Xalq artisti Mehriban Zəki: “Aktyorluq ən böyük, amma minnətdarlığı az olan peşədir"   

 

Bütün peşələr gözəldir. Hər birinin özəlliyi, peşəkarları, qəlbən sevənləri var. Hələ sənəti uğruna fədai olanları demirəm. Müəllim, həkim, ədəbiyyatşünas, riyaziyyatçı, bioloq, kimyaçı, fizik, jurnalist... Sadalamaqla saya gəlməyən sənət və peşələr. Amma yeganə bir sahə var ki, adının özündə sənət kəlməsini daşıyır. Bunun dəfələrlə fərqinə varsam da, nə dilə gətirmişəm, nə də qələmə almışam. Yəqin ki, vədəsi indi çatıb. Həmin sahənin adı incəsənətdir. Bu adı kim düşünüb, kim tapıb bilmirəm. Amma çox yerində səslənir. Və məhz bu sahədə çalışanlar sənətin incəliyini yaşada bilənlərdir. Heç uzağa getməyək. Artıq ötən ildə qalsa da,  üç həftə əvvəl elə şənbə günü müsahibimiz olan Xalq artisti Fəxrəddin Manafov söhbətində belə fkir söylədi: "İnsan övladı incəsənətdən gözəl heç nə yaratmayıb". Özlüyündə fikir yadımda qaldığından düşündüm ki, ilin ilk şənbə qonağı da elə incəsənət adamı olsun ki, oxucularımızla xoş əhvalla görüşək. Amma təəssüf ki, əjdaha ili elə ilk günlərdən alovunu püskürməyi bacardı və bir neçə dəyərli insanları əbədiyyətə qovuşdura bildi. Allahdan hamısına rəhmət diləyirik. Neyləyək ki, bir yandan boşalıb, bir yandan da dolmağı bacaran dünyada həyat öz axarı ilə davam edir və bizlər də yolumuzla yürüməliyik. Bugünkü qonağımızı bir sənətkar kimi çoxdan tanıyıram. Lakin bir neçə il öncə "5 dəqiqə" adlı qısa telefilmdə oynadığı mükəmməl jurnalist obrazından və Ramiz Rövşənin məşhur "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim" misraları ilə başlayan şeiri ifasında dinlədikdən sonra onunla müsahibə hazırlamaq istəyim xeyli artdı. Di gəl ki, istəmək hər şeyi həll etmirmiş. Ara-sıra saxladığım əlaqələr zamanı vaxt darlığını səbəb gətirsə də, imkan olan kimi görüşüb söhbətləşməyə ümid verirdi. Axır ki, bu ümidin şöləsi Yeni ildə parladı. Beləliklə, ilin ilk şənbə qonağı teatr və kino aktrisası, Xalq artisti Mehriban Zəkidir.

- Bir dünya tapılmaz bundan ölməli...

- Mən də tamahlanıb ölməyə gəldim... Və bu gün bu dünyada çox vaxt narahatam dünyanın özü kimi. Gəncliyimdə düşünürdüm ki, digər yaşıdlarım kimi nəyisə düzəldərəm, nəyisə dəyişə bilərəm, nəyəsə qarşı çıxmağı bacararam. Amma getdikcə görürsən ki, bəyəm sən bu dünyada təksən? Əlindən nə gələcək ki? Tarix boyu belə düşüncəli insanlar çox oıub, lakin müəyyən bir dönəmdən sonra ya geri çəkiliblər, ya barışıblar, ya da dünyanın gedişatını anlayıblar. Əsas mahiyyət özünü dərk etməkdir. Sevdiyim Ramiz Rövşən demiş, çətini özünlə barışmaqdır. Bu dünya ilə, insanlarla barışmaq olar. Ən böyük problem sən özünsən. İnsan dünyanı yox, özünü dəyişməlidir. Mən də bunu anladım. Və hər gün düşünürəm ki, bu narahat dünyada ən azından kimsəni narahat etməmək, kimsəni incitməməyə səy göstərməlisən.

- Sizi yaxından tanımaq üçün bir qədər əvvələ qayıdaq...

- Məni yaxından tanımaq üçün tərcümeyi-halımın xronoloji ardıcıllığına söykənmək lazım deyil. Məni tanımaq üçün - düzdür, bu, çox güclü səslənəcək, bəlkə də buna iddialı olduğumdandır - ruhumu tanımaq lazımdır. Ruhumun gəldiyi yer haradır, orada özümü necə hiss edirəm, nə istəyirəm, nə duyuram. Bunu sözə çevirmək mümkün deyil. Bəlkə orada hələ də uşaqlığımda qalmışam, böyüməmişəm. Bütün bunlar boşundan deyil. Ekzüperinin "Balaca şahzadə" əsərini yəqin ki, oxumusuz. Mənə görə bu, nağıl deyil, həyat kitabıdır. İnsan yaranışından hər şey istəyir. Maddi rifahı yüksək olsun, ehtiyac nədir bilməsin. Bunun uğrunda çalışan insan nəyisə əldə edə bilməyəndə, faciə yaranır. Bəlkə ruhən bu dünyaya nə üçün gəldiyini düşünməlisən? Bəlkə bu dünyada ən vacib şey oturub saatlarla dənizə baxmaqdır, nəinki pul qazanmaq. Bilmirəm hardasa oxumuşdum ki, insanlar ömür boyu sağlıqlarının hesabına qazandıqlarını sonradan həmin sağlığı bərpa etməyə sərf edirlər. Dəyərmi? Elə ona görə də tərcümeyi-halımı heç özüm də bilmirəm.

- İnsanın qəbul etdiyi qərarların iki baxış bucağı var. Ya asanlıqla olur, ya da xeyli götür-qoy edərək...

- Olub ki, anidən qərar vermişəm. Bunu edəcəyəm deyib, edib etmişəm də. Bu, həm cəsarətdən gəlir, həm də qorxusuzluqdan. Amma qərarlar arasında da fərq var axı. Olur ki, atmaq istədiyin addımı xeyli düşünürsən, qərara tezliklə gələ bilmirsən. Bax, o zaman özüm üçün 24 saat taym-aut götürürəm və bu müddət ərzində mütləq şəkildə nəyəsə varırsan. Əgər qərarsız qalıramsa, o zaman geri çəkilirəm.

- Aktrisa olmaq qərarı iki yoldan birindən keçə bilib...

- Bu, çox maraqlı sual oldu. Onu deyim ki, bu qərara gəlməyim o qədər çoxdan olub ki, indu bu, mənə maraqlı deyil. Mən artıq gəldiyim bu yolu necə davam edirəm və necə bitirəcəyəm haqda qərarlar üzərində düşünürəm.

- İlk addımlar həmişə yaddaşın bir küncündə özünə yuva qurub yaşayır...

- Düzdür... Artıq tələbə idim və nə yaxşı ki, qarşıma Vaqif İbrahimoğlu çıxdı. Bu sarıdan özümü çox şanslı hesab edirəm. Sənətdə ilk addımım da onun xeyir-duası ilə başlayıb. Burda vurğulamaq istədiyim bir məqam var, onu efirdə də demişəm. 1995-ci ildə ilk dəfə Vaqif müəllim olmadan çıxışa getməli oldum.. Qırğızıstanda "Manas"ın yubiley tədbirində çıxışım vardı. Proqramı Vaqif müəllimlə hazırlasaq da, nazirlik tədbirə tək getməyimi lazım bilmişdi. Vaqif müəllim yetirmələrinin üzərində tir-tir əsən bir insan idi. Tədbirdə mənim yanımda olmayacağını bildiyindən bir kağız yazıb mənə verdi. Üstündə də yazmışdı ki, çıxış günü aç, oxu. Dediyi kimi də etdim. Kağızda yazılmışdı: "Sən bacaracaqsan, çünki Tanrı bizi sevir. Uğur olsun, qızım. Dədə". Teatrda biz ona "Dədə" deyə müraciət edərdik. Həmin kağız bu gün də mənim çantamdadır. Bir anamın, bir də Vaqif müəllimin duası hər zaman mənimlədir. Bu gün də harada çıxış etməyimdən asılı olmayaraq, həmin duanı mütləq oxuyuram, yəni o kağız parçasında yazılan 3-4 cümləni ilk gündən dua kimi qəbul etmişəm. Həqiqətən ilklər heç zaman unudulmur. Vaqif müəllim mənə kim olduğumu, hansı istiqamətdə inkişaf edə biləcəyimin yol göstərəni oldu. O, mənim ustadım oldu. Sənətdə ustadın olmağı çox böyük xoşbəxtlikdir. Ustad o deməkdir ki, sənin sənətdə məktəbin var. Birinin digərinə münasibətindən asılı olmayaraq, etiraf etməliyik ki, Vaqif İbrahimoğlu məktəbi var, Hüseynağa Atakişiyev məktəbi var, Cənnət Səlimova, Bəxtiyar Xanızadə məktəbləri var və onlar arxasınca müəyyən nəsilləri gətirə bilib. İlk addımlarımın ünvanı "Yuğ" teatrı olub. Səhər saat 11-dən axşam saat 11-ə kimi davam edən məşqlər mənim üçün həyat idi. Heç nə düşünmürdüm, sadəcə orada mən xoşbəxt idim. Vaqif Bayatlının bir şeiri var:

 

Qonşu toyuna on hasar

o yana oynayan uşaq,

bir gül yarpağı altında,

gül yarpağı şəklində yazılır alın yazın.

Qonşu toyuna on hasar

o yana oynayan uşaq,

çıx yarpaq altından,

ay sənə baxır.

 

Mənim bütün həyatım tərcümeyi-halımla birlikdə həmin "Yuğ" teatrında yazılıb. Baxmayaraq ki, artıq bəlli bir yaşım var, baxmayaraq ki, 12 ildir Vaqif müəllim bizimlə deyil, elə gün yoxdur ki, mən onu xatırlamayım və rəhmət diləməyim. Hər gün onunla söhbət edirəm və gözümü əbədi yumana qədər bu, belə də olacaq. Hansı teatrda çalışmağıma, hansı filmlərə çəkilməyimə baxmayaraq, mən Vaqif İbraimoğlunun tələbəsi və yetirməsiyəm.

- Teatr...

- Teatr möcüzədir... Teatr mistikadır. Heç kəs olmasa belə, səhnədə işıq yanır və musiqi səslənirsə, artıq möcüzə başlayır. Pafoslu səslənsə də, deyəcəyəm, teatr insan mənəviyyatını şəffaf saxlayan məkandır. Yeni il ərəfəsində bir tanış uşaqları üçün şənliyə bilet xahiş etdi. Milli Dram Teatrına uşaqları üçün bilet təşkil etdim. 40-45 yaşlı fəhlə bir babadır özü. Həyatında ilk dəfə teatra getmişdi. Şənlikdən sonra adam o qədər xoşbəxt idi ki, hisslərini gizlədə bilməyərək, yenə də teatra gedəcəyini sevinə-sevinə deyirdi. Bax, teatr budur. Yeddi il mən teatrdan uzaq qaldım və həmin aradan sonra qayıdanda sandım ki, səhnəyə ilk çıxışımdı, həmin həyəcan, həmin məsuliyyət olduğu kimi qalmışdı və bu, indi də davam edir.

- Aktyor...

- Sözün etimologiyasına əsaslansaq, aktyor hərəkətə gətirən adamdır. Hərəkətə gələn nədir? Müəllifin yazdığı sözü, rejissorun qurduğu mizanı, duyğuları, emosiyaları hərəkətə gətirmək məgər asandır? Biz həyatda yaşaya-yaşaya heç vaxt bu haqda düşünmürük, aktyor üçün isə bu artıq bir peşədir. Mənə görə aktyorluq bu dünyada ən çətin və ən böyük peşədir. Bir də minnətdarlığı az olan sənətdir. Amma onu da vurğulayım ki, bu, mənim seçimimdir və böyük mənada özümə daha çox lazımdır, nəinki eşidəcəyim minnətdarlıq. Oynadığım əsərdə sözü, duyğunu, emosiyanı tamaşaçıya çatdıra bilirəmsə, bunun əvəzi yoxdur.

- Sənət yolunuzda teatr da var, kino da...

- Hansı mənə daha yaxındır, onu bilmirəm. Çünki hər birində fərqli xoşbəxtlik duyğuları yaşayıram. Bu baxımdan birini digərindən ayırmaq olmur. Bildiyim tək odur ki, serial seti mənə heç maraqlı deyil. Mən teatrla kinonu müqayisə etməzdim, çünki hər ikisində aktyoram. Birində tamaşaçı ilə canlı ünsiyyətdəyəm, azadam, sərbəstəm və özümü kənardan görmək kimi bir imkanım yoxdur. Kinoda rejissoru qaneedəcək qədər çəkilən dubllar, sənə tuşlanan kameralar var, hansı ki, onları hiss etməlisən və öz oyununa tamaşaçı kimi baxa bilən  aktyoram. Teatrda heç kəs sənə "stop" deyə bilmir, orada nə müəllif var, nə rejissor, nə də bəstəkar.  Kinoda isə bunların hamısı kənardan səni izləyir, çəkilişi saxlatdırıb sözünü sənə deyə bilir. Mənsə hər ikisində öz rolunu ifa edən, hiss və duyğuları hərəkətə gətirən bir oyunun müəllifiyəm.

- Beş dəqiqə rahat vaxtınız var...

- Anladığım qədər bu, "5 dəqiqə" filminə işarədir. Əslində beş dəqiqə mənim üçün çox azdır. Amma  dediyiniz həmin beş dəqiqəni dəniz sahilində var gücümlə qaçardım.

- Sizə tanış bir sualı olduğu kimi elə özünüzə ünvanlamaq istəyirəm. Elə bir arzunuz olubmu ki, onu hələ də unuda bilmirsiz..

- Əlbəttə, olub. Amma indi mən də sizə deyirəm ki, çox dərin qazma, dostum.

- Bir göz qırpımı anda düşünülə biləcəklər...

 - Dediyiniz o bir göz qırpımını yaşamışam deyə, həmin vaxtda anlayırsan ki, fikrin sürəti yoxdur. Fikir işıq seli kimi o qədər sürətlə keçir ki, tutmağa macal tapmırsan və həmin o bir göz qırpımında hər şey dəyişə bilər.

- Sonda biz qələm əhlinə demək istədiyiniz maraqlı olardı...

-  Əvvəla hamınızın Yeni ili mübarək olsun. Arzu edirəm ki, hər zaman yazacağınız mövzular mənəviyyatı ilə seçilsin, insanlıqdan, vətəndaşlıq mövqeyindən uzaqda qalmasın.

SÖZARDI: Evdə ən çox sevdiyim məkan mətbəxdir, bir şərtlə ki, yığcam, rahat və zövqlə düzənlənmiş olsun. Bax, elə ürəyimcə olan belə məkanda Mehriban Zəki ilə rahat söhbətimiz oldu. Sualları tələsmədən, düşünərək elə cavablandırdı ki, sanki sözlərin xətrinə dəyməkdən ehtiyat edirdi. Söhbətimizin sonuna yaxın belə bir fikir söylədi: "Bir göz qırpımında hər şey dəyişə bilər". Bəli, Mehriban xanım, dəyişə bilər. Ehtiyatsız yazılan, qəlb qıran bir söz kimi. Yeni ildə həmkarlarıma arzu edirəm ki, qələmimizdən süzülən hər kəlmə  qələmi incitməsin.

 

Tamilla M-zadə

525-ci qəzet.-2024.- 13 yanvar, ¹6.- S.12.