"Qırxqız
qayası" - Yurdumuzu gəzə-gəzə...
Bir görüşün təəssüratı
Dağlar torpağa yük olmaz, dirək olar,
İnsan torpağa yük olar - gələr, gedər...
Ötən günlərin birində Milli
Televizyanın "Mədəniyyət" kanalında bir
veriliş izlədim. Mərhum millət vəkili, qəlbi
torpaq, vətən, xalq sevdası ilə döyünən Qənirə
xanım Paşayeva qədim Türküstan abidələrini
elə qərar tutduqları o torpaqlardan
tamaşaçılara təqdim edirdi...
2020-ci ilin payızı idi. Sentyabrın 26-sı.
Siyəzən-Şabran elində çox sevilib dəyərləndirilən
Milli Məclis üzvü dostumuz Sadiq Qurbanov telefon
açıb deputat həmkarı Qənirə Paşayeva ilə
sinəsi sirlərlə dolu, neçə-neçə ilahi
hikmətin, dastanların, rəvayətlərin ünvanı
olan, Zərdüşt peyğəmbərin ayaq izləri,
Xızır peyğəmbərin nəfəsi ilə süslənən
"Beşbarmaq" dağını ziyarət etmək,
rayonun (Siyəzən) tarixi yerlərini gəzib görmək
arzusu ilə bizim tərəflərə gəlmək istədiklərini
dedi. Şad oldum, sevindim, məmnunluqla "gözləyirəm,
gəlin", - dedim. Elə bəri başdan burasını da
başa düşdüm ki, iki millət vəkilinin bu gəlişdə
əsas hədəfləri həm də ölkə
başçısının müvafiq Sərəncamı ilə
(8 iyun 2020-ci il) yaradılmış "Beşbarmaq
dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğunun ərazisini yaxından görməkdir (İstəkləri
vətənpərvərlik hissindən, doğma yurd-yuvanı
daha yaxından görüb tanımağı, həm də
özlərinə bir borc duyğusundan yaranıb).
Təyin etdiyimiz vaxtın tamamında rayonumuzun (Siyəzən)
girişində, mavi Xəzərin sahilindəki Zaratda
görüşdük, elə kəndin başındakı
Seyrangahda yerli ağsaqqallarla ayaqüstü bir həsbi-hal edib
samovar çayı içdik. Sonra da qonaqlarla sözün
"yaxasından yapışıb"
"Beşbarmağ"a tərəf yol aldıq. Üzü
dağın zirvəsinə doğru qalxdıqca mən də
vaxtdan istifadə edib bildiklərimdən qonaqlarımıza
şövqlə nəql edirəm:
- "Beşbarmaq" qəribə bir dağdır.
"Beşbarmaq" qayalıqlarında ziyarətgah yeri olan
Xızır-Zində (diri, yaşayan peyğəmbər
Xızır) piri müsəlman Şərqinin sinəsi sirlərlə
dolu ən müqəddəs ziyarətgahlarındandır...
Yolun sol tərəfindəki qayalıqları nişan
verib müəyyən nöqtələrdən kitab (Quran)
oxuyan təbii insan heykəllərinin aydın görünən
siluetlərini göstərərək sözümə davam
edirəm:
- Görkəmli Azərbaycan səyyahı
Əbdülrəşid əl-Bakuvi belə yazır ki,
"Quranın "Əl-Kəhf" (Mağara) surəsində
söhbət açılan Musa və Xızır peyğəmbərlərə
aid hekayət bu yerlərdə baş verib. Musanın xidmətində
olan Yuşə ibn Nusun yeməyə götürüb, yaddan
çıxartdığı balıq iki dənizin
qovuşduğu bu yerdə suya atılaraq dirilib...
Beləcə, tarixi varaqlaya-varaqlaya Quzey tərəfdən
yaxınlaşıb dağın sinəsindəki
meydanda,"Beşbarmağ"ın uzandığı əlin
biləyinin üstündə maşından endik.
Görkəmli şairimiz Ələkbər Salahzadənin
"Beşbarmaq" şeirindən bu misraları astadan
pıçıldayıram:
Beş barmağam,
Buludlara baş vurmağam,
Keçmişin vaxt dəryasında,
Beş qarmağam...
lll
İnşası ilkin orta əsrlərə gedib
çıxan (elə məşhur Gilgilçay səddi ilə
həmyaşıd), indi çox yeri aşılanıb
uçulub dağılsa da, təməli, bünövrəsi
hələ də dözüb duran "Beşbarmaq səddi",
qalanın baş bürcündən Xızı tərəfə
dağı dolana-dolana uzanıb gedən qədim el yolunun ot
basmış cığırları sinəsi kürə kimi
VƏTƏN tarixi ilə atəşlənən bu mötəbər
qonaqların duyğularını, düşüncələrini,
deməyəsən, həmən coşdurmazmı?!
Qənirə xanımı hələ ötən əsrin
sonlarından milli mətbuatımıza demokratik ab-hava gətirən
peşəkar jurnalist, sərraf söz adamı, daha sonra da bir
siyasətçi kimi tanıyırdım. Diqqətli, insanlara
yaxın idi, heç bir müraciətə biganə
qalmırdı. İnsanlar bu keyfiyyətini yaxşı bildiklərindən
öz qayğıları ilə bağlı həmişə
ona üz tutardılar. Çalışdığım
rayonların sakinlərinin Qənirə xanımın
ünvanından daxil olan məktublarını çox
araşdırıb cavab vermişəm. Onun üçün
"mənim seçicim deyil" anlayışı yox idi,
"Azərbaycan vətəndaşı" məfhumu var idi.
Eyni zamanda da, elə yazıçı həmkarı kimi yeni nəşr
olunan kitablarından mənə də göndərirdi.
Üçcildliyini də imzası ilə
yollamışdı. İndi bu gün
"Beşbarmağ"ın zirvəsindəki bu meydanda
tariximizin bir parçası olan hər daşa, hər qaya
parçasına baxa-baxa, əl vurub toxunduqca və sonra da dərin
mühakimələrini, dəyərli məntiqli fikirlərini
eşitdikcə, yurd-yuvaya sevgisini hiss etdikcə qarşımda
sanki tamam başqa bir vətənpərvər ziyalı
xanım görürdüm. Bir mürid öz mürşidinə
heyranlıqla baxa-baxa eşitdiklərindən necə məmnuniyyət
duyarsa, eləcə mən də, yol yoldaşlarımız da
sanki onu dinləyə-dinləyə bir sehrə
düşmüşdük. Qənirə xanım dediklərinə
həmdə şövqlə, dəlilli-sübutlu izahlar
verirdi, yeri gəldikcə emosional reaksiya, ciddi mühakimə,
axtarış ehtirası da öz yerində...
Həmişəki kimi o gün də "Beşbarmaq
dağı"nın ziyarətçiləri çox idi. Həm
yerli sakinlər, həm də qıraqdan gələnlər,
ahıllı-cahıllı hər kəs, Qənirə
xanıma yaxınlaşıb salamlaşır, əziz
adamları kimi hal-əhval tutur, ünsiyyət qurmağa
çalışırdı. Kimi birgə foto çəkdirir,
kitab-dəftər əhli də ondan imza alırdılar.
Beləcə, dağın üstündə xeyli
dolaşıb maraqlı söhbətlər etdik.
lll
"Vaxtdır, Qənirə xanımı onu əhatəyə
alıb sorğu-suala çəkən adamların əlindən
almalıyam" - düşündüm. Yoxsa ardı gəldikcə
gələn bu inanc əhli ilə günü axşam edəcəkdik.
İndi mən də Qənirə xanımı söhbətə
tutub böyük Sufi Şeyx Heydərin qarşı
dağdakı türbəsindən bəhs etdim: "Gedib
görək" - dedi və türbənin yerləşdiyi
dağa sarı yollandıq. Yolüstü xarabalıqları
indi neçə-neçə yurd yerlərimiz kimi
könül dağlayan Zərgərli kəndini nişan
verdim, Qənirə xanım maşını saxlatdırıb
endi. Yolun kənarındakı söküklərə (kalovlara)
yaxınlaşdıq. Xanım qonağımız bir zamanlar nəhəng
daşlardan ibarət olub, indisə dağılıb
xarabalığa çevrilmiş evlərin qalıqlarına əzizi,
çox qiymətli doğması, sevimlisi kimi toxuna-toxuna
sığallayıb qucmaq istəyirdi sanki.
lll
Şeyx Heydərin türbəsinin qalıqları olan
yerə, bir vaxt dəfn olunduğu məkana yetişdik.
Zamanında möhtəşəm bir abidə olduğunun əzəmətini
hələ də saxlayan türbəni ziyarət etdik. Qeyd edim
ki, türbə "Beşbarmaq dağı" ilə,
üzü Xəzərə olmaqla, eyni xəttin üzərində
tikilib. Beşbarmaq dağından Xəzərin mavi suları
necə aydın görünürsə, şeyxin dəfn
olunduğu bu yerdən də eləcə görünür.
Sıldırım qayanın qaşında tikilmiş türbəyə
qarşı tərəfdən yanaşmaq mümkünsüz
olub. Məqbərənin ön divarı qayaya açılan
uçurumun başındadır. Arxa tərəf də
qalın hasarla əhatələnib. Türbəyə gərək
yan tərəflərdən yanaşasan. Görünür,
şeyxin cəsədini onun şəhid olduğu
Şahdağın ətəklərindən bu yerəcən gətirən
müridləri hələ də bilmədiyimiz nə qədər
amilləri nəzərə alıblar. Əlbəttə, məmləkətimizin,
bu ellərin etibarlılığı, sədaqət amilidə
öz yerində.
Nəql edirlər ki, Şeyx Cüneydin oğlu
Şeyx Heydər atasının Azərbaycanı vahid bir
dövlətdə birləşdirmək siyasətini davam
etdirmək uğrunda 1488-ci ildə Şahdağın ətəklərində
Şirvanşah ordusu ilə döyüş meydanında həlak
olub, müridləri tərəfindən xəlvətcə
"Beşbarmaq dağı"nın arxasında dəfn
edilib. Uzun zaman yeri gizli qalan bu məzarı sonralar oğlu
Şah İsmayıl Xətai Şirvan yürüşləri
zamanı aşkar edərək üzərində türbə
tikdirib, məzar ziyarətgaha çevrilib.
Türbə üzərindəki daş kitabə
tarixçilər tərəfindən maraqla
qarşılanıb. Əhəng daşı üzərində
üç sətirlik kitabədə süls elementli nəsx xətti
ilə bu cümlə həkk olunub: "Böyük məzar
Allah yolu ilə gedənin müqəddəs şəhidgahı,
həqiqət yolu yolçusunun qəbri hikmətli Quran dininin
həqiqət adlanan şeyxi Şeyx Sultan Cüneydin oğlu
Şeyx Sultan Heydərindir".
Şah İsmayıl türbəyə xidmət etmələri
məqsədi ilə Zərgərli tayfalarından buraya
şeyx və xidmətçilər köçürdüb.
Bu şeyxlər nəsillikcə türbənin qorunub
saxlanmasına xidmət etmişlər. Şah İsmayıl tərəfindən
buradan aşağıda, sıldırım qayanın dibində
salınan yurd yeri elə o vaxtdan Şıxlar (Şeyxlər)
adlanır. Oradan durub dağıntılarına
baxdığımız kənd isə Zərgərli
adıyla bilinir.
Şeyxin türbəsinin olduğu dağın dibindəki
yurd yerinin aydın görünən qalıqlarını
göstərirəm. Sonradan (ötən əsrin
ortalarında) indi xarabalıqlarını
gördüyümüz bu kəndin əhalisi Beşbarmaq
dağının şərq ətəklərinə
köçüb, dənizlə dağın arasında yurd
salıb, adına da "Qalaşıxı"deyiblər.
lll
Xəzərin az qala bir addımlığındakı
Zarat kəndindən yola çıxaraq keçib getdiyimiz
böyük bir ərazinin (Dövlət Qoruğunun əhatə
etdiyi ərazi 300 hektardır. Siyəzən rayonunda isə"Beşbarmaq",
"Gilçilçay tarixi səddi" də daxil olmaqla
mühafizə edilən ölkə əhəmiyyətli abidələrin
sayı 8-dir), həm də Şeyx Heydərin
"Beşbarmaq"la göz-gözə baxan türbəsinin
qoruğun turizm marşrutuna daxil edilməsi barədə
eşidəndə qonaqlarımız bunu donə-dönə təqdir
etdilər, çox sevindilər.
Bütün bunlar, paytaxtı Təbriz olan Səfəvilər
dövləti, o dövlətinin tariximizdəki yeri və taleyimizdəki
rolu barədə həm Qənirə xanım, həm də
Sadiq müəllim çox dəyərli faktlardan söz
açıb, geniş mülahizələr söylədilər.
Vaxtı nəzərə alaraq, yenə də mən
sözə körpü saldım, gün günotadan
ötüb, "Yol intizardır, gedək", - dedim.
lll
Yol boyu söhbət əsnasında qonaqlara Siyəzən-Qalaaltı
yolunun kənarında, dağların döşündə
sanki mahir memarın əllə yonub-yontalayıb dağın
köksünə "sapladığı" əzəmətli
"Qırxqız qayası"ndan da söz açdım.
Axşam düşürdü, deputat dostlarımız
Bakıya qayıtmalıydılar. "O qayanı da görmək
istərdik, ancaq daha gecdir, sonraya saxlayaq", - dedilər. Qənirə
xanımla xudahafizləşib ayrılanda "Qırxqız
qayası" haqqında eşidib-bildiklərimi yazıb ona
çatdırmağımı dönə-dönə
xahiş etdi.
Mən də tez bir zamanda "Qırxqız
qayası" haqqında eşitdiyim bir rəvayəti (əfsanəni)
yazıya köçürüb Qənirə xanımın
elektron poçtuna göndərdim. Yəqin ki,
baxmışdı, oxumuşdu. Və mütləq nə vaxtsa
o qayadan yazacaqdı. Hayıf, çox hayıf ki, əcəl
aman vermədi, ömrü yarımçıq qaldı Qənirə
xanımın...
Mən isə indi o "Qırxqız qayası"
haqqında eşidib-bildiklərimi, həm də bir xatirə
olsun deyə, bir daha yada salıram.
lll
Siyəzən-Qalaaltı yolunun üstündəki
Sadan kəndindən ayaqlanıb gah üzü yoqquşaqalxan,
gah da enişə düşən, dərələrlə, təpələrlə
qıvrılan,bir başı da Xaqani Şirvanini Şabran
qalasına gətirən qədim Şirvan yolunun, el yolunun
keçdiyi, "Dübrar"ın dabanında qovuşan Kələno
dağ silsiləsinin şərqindəki yal-yamacda binə
salan bir kənd var, "Müşkül-Qazma" kəndi.
Gilgil çaydan ötüb üzü Məşrifə,
Qalaaltı tərəfə qalxandan sonra sol tərəfindəki
dağ silsiləsində, yamacda üzü zirvəyə, yelli
gədiyə doğru, yerdən hündürlüyü ilə
eni simmetrik, təxminən otuz metr, uzunluğu isə bir
neçə yüzmetr olan mil kimi düppədüz, çəlik
kimi dimdik bir qayaboylanıb baxır. Adəmin zamanından
qalıbmı? Yoxsa bu qalaya Xızır kürəyini söykəyib
nəfəsini dəribmı? Ya bəlkə də Musa
salamullah əsası ilə mamırına,
çayırına toxunub? İndi bütün belə sirlərdən
agah müdrik qocanı haradan tapaqki, xəbər alaq: - Axı
necə olub ki, bu qayaya "Qırxqız qayası" deyiblər,
onu niyə belə adlandırıblar?..
Qayadı da, "telinin" birini də əsrlərdən
bərisərt rüzgara vermədən, yaranışda necə
vardısa, eləcə də yerində dayanıb-durub...
"Hər daşın öz tarixi var", deyiblər.
Bəlkə bu qayalarında köksünün altında hələ
də gizlətdiyi, elə özü boyda neçə
sirri-sehri var, qatını çözələyib öyrənməyə,
açıb-ağartmağa, üzə çıxarmağa
yol, məqam gözləyir. Gözləyir ki, nə vaxtsa sən
gəlib onu varaqlayasan, toxunub hiss edəsən, bəlkə də
qucaqlayıb köksünə sıxasan! Hisslərin səni
sınağa çəkə, qayaların arxa üzünə
hərlənmək istəyin səni bir də getdiyin yoldan
geri qaytara. "Niyə o qayanın dördbir yanına
dolanmadım?", - deyə özündən soruşarsan.
Beynində-düşüncəndə açılan
qapıdan minbir xəyal sel kimi səni ağuşuna alar. Nəhayətdə
nəfəsini o qədər rahat alıb-verərsən ki, istəyin
bu olar: "Qurban olum vətənimin hər dağına,
daşına.."
Günəşin doğuşu, axşamın gəlişi
quzuların yorğun mələşməsi kimi milyon illərdir
səninlə qolboyundur, görüşünə gecikəndə
darıxır... "Qırxqız qayası" da bax belə...
Tarixinin dərin qatlarında gizlətdikləri hələ də
pünhan qaldığından darıxır. Tanrıdan diləkləri
hasil olar, bəlkə... Daşa dönən o qırx qız bəlkə
də bir gün allı-güllü donlarıyla yenidən
gerçəyə dönüşün yolunu gözləyir...
Ümid gözlərdə yaş yükü...
Aç sinən boyda suç yükün,
Aç, danış dağlara...
...Nağıllar, əfsanələr adətən belə
başlayır: "Biri var idi, biri yox idi..." İndi sənə
elə gəlir ki, bu yerlərdə bir Tanrı var idi, bir də
bu dağlar... "Qırxqız qayası" da dağın
döşünə sancılmış qırxdişli bir
daraq kimi tarıma çəkir yolu keçən,
görüb tamaşasına duran insan düşüncələrini.
Dağlar da inanmazdı ki, ismətdən don geyinən,
abır-həyadan yaşmaq tutan o nazənin mələklər
belə ağır sınağa çəkiləcəklər.
Gəlin köçürən, qız böyüdən nənələr-analar
üçün öyüd, nəsihət meyarı olub indiyəcən
də dildən-dilə düşəcəklər. Və bir
məsumiyyət meyarıdır bu gün də
"Qırxqız qayası".
İndilərdə vur-tut ikicə ailənin
yaşadığı, sinəsi yallı-yamaclı,
döşü nağıllı-dastanlı, qoynu
gülüstan olan bu "Müşkül-Qazma"nın bir
vaxtlar necə haylı-haraylı, gümrah günləri
varmış. Yadın, xainin gözü götürərdimi?
...Bir gün düşmənə hədəf oldu. Bilək
tutdu, qılınca qurşandı, ancaq yağı
düşmən... Namərd düşmən güc gədi.
Yağmaladı, yandırdı, kül edib, viran qoydu yurdu.
Yağı düşməndən qorunmaq üçün
Müşkün qırx qızı saçlarını
üzlərinə duvaq etdilər, namuslarını qorumaq
üçün yalınayaq üz tutdular dağlara. Gizlənmək,
pünhan bir yerə çəkilmək üçün
yalda-yamacda çox vurnuxdular, çırpındılar, nə
qədər gəzib-dolaşsalar da, nə bir kaha, nə də
bir ağac kövülu tapa bildilər. Yağı
yetişhayetişdə daha bomboz dağlarda
sığınmağa daldalanacaq bir yer, qaçıb
qurtarıb xilas olmağa çarə tapmayan o qırx qız
elə durduqları yerdə əl qaldırıb Tanrıdan
daş olmaqlarını dilədilər. Dar ayaqda olanların
duaları sərhəd tanımazmış... Tanrı diləklərini
tez eşidərmiş... Beləcə, dağ silsiləsinin
qabarıq sinəsi "Qırxqız qayası", yurdun
adı isə "Müşkül-Qazma" olur. Bu gün də
buqaya öz əzəmətilə, bağrında gizlətdiyi
əfsanəylə insanlıq tarixinə meydan oxumaqdadır.
lll
Başına qırx gözəlin saçını
öpüb oxşayan darağın sancıldığı,
Müşkül-Qazmanın həm də o qədər duzlu-məzəli
hekayələri var ki! Bu da elin dilində dolaşan bir hekayədir:..
Müşküllə üz-üzə, Gilgilçayın
sağ sahilində, başı Şah dağının ətəkləri
ilə qucaqlaşıb öpüşən Tənkəmər
dağının dibində bir kənd də var - Güləh
kəndi. Güləhdə qonşuyla deyiş, Müşkül-Qazmadan,
yanındaymışlar kimi, "Amandır, etməyin"
deyib tənə edəcəklər.
Müşkül-Qazmada həyətdə qəhqəhə
çəksən, Güləhdən "nə gözəl,
həmişə belə" - deyərək
alqışlayacaq, sevinəcəklər.
Günlərin bir günü Güləhdə
yaşlı kişilər kənd meydanında tay sıra ilə
yan-yana düzülmüş kötüklərin
üstündə oturub ötənlərdən- keçənlərdən
danışır, həsbi-hal edirmişlər.
Saç-saqqalı bir yana, sinəsinin tükləri də
ağarmaqdan ötüb gümüşü rəngə
çalan birisi Müşkül-Qazma tərəfə
baxıb köks ötürür. Sonra da həmkəndlilərinə
tərəf dönüb sanki son sözünü deyirmiş,
həyata vida edirmiş kimi: "Ey gidi dünya, bu qədər
illər keçdi, ömrü başa vurdum, gedib
Müşkül-Qazmanı yaxından görə bilmədim"
- deyərək dərindən ah çəkir.
Neyləsin, dövr elə dövr imiş...
Halbuki indi, yaşlılar öz yerində, heç
ayaqları yer tutmayan körpələrdə az qala
dünyanı gəzib-dolaşırlar.
lll
Düşünürəm ki, mən də gedib o kəndi-kəsəyi
görməsəm, köhnə yurd yerlərinin
başının üstündəki "Qırxqız
qayası"na baş çəkib torpağına,
daşına toxunmasam, çevrəsinə dolaşıb
tamaşasına durmasam, elə həmin o
"Ölüb-getdim, Müşkül-Qazmanı görmədim"
deyən güləhli qocanın ruhu məndən inciməzmi?
"Müşkül-Qazma" - Sadan kəndinin ha tərəfindən,
az qala hansı həyət-bacasından baxsan mavi Xəzərlə
üz-üzə, göz-gözəsən. Bax, bəsirətin
yetdiyi, gözün gördüyü qədər. Bu yurdda
dağlar sinəsini elə qabardıb, qucağını elə
açıb ki, dənizin coşqun dalğaları ləpələrini
sanki bir addımlıqdan çöhrənə
üfürür. Bu lacivərd mənzərədən hələm-hələm
ay ayrıldın haa...
Sakitlikdir, baxdım, gördüm. İndi də səs
gəlir, ayaq səsi, nal cingiltisi, at kişnərtisi. Kəndin
ayağından bir yol ayrılır, yamacların sinəsi ilə
səni "Qırxqız qayası"na aparacaq.
Körpüsüz, bəndsiz-bərəsiz, torpaq yol.
Beş nəfərik - iki bələdçi,
ilhamı gur çeşməli bulaq kimi qaynayan şair,
çiyni ağır xurcunlu qoca nasir, bir də mən - sadə
bir oxucu.
Kəndə çatırıq, bələdçi
daş kalovları göstərib:
- Məscidin yeridir bura, bu da qalıqları, - deyə əlini
uzadıb üzü bozarmış daşlara toxunur,
sığallayıb oxşayır. Nəhəng qoz
ağacının kölgəsinə qədər yeriyirik.
Baldırğan qomaları saçını ağardıb,
qarsıyıb, daha bombozdu.
Bu da alça ağacı, elə bil palıddır, qocalıb,
gövdəsini mamır basıb. Meyvəsidə var, kimsə
toxunmayıb. İndi alça yeyən kimdir? Bir ovuc dərib
qoca nasirə təklif etmək olar. Ancaq "su"suz olmaz: o
istəyən, o içən "su"dan olsaydı,
bambaşqa məsələ...
Şair çiçək toplayır, kəkotu
talasına rast dşüb. Aman, odu ey, başmaqlarını
çıxarıb əlində tutaraq, yalın ayaqla sinə-sinə
dolanıb durur. Oxucuyam, köks ötürürəm. Yəqin
bu da bir şeir olacaq. Şair olsam, elə özüm
yazardım: - "Şehli çəməndə
barmaqlarının ucunda gəzən qız"...
Dodaqlarımı sıxıram, şairin ilhamına
şərik çıxmaq? Ay-hay... Yuxarıdan "Qırx
qız" baxır üzü bəri, Müşkülün
yalı ilə üzü yuxarı, qayaya doğru...
Bu da "Qırxqız qayası", ha bax, bax, zirvəsi
görünməz. Şair özünü
çatdırıb qaya daşlarının şəklini
çəkir. Mən isə eləcə baxıram. Nasir bulağa,
o "Qırx qız"ın dabanlarının dibindən
süzülüb gələn göz yaşı kimi dupduru
bulağa yetişir. Bulağın yanındakı vələs
ağacından asılmış taxta çömçəni
əlinə alır, su ilə doldurub içir. Taxta
çömçəni yenə, ikinci dəfə
bulağın gözündən doldurur. İkinci, hə,
ikinciyə hünəri çatmır. Əlindəki su dolu
taxta çömçəni yerə salır. Belini dikəldib
ağaca söykənir. Nasir duyğulanıb, gərək
yetişim, təsəlli verim, toxtadım onu. Yəqin
"Müşkül"ün mələk timsallı o
qırx qızının acı taleyi kövrəldib onu. Ya da
"su" tutub - "yavan soyuq su!" Hayıfdı, sözə,
elin danışan dilinə yazıq olar. Təzəcə qələmə
almaqda olduğu romanı da yarımçıq qalar.
"Qırxqız qayası"nın dibindən, durduğum
yerdən üzü enişə, nasirin su içib
başının üstündəki ağaca
yaslandığı bulağa doğru yüyürürəm.
Bəlkə mən də, elə şairimiz də
görüb-götürmüş dostumuzun birdən-birə
bu hala düşməsinin əsl səbəbindən xəbərsiz
idik. "Soyuq su"da onu belə yerindən eləyə bilməzdi.
Odur ey, şair də haray salıb: "Ay aman, nasir
düşür!.." Bələdçiləri haylayır:
"Yetişin, harda qalmısız?!" Yalın ayaqla
qaçaraq qoca nasirin köməyinə yetirlər.
Özümüzə gəldiyimizi görüb, indi də
əlindəki fotoaparatı işə salaraq şəklimizi
çəkir...
lll
...Tarix səhifələnir... Yaddaşda qalanlarla təsəlli
tapılır... Yaddaşdan silinənlərin yerini doldurmaq bəzən
qismət olmasa da, bir çox hallarda xatırlamaq, təkrar
yada salmaq üçün insan biixtiyar əlinə qələm
alır... Bunu xatirələrə ehtiram olaraq da etmək
mümkündür...
Həmin gün 2020-ci ilin 26 Sentyabrı idi. Ertəsi
gün isə Tarixi Zəfərimizlə - Qələbəmizlə
tamamlanan 44 günlük Vətən müharibəsinin ilk
günü olacaqı.
Üstündən elə çox vaxt keçməyib.
Lakin bu müddətdə xalqımızın, millətimizin
taleyində, dövlətimizin tarixində neçə-neçə
əzəmətli, ehtişamlı hadisələr
yaşanıb. Yeni tarix yaranıb: millətin, dövlətin Zəfər
tarixi!
İndi sıramızda deyilsə də, nə
yaxşı ki, vətən sevgisi ilə
alışıb-yanan Qənirə xanım da əzəli-əbədi
Vətən torpaqlarımızın azad edilməsinin, ərazi
bütövlüyümüzün bərpasının
şahidi oldu, qəlbən, ruhən rahatlıq tapdı. Axirət
dünyasında yeri behiştdir, inşallah!
12 dekabr, 2023-cü il.
Siyəzən
Novruz NƏCƏFOĞLU
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.