlliyi texnoloji avadanlıqlar idi.
Falçıların üstdən əlləşdirdiyi
detallarda istifadə olunan sözlərin heç birinə bizim
yazılı dilimizdə status verilməmişdi.
- Fəlsəfi ifadələrə, terminlərə
sizin mətnlərinizdə tez-tez rast gəlirik. Bəzən
deyirlər ki, Aqşinin son dövrlərdə
yazdıqları ədəbiyyatdan çox fəlsəfədir.
- Onu ancaq Azərbaycanda deyirlər. Çünki bizdə
heç bir işin fəlsəfəsi, fəlsəfi məktəbi
yoxdur, sənət əsərləri görünən
dağa bələdçiliklə məşğuldur. Sənət
fəlsəfəsiz də mümkündür deyirlər.
Tamamilə yanlış düşüncədir. Siz fəlsəfəsi
olmayan bircə dənə gözəl əsər adı deyə
bilərsinizmi? Sənəti fəlsəfədən təmizləmək
nə deməkdir? Allahın heç bir məktəbinə
getməmiş Aşıq Ələsgərin poeziyasında
belə fəlsəfə var. Bu, ondan irəli gəlir ki,
“like” dövründə qəribə yazıçı,
şair tayfası ortaya çıxdı. Onlar ömründə
kitab oxumamış adamların yazıçısı,
şairi oldular. Dediyiniz məsələ sənət tarixindən,
nəzəriyyəsindən xəbəri olmayanların
uydurduğu bir şeydir. Bunların hamısı sənətin
ustalıq mərhələsinə ucalacaqlarına inamı
olmayanların sənət haqqında mülahizələridir.
Onların yaradıcılığında fəlsəfə həqiqətən
çox gülməli görünərdi.
- Qulun küfründə də gizli iman var!
Necə ki ilanın zəhrində can var.
Nə qədər məkan var və laməkan var,
Sufini şərabdan məhrum eyləmə!
Bu məhrumiyyət həyatınızda çox
şeyi dəyişməyib ki?
- Yaradıcı adamlar həzlər və əzablar
dünyasına düşkün olurlar. Bunun arxetipik,
psixoanalitik və s. səbəbələri var. Bir dövrdə
içki mənim üçün həzzin ən əlçatanı
idi. Aşırı əzab həzzə çevrilə bildiyi
kimi, aşırı həzz də əzaba çevrilə
bilir. Hər iki halda şəxsiyyət pozğunluğu
qaçılmazdır. Ya da orqanizm tələf
olmalıdır. Yaxşı ki, bu proses məndə şəxsiyyət
pozğunluğu ilə nəticələnmədi, yalnız
orqanizmimə yüngül zərbə vurdu. Təəssüf
elədiyim yeganə şey odur ki, vaxtında bunu
düşünmədiyim üçün indi
özümü içki kimi metafizik bir həzdən məhrum
eləmişəm. Onsuz da bu həyatda insana zövq yaşadan
mənbələr çox deyil.
- “Mən səndə hər şairin
ölümündən bir az axtardım və tapdım”. Bu, 10
il qabaq siz ölüm yatağnda olarkən Mirşahin sizə
verdiyi sualda səslənən fikirlərdir. Ölümlə
savaşda qazanan siz oldunuz. Bəs eyni müqayisəni
yaşadığınız ömür üzərindən
aparsaq, kimlərin adını çəkərdiniz?
- Ömrün müqayisəsi çətin məsələdir.
Amma Azərbaycan ədəbiyyatında böyük şair
yetişdirə bilən bir istiqamət mövcuddur. Həmin
istiqamətdə Füzuli, Nəsimi, Seyid Əzim, Hüseyn
Cavid, Əli Kərim, Vaqif Bayatlı var. Özümü o
yolun davamçısı hesab edirəm. Həmin yolda
ömür şair üçün bir o qədər də
böyük əhəmiyyət daşımır. Mənim
şəxsi həyatım da mənim üçün ciddi ədəbi
hadisə deyil. Adlarını sadaladağım şəxslərin
həyatına baxsanız, görəcəksiniz ki, onlar öz
ömürləriylə heç vaxt yoldaşlıq etməyiblər.
Mən də ömrünün qeydinə qalan şairlərdən
deyiləm...
Aytac SAHƏD
525-ci qəzet.-2024.- 13 yanvar, ¹6.- S.16;17.