O da qayıtmayacaq
Hekayə
İkinci sevgilisi idi onu aldadırdı.
Birinci xəyanəti öyrənəndə əlinin
altında nə var-nə yox hamısını
dağıdıb-tökmüşdü,
qışqıra-qışqıra ağlamaqdan səsi
batmışdı. İndi gözündən bir damcı
yaş da düşmədi. Əvəzində siqaretin birini
söndürüb o birini yandırırdı. İki xəyanət
arasında çəkməyi öyrənmişdi.
"İt kimi peşman olacaq" - son siqareti
külqabıya atanda bu sözləri təkrarladı. Sonra
yastığını qucaqlayıb bir müddət beləcə
qaldı; nə yata bildi, nə ağlaya. Bütün gecə
xatirələrlə qaçdı-tutdu oynamışdı.
Aramla yerindən qalxıb telefonu götürdü. Kiməsə
zəng eləyib ürəyini boşaltmaq istəsə də,
heç bir adın üstündə qərar tuta bilmirdi. Amma
birinci xəyanətini öyrənəndə elə həmin
gün yaxın rəfiqələrinin hamısına
danışmışdı. Ürəyi nə qədər
odlu olsa da, bu dəfə daha soyuqqanlı davranır, sabah
kiminsə yaşadığını üzünə
vurmasından ehtiyat edirdi. Şəms iki xəyanətin tək
günahkarı olmaqdan qorxurdu.
İndi dərdini elə bir adama
danışmalıydı ki, həm əvvəlki hadisədən
xəbəri olmasın, həm də yarasını ona etibar
edə bilsin. Ağlına Fuaddan başqa heç kim gəlmədi.
Vəfalı dost telefonu götürən kimi Şəms
gecədən bəri ruhunu silkələyən
ağrını üç kəlməyə çevirdi:
- Emil məni aldadırmış...
- Nə?
- Fuad, ürəyim ağrıyır.
- Hardasan indi?
- Evdə.
- Yarım saata Müşfiqin siz tərəfdəki
kafesində olaram. Sən də dur gəl ora. Bax indi elə bu
dəqiqə çıxacam. Evdə oturma. Eşidirsən məni?
- Yaxşı, gəlirəm.
Əvvəlcə istədi getməsin, sonra fikrindən
daşındı. Evdəki sükuta dözəcək səbri
qalmamışdı. Yavaş-yavaş hazırlaşmağa
başladı.
Birinci ağ köynəyini geyindi, qəfil yadına
düşdü ki, Emillə sonuncu dəfə sevişdikləri
gün əynində bu köynək vardı. Dərhal
çıxarıb kənara vıyıldatdı, yenidən
şkafa sarı addımladı. Qırmızı donunu alt
çəkməcədən tapıb çıxartdı.
Qısa olduğu üçün Emil bu paltara düşmən
kəsilmişdi, Şəms də aralarında söz-söhbət
olmasın deyə naəlac razılaşmışdı. Uzun
müddətdən sonra ilk dəfəydi, qırmızı
donu geyinirdi. Saçlarını darayıb, tezbazar
üz-gözünə əl gəzdirdi. Təkcə dodaq
boyasını bir neçə dəfə silib təzədən
çəkdi. Ən axırda Emilin aldığı ətirdən
vurub şüşəni yerə çırpdı.
Kafe yaxın olsa da, Şəmsin yol getməyə heyi
qalmamışdı. İyunun başgicəlləndirən
istisi onu dayanacağa tərəf itələyirdi. Bəxtindən
çox gözləmədi, üstəlik, avtobusa minən
kimi bir oğlan yer verdi.
Şəmsin başının üstünü kəsdirən
nəzakətli sərnişin yolboyu qızın
ayaqlarından gözünü çəkmədi. Şəms
oğlanın baxışlarını sezəndə dərhal
əlini dizindən xeyli qalxmış donuna uzatdı, sonra
fikrini dəyişib eyni cəldliklə qolunu yanına
saldı. Qırmızı donu nə vaxt geyinsə, hələ
yeniyetməliyindən yaxşı tanıdığı
baxışlara yoldaşlıq etməli olurdu. Bu
baxışların mahiyyətindən xəbərdar idi. Ona
görə də çox vaxt lüzumsuz diqqətdən
qaçır, özünü cazibəsindən xəbərsizmiş
kimi aparırdı. Ancaq bu dəfə nəinki narahat oldu, əksinə,
üstündə qarışqa kimi gəzən nəzərlərdən
zövq aldı.
Fuad on beş dəqiqə idi onu gözləyirdi.
Bir-birini görən kimi qucaqlaşdılar. Onların
dostluğunun yaşı bir ildən çox deyildi, amma Şəms
Fuada illərlə tanıdığı adamlardan daha çox
inanırdı.
- Heç xəyanət edilənə
oxşamırsan, həmişəkindən də qəşəngsən.
Özünü necə hiss edirsən? - Fuad stulu çəkə-çəkə
soruşdu.
- Səncə?
- Hm... Nə vaxt öyrənmisən?
- Dünən gecə. İşlətmədiyi
köhnə bir profili vardı, şifrəsini bilirdim, elə-belə
baxmaq üçün girdim. Bütün gecəni qızla
yazışmalarını oxumuşam. İki aydır məni
gic yerinə qoyurmuş əclaf.
- Özünə demisən?
- Hə, elə dünən uzun bir mesaj yazdım.
Heç nə yazmadı, heç nə. İnanırsan, ən
çox da mənə bu təsir edir. Adam yerinə qoyub bir kəlmə
də yazmadı.
- Üzü yoxdur axı. Nə yazsın? Sən sevin,
sevin ki, belə bir səbəblə də olsa, canını o
alçaqdan qurtardın. Gör, nə deyirəm, bilirəm,
acsan. Bulka bişiriblər təzə. Hələ istidir, deyim
gətirsinlər, bir tikə ye, sonra danışaq.
- Yox, heç nə istəmirəm - Şəms eyni
tonla davam etdi - elə çirkin qızdır ki. Gözəl
olsa, heç bu qədər yandırmazdı.
Fuadın gözü dostunun səliqə ilə
daranmış sarı saçlarına sataşdı və
ona daha çox yazığı gəldi. Bir qədər
susduqdan sonra Şəms gözlərini titrəyən
barmaqlarından çəkmədən dilləndi:
- Niyə? Görəsən niyə? Bu sual dünəndən
dəli edib məni. Emili itirməmək üçün əlimdən
nə gəlirsə, elədim. Ailəm, dostlarım, sən...
hamıyla üz-göz oldum. Onu heç kimin ayağına
vermədim. Bütün qısqanclıqlarına
dözürdüm, səhvlərinə göz yumurdum. Bu
yaxınlarda işdən ikiillik xaricə göndərmək
istəyirdilər. Karyeram üçün çox faydalı
ola bilərdi. Mən axmaq Emilin bir kəlməsi ilə təklifi
rədd elədim. Təki ona xoş olsun. Münasibətimiz
boyu o qədər belə qərarlarım olub ki. Gözüm
ondan başqasını görmürdü. Mən harada səhv
elədim axı?
- Bəsdir, az qına elə özünü.
Dünyanın sonu deyil, olub olub da. Sən ondan daha
yaxşılarına layiqsən. Özün də
yaxşı bilirsən.
- Bilmirəm, bilsəydim onun yanında nə işim
vardı? Amma sən əvvəldən eyni şeyi deyirdin. Elə
bil, başıma nə gələcək bilirdin.
- Şəms, bunu bilmək üçün münəccim
olmağa ehtiyac yoxdur.
Fuad sonrakı cümləni deməkdə tərəddüd
edirdi. Ancaq dostunun ikinci dəfə eyni səhvi təkrarlayacağından
da qorxurdu. Bu qorxunun verdiyi cəsarətlə sözünə
davam elədi:
- Yadındadır, keçən dəfə sənə
demişdim, artıq Nurayla münasibətlərimizi ciddiləşdirmişik.
Onun iş rejimi ağırdır, çox görüşə
bilmirik. İşdən sonra da evdə kuklalar düzəldib
satır. O gün gördüm gileylənir ki, bəs
sifariş verdiyi muncuğu satıcı unudub, kuklası
gözsüz qalıb. Xeyli dilxor olmuşdu, təsəvvür
elə, ömründə düyməsini belə tikməyən
mən həmin muncuqları tapmaq üçün neçə
dükan gəzmişəm. Axır, bir yerdə tapdım,
sabah görüşüb gedəcəyik muncuq seçməyə.
Bax, Nurayı görmək üçün satıcı
qızın huşsuzluğunu da fürsət bilirəm.
Çünki onu sevirəm. Şəms, bəhanələrimiz
qədər sevirik.
Sevəni də, sevməyəni də bəhanəsindən
tanıyıram. Elə o gün yanımda Emil çox axmaq bir
bəhanə ilə sənin kino dəvətinə yox dedi. Dəfələrlə
bu "yox"ların şahidi olmuşam. Sevən adam belə
eləməz axı.
Fuadın hər kəlməsi Şəmsin ürəyinə
tikan kimi sancılırdı. Xeyli müddətdir
qaçdı-tutdu oynadığı doğrular indi çəkinmədən
qarşısına çıxmışdı. Emilin son iki
ayda dediyi bəhanələr beyninin künc-bucağından
çıxıb üstünə hücum çəkirdi. Bu
çək-çevir onu elə uzağa aparmışdı
ki, Fuadın söhbəti dəyişmək üçün
danışdığı universitet macərasından
heç nə başa düşmədi. Nəhayət, bir-iki
oxşar əhvalata qulaq asandan sonra dilləndi:
- Nahar vaxtı bitir, bilirəm, bu gün işdəsən.
Mən yavaş-yavaş durum. Sən də işə
qayıt. Bacım qızı xəstədir, anam neçə
gündür onlarda qalır. Evdə divarlar üstümə gəlirdi.
Yalandan "ağrıyıram" deyib işə də getməmişəm.
Bilmirəm, axşama kimi neyləyəcəkdim. Nə
yaxşı gəldin, çox sağ ol.
- Nə vaxt lazım olsam, burdayam. Özün də evə
gedib ağlama ha. Halın heç xoşuma gəlmir
- Bəlkə də, inanmayacaqsan, gecədən bəri
gözümdən bir damla da düşməyib. Bilirəm,
qayıdacaq, mütləq qayıdacaq. Bu dəfə mən
bağışlamayacam. Söz verirəm.
İki dost sonuncu dəfə qucaqlaşıb
ayrıldı. Fuad ötürməkdə israr eləsə də,
Şəms bir az parkda gəzəcəyini deyib yola düzəldi,
ancaq parka getmədi. Ürəyini boşaltdığı
üçün xeyli rahatlaşmışdı. Elə bu
rahatlığın izinə düşüb evə
yollandı.
Məhəllə marketinin yanından keçəndə
yadına düşdü ki, siqareti qurtarıb. İçəri
girib siqaret istədi. Rəhim dayı həmişəki kimi əvvəlcə
Şəmsin halını xəbər aldı, bir çətinliyinin
olub-olmadığını soruşdu. Sonra siqaretin qiymətini
dedi. Şəms pulu verəndə gözləri Rəhim
dayının tüklü, toppuş əllərinə
sataşdı. Atası öləndən sonra ilk dəfə
idi məhəllə marketindən siqaret alırdı.
Dərhal özünü axmaqlığa vurub
dodağının altında mızıldandı:
- Rəhim dayı, bunun naziyi yoxdur? Başım da
çıxmır, iş yoldaşım tapşırıb.
Görəsən, düz siqaret alıram
- Narahat olma, səhv olsa, qaytararsan.
Şəms cavabdan başa düşdü ki, Rəhim
dayı onun siqaret almağına fikir verməyib. Ancaq
atasının qədim dostuna yalandan da olsa, bir səbəb deməyi
özünə borc bildi.
Şəms həm evə qalxıb siqaret qutusunu
boşaltmaq istəyirdi, həm də boş otağın vahiməsindən
qorxurdu. Qorxunun üstün gəldiyini görüb marketin
yanındakı skamyada oturdu. Saçını isladan tər
artıq yanaqlarında gəzişirdi. Ancaq göz
yaşları tər damcılarına qoşulmaq istəmirdi.
Bircə dəfə ağlaya bilsəydi...
Qəfildən yadına Cavid düşdü. Şəms
Cavidə qarşı hisslərinin sadəcə həvəs
olduğunu, əslində, onu çox sevmədiyini
ayrılığın ilk günlərindəcə başa
düşmüşdü. Cavidi unutmağa elə tələsmişdi
ki, qırılan qüruruna xatir üzrxahlıq da
ummamışdı. İlk dəfə idi ki, köhnə
sevgilinin bir dəfə də olsa, onu axtarmamasına təəssüflənirdi.
Şəms anlamırdı ki, neçə il sonra özü
də belə bir məqamda bunu niyə düşünür.
"Bəlkə Emil də Cavid kimi
qayıtmadı" - qəfil yaranan şübhə beynində
ildırım kimi çaxdı. Dərhal telefonu yoxladı, Emildən
nə zəng gəlmişdi, nə mesaj.
Şəms bu qədər dərdin arasında bir də
uzaq keçmişin müəmması ilə özünü
yormaq istəmədi. Xeyli axtarandan sonra ortaq bir
tanışın nömrəsini tapıb yubanmadan zəng
vurdu. Hal-əhval tutandan sonra iki-üç əhəmiyyətsiz
mövzu açdı, ən axırda Cavidi soruşdu. Telefonun
o başından gələn səs sözün başına
ip salıb xeyli dağ-daş gəzdirəndən sonra, nəhayət,
cavab verdi: "Bu yaxınlarda
toyudur".
Şəms Cavidin evlilik xəbərini eşidəndə
Emili itirməkdən necə qorxduğunu bir daha anladı.
Ürəyindəki sancını ovuclarında hiss eləyirdi,
nəfəsi çatmırdı. Heç nə demədən
telefonu söndürüb çantasına qoydu. Əvəzində
alışqanı tapıb çıxardı, ayağa
qalxıb tələsik bir siqaret yandırdı.
Pəncərədən Şəmsi izləyən Rəhim
dayı hönkürtü səsi kəsilənədək həyətə
çıxmadı.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.21.