O OĞLANA GÜL APARMIŞ O QIZIN
ETİBARI
Ocaqlar söndürən, fəlakətlər gətirən,
dağıdıb yox edən dəhşətli müharibə
onu həm qorudu, qarşılaşa biləcəyi fəlakətlərdən
xilas etdi, sonrakı irəliləyişləri, yüksəlişləri
üçün yol açdı, həm də öz mənhus
mahiyyətinə sadiq qalaraq onun səhhətini biryolluq zədələdi,
yaşamasına qısa bir möhlət versə də,
axırı ki, həyatını da əlindən aldı.
Ənvər Əlibəyli 1916-cı ildə
doğulmuşdu. Aprelin ilk günündə. Bəy nəslinin
övladı idi və dövr də elə dövr idi ki, ləyaqətin,
vüqarın, əsilzadəliyin, imkanlılığın
nişanəsi olan bəylik dönüb olmuşdu qorxu mənbəyi.
Şura hökuməti ayaq üstdə durduğu gündən
xanı-bəyi, mülkədarı-zəngini sinfi düşmən
elan etmişdi, belə ailələrin əlində olanları
qamarlamaqla ürəyi soyumamışdı, onları təqib
etmişdi, sürgünə göndərmişdi, zindanlara
atmışdı, güllələrə tuş gətirmişdi,
köklü-köməcli nəsilləri pərən-pərən
salmışdı. Sirr deyildi ki, Ənvərin də
adının yanında daşıdığı xatalı
soyadı bu quruluş içərisində, belə
gedişatla yaxşı heç nə vəd etmirdi. 1920-30-cu
illərdə tam gücü ilə işləyən sovet
siyasi repressiya maşını bu qəbildən olanların
çoxlarını dənləyib xəlbirindən
keçirmişdi, yəqin, elə 1940-cı illərdə də
həmin iblis dəyirmanı say-seçmələri
üyütməkdə davam edəcəkdi. Amma İkinci
Dünya müharibəsi qara kölgəsini SSRİ-nin də
üzərinə çəkdi və davanın
başlanğıcında düşmənlə müqayisədə
xeyli zəif olan sovetə türmələrdə, həbs
düşərgələrində çürütməkdənsə
milyonlarla vətəndaşını ət kimi topun-tüfəngin
ağzına verib müqavimət gücü toplayanadək
vaxt qazanmaq daha sərfəli gəldi. Uzun müharibə
çox taleləri dəyişdi, həyat adi axarıyla davam
edərsə "xalq düşməni" damğasından
qurtula bilməyəcək neçələri cəbhədən
qalib ordunun qəhrəmanları kimi qayıtdılar, hələ
neçələri də savaş gedişində həbsdən,
sürgündən azad olunaraq ölkənin müdafiə
qüdrətini artırmağa səfərbər edildilər,
qabiliyyət və hünər nümayiş etdirib təltiflərə
layiq görüldülər, nə qədər tərsəməzhəb
səslənsə də, müharibədən
yarıdılar.
1941-ci ildə, dava başlananda Ənvərin 24
yaşı təzəcə tamam olmuşdu. 25-nə
çatanacan həm Tibb texnikumunu, həm Azərbaycan Dövlət
Universitetindəki Fəhlə fakültəsini, həm də
Pedaqoji İnstitutun Fiologiya fakültəsini bitirmişdi.
Başlanan müharibə onu daha bir təhsil almağa yönəltdi.
Tiflisdə Topçular Hərbi məktəbini bitirərək
leytenant rütbəsi aldı və könüllü olaraq
ön cəbhəyə getdi. Onsuz da istədin-istəmədin,
hamını əsgər aparırdılar və
"könüllü" kəlməsini də cəbhəyə
gedənlərin hər birinə aid etmək o dövrdə rəsmi
yazı dəbi idisə də, Ənvər, həqiqətən,
hərbi xidmətə və özü də ön cəbhəyə
can atanlardan idi. "Böyük Vətən müharibəsi"
deyilən və 5 il uzanacaq üzüntülü
savaşın ilk günlərindən döyüşən
ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya
batareyasının komandiri vəzifəsini daşıdı, məşhur
416-cı Taqanroq atıcı diviziyasında məşəqqətli
və şərəfli döyüş yolu keçdi,
1944-cü ildə ölümcül yaralandıqdan sonra da arxa
cəbhəyə qayıtmadı, yazıçı-jurnalist
kimi hərbçi yolunu davam etdirdi.
Əsgərlikdən qələbə ilə, sinəsi
orden-medallarla dolu qayıtsa da, artıq
sağlamlığı laxlamışdı, bir çiyni
ciddi zədələnmiş, ürəyi xəstəlik
tapmışdı.
Və Ənvər cəbhədən rahat həyata
deyil, bir cəbhədən digər cəbhəyə
qayıtmışdı. İndi onu müharibədən
sonrakı quruculuq illərində mətin bir əsgər kimi
yeni cəbhədə də fədakar çalışmalar
gözləyirdi. Qələm dostu Bəxtiyar Vahabzadənin həmin
416-cı Taqanroq diviziyasında döyüşmüş və
qəhrəmancasına həlak olmuş qardaşı İsfəndiyarın
xatirəsinə həsr etdiyi poemasında odlu cəbhələrdəki
Ənvər Əlibəylini nişan verən və dəqiq səciyyələndirən
belə misralar vardı:
...Döyüşdə əsgərdi, adicə əsgər.
Döyüş qurtardımı? Şairdir Ənvər!
Əslində Ənvər elə döyüş
meydanında, göydən od ələnən anlarda da şair
idi. Dünya qopurdu, yer-göy ölüm saçırdı,
hər tərəfdə qulaqbatıran gurultu, dəhşət,
sarsıntı, qan-qada. Amma o atəş sədaları
altında da Ənvərin ürəyində, beynində qələm
işləyirdi. Könlünə qonan misraları sonra səngərdə,
atəşlər susanda kağıza
köçürürdü. Yəni o, ruhunu da tənzimləyərək
döyüşlərdən sonra şairlik etmirdi, elə
döyüşlərin gedişində də şair idi.
Bu şeirində zabit Ənvər Əlibəyli Dneprlə
danışır:
Soyuq fevral gecəsində
Sahilinə çatanda biz
Möhkəm tutdu silahından
Bizim polad əllərimiz,
Qızdı ara, qopdu tufan,
Yağı - damla, biz - bir dəniz.
Sənin üçün candan keçdik,
Həyat şirin, sənsə əziz.
Vurduq, düşmən döndü külə,
Açdıq sübhü gülə-gülə.
Bu, hələ 1943-cü ilin fevralıdır,
düşməni əzərək Dnepri keçmək
uğrunda daha amansız döyüşlər hələ irəlidədir.
Yaydan etibarən qarşıdurma şiddətlənəcək,
payızda otərəf-butərəfli 4 milyon insan
qarşı-qarşıya gələcək və yalnız
İkinci Dünya müharibəsinin deyil, dünya tarixinin ən
nəhəng çarpışmalarından sayılacaq
ağır döyüş başlanacaq, 1941-1945-ci illər
savaşının ən həlledici qələbələrindən
birinin qazanılması yolunda sovet tərəfdən yarım
milyondan artıq döyüşçü həlak olacaq, 200
minə yaxın insan qayıdışsız itkin düşəcək
və bu cəhənnəmdə - gözləri önündə
yoldaşlarının axın-axın
qırıldığı əsnada heç bir
döyüşçü hər növbəti anda
ölümün onu da haqlayacağının fikrini etməyə
bilməzdi.
Və müharibənin bütün dəhşəti
ilə tüğyan etdiyi çağlarda Ənvər Əlibəyli
də ölümün qaşla göz arasında olduğunu,
söz yox ki, düşünmüşdü:
Mən bu gün dar qazmada, yer altında, dərində,
Səadətçün durmuşam ölüm ilə
üz-üzə.
Boğulmayacağam mən əcəlin əllərində,
Qaranlıqlar içindən çıxacağam
gündüzə.
Bu şeirdə
1944-cü ilin martıdır. Böyük qələbəyə
hələ bir ildən də çox qalır. Ancaq
üz-üzə dayandığı ölümə can verməyəcəyini
desə də, təbii ki, bu, özünüovundurmaydı,
anlayırdı ki, inamla, özünü ruhlandıraraq
"qaranlıqlar içindən çıxacağam"
söyləsə də, əksinin də baş verməsi
heç istisna deyil. Ona görə də mümkün əbədi
ayrılığın xəyalına dalaraq bir qısa
şeir yazmışdı:
"Döyüşçünün ölümü". Bu
şeirin artıq sərlövhəsində
"ölüm" sözü yer alırdısa da,
misraların ümumi ovqatı yenə ümidlə dolu idi -
şeirin sətirlərində nəzərlər uzaq,
ümidli sabahlara dikilmişdi. Ancaq indinin gözü ilə
oxuyarkən həmin şeir od-alov ağzındakı,
labüd ölüm təhlükələriylə nəfəs-nəfəsə
qalan mücərrəd bir döyüşçü barəsində
deyil, elə Ənvər Əlibəylinin özü
haqqındakı misralar, şairin öz istiqbalını
öncəgörməsi kimi qavranılır - qəfil getsən
də, məzarına sayğı duruşuna çiçəklər
dayanacaq:
Sən öləndə bahardı,
Çöllərdə, çəmənlərdə
Min cürə çiçək vardı.
Səni dəfn etdik səhər,
Matəm bayrağı kimi
Əyilmişdi lalələr.
Hər kəs kimi, Ənvər Əlibəyli də qəlbində,
təbii ki, çox arzular bəsləyib. O diləklərdən
hansılarısa gerçəkləşib,
yarımçıq qalanları olub, heç dilə gətirməyib
özü ilə apardığı arzuları da
varmış. Bu sonuncunu təsəvvürlə demirəm, cib
dəftərlərində o haqda işarələr də
gözə dəyməkdədir. Amma davanın şiddətli
vaxtında ürəyindən keçən, qələminə
köçən, digər arzularına baxanda ən əlçatmaz
görünən və barıt qoxulu şeirlərində əks
olunan, ömrün sonrakı parçalarında, sanki
qayğısız, xoşbəxt olduğu illərdə də
xəyalında dolaşan, misralarına çökən bir
ülvi istəyi hər halda
gerçəkləşib - ölümsüz bir
ölümlə ölmək və insanların
yaddaşında, qəlbində həmişəlik yaşamaq
arzusu! Bu muradı Ənvər Əlibəylinin qismətinə
çevrildi!
...52 il və 36 günlük insafsızca gödək
ömrü boyunca bu millət və yurd üçün
çoxlu faydalı işlər görmüş, həmişə
yaşayacaq sıra-sıra gözəl şeirlər, nəğmələr
yaratmış, çalışdığı istənilən
sahədə gərəkli olmaqçün nəyi var əsirgəməmiş
Ənvər Əlibəylinin şeirləri arasında bir beləsi
də var:
Kaş axan çay olaydım,
Amma min-min çay kimi
Suyu bol dənizə
tökülməyəydim.
Axaydım
İllərlə, əsrlərlə
Suya həsrət çəkən
Torpağı cadar-cadar
Otu yox, bitkisi yox
Çöllərin sinəsinə.
Onu erkən itirmişik,
vaxtsız gedib, çox arzuları, əlbəttə ki,
ürəyində qalıb, lakin daim
döyüşçü ömrü yaşamış
Ənvər Əlibəylinin bu şeirinin son
misralarındakı istəyi hər halda gerçəkləşib.
Ona dünyadan, sevdiklərindən ölümsüz bir
ölümlə ayrılmaq (və həmişə onlarla
qalmaq) bəxtiyarlığı nəsib olub:
Ulduz olmaq istəyirəm,
Sönmək istəmirəm.
Yol olub dağa qalxmaq istəyirəm,
Enmək istəmirəm.
Şimşək olub çaxmaq istəyirəm -
Bir anlığa yox.
İşığa dönmək istəyirəm -
Qaranlığa yox.
Mən ölümün özünə belə
Gülmək istəyirəm.
Ölümsüz bir ölümlə
Ölmək istəyirəm!
...Müharibədən qayıdanlar adətən bir
müddət əsgər paltarında gəzərdilər. Bu,
bir tərəfdən o çağların
kasıbçılığı ilə bağlıydısa,
hələ çoxunun əsgər paltarını dəyişəcək
ehtiyat libası yoxdusa, daha mühüm ayrı səbəb bu
idi ki, həyəcanları hələ soyumamış savaş
günlərinin unudulması çətin xatirələri
sanki əsgər geyimini daşıdıqca onlarla birgə
qalırdı. Sonra yavaş-yavaş hər şey soyudu, həyat
axarına düşdü, keçmiş əsgərlər
başladılar hamı kimi dinc ömürlərini
yaşamağa. Ancaq cəbhədən qayıdanların əksərindən
fərqli olaraq, Ənvər elə axıracan əsgər
olaraq qaldı. Müharibədən sonrakı illərdə
silahı bir kənara qoyaraq əlində qələm
çalışdığı "Vətən
uğrunda", "İnqilab və mədəniyyət"
jurnallarında da, yeni fəaliyyətə başlayan Azərbaycan
Radio və Televiziya Verilişləri Komitəsində də o,
əslində mübariz əsgər idi. Ənvər Əlibəyliyə
bəy soyadı daşıdığı halda ideoloji sahədə
belə mühüm vəzifələr etibar edilmişdisə,
bunun başlıca səbəbi müharibədə
axıtdığı qanı, hərb meydanında göstərdiyi
rəşadət və sədaqət idi. Bununla belə, Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə
sədr vəzifəsinə təyin edilərkən Moskvada ona
tövsiyə etmişdilər: "Yaxşı olardı ki,
familiyanızdakı "bəy"i atasınız".
Razılaşmamışdı. Fəqət bir kadr
kimi son dərəcə gərəkliliyini, müharibədəki
şücaətini nəzərə alaraq Kremldə hər
halda güzəştə getmişdilər, onun bu
mühüm siyasi siqlətli vəzifəyə təyinatından
imtina olunmamışdı.
...Mayın 9-u sovet dövründə alman faşizmi
üzərində çalınan zəfər
dolayısınca Qələbə günü kimi bayram
edilirdi. Sovet getdi, ancaq milli təqvimlərdə mayın 9-u elə
Qələbə günü kimi də qaldı. Çünki
dünyanı faşizm taunundan xilas edən o möhtəşəm
zəfərin qazanılmasında sıra-sıra xalqların təmsilçilərinin
və o sırada yüz minlərlə azərbaycanlı igidin
qanı tökülmüşdü. Ənvər Əlibəyli
həmin qələbəni gətirənlərdən olub. Odlu
cəbhələrdə dəfələrlə ölümlə
üz-üzə qalmış Ənvər Əlibəyli Vətənə
səhhəti zədələnmiş halda qayıtdı və
sonra yaşayacağı illər boyunca döyüşlərdə
aldığı yaraların, müharibə
sarsıntılarının ağrısını, bu
sözün həm məcazi, həm də birbaşa mənasında,
çiynində və ürəyində daşıdı. Ailə
albomunda bir fotosu da qalır. Səhərdir, yenə daim
sarıqlı olan çiyninə təzə tənzifləri
dolayır. Kostyumunu geyinir, olur hamı kimi. Gendən baxan nə
bilsin ki, bu yazıçı üçün müharibə
bitməyib, hər gün davam edir, o, daimi yaralıdır və
hər gün-günaşırı sarığını təzələməlidir.
Başqaları xəbərsizdi, ancaq doğmaları bilirdilər
ki, bütün başqa işləri ilə yanaşı,
Ənvərin mütəmadi yerinə yetirməli olduğu bir
prosedur - müharibənin ondan aldığı sağlam
çiynini sahmana salması mütləqdir...
Ənvər ilk gənclik çağlarından Azərbaycan
radio və televiziyası ilə bağlı olub. 1938-ci ildə
radioda işə başlayanda vur-tut 22 yaşı vardı.
Sonra araya dava düşdü, müharibədən sonra da
sanki səmti dəyişdi. Ancaq köhnə tanış məkan
onu gizli cazibəsiylə özünə doğru çəkirmiş.
1950-ci illərin başlanğıcında şərəfli ədəbi
yol keçdikdən sonra yenidən radioya qayıtdı, oraya rəhbərlik
etdi, 1956-cı ildə isə fəaliyyətə başlayan
televiziyamızı quranlardan oldu. Bu şirkətin - o vaxtlar Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi
adlanan və ən nüfuzlu nazirlik səviyyəli olan qurumun
ilk sədri vəzifəsini tutmaq onun bəxtinə
düşdü. Azərbaycan televiziyasının ilk illəri
onun fədakar əməkləri, axtarışları, ideya və
tapıntıları ilə irəlilədi. Ənvər
Əlibəyli gün-gün ilk qədəmlərini atan Azərbaycan
televiziyasının tərcümeyi-halını yazmağa
başlayanda bu studiyanın həyətində hələ
teleqüllə yerinə onu müvəqqəti əvəz edən
neft buruğu dikəlirdi. Beləcə, yolu çətinlikləri
adlaya-adlaya, ancaq sonsuz ilham və həvəslə
başlayırdılar.
O, baharda dünyaya gəlmişdi, bir yaz günündə
də dünyadan köçdü. Namərd ölüm
Ənvər Əlibəylinin həyatına 1968-ci il mayın
7-də son qoydu.
Tarix çox şeyləri dəyişir. Hətta təqvimdəki
bayramların yerini də. Sovet dönəmində bizim
bayramların təqvimlərdəki günləri tamam fərqli
idi. Hətta radiomuzun, televiziyamızın bayramını da Mərkəzin
müəyyən etdiyi gündə keçirirdik. Sovet
İttifaqının tərkibində idik, Moskvadan hökm necə
gəlirdisə, icra da ona müvafiq olurdu. İndi azadıq,
müstəqillik, Ənvər Əlibəylinin də həyatının
ən bəhrəli illərini həsr etdiyi
televiziyamızın da, radiomuzun da Azərbaycan millət təqvimində
öz doğum günləri var və milli radiomuzun 1926-cı
ildə daimi yayımlarını başladığı 26
noyabrdan götürərək həmin günü Radio və
Televiziya İşçilərinin Peşə Bayramı
Günü kimi qeyd edirik. Ancaq 1968-ci ildir, may ayının
7-si. Azərbaycanda radio-televiziya bayramına
hazırlaşırlar və bir neçə saat sonra təntənəli
mərasimin əsas məruzəçisi komitə sədri
Ənvər Əlibəyli səhnədə olacaq, mikrofon
qarşısında dayanacaq, o toplantıya respublika rəhbərliyi,
Azərbaycanın tanınmış ziyalıları, sənətkarları,
radionun, televiziyanın işçiləri toplaşacaq. Az
sonra Ənvər Əlibəyli evdən çıxacaq.
Ənvər Əlibəyli evdən çıxmazdan
öncə axşamkı məruzəsini bir daha nəzərdən
keçirir.
Və qəfilcə sancılara adətkərdə
ürəyində həmişəkindən qat-qat şiddətli
göynərti qopur.
...Daha ürəyi heç vaxt sancmayacaq...
O nisgilli, anıldıqca doğmalarının qəlbini
xiffəti daim sıyıracaq günü Ənvər Əlibəylinin
alim qızı Şəfəq xanım belə
xatırlayır ki, həmin axşam filarmoniyada Radio və
televiziya günü qeyd olunmalı idi. Atam da
çıxışını evdə təkrar edirdi. Səhər
tezdən durdu, yedi-içdi və bir neçə vərəq
götürdü, məruzəsini ucadan oxumağa
başladı. Mən də həmişə ona
sataşardım ki, papa, "sövet" demə,
"sovet" de. Ovaxtkı köhnə kişilər nədirsə,
hamısı "sövet" deyirdi. Gülümsədi, əhvalı
yaxşı idi. Birdən nədənsə anamı
çağırdı: "Şövkət, Şövkət,
ay Şövkət xanım". Gördüm, bayaqdan ayaq
üstə məruzəsini oxuyan atam indi xalçanın
üstündə diz çöküb. Anam cəld içəri
girdi, mən də, necə olsa, uşağam da, qorxa-qorxa
kandarda dayanıb onlara baxırdım. Bir də onu
gördüm ki, atamın rəngi əvvəl bozardı, sonra
qaraldı. Hamı bilirdi ki, onun anama necə böyük
sevgisi vardı, eşitdiyim o axırıncı cümləsi
heç yadımdan çıxmır, həmişə may
ayında qulağımda səslənir. Dedi: "Ay
Şövkət, qoydum səni uşaqların əlində".
Onda başa düşdüm ki, nəsə vəziyyət
çox gərgindir. Lap az keçdi, bir də onu
gördüm ki, qapıda artıq Süleyman Rüstəm, Bəxtiyar
Vahabzadə, Şövkət Ələkbərova... Mən də
bilmirəm içəridə nə baş verib. Demə, atam
dünyasını dəyişibmiş, başı anamın
dizinin üstündə, elə o xalçanın
üstündə...
Ənvər Əlibəyli üzdən baxanda bəxtiyar
insan idi. Ətrafında dostları, məsləkdaşları,
onu anlayan insanlar, işinə də ürəkdən
bağlı idi, sevdiyi peşə ilə məşğuldu,
onun dövründə radio-televiziya sağlam bir ailə kimi
idi, neçələri həyat yoldaşlarını elə
burada tapmışdı və evində də bəxtəvər
idi - vəfalı zövcəsi, istəkli balaları, süfrəsinin
ətrafında ürək qızdırdığı
simsarları. Amma bu misralardakı qüssə bəs nədəndir?
Ömrünün son parçasında təkəmseyrək
misraları, beytləri, bəndləri qələmə
aldığı cib dəftərində belə qəmgin,
narahat sətirlər də var:
Ürəyimdə ağrı vardır,
Baş ağrısından yaman,
Diş ağrısından betər.
Görəsən, bəs nə zaman
Bu ağrılar qurtarar,
bu əzab sona yetər?!
Ənvər Əlibəyli hələ cavandı, bədənindəki
ağrılar bəlli, bəs ruhunu incidən nə idi? Elə
bilirsiniz o dövrlərdə, sovet əyyamlarında radioda,
televiziyada işləmək, yüksək vəzifə tutmaq
asandı? Bəzən yerində işlənməyən bircə
söz, siyasi baxımdan başqa cür mənalandırıla
biləcək hansısa ifadə üstündə adamın dərisinə
saman təpirdilər. Çağırırdılar Mərkəzi
Komitəyə, səhlənkarlıqda qınayırdılar,
sərt danlayırdılar, töhmət edirdilər. Belə
qısma-boğmaları da Ənvər Əlibəyli az
yaşamamışdı. Hətta bunu da söyləyirlər
ki, ömür sapının qırılmasından az öncə
Mərkəzi Komitəyə
çağırılıbmış, növbəti dəfə
məzəmmət edilibmiş və hədsiz daxili həyəcan
keçiribmiş. Ona görə də zahirən nə qədər
məsud, asudə, rahat, sevincli ömür sürsə də,
içərisində gizli bir sızıltı, daimi səksəkə,
küt ağrı həmişə vardı. Elə
olmasaydı, bu sətirləri də yazmazdı:
...Görəsən, bəs nə zaman
Bu ağrılar qurtarar,
Əzablar sona yetər?!
...1968-ci ilin 7 mayında bütün radio-televiziya
işçiləri, mədəniyyət, ədəbiyyat
xadimləri, dövlət və hökumət yetkililəri bu
saf, istedadlı, zəhmətkeş, qiymətli insanla vidaya
toplaşmışdılar. Xalq artisti Habil Əliyev o
hüznlü günü xatırlayanda söyləyirdi ki,
hamı kədər içində ayaq üstə
dayanmışdı, bircə mən əyləşmişdim,
o günəcən çox dəfələr səhnəyə
çıxmışdım, çalmışdım,
zövq almışdılar, alqışlamışdılar,
indi özüm də ürəyim qan ağlaya-ağlaya
çalırdım, hamı da qəhərini uda-uda qulaq
asırdı və bu, ömrümdəki yeganə
çalmağım idi ki, tam sükutla, köks ötürməklərlə
müşayiət olundu.
Davamlı ürək ağrılarından şikayətlənən
Ənvər hər ehtimala qarşı, haçansa onu
ölümün gözlənilmədən yaxalaya biləcəyini
də nəzərə alaraq vəsiyyət məktubu
yazıbmış və zərfi, özünün həyatda
olmayacağı gün açmaq şərti ilə yaxın
dostu diktor Aydın Qaradağlıya etibar edibmiş, o da zərfi
Əlibəylilər ailəsinə Ənvər müəllim
vəfat edən gün çatdırır. Ənvər
Əlibəylinin həmin məktubdakı son arzularından
biri bu imiş ki, dəfnində Habil "Segah"
çalsın.
...Tale elə gətirmişdi ki, sonralar Ənvər
Əlibəylinin oğlu Şahin və qızlarından biri -
Şəlalə uşaqlıqdan onlara doğma olan, istəkli
atalarının adını və ruhunu yaşadan
radio-televiziyada çalışdılar. Şahin istedadlı
televiziya rejissoru idi və nə acı ki, onun da ömür
yolu erkən qırıldı. Şəlaləsə həm
öz təbiətinə, həm ailələrinə son dərəcə
əziz olan bu ünvandan, sevimli işindən özü istəməyərəkdən,
zorən ayrılası oldu. Teleradionun ovaxtkı sədri
işdənkənar, sırf ailəvi, özü də qətiyyən
ciddi olmayan incikliyə görə istəməmişdi ki,
Şəlalə şirkətdə qalsın. Çox da ki,
Şəlalə bir-birindən gözəl, baxımlı
verilişlər hazırlayırdı. Amma daha
acınacaqlı və dözülməz olansa bu idi ki, onun həddi
aşan hikkəsi mərhum Ənvər Əlibəylinin də
adını efirə çıxışı
qapanmışların sırasına qatmışdı. Sən
demə, onun birbaşa göstərişiylə Ənvər
Əlibəyli haqqında nə radioda, nə televiziyada veriliş
hazırlamaq olarmış. Bu əcaib rəftardan xəbərim
yox idi. Günlərin birində radioda "Axşam
görüşləri" verilişinin bir
buraxılışını Ənvər Əlibəyliyə
həsr etmişdim. Veriliş hazır idi və mənə
radiodan zəng vurdular: "Bəs xəbərin yoxdur, Ənvər
Əlibəyli barədə heç bir veriliş efirə gedə
bilməz". Düzü, belə yanaşmanın mənasını
anlamadım, soruşdum ki, niyə axı, rəhmətlik
Ənvər müəllim, bildiyim dərəcədə, ipək
kimi yumşaq adam olub, hamıya yaxşılıq edib,
radio-televiziya tarixində də silinməz izi qalır, o
zavallının nə qəbahəti var? Səfər
üstündəydim. Şirkətə gedərək məsələni
nə şəkildəsə həll etməyə vaxt yox idi,
gecə Parisə uçacaqdım. Elə bu kimi səfərlərim
vaxtı efirə getməkçün irəlicədən tədarük
gördüyüm ehtiyat verilişlərdən birini təqdim
etdim. Bir müddət sonra isə Ənvər Əlibəyli
haqqındakı həmin verilişimi bir az da təkmilləşdirib
redaksiyaya apardım. Təbii ki, radioda yenə məlum
qadağaçının adını çəkərək
etiraz etdilər: "Axı sənə demişdik ki,
olmaz!" Mən də qəti tələb etdim ki, sədrin
özünə bildirin, veriliş mütləq gedəcək,
ikinci yol yoxdur, bu şirkətin borclu olduğu bir insana
radiomuzun efirində yer verilməməsi mənəviyyatsızlıqdır.
Çək-çevirdən sonra sədrin köməkçisi
mənə telefon açdı: "Sədr deyir ki,
yaxşı, Ənvər Əlibəyli haqda veriliş getsin,
amma ailədən danışan olmasın".
Münaqişəni dərinləşdirmək istəmədim,
canımı dişimə tutub razılaşdım.
Amma növbəti ildə yenə Ənvər müəllimlə
bağlı veriliş hazırladım və proqramı Şəfəq
Əlibəyli ilə söhbət əsasında qurdum.
Və 2019-cu ildə Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə yeni
rəhbər təyinatından sonra mayın 6-dakı bir sıra
yaradıcılıq məsələlərini müzakirə
etmək, yeni verilişlər barədə danışmaqla əlaqədar
ilk görüşümüzdə ondan ilk xahişim
halallığın bərpa edilməsi, Ənvər Əlibəylinin
unudulmamalı zəhmətlər çəkdiyi bu məkana
qayıdışına kömək etməsi oldu. Ertəsi
gün - mayın 7-də uzun ayrılıqdan sonra Ənvər
Əlibəylinin qızı Şəlalə xanım illərcə
çalışdığı, ona çox məhrəm
olan, çoxdan qapısı üzünə bağlı bu əziz
məkana ilk dəfə qədəm basdı.
2019-cu il mayın 7-də Ənvər Əlibəylinin
nigaran ruhu, yəqin ki, toxtaqlıq tapdı. Şəfəq mənə
telefonla xəbər verdi ki, həmin gündə bizim ailəyə
bundan böyük təsəlli hədiyyəsi olmazdı ki, məhz
atamızın xatirə günündə, nəhayət,
Şəlalə yenidən telestudiyanın qapısından
içəri girdi.
Və həmin gün iki bacı - Şəfəq və
Şəlalə Əlibəylilər Fəxri xiyabana
yollanıblar. Bu xəbəri atalarına da
çatdırıblar...
Bunu qəhərlənə-qəhərlənə
Şəfəq özü mənə etiraf etdi...
Əlində imkan, səlahiyyət olanda ürək
sındırmaq da asandır, qırılmış ürəyə
məlhəm olmaq da. Onu da çox görmüşük, bunu
da. Tarixin, vicdanın da öz məhkəməsi var! Başqa
məhkəmələrdən və istintaqlardan nə şəkildəsə
qurtulmaq, gizlənmək, yayınmaq mümkünsə də,
bu haqq divanı, bu ədalət tərəzisi hər bir
xeyirxah və bədxah əməl sahibini gec-tez tapır.
Bütün bunları təfərrüatı ilə ona
görə yazdım ki, ibrətdir - başqa ocürlərə
də görk olsun, dərs olsun.
Bunlarsa Ənvər Əlibəylinin bütün
dövrlər üçün təzə qalacaq yadigar
misralarıdır:
Süleymana qalmayan dünya
Sənə də qalmayacaq,
Deyilən bir məsəl var,
Dolaşır dodaq-dodaq.
Bu, düzdür, biz gedəcəyik,
Ancaq dünya yenə də
İnsanlara qalacaq.
...Xoşbəxtlik ovuclarının içindəymiş
kimi yaxındaydı. Həm də hər gün, hər an!
Əlbəttə, qanıqara saatları da olurdu, narahat
anları da. Amma o qədər bəxtiyar idilər ki, istənilən
dilxorçuluğun kölgəsi də ürəklərindən,
yaddaşlarından tezcə çəkilib gedirdi. Əvvələn,
günlər özləri gözəl günlər idi.
Ümidlər, daha xoş günlərin gələcəyinə
inam qəlblərində tumurcuq-tumurcuq
çırtlayırmış, pardaq-pardaq gül
açırmış. Ağır müharibə təzəcə
bitmişdi. Az qala hər nəsildən cəbhələrə
gedib geri qayıtmayanlar, "qara kağızlar"ı, ya
itkin düşmək soraqlı məktubları gələnlər
olsa da, acılar asta-asta səngiyirdi, 5 illik üzücü
müharibədən sonra elə bil hamı hər gün
bayram içindəydi, hamı üstündən dağ
götürülmüş kimi idi, hər çöhrədə
fərəh sayrışırdı. Cəbhədən
ağır yaralı qayıtmış Ənvər Əlibəyli
müalicələrdən sonra nisbətən sağalsa da,
gedib-gələn sancılar onunla ömrünün bitəcəyinədək
qaldı. Davanın dəhşətlərini və bədənində
qalan göynədici izini hafizədən silmək çətin
olsa da, gərəkli işlərlə, şeirlə, nəğməylə
dolu günlər sanki bütün bunları arxa sıraya
atırdı. Tez-tez dost məclislərinə
toplaşardılar. İndiki kimi, kameralar demirəm, heç
olmazsa hər birimizin cibindəki video çəkə bilən
telefonlar olaydı, həmin məclislər yazılaydı.
Hərəsi elə hər kəsin həvəslə
baxacağı tarixi filmlər qədər doyulmaz, köhnəlməz
olardı. Şairlər, yazıçılar, bəstəkarlar,
1950-60-cı illər Azərbaycanının qaymaq
ziyalıları belə ailəvi məclislərdə bir
gün Ənvər Əlibəyligildə
yığışarlarmış, bir gün İbrahim
Topçubaşovgildə, bir gün bir ayrı dostun evində.
Həmin məclislərdə dostlar
yarızarafat-yarıgerçək hərdən Ənvərə
bəxtəvərlik oxuyarmışlar ki, "Əcəb
xoşbəxt adamsan! Bir Şövkət bir tərəfində
oturub, digər Şövkət obiri yanında".
Şövkət Ələkbərova Ənvərlə
dost, Ənvərin həyat yoldaşı, adaşı
Şövkət xanımla yaxın rəfiqə idi. Ənvərin
neçə nəğməsini də sonsuz məlahətlə
Şövkət Ələkbərova oxumuşdu. Ənvər
Əlibəylinin sözlərinə İbrahim
Topçubaşovun, Tofiq Quliyevin, Andrey Babayevin, Rauf
Hacıyevin, Qənbər Hüseynlinin, Cahangir Cahangirovun, Zakir
Bağırovun və neçələrinin indi
hamımıza tanış olan əziz nəğmələrinin
əksəri elə həmin məclislərdə
doğulmağa başlamışdı.
Ənvər Əlibəylinin qızları yada
salır ki, İbrahim Topçubaşov atamızla yaxın
dost idi, onu "İbrahim əmi"
çağırırdıq, analarımız da rəfiqə
idi. Evimizdəki xudmani məclislərdə İbrahim əmi hər
dəfə pianonun arxasına keçəndə sanki bir
ansambl yaranırdı. İbrahim əmi pianoda, atam tarda, anam
Şövkət xanım dəfdə çalardılar və
İbrahim Topçubaşovun həyat yoldaşı Suğra
xanım ərinin ona həsr etdiyi, sözlərini Süleyman
Rüstəmin yazdığı "Qubalı
qızı" mahnısını gözəl səsi ilə
oxuyardı:
Şah dağından əsən yellər
Saçlarını darasın,
Səni sevən Qudyalçayın
Sahilində arasın.
Sən ömrümüm çiçəyisən,
Qubalı qız, qubalı,
Göycəklərin göyçəyisən,
Qubalı qız, qubalı...
"Canan" dedin gecə-gündüz,
Mənim ürək tellərim,
Ağ göyərçin əllərindən
Ayrılmasın əllərim...
Həqiqətən, xoşbəxt günlər
içində yaşayırmışlar və haradan
ağıllarına gələrdi ki, bu səadətli
çağların ömrü qısa olacaq. Əllər əllərdən
çox erkən ayrılacaq. İbrahim də, Ənvər də
tez gedəcəklər.
Keçmiş Hüsü Hacıyev, indiki Azərbaycan
küçəsində iki məşhur bina
yanaşıydı. Birində bəstəkarlar
yaşayırdılar, birində yazıçılar. Ənvərin
sadiq dostlarından biri də Salam Qədirzadə idi. Ənvərə
həmişə "Qədeş" deyə müraciət
edərmiş. Yay günlərində Ənvərgilin
açıq pəncərələrindən lətif ahənglər
hər dəfə dalğa-dalğa yayılmağa
başlayanda Salam telefonun dəstəyini qaldırıb Ənvərin
nömrəsini yığarmış: "Qədeş, sənin
evinin yeri səhv düşüb. Sənin mənzilin bu binada
deyil, o binada olmalıymış!"
Bu mehriban mənzildəki məhrəm məclislərdə
yaranmağa başlayaraq sonra Azərbaycanın hər evi
üçün doğmalaşan neçə-neçə nəğmənin
hansısa misralarında, hansısa xallarında başqa
heç kəsin görə bilməyəcəyi çox incəliklərdən,
hər mahnının öz hekayətindən Əlibəylilər
ocağının daimi qonaqları agah idilər və
onların hər biri digərlərinin sadəcə dinlədiyi,
oxuduğu sevimli mahnılar haqqında elə təranələrin
özləri qədər şirin əhvalatları
danışa bilirdilər. Elə biri melodiyası da, sözləri
də hər kəsin yaddaşında həmişə diri
olan "Sevgilim" mahnısı. İndi nə Ənvər
Əlibəyli həyatdadır, nə Rauf Hacıyev
sağdır, nə də nəğmələşmiş bu
şeirin ünvanı olan gözəl qız. Həqiqətən
gözəl qız!
Sən mənə bir qəşəng gül verdin bu
gün,
Qalmadı nə qüssəm, nə də ki, dərdim.
O gülün yerinə mən sənə, ay qız,
Məhəbbətlə dolu qəlbimi verdim.
Məşhur "Sevgilim" mahnısı belə
başlayır. "Romeo mənim qonşumdur" filmində də
bu mahnı ölməz Rəşid Behbudovun misilsiz ifasında
səslənir, yadınızdamı?
Sevgilim, sevgilim,
Könlümün səsinə cavab ver mənim!
Zahirən bir oğlanın bir qıza sevgisindən
ötən sətirlərdir və hər vurğun cavana aid edilə
bilər. Amma mətndə, diqqətlə baxılırsa, adi
məntiqlə sən deyən uyğun gəlməyən bir məqam
yer alır. Adətən oğlan qıza gül verər,
burada isə oğlana gülü qız gətirib və
oğlan da həmin çiçəklərin əvəzində
qıza - kasıbın olanından - qəlbini verir.
...O vaxtlar, bu nəğmə yarananda şair də, bəstəkar
da - tez-tez görüşən, birgə olan ailəvi dostlar -
yaxşı bilirdilər ki, "sevgilim" deyə üz
tutulan gözəl əslində kimdir. 1944-cü ildə
ağır yaralı zabit Ənvər Əlibəyli
uzunmüddətli müalicə üçün arxa cəbhəyə
göndərilmişdi və onu gətirmişdilər Mərdəkanda
yerləşən hospitala. Gələcək sevgilisi
Şövkətin atası Mərdəkanda məsul vəzifədə
çalışdığından ailəsi də bu kənddə
yaşayırmış. Fəal komsomolçulardan olan
Şövkət bir gün rəfiqələri ilə hospitala
yaralı əsgərlərə baş çəkməyə
gəlir. Və baxışları Ənvərin gözləriylə
rastlaşandan sonra ertəsi gün həmin palataya daha rəfiqələri
ilə deyil, bağçalarındakı qızılgüllərdən
bir dəstə bağlayaraq özü tək gəlir...
Sonralar dillər əzbərinə, ürəklər
hayanına çevriləcək "Sevgilim" nəğməsinin
şeirini bir coşqun sevdanın doğulduğu həmingünkü
görüş yaradır.
Gəl çıxaq sahilə bu axşam yenə,
Saçını darasın qoy sərin külək.
Mən gülü neylərəm, könül ver mənə,
Sevinsin sinəmdə çırpınan ürək.
Şövkətlə Ənvər sərasər 24 il,
elə ilk görüşdəki kimi, bir-birlərinə daim məhəbbətli
nəzərlərlə baxdılar
Və Ənvər vəfasız çıxdı.
Ömrünün 53-cü ilinin lap başlanğıcında
sevgilisindən, balalarından, dostlarından və dünyadan əbədi
ayrıldı. Şövkət xanımsa sədaqətindən,
etibarından dönmədi, onillər boyu, axır nəfəsinəcən
ilk və son məhəbbətini bağrının
başında yaşatdı. Nə qədər ki canında
can vardı, vaxtaşırı bir dəstə çiçək
götürüb sevgilisinin görüşünə getdi...
...İndi xeyli uzaqlarda qalmış 1944-cü ildən
bu yana çox güllər açılıb da, solub da,
çox çiçək dəstələri bağlanıb
da, günlər ötüncə quruyaraq atılıb da,
çox sevdalar yaşanıb da, bitib də. "Sevgilim"
şeirindəki və nəğməsindəki məhəbbət
qarışmış o çiçəklərsə
heç vaxt solmayacaq, həmişə ilk baxışdanca bir-birinə
vurğun kəsilmiş iki gəncin gizli həyəcanla
çırpınan ürəklərinin döyüntülərini
yaşadacaq!
4 yanvar, 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.-2024.- 13 yanvar, ¹6.- S.14-15.