Ədəbi
köşk: Nə var, nə
yox?
Harda söz var, orda dirilik var, şəksiz... Nizami Gəncəvi
İsgəndəri dirilik suyunun dalınca göndərdi, amma
o, gözünü yeddi alimlə xəlvətdə
açdı - diriliyini elmə, sözə nişan verdi... Bu
gün sosial şəbəkələrdə, saytlarda, müxtəlif
platformalarda ədəbiyyat müzakirə mövzusudur, ədəbiyyatı
yaradanlar müsbət və mənfi yöndə daim
mühakimə olunurlar. Əlqərəz, ədəbi cameənin
həftəlik icmalını - xəbərləri, sosial şəbəkədə
paylaşılan maraqlı nüansları, ədəbi hadisələrin
yeddi günlük xülasəsini "Ədəbi
köşk: Nə var, nə yox?" başlığı ilə
hər şənbə oxuculara təqdim edəcəyik.
Ümidvarıq, yeni rubrikamızı ədəbiyyatsevərlər
bəyənərlər. "Ədəbi
köşk"ümüzün diqqətindən hansısa xəbərlər
yayına bilər. Köşkümüzün qapıları
hər kəsin üzünə açıqdır. Nəsə
eşidib-eləsəniz, oxuyub-görsəniz, info@525.az imeylinə
göndərə bilərsiniz.
Hörmətlə, "525"
***
600 il sonra sizi necə oxuyacaqlar?
Bakıya tramvay gəlib! Dedim, əcəb, işimiz
yüngülləşdi. Bu yazıçı-şair
tayfası həmişə işin, gücün,
qayğıların dalınca yubanır. Axı Bakının
tıxacsız günü olmur. Metroya da minəndə pərçimlənirsən,
sıxılırsan dəmirlərə, künclərə,
insanlara... Az qala, nəfəsin kəsilsin. Bizim də
qoltuğumuzda çox vaxt kitab olur. Bilmirsən öz
hayında olasan, ya kitabın hayında. Bu xəbər isə
yerinə düşdü. Tramvaya minib paytaxtı rahatca dolanmaq
olar.
Gözlərimi ovxalayıb yenidən tramvayın şəkillərinə
zilləndim və paylaşımın başlığını
oxudum: "Bakıda tramvayların süni intellektlə
hazırlanmış görüntüsü".
Xəyalımdakı tramvaydan düşdüm,
çox qalsam, gərək süni yollarla uzaqlara səfər
edəydim. Süni intellekt demişkən...
"Publika.az"ın xəbərinə görə, süni
intellekt sayəsində əsrlər boyu sirri açıla
bilməyən "Voyniç" kitabını artıq
oxumaq mümkündür. Dünyanın ən sirli kitabı
hesab edilən "Voyniç" əlyazması qəribə
diaqram və təsvirlərlə müşayiət olunan
mürəkkəb, naməlum dildə yazılmış 240 səhifəlik
sirli mətndən ibarətdir. Kanadalı alimlər tərəfindən
hazırlanmış süni intellekt bu kitabın 600 illik
sirrini həll etməyi bacarıb. Alberta Universitetinin tədqiqatçıları
bu qəribə kitabın sözlərinin arxasındakı
gizli və şifrəli dili başa düşülən etmək
üçün alqoritmik transkripsiya adlı texnikadan yararlanıblar
və əlyazmanın hissələrini tərcümə edə
biliblər.
Deyirəm, işə bax, bir 600 il sonra. Məsələn,
götürək elə Vəli Xramçaylını, onun
şeirlərini süni intellekt vasitəsi ilə oxuya biləcəklər?
- Bəs istəmirsən ki, səni 600 il sonra süni
intellekt vasitəsi ilə oxusunlar?
- Yox!
- Səni elə oxumasalar yaxşıdır!
***
Dastançı Şərif Ağayara yubanmayan
qıfılbəndlər...
O gün gördüm yazıçı Şərif
Ağayar nəsə paylaşıb. Status belə
başlayır: "Van Minut". Əvvəl elə bildim
hansısa xarici yazıçının adıdır. Dedim yəqin,
bizim Vüqar Vanın ədəbi əcdadlarındandır.
Sonra bildim ki, yox, "One minut" demək istəyir, tələffüzlə
yazıb, yəni "Bir dəqiqə!"
Bizim "dissident" və "ərköyün"
yazıçımız Şərif Ağayar yenə
atmacalarından qalmır. "Aşıq Ələsgərin
Gəncə səfəri" dastanının məğzini nəql
edib. Sonra məlum oldu ki, bu dastanın müəllifi
Aşıq Məhəmməd (Dərya Məhəmməd)
olub, Məti Osmanoğlu sağ olsun, rəydə müəllifi
qeyd edib. Əgər qeyd etməsəydi, elə bilərdim,
dastanı Şərif Ağayar düzüb-qoşub. Axı
o, aşıq yaradıcılığından bixəbər
deyil...
Dastanı bura yazmaq fikrim yoxdur. Bir-iki kəlmə onu
deyim ki, Aşıq Ələsgər Aşıq Mikayılla
Göyçəyə gedəndə qara düşürlər.
Yetim Əhməd onları nökərçilik elədiyi evə
aparır. Məlum olur ki, ağası onun istədiyi
qızı gəlin gətirir, amma özünə arvad edir.
Aşıq Mikayıl da Ələsgərə təpinir ki,
artıq-əskik danışma, bizi qovarlar. Əlqərəz,
ağa yaxşı bir məclis düzəldir, Ələsgər
bir-iki kinayəli şeir guppuldadır. Aşıq Mikayıl
da plovdan, buğlamadan şirin-şirin yeyir. Ələsgər
deyir ki, "Razı olmayardın sazı çalmağa,
döşə bozartmadan, puloydan indi".
Vallah çox vaxt dastanı aşıqlar nəql eləyir.
Bu dəfə bizim Şərif Ağayar nəql elədi.
Sözün düzü, heç ləzzət eləmədi,
sazsız, yeyib-içməksiz dastan olar? Statusla iş olmur,
atam balası...
Statusunun sonunda Şərif Ağayarın məramı
aydın olur. Deyir, Ramiz Rövşəni şah-şahalı,
dəbdəbəli məclislərdə görəndə
Aşıq Mikayıl yadıma düşür.
Elə bu statusun ardınca İlham Tumas od
götürdü. Dedi: "Şərif, günaha batma!"
İlham Tumas yazır: "Ramiz Rövşən tək
dediyin o "şah-şahalı" məclislərdə yox,
gördüyüm, şahidi və iştirakçısı
olduğum qədərilə, dəvətimizlə xalqın
şəhidinin, qazisinin, yetiminin də məclislərində
iştirak eləyib və eləyir. Yaxud, guya özün belə
"şah-şahalı" məclislərə dəvət
alanda, qəti imtina eləyib "Cəhənnəm olun, siz
xalqın qədrini bilmirsiniz, boğazımdan keçməz"
deyirsən?!. Xalq şairi Ramiz Rövşənin iştirak
etdiyi dəbdəbəli, şah-şahalı qonaqlıqlarda
guya sən "bozartmadan, puloydan" döşəmirsən?..
Mühakimə etmə, mühakimə olunarsan, qınama,
qınanarsan. Nə atdınsa, özünə qayıdacaq. Bir
də İsa deyirdi, kim günaha batmayıbsa, birinci
daşı o atsın. Nəhayət, insaf, bir azca insaf!"
Aydın Can da İlham Tumasın paylaşımına
bir yekə şərh yazdı, hamısını
xırdalamıram. Deyir ki, ən şah-şahalı məclislər
Əmircanda həmin o Ramiz Rövşənin ata evində olub,
ən bərkgedən şairlərin də pələş
qulaqları ordan görsənib...
Dastanlar nikbin sonluqla bitir axı... Niyə Məti
Osmanoğlunun kəndlisi Aşıq Məhəmmədin
gül kimi mətnini bu günə qoydular?!
***
Baba müəllim, hansı mahnını zümzümə
edirsiniz?
Baba Vəziroğlunun mətnlərini ədəbiyyatımızdan
çıxarsaq, gərək son dövrlərin ən sevilən
mahnılarının bir hissəsini havaya üfürək.
Xalqımız Baba Vəziroğlunu sevir və nə qədər
o nəğmələr var sevəcəklər də... Baba
müəllimi 70 illiyi münasibətilə təbrik edirik.
Amma maşallah, cavan görünür...
Prezident İlham Əliyev Baba Vəziroğlunu
"Şərəf" ordeni ilə təltif etdi. Təbrikimiz
iki qat oldu.
Qulu Ağsəs mənə ərkyana
tapşırmışdı ki, "Ulduz" jurnalı üçün
Baba Vəziroğludan müsahibə al. Gülə-gülə
dedim ki, elə "525" üçün alaram da. Dedi yox,
cığallıq eləmə, ideya müəllifi mənəm,
yaxşı qonorar da verəcəm. Razılaşdım...
Prezidentin ordenlə bağlı sərəncamının
axşamı gördüm Qulu Ağsəs mənə zəng
vurub:
- Nadir, suallarının içinə bunu da əlavə
elə.
- De gəlsin hər nəyin vardır!
- Baba müəllim, boş vaxtlarınızda hansı
mahnını zümzümə edirsiniz?
Yəqin, Baba müəllimin yubiley məclislərinə
başı qarışıqdır, gərək, sabah-biri
gün zəng edim...
***
Çingiz Hüseynov niyə Rəsulzadənin yox, Nərimanovun
obrazını canlandırmışdı?
Yaxın günlərdə Azərbaycanın sevilən
yazıçısı Çingiz Hüseynov İsraildə vəfat
etdi. Onun haqqında sosial şəbəkələrdə bir
çox paylaşımlarla rastlaşdıq.
Yazıçı və tədqiqatçı Vaqif Sultanlının
statusu isə xüsusi maraq doğurur: "Bu gün
dünyasını dəyişmiş böyük Azərbaycan
yazarı Çingiz Hüseynovun iki cildlik "Doktor N"
adlı tarixi romanı Azərbaycan Cümhuriyyəti (1918-1920)
illəri və sonrakı dönəmin hadisələrindən
bəhs edir. Əsərdə Məmmədəmin Əmin Rəsulzadə,
Nəriman Nərimanov və başqa siyasi şəxsiyyətlərin
obrazları canlandırılır. Lakin baş qəhrəman
kimi hadisələrin mərkəzinə Nəriman Nərimanov
çəkilir. Bir dəfə söhbət zamanı
Çingiz müəllimdən Azərbaycan Cümhuriyyəti
dönəmindən bəhs edən əsərə M.Ə.Rəsulzadəni
deyil, N.Nərimanovu qəhrəman kimi seçməsinin səbəbini
soruşdum. Çingiz müəllim belə cavab verdi ki:
"Əgər Məmmədəmin Əmin bəyi baş qəhrəman
kimi seçsəydim, Azərbaycan xalqının milli
mücadilə tarixini canlandırar, ancaq faciəsini verə
bilməzdim. Nəriman Nərimanovun taleyi isə Azərbaycan
xalqının yaşadığı dəhşətli faciələri
canlandırmağa imkan verir".
***
Təzə nə var?
Alpay Azərin "Məhkəməsiz" hekayəsi
yayımlandı. "Kulis"in hekayə müzakirəsində
ümumi rəy müsbətdi, amma bəzi nüanslar da qeyd
olunub. Mirmehdi deyir ki, zənnimcə, Alpay alimin həyatını
gerçəkliyi ilə verə bilməyib, sünilik
çoxdur, məhkəmə problemi də ciddi görünmədi.
O hissələri daha dərindən işləmək
olardı. Orxan Həsəni isə, mətnin hekayədən
daha çox əhvalat təəssüratı
bağışlamasından şikayətlənib.
Təvəkkül Boysunar həmişəki
üslubundadır: "İstedadları bu hekayədən
zövq almayacaq qədər kasad, xarakterləri isə bu hekayəyə
laqeyd qalıb, bundan qat-qat zəif olan hekayələri
paylaşacaq və tərifləyəcək qədər
qüsurlu və çirkin olan yazıçı həmkarlarımın
şərəfinə bu hekayəni feysbukda öz
oxucularımla paylaşmaq üçün səbirsizləndiyimi
hiss edirəm".
***
Ulucay Akif "Balaca pomidorlar" adlı kiçik nəsə
yazıb:
Ulucayın dostu:
- Əkrəm Əylislini oxumayan adam
yazıçı ola bilməz!
Ulucay:
- Mən indicə səndən öyrəndim ki,
Markez, Hüqo, Tolstoy yazıçı deyil...
Mən isə deyirəm: "Bəlkə Əkrəm
də sənin sadaladıqlarını oxumasaydı,
yazıçı ola bilməzdi, Ulucay əfəndi..."
***
Vüqar Vanın "Kəramət
Böyükçölün "Səs"i niyə
pisdir?" adlı yazısı yayımlanıb. Gənc
yazıçı dostu barədə yazır: "Kəramətə
ən çox tutulan irad budur ki, "onun yazdıqları
roman, hekayə yox, statusdur". "Səs"
romanını oxuyanda, mənə elə gəldi ki, Kəramət
bu iraddan canını qurtarmaq istəyir,
yazdıqlarının status yox, bədii mətn olduğunu
sübut etməyə çalışır. Buna görə
də romanda lazımsız bir tələskənlik
gördüm. Bu tələskənlik məni olduqca narahat
edirdi, elə bilirdim, Kəramət başımın
üstündə dayanıb, dayanmadan deyir ki, "bu,
romandır, bu, romandır, bu, status deyil".
Vüqar Van essesinin sonunda yazır: "Mən Kəramətin
"Səs" romanının müəllifi olmaq istəməzdim".
Vüqar, elə hamı öz romanının müəllifi
olmaq istəyir, istəməlidir... Soruş gör, kimsə sənin
"Arxalardakılar" romanının müəllifi olmaq
istəyibmi?
***
Bu il "Dünya ədəbiyyatı" dərgisinin
yaranmasından 20 il ötür. Bununla bağlı şair Səlim
Babullaoğlu paylaşım etmişdi...
***
Hərdən adam əsəbiləşir!
Qismət Rüstəmov ədəbiyyatda
ağlasığmaz ideallaşdırma kultuna, Samirə
Əşrəf gənc jurnalistə kobud cavab verən tarzənə,
Tural Cəfərli "Zövqlər müxtəlifdir" deyənlərə
etiraz ediblər...
Mən isə, SSRİ-nin mədəniyyət nazirlərindən
olmuş Yekaterina Furtseva kimi adamlara etiraz edirəm. Kərim Kərimlinin
paylaşımı:
Deyirlər, Pablo Pikasso hansısa xarici ölkədə
beynəlxalq tədbirə gedir. Bunu içəri
buraxmırlar ki, sənədinizi təqdim edin. Deyir,
yadımdan çıxıb gətirməmişəm, ancaq mən
rəssam Pikassoyam. Soruşurlar ki, Pikasso olduğunuzu necə
sübut edə bilərsiniz? Bu da bir qələm-karandaş,
bir vərəq alıb bir neçə saniyəyə məşhur
göyərçinini çəkib qoyur mühafizəçilərin
qarşısına. "Bağışlayın, Pablo müəllim!"
- deyib kişini buraxırlar içəri. Bir az
keçmiş Yekaterina Furtseva gəlir və eyni hadisə təkrar
olunur. Xanım deyir ki, pasportum mehmanxanada qalıb, ancaq mən
SSRİ-nin mədəniyyət naziri Furtsevayam. Bundan da
sübut istəyirlər. "Necə sübut edim?" - deyə
xanım nazir soruşur. Cavab verirlər ki, bax, sizdən əvvəl
Pikasso gəlmişdi, onu da buraxmırdıq, belə bir
üsulla özünü tanıtdı.
- Pikasso kimdir? - deyə Furtseva təəccüblə
soruşur.
- Bağışlayın, xanım nazir, buyurun
keçin! - deyə nazir xanımı təbəssümlə
içəri buraxırlar...
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.13.