İki xalqın
şairi və onun acı taleyi
Məqsud Şeyxzadə 1908-ci ildə Tiflisdə
dünyaya gəlmişdir. Ədəbi fəaliyyətinə
keçən əsrin iyirminci illərində Azərbaycan
şairi kimi başlamış, faciəli taleyinin keşməkeşləri
nəticəsində ömrünü 1967-ci ildə Daşkəndə
özbək şairi və dramaturqu kimi başa vurmuşdur.
"Daşkəndnamə" adlı dastanında belə
misralar var:
Ömrüm bina oldu Azərbaycanda
Keçdi çoçuqluğum o gül məkanda.
Nizami vətəni, Gəncə ölkəsi
Ruhuma doldurdu şeir həvəsin.
(özbəkcə yaşılmış bu
misraları dilimizə mən uyğunlaşdırdım - A.)
Məqsudun atası Məsum Şıxlıyev Tiflisdə
tibb məktəbində oxumuş, sonra Ağdaşa
köçərək həkim kimi
çalışmışdır. Şairin anası Fatma
xanım da Tiflisdə qızlar liseyinin məzunu olmuş,
1920-ci illərdə Ağdaşda qadınların maariflənməsi
sahəsində xidmət göstərmişdir.
Məqsud Şeyxzadə Ağdaşda ilk müəlliminin
Muxtar Əfəndizadə adlı bir bilim adamı olduğunu
göstərir. Şair haqqında "Maqsud Şeyxzadənin
bədii yaradıcılığı" (Bakı, 1980)
adlı kitab yazan və onun bir çox əsərlərini
dilimizə çevirən Xəlil Rzanın verdiyi məlumata
görə, Muxtar Əfəndi bir çox Azərbaycan
ziyalılarını yetişdirmiş görkəmli maarifpərvər,
Bakı universitetinin Şərq fakültəsində ərəb
dili müəllimi və ərəb dili dərsliyinin müəllifi
olmuşdur. Görünür, ərəb və fars dillərini
bilən Məqsud da bu sahədə ilk dəsrlərini elə
Muxtar Əfəndidən almışdır. Professor, doktor
Şuayib Karakaş "Özbək ədəbiyyatı
yazıları" kitabında qeyd edir ki, Məqsud 1920-ci ildə
orta məktəbdə oxuduğu zaman Nəriman Nərimanov
Ağdaşa gəlir. Nərimanovla görüşdə 12
yaşlı Məqsud öz şerini oxuyur:
Qızıl ordu namımız
İgiddir ünvanımız
Məzlumlar çox hərb edib
Halal olsun qanımız.
Nərimanov balaca şairi qucaqlayıb alnından
öpür və şeiri "Kommunist" qəzetində
çap etdirir. Bu, Məqsudun çap olunmuş ilk
şeiridir.
Maqsud Ağdaşdan Bakıya gələrək təhsilini
davam etdirir. Ali məktəbdə müəllimləri
Hüseyn Cavid, Abdulla Şaiq olur. Gənc Məqsudda milli hisslərin,
türkçülüyün oyanmasında müəllimlərin
şübhəsiz, böyük təsiri olub.
Məqsudun Azərbaycan dilində yazdığı
şeirlərindən biri "Türk milləti"
adlanır Mən bu şeiri tərtib etdiyim "Min beş
yüz ilin Oğuz şeiri" antologiyasına daxil
etmişdim.
Kimsən, haralısan sorursan ey dost
Bir vaxt ərşə işıq saçanlar bizik
Köksümüz içində qaplanlar yatar
Himalay dağını aşanlar bizik.
Biz şirlərin, fillərin
Bağrındakı qüvvətiz
Əsgi yeni dinlərin
Anlatdığı millətiz!
Bir vaxt cilovamışıq at kimi Nili, Qanqı
Yaramıza basmışıq odlu, buzlu torpağı
Al günəşə tən durub türkün ulu
bayrağı
Altay bizim, Qaf bizim, Ural bizim yolumuz
Dunay, Volqa, Selenqa, Kür, Yenisey qolumuz
Qarşımızı kəsməmiş nə qar,
külək, nə də buz
Serbistana varmışıq, Türküstana
keçmişik
Ən qədim bulaqların gözündən su
içmişik
Yalnız torpaqlara yox, ürəklərə
köçmüşük.
Torpağımız genişdir dibsiz səmalar qədər
Ovcumuzda Türkiyə, Əfqanıstan görünər
Hara getsək o diyar çiçəklərə
bürünər
Biz otların, güllərin
Ruhundakı şəfqətiz
Əsgi, yeni günlərin
Anlatdığı millətiz!
Gəlin Çin Xivəsini xilas eyləyək
Çindən.
Keçək qədim Heratdan, Buxaranın içindən
Orağı yaraq etsin, dönsün kəndli
biçindən
Biz yuxulu başlarda
Mürgüləyən qüvvətiz
Əsgi, yeni dinlərin
Anlatdığı millətiz!
Bu şeirdən başqa, Məqsud Şeyxzadənin
20-ci illərdə vətənində Azərbaycan dilində
yazdığı daha iki şeirini də Türkiyədə tərtib
etdiyim "Min ilin yüz şairi" antologiyasına daxil
etmişdim. Professor. dr. Ş.Karakaş yazır:
"Məqsud Şeyxzadənin bu illərdə
yazdığı şeirlərindən üç dənəsi
Yavuz Akpinar və azərbaycanlı yazar Anar tərəfindən
hazırlanan antolojidə yayınlanmışdır",
"Türk milləti" "Dərdimizin biri də" və
Türkiyənin qəhrəman oğlu Mustafa Kamal
yoldaşa" adın daşınan bu şeirlər milli həyəcanla
yazılmış əsərlərdir.
Dərdimizin biri də
Gürcüstandan qaçmış və millətçilər
(gürcü millətçiləri nəzərdə tutulur -
A.) tərəfindən evi talan olunmuş qadın
üçün.
Dəniz sahilində gördüm mən onu
Qəfildən başıma dünya dar oldu
Sanki Qara dəniz şahə qalxaraq
Lal bir gürultuyla köksümə doldu
Əl açmaq istədi
əli gəlmədi
Həyadan alışıb yanırdı üzü
Mənə: - Bəy əfəndim söyləyə
bildi
Bir dastana döndü üç kəlmə
sözü
Məsumdu qoynunda uyuyan körpə
Uşaq da kirimiş, susur, baxırdı
Onların gözləri qupquru, yaşsız
Mənimsə könlümdən qan-yaş
axırdı.
Ey böyük Atilla bumudur nəvən?
Sərkərdə babanın tifil yavrusu
Uşaq düyümləyib sağ yumruğunu
Sanki türklüyündən son nişandır bu?
Üç manat verməyə üzüm gəlmədi
Bölüb parça-parça bağrımı
verdim
Atasız balaya, ərsiz gəlinə
Qoşulub kədərlə bir xeyli getdim.
Aprel 1920
M.Şeyxzadənin məktəb arkadaşı Əkrəm
Cəfər "əziz müəllimimiz, nur heykəli"
Cavidi xatırlayaraq yazır ki, məhz onun təsiriylə
Mikayıl Müşfiq və Məqsud Şeyxzadə Tofiq Fikrətin
"Rubabi şikəstə"sinin dəlisiydilər, Namik
Kamal, Əbdülhaq Hamid, Tofiq Fikrət onlarçün bir məbəd
idi.
Ş.Karakaşın gətirdiyi başqa bir xatirəyə
görə, Ağamalı oğlu Məqsudun oxuduğu təhsil
ocağını ziyarət edərkən tələbələrdən
hansı şairləri oxuduqlarını soruşur. "Yunis
Əmrə, Ziya Göyalp, Əbdülhak Hamid"
cavabını aldıqda bu cavabdan narazı qalır. "Azərbaycan
klassiklərini - Vaqifi, Sabiri, Mirzə Fətəlini öyrənməlisiniz"
- deyir.
Şeyxzadə 1925-ci ildə Darülmüallimindən
məzun olarkən Dərbəndə müəllim kimi
göndərilir. O illər tək qədim Azərbaycan şəhəri
Dərbənddə deyil, ümumən Dağıstanda Azərbaycanın
təsiri güclüydü, Dağıstan əhalisinin müəyyən
hissəsinin azərbaycanlılardan ibarət olmasından
savayı, bu ölkə xalqlarından kumıklar və noqaylar
da türkdilli idilər. Türk dillərinin qıpçaq ailəsinə
daxildilər.
M.Şeyxzadə qeyd edir ki, Dağıstanın
çoxdilliliyi (36 dil) ümumi ünsiyyət dilininin
olmasına ehtiyac duyururdu. Bu məsələnin
çözümü üçün dörd variant təklif
olunurdu: Respublikanın Dövlət dili rus dili, yaxud türk
dili, yaxud ərəb (!) dili, yaxud da altı etnik qrupun dilləri
qəbul olunsun.
Bu barədə M.Şeyxzadənin fikrini soruşanda
belə cavab verib:
"Dağıstanda hanki dil dövlət dili ola bilər?
- sorusu ortaya atıldıdığı günlərdə mən:
bizim Azərbaycan dilinə çox yaxın olan kumık və
noqayların türk dilləri dövlət dili olaraq qəbul
edilirsə, bu, Leninist siyasətə tamamən uyğun olar -
dedim".
M.Şeyxzadənin bu illərdə Dağıstan və
Azərbaycan mətbuatında çap etdirdiyi şeirlər Xəlil
Rzanın fikrincə, Azərbaycan türkcəsindən ziyadə,
Türkiyə türkcəsinə yaxındır. M.Şeyxzadənin
Türkiyə heyranlığı Mustafa Kamala həsr etdiyi
şeirdə də ifadə olunub:
Türkiyənin Kahraman oğlu Kamal yoldaşa
Arkadaşım sən yürüdün,
İngilisi məmləkətdən kürüdün,
Sənin adın tarixlərdə qalacaq
Qeyrətinlə millət həyat bulacaq
Qoy var olsun türkün şanlı əsgəri
Dönmə Kamal Paşa yolundan geri
Birincisi sənsən İslam elində
Xalq üçün hərb etdin silah belində
1921
Ş.Karakaşın yazdığına görə,
M.Şeyxzadənin Dağıstanda mətbuat və maarif sahəsində
fəaliyyəti Əthəm Feyzi Mustafaoğlu adlı bir
Krım tatarıyla sıx bağlıdır. 1885-ci, ya
1886-cı ildə Krımda dünyaya gələn Əthəm
Feyzi 1914-cü ilə qədər Türkiyədə,
Bolqarıstanda və Fransada yaşamışdır. 1925-ci ildə
Dağıstana gəlmiş, Buynak şəhərində
coğrafiya müəllimi olaraq çalışmağa və
"Maarif yolu" dərgisini çıxarmağa
başlamışdır. Şeyxzadə Buynakda onunla eyni məktəbdə
işləmiş, onun dərgisində çap olunmuş və
"hürr dünyanı" görüb hər şeydən
agah olan, bolşeviklərin Krımdakı cinayətlərini
öz gözləriylə görmüş bu adamın gənc
Məqsuda güclü təsiri təbiidir. Və bu təsir Məqsuda
baha başa gəlmişdir.
1927-ci ildə Buynakda Ethəm Feyziylə birlikdə Məqsud
Şeyxzadə də antisovet fəaliyyətlərinə
görə həbs edilir. Amma cəzaları qəribə olur.
Məhkəmənin qərarına görə, Məqsud 9 ay
Mahaçqalada məhbəsdə yatandan sonra Moskva, Leninqrad,
Kiyev, Xarkov, Tiflis və Bakıdan başqa hər hansı
şəhərə sürgün edilməlidir.
Anasının məsləhətiylə sürgün yeri kimi
Daşkəndi SEÇİR (?!). 1928-ci ilin fevral ayında cəzasını
çəkmək üçün Özbəkistana yola
düşür.
Azərbaycan şairinin özbək şairinə
çevrilməsi bu dövrdən başlanır.
M.Şeyxzadə Daşkənddə Aybek və Qafur
Qulam kimi gənc şairlərlə tanış olur, özbək
dilini mükəmməl öyrənir, bu dildə şeirlər,
poemalar, pyeslər yazmağa başlayır,
1929-cu ildə "Traktor" adlı özbək
dilində yazdığı ilk şeiri "Şərqin həqiqəti"
qəzetində çap olunur.
Qısa bir müddətdə Məqsud Şeyxzadə
şeirləri və tarixi dramlarıyla ən məşhur
özbək yazıçıları sırasında layiqli
yerə sahib olur.
1932-ci ildə sürgün müddəti bitdiyində
ailəsiylə görüşməkçün Azərbaycana
gəlir. Kim bilir, vətənində qalsaydı, 37-ci ildə
taleyi necə olacaqdı? Hər halda artıq orda
tanınmış bir şair kimi Daşkəndə
qayıtmağa, ömrünü orda başa vurmağa qərar
verir. Yeni vətənində başına nələr gələcəyini
öncədən necə biləydi? Daşkənddə də
Azərbaycan ədəbiyyatıyla əlaqələri kəsilmir.
1934-cü ildə Cəfər Cabbarlının "Od gəlini",
Hüseyn Cavidin "Şeyx Sənan" pyeslərini özbəkcəyə
çevirir, Nizami və M.F.Axundov haqqında məqalələr
yazır.
Üç il sonra isə bütün sovet vətəndaşlarının,
ilk növbədə türk xalqlarının, onların parlaq
ziyalı zümrəsinin başına oyunlar
açılır.
1937-ci il iyunun 9-da Moskvada Özbəkistanın partiya rəhbərlərindən
Feyzulla Xocayev xalq düşməni kimi həbs edilir və
güllələnir. Bundan sonra Feyzulla Xocayevə yaxın bilinən
özbək yazıçıları həbs edilir. Fitrət,
Çolpan, Abdulla Qədiri kimi məşhur müəlliflərlə
bir sırada Ş.Karakaşın yazdığı kimi,
yüzlərcə məsum yazar NKVD zindanlarında işgəncələrə
məruz qalandan sonra güllələnirlər.
"Çolpan icadı" adlı şairi yüksək
dəyərləndirən məqalə yazmış və
böyük şairin M.Şeyxzadəyə "Sazını əlinə
təkrar alan şairlərdən ulu Nəvai və
Füzulinin vətəndaşı olan Məqsud
Şeyxoğluna" ithafıyla
bağışladığı kitab, eləcə də tərcümeyi-halının
sürgünlə nəticələnən Dağıstan
dövrü yetərdi ki, Məqsud Şeyxzadə də bu
yüzlərlə biçarənin qədərini
bölüşsün. Məqsud Şeyxzadə möcüzəylə
o illərdən salamat çıxıb. Doğrudur,
özü də zirək tərpənib. Yay tətili bəhanəsiylə
Azərbaycana gəlmiş, əsgi vətəninə
sığınaraq salamat qalmış, yalnız 1938-ci ildə
təqiblər kampaniyası səngiyəndə Daşkəndə
qayıtmışdır. Demə, M.Şeyxzadənin təqib
və həbs aqibəti - hələ irəlidə - 50-ci illərdəymiş.
Alman faşistləriylə müharibə illərində
sovet təbliğatına xalqların tarixi qəhrəmanlarını
ibrət örnəyi kimi göstərən əsərlər
gərək oldu, Rusiyada və başqa respublikalarda belə əsərlər
yarandığı kimi, Özbəkistanda da Məqsud
Şeyxzadə Monqol istilasına qarşı mübarizə
aparan cəsur Cəlaləddin Məngübərdi haqqında
pyes üzərində işləməyə başlayır.
Bu təşəbbüs rəsmi dairələr tərəfindən
də dəstəklənir. Yazıçı Fərqanəyə,
gözəl bir bağ evinə göndərilir, xeyir-dua
verilir: "Başqa işlərlə məşğul olma,
xalq sənin Cəlaləddin haqqında əsərini gözləyir,
ən qısa zamanda bitir".
Müəllif əsəri vaxtından əvvəl
tamamlayır və 1944-cü ilin dekabr ayında Həmzə
adına teatrda pyesin premyerası böyük uğurla baş
tutur. Amma 1946-cı ilin oktyabr ayında Partiyanın verdiyi qərarla
"feodal keçmişi idealizə edən" zərərli
əsər kimi səhnədən götürülür.
İş ondadır ki, artıq alman faşizmi yenilmişdi,
daha keçmişin qəhrəmanlarının örnək
göstərilməsinə ehtiyac qalmamışdı.
Əksinə, belə örnəklər xalqın
şüurunu zərərli istiqamətə yönəldə
bilərdi. Həm də 1946-cı ilin avqustunda Mərkəzi
Komitənin "Zvezda" və "Leninqrad" jurnalları
haqqına kəskin qərarı ədəbiyyatda hər
hansı "zərərli təmayüllərə"
qarşı mübarizənin başlanmasına işarə
idi. Məşhur bir ifadə var: Moskvada dırnaq tutanda
respublikalarda barmaq kəsirlər. Bəli, bu çanaq Özbəkistanda
biçarə Məqsud Şeyxzadənin başında
çatlamalı idi. 37-ci ilin ölüm tuzağından xilas
ola bilmiş yazıçı 1952-ci ilin qurbanına
çevriməliydi. 1937-ildə olduğu kimi rəsmi təqibdən
və məhkəmə qərarından əvvəl
yazıçını "ifşa" edən danoslar mətbuata
çıxarılır.
Təbii ki, dərhal iclas da çağrılır və
Şeyxzadənin əleyhinə çıxışlar
başlanır.
Aybekdən sonra Yazıçılar
İttifaqının sədri seçilmiş şair Uyğun
Şeyxzadəni əlüstü təşkilatdan
çıxarır.
Bundan sonra Şeyxzadənin ətrafında kimsə
qalmır.
Bütün qapılar üzünə bağlanır.
Aybek və Qafur Qulam kimi şair və
yazıçılar başını qara bulutlar almış
dostlarını ziyarət etsələr də, bir çox
başqa əhli-qələm Şeyxzadəyə salam verməyə
belə qorxur.
1952-ci il sentyabrın 20-də M.Şeyxzadə həbs
edilir.
Aybekin həyat yoldaşı Zərifə xanım
xatırlayır ki, ərinin yaxın dostu olan Məqsud
Şeyxzadənin şəhərin mərkəzin də
çox otaqlı gözəl bir mənzili varlı,
Şeyxzadə tutulan kimi Yazıçılar
İttifaqının o vaxtkı sədri Uyğun Şeyxzadənin
ailəsini o evdən çıxartdırır.
Boşalmış evə kim sahib olsa yaxşıdır?
Uyğun və ailəsi. Məqsud Şeyxzadəni nədə
günalandırırdılar? Millətçilikdə, feodal
keçmişi idealizə etməkdə, xalqlar arasında
nifaq salmaqda və əlbəttə, türkçülükdə.
M.Şeyxzadə özbək xalqının feodal
keçmişini idealiz etmədə, Cəlaləddini milli qəhrəman
kimi qələmə verməkdə
günahlandırılmalarla razılaşır, amma xalqlar
arasında nifaq salmaq, bir xalqın başqasına qarşı
qoymaq iddiasını qəbul etmir. Türkçülüyə
gəldikdə isə, Türk ədəbiyyatına hörmət
bəsləmədiyini sadəcə Nazım Hikmət kimi
qabaqcıl dünyagörşlü şairi bəyəndiyini
söyləyir. 1953-ci il yanvarın 12-14-də baş tutan məhkəmə
iclaslarında M.Şeyxzadəyə 25 illik həbs cəzası
vəcəzanı çəkdikdən sonra 5 il seçki
hüququndan məhkum olmaq hökmü
çıxarılır. Bu vaxt Məqsud Şeyxzadənin 45
yaşı vardı. Deməli, cəzasının
bütün müddətini çəkməli olsaydı,
yetmiş yaşında seçib seçilmək hüququndan
da 75 yaşına qədər məhrum olunacaqdı. Amma necə
deyirlər, sən öz saydığını say, gör fələk
nə sayır. Yəni məhkəmə
saydığını saysın, bu hökmdən düz əlli
gün sonra İlahi məhkəmə Stalinə ölüm
hökmü kəsir.
Və Maqsud Şeyxzadə də az sonra azadlığa
çıxır. Amma bu məhbəsdən qurtulan Məqsud
Şeyxzadə əvvəlki Məqsud deyil.
Öldürə bilməmişdilər, sındıra
bilmişdilər. Bundan sonra "Daşkəndnamə"
adlı uzun şeiri Daşkənddən daha çox
Rusiyanın Türküstanda əldə etdiyi zəfərin tərənnümünə
həsr olunub. 1959-cu ildə yazdığı "Rusiya qəsidəsi"ndə
Rusiyanı tərənnüm etməyini özünün
müqəddəs borcu sayır, bu borcu ödəməsə,
özünü nankor sayacağını deyir. 1960-cı ildə
yazdığı "Minnətdarlıq beytləri"
adlı şeirində rusları "qardaş, ağa"
olaraq dəyərləndirir və rusların sədaqəti,
ağlı və mübarizə ruhuyla başqa xaqlara örnək
olduğunu iddia edir. Vətən torpağının Rusiyaya
könüllü qatıldığına israr edir.
Bu yazıları Məqsud Şeyxzadənin
sürgünlərdən və həbslərdən betər mənəvi
faciəsidir.
İyirmi aya qədər sürən məhbus həyatı
səhhətinə sağalmaz zərbə vurur və 1967-ci
ilin 19 fevralında xəstəxanada keşməkeşli həyatıyla
vidalaşır.
Amma hansı ilahi qüvvəsə, iki xalqın bu
istedadlı və bədbəxt şairini dünyadan nakam getməsinə
imkan vermir. Bütün əzab-əziyyətlərindən, məcburi
güzəştlərindən, boğazdan yuxarı
yazılmış şeirlərindən sonra qəlbinin istəyiylə
böyük alim və hökmdar haqqında "Mirzə Uluqbəy"
pyesini yazır. Pyesin son pərdəsində Uluqbəyin dediyi
son sözlər belədir:
Bu vətəndə şəhid olmaq ali səadətdir.
8-9 yanvar 2024
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.10;11.