Pərdə
arxasındakı qeyrət müəllimləri
Dəniz həmişə dənizdir. Gah sakit, gah
mülayim, gah dalğalı, gah fırtınalı. Bəzən
qabarır, bəzən çəkilir - daim adam kimi canlı.
Ona görə şairlər insanları da hərdən-hərdən
dənizə oxşadırlar.
1841-ci il idi. Abbasqulu ağa Bakıxanov "şah əsər"i
olacaq kitabını qələmə almağa
başlamışdı. "Gülüstan-i İrəm"i
başlayırdı və sözü gəlib
çıxmışdı Bakı şəhərini əhatələyən
qala divarlarının üstünə. Yazırdı ki,
"Yaxşı yadımdadır, 40 il əvvəl Bakı
qalası iki arşın suyun içərisində idi. Sonra
başladı yavaş-yavaş çəkilməyə.
Axırıncı 5-6 ildə bir az artıb".
Deməli, 1800-cü illərin lap əvvəllərində
hələ Xəzərin dalğaları Qız
qalasını döyəcləyirmiş. Sonra dəniz
başlayıb asta-asta qala divarlarından aralanmağa. Yer
boşaldıqca oralarda yeni-yeni tikililər əmələ gəlməyə
başlayıb. Onillər ötüb, sonra yenə dəniz
"fikrini dəyişib", yenə başlayıb asta-asta
Qız qalasına doğru irəliləməyə.
1990-cı illər yadımızdadır. Dəniz
asta-asta irəliləyirdi və sahil bağının xeyli
hissəsi qalmışdı suyun altında,
düşünürdün ki, belə getsə, sular Qız
qalası ilə bulvar arasındakı yolu da örtər...
Tarix boyu belə olub. Dəniz gah qabarıb, gah çəkilib,
nələrsə qalıb suyun altında, vaxt sovuşduqca
onlar da yaddan çıxıb. Vaxtilə küçələrindən
adamlar keçən, indi isə yalnız haqqında rəvayətlər
dolaşan Səbayel boyda şəhər sularda itib, dünənə
qərq olub, onda qalmış ömrü qısa insan ola.
Əslində insanın özündən çox onun
yaddaşı dənizə bənzəyir. Hafizədə də
müəyyən müddət nələrsə elə həmişə
əl altında olacaqmış kimi üst qatda qərar tutur.
Amma zaman keçişi ilə üst qatda olanlar
yavaş-yavaş enir hafizənin dibinə. Müəyyən
illərdən sonra hətta bilmərrə unudulur, sanki
heç olmayıbmış.
Bakının yaraşığı,
insanlarımızın sevimlisi olan o Sahil bağı
1860-cı illərdə düzəlməyə başladı.
Onun ilk memarı Qasım bəy Hacıbababəyov idi. Bu dəyərli
insan 1848-ci ildən 1856-cı ilədək Şamaxının
memarı olmuşdu. Sonra quberniya mərkəzi dəyişdi.
Qasım bəy Hacıbababəyov da köçdü
Bakıya, oldu buranın baş memarı - 1856-cı ildən
ta 1868-ci iləcən. Elə Bakı bulvarının -
hamımızın Sahil bağının yaranması da onun
dövrünə təsadüf etdi. İlk layihəni 1862-ci
ildə çəkmişdi. Birinci layihəyə görə,
Sahil bağının uzunluğu 650 metr olmalı idi. Vaxt
ötdükcə Sahil bağı qanadlarını daha
geniş açırdı, yavaş-yavaş
böyüyürdü, genişlənirdi və bir əsr
sonra - 1950-1960-1970-ci illərdə paytaxt sakinləri Sahil
bağında gəzməyi, söhbətləşməyi,
xüsusən yay axşamlarında burada başmaq seyrinə
çıxmağı xoşlardılar. Onların arasında
1960-cı illərin sonlarında, 1970-ci illərin əvvəllərində
çoxlarının üzdən yaxşı
tanıdığı bir nəfər də olardı. Cürbəcür
söhbətlər edərdilər. Amma o ağsaqqal hər dəfə
sözün səmtini yönəldərdi Bakı
bulvarının tarixinə, Sahil bağının necə
yaranmasının üstünə. Səbəbsiz deyildi.
Bakı bulvarını yaradan Qasım bəy Hacıbababəyov
onun babası olmuşdu. Və taleyin qəribə
yazısı ilə o ağsaqqalın ömür saatı
1972-ci ilin yay axşamlarından birində elə həmin Sahil
bağında - bir zamanlar, 1860-cı illərdə
babasının ilk layihəsini çəkdiyi, təməlini
qoyanlardan olduğu bulvarda tamamlandı.
Bu, Azərbaycanın Xalq artisti, məşhur opera
müğənnisi Hüseynağa Hacıbababəyov idi. O,
1898-ci ildə Şamaxıda doğulmuşdu. Ailələri
böyük idi. Atası Soltan kişi Şamaxıdakı
toxuculuq karxanasında çalışırdı. Toxucu məvacibi
ilə yeddi başlıq ailəni dolandırmaq çətin
idi. Ancaq zəhmətə bağlı, gecə-gündüz
bir çətən külfətini təmin etməyin
qayğıları ilə yaşayan Soltan kişini həmişə
kefikök saxlayan, sabahkı günün bugünkündən
daha yaxşı olacağına kökləyən musiqiyə
həddən ziyadə bağlılığı imiş.
Musiqi sanki ona bütün müşküllərini unutdurur, bunca
güzəran sıxıntıları içərisində də
ovqatının daim duru olmasına kömək edirmiş. Həmin
Soltan kişinin nəvəsi, Hüseynağa Hacıbababəyovun
qızı Suğra xanım 1980-ci illərin əvvəllərində
mənə söyləyirdi ki, babası evdə iri qəfəsdə
bülbüllər saxlayırmış. Arada azacıq boş
vaxtı olan kimi oturub saatlarla onların oxusuna, cəh-cəhinə
qulaq asmaqdan ləzzət alarmış. Balaca
Hüseynağanın ürəyinə, varlığına
musiqi eşqi bəlkə də həmin bülbül sədalarından
hopmuşdu. Bunu mən ehtimal etmirəm. Qızı Suğraya
belə fərz etdiyini Hüseynağa Hacıbababəyov
özü söyləyibmiş.
1902-ci ildə bütün Şamaxını lərzəyə
salan dəhşətli zəlzələ qopur. Soltan kişinin
də ev-eşiyi viran qalır. Baxırlar ki, bu vəziyyətdə
daha Şamaxıda yaşaya bilməyəcəklər. Bir
parça çörək dalınca ailəsini də
götürüb baş alır Bakıya və burada artıq
büsbütün yeni həyat başlanır. O, zəhmət
adamı idi, işin ağırından qorxan deyildi və
başlayır fəhləlik edib ailəsinin güzəranını
yola verməyə. Özünə ürəyi istəyən
kimi savad almaq nəsib olmamışdısa da, çox istəyirdi
ki, balaları oxusunlar, həm də yaxşı təhsil
görsünlər. 1905-ci ildə - 7 yaşına
çatınca Hüseynağanı aparıb qoyur yerlisi Həbib
bəy Mahmudbəyovun (1864-1928)
adı ilə məşhur olan məktəbə
(Bakıda 1887-ci ildə ilk rus-müsəlman məktəbini
Sultan Məcid Qənizadə ilə birlikdə yaradan Həbib
bəy olmuşdu və bu məktəb az bir zamanda elə
hörmət və nüfuz qazanmışdı ki, 1891-ci ildən
dövlət təminatına keçirilmişdi).
İnsan öz ömrünü yaşayır, vaxt
axarı ilə gedir, hadisələr bir-birini izləyir, buna elə
təsadüflər sırası kimi baxırsan. Amma yalnız
ömrün müəyyən həddinə gəlib
çatandan sonra anlayırsan ki, sanki bütün bunlar irəlicədən
bir ssenari kimi yazılıbmış, nədən sonra nəyin
gəlməsi, necə gəlməsi ilahi dəqiqliklə
hesablanıbmış. Məktəbdə ona nəğmə
dərsini Hənəfi Terequlov deyirdi. O Hənəfi Terequlov
ki, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin qaynı
olmaqdan savayı, həm də onların ən etibarlı
silahdaşlarından, məsləkdaşlarından idi və
opera ilə birbaşa bağlıydı.
Hüseynağanın da, qardaşı Rzanın da hələ
məktəbdəki nəğmə dərslərində oxuları
ilə başqalarından qat-qat üstün olduqları
aşkarca görünürdü. 1910-cu ildə "Nicat"
cəmiyyəti xor heyətini genişləndirmək
üçün qərara alır ki, babat səsi olan məktəblilərdən
də cəlb eləsin. Müsabiqə keçirirlər və
az-çox səsi olan şagirdləri yoxlayırlar.
Hüseynağa ilə Rzanın zəmanətini artıq Hənəfi
Terequlov vermişdi. Uşaqları dinləyirlər,
görürlər ki, elə Hənəfinin dediyincə
varmış. Müsabiqədə hamıdan yüksək qiymət
alaraq ilk qəbul edilənlər də bu iki qardaş olur.
1908-ci il idi. Hüseynağanın 10 yaşı vardı
və axşamlardan birində onun həyatında möcüzə
baş verir. Böyük qardaşı Rza onu özü ilə
birinci dəfə teatra aparır. Onillər ötəndən
sonra Hüseynağa Hacıbababəyov o günlərin həyəcanlı
təəssüratlarını yada salırdı. Deyirdi ki, mən
məscidlərdə, meydanlarda şəbih
tamaşalarını görmüşdüm, "Tumannaya
kartina" adlı bir neçə filmə də
baxmışdım. Ancaq qardaşımın məni
apardığı, o axşam gördüyüm tamam ayrı
bir aləm idi. 1908-ci il idi. Əslində bütün Azərbaycan
möcüzə yaşayırdı. "Leyli və Məcnun"
səhnəyə gəlmişdi. "Leyli və Məcnun"
tamaşasının hər yeni nümayişi ilə Azərbaycan
mədəniyyətində yenicə tumurcuqlayan bu sənət
növü təzə-təzə pərəstişkarlar
qazanırdı. Ömrü boyu unutmadığı həmin
axşamın hər anını dünən olubmuş kimi
xatırlayırdı Hüseynağa Hacıbababəyov:
"Tamaşa salonu adamla dolu idi, mən maraqla sağa-sola
baxırdım. Birdən zalın işıqları sönməyə
başladı. Mən qorxdum, bərk-bərk
qardaşımın əlindən yapışdım. Hirslə
mənə baxıb dedi ki, "sakit otur". Səhnəyə
bığlı-saqqallı, qəribə geyimli adamlar
çıxdılar. Və başladılar şəbi-hicran
oxumağa. Birdən səhnəyə cəld hərəkətlərlə
bir kişi daxil oldu, zalda ordan-burdan pıçıltılar gəldi
ki, "Sarabski!", "Sarabski!". O, "Mahur"
üstündə "Yandı canım hicr ilə, vəsli-rüxi
yar istərəm" sözlərini elə gözəl
oxuyurdu ki, yer-yerdən insanlar qışqırırdılar:
"Yaşa, Hüseynqulu!", "Yaşa,
Hüseynqulu", "Afərin!". Sonra səhnəyə
qadın qiyafəsində, çaxçur geyimində bir nəfər
çıxdı. Yenə yer-yerdən səslər gəldi
ki, "Ağdamski!", "Ağdamski!". Bu, bir kişi
idi, qadın rolunu oynayırdı. O da çox gözəl
oxuyurdu. Məcnunun dəli olması səhnəsində mən
sidq ürəkdən təəssüfləndim. Xəstə
Leylinin yanına gələn Hüseynqulu Sarabskinin
yanıqlı oxusu eşidilincə neçə nəfər
cibindən dəsmal çıxarıb
hönkür-hönkür ağladı. Tamaşa mənə
o qədər təsir eləmişdi ki, arada fasilə olanda
dodaqaltı sözləri zümzümə edirdim ki,
yadımda qalsın. Sabahısı gün evdə də var-gəl
edə-edə yadımda qalan parçaları avazla təkrarlayırdım.
Bir ağ iri dəsmalı başıma çalma əvəzinə
bağlamışdım. Qonşumuzun balaca qızı
otağımıza girəndə ona tərəf irəliləyərək:
"Get, sən Leyli deyilsən, ey pərizad", - deyə
oxumağa başlayanda o, "Ay məmə!" deyib
qaçdı".
1908-ci il idi. Hüseynağanın vur-tut 10 yaşı
vardı. Həyatında ilk dəfə teatra gəlmişdi,
birinci kərə opera görmüşdü və
görüncə valeh olmuş, bu gözələ bir
könüldən min könülə vurulmuşdu.
Və bu uşağın, onun kimi neçə-neçə
yeniyetmənin, neçə gəncin ürəyində yaranan
atəşin məhəbbətin səbəbkarı həmin
Üzeyir bəy idi. Heyran qoyub sənət aşiqinə
çevirdiyi gənclərdən əslində yaşca
çox da böyük olmayan mözücə cavan! O
Üzeyir bəy ki, Azərbaycan mədəni həyatında
bir təlatüm qoparmışdı. Hüseynağa o
çağlarda sehrə düşənlərdən bircəsi
idi. Amma eyni sevgi mərəzinə "mübtəla"
olanlardan vur-tut 10 yaşlı Hüseynağanın fərqi bu
oldu ki, həmin sevda onun başından həyatının sonunacan
getmədi, ömrünün mənasına çevrildi.
İkicə il sonra 12 yaşlı Hüseynağa
Hacıbababəyov artıq operada xorda oxuyurdu. İllər
ötəcək, yaşı çatacaq 60-a, 60-ı da
keçəcək və həmin yaşdaykən müsahibələr
verərkən, ya söhbətlərində söyləyəndə
ki, "mən yarım əsrdən artıqdır səhnədəyəm",
bu deyiş çoxuna inanılmaz, şişirtmə kimi gələcək.
Necə yəni yarım əsrdir səhnədədir, bunun ki
60 illiyi, türkün sözü, "dünən yox,
srağagün" qeyd edildi. Amma kimin necə qavraması və
yozmasından asılı olamayaraq, bu, həqiqət idi - 60
illik bir ömür, onun 50 ili səhnədə, 70 illik həyat,
bunun 60 ili teatrda. Səbəb bəxtdə, yolu erkən
başlamasında, bu sevginin onun ürəyinə
dünyanı təzə-təzə dərk etməyə
başladığı uşaqlıq çağlarından
qonmasında idi. Ancaq tale Hüseynağanın üzünə
bir başqa baxımdan da gülümsəmişdi. Hər biri
ayrıca və təkrarsız məktəb olan, misilsiz sənətkar
kimi özləri özlərini doğurmuş nəhəng
aktyorlarla eyni səhnədə idi. Onlarla daimi təmasda olmaq,
onlardan hər gün öyrənmək girəvəsi
Allahın Hüseynağaya bağışladığı xəzinə
idi.
XX yüzilin birinci onili bitib ikinci onili gələndə,
günü-gündən Bakının səhnə həyatı
daha artıq canlanmağa başlayan əyyamlarda Azərbaycanın
mədəni həyatında iki əsas yönəldici,
yetişdirici mərkəz vardı: "Səfa" və
"Nicat" cəmiyyətləri. Və Hüseynağa o cəmiyyətlərin
ikisi ilə də əlaqədə idi. Çatdırmaq
çətindi, iş çoxdu, amma gərgin əməyin
müqabilində qazandığı daha artıq idi.
Hüseynağa "Səfa"dan "Nicat"a,
"Nicat"dan "Səfa"ya cəmiyyətdən-cəmiyyətə
gedən kimi yox, bir məktəbdən obirinə yollanan təki
idi.
"Səfa"da da Hüseyn Ərəblinski, Sidqi
Ruhulla, Mirzağa Əliyev, Ələkbər Hüseynzadə
vardı. Və balaca Hüseynağa da o nəhənglərlə
birgə ayrı-ayrı tamaşalarda çıxış
edirdi. Hələ ki ifa etdiyi kiçik rollardı, ancaq nə
təfavütü, böyüklərlə eyni tavan altında
idi, onlarla eyni səhnəni bölüşürdü, eyni
havanı udurdu, zalda oturanların mat-mat baxdığı məşhurlarla
o da həmkar sayılırdı, ən yaxın məsafədən
ustadların nəfəsini, işığını duyurdu.
"Nicat"a isə Hüseynqulu Sarabski, Əhməd
Ağdamski, Yunis Nərimanov kimi artıq yetərincə ad
çıxarmış güclü sənətkarlar
bağlı idi və onların da hər birindən hər an
götürməli, öyrənməli yüz cür
xırdalıq vardı.
Və 1913-cü ildə Hüseynağa Hacıbababəyova
ilk dəfə artıq müstəqil və sözlü rol
tapşırılır. "Gave-yi ahəngər"
oynanılırmış, Hüseynağaya Gavənin oğlu
rolu həvalə edilir. Həmin anda bəxtiyar idi, amma
sabahkı günü, qarşıdakı illəri və onilləri
o dəmdə irəlicədən heç vəchlə
görə və təsəvvür edə bilmədiyindən
xəbərsizdi ki, indi bu rolu ifa etməsi onun həyatındakı
ən nadir hadisələrdəndir. Çünki sonra illər
boyu Hüseynağa Hacıbababəyov səhnəmizdə
yalnız qadın rollarını oynamalı olacaqdı.
Yol yeni başlanırdı, qarşıda ümidlər
sayrışırdı, fərəhlərlə daşan gənc
Hüseynağa Hacıbababəyov məsud idi - çünki
iki böyük məktəbin qoynundaydı, bir tərəfdən
əzəmətli aktyorlardan dram sənətinin incəliklərini
mənimsəmək üçün hər ləhzə
gözəlcə fürsəti vardı, digər yandan
operanın böyük müğənnilərinin
böyründə idi, onlardan səhnədən avazla
ovsunlamanın gizlinclərini öyrənməyə qapılar
açıqdı. Və tale hədiyyəsi
olaraq yolunun lap siftəsindən hərəsi bir məktəb,
özlüyündə müstəqil bir yol olan azman sənətkarların
yanında qərar tutması sonralar Hüseynağa
Hacıbababəyovun özünü də təkrarsız məktəbə
çevirdi.
...1916-cı ildə o, həyatının ilk qastrol səfərinə
də çıxır. Üzeyir Hacıbəylinin rəhbərliyi
altında aktyorlardan ibarət heyət Tiflisə yola
düşür və Tiflisdə Hüseynağa Hacıbababəyov
daha bir sevinc yaşayır. İlk dəfə Cəlil Məmmədquluzadə
ilə tanış olur. Bakıya qayıdandan sonra
"Ölülər"i tamaşaya qoyurlar və Hüseyn
Ərəblinski hazırladığı bu tamaşada
Hüseynağa Hacıbababəyova Nazlı rolunu
tapşırır.
Hüseynağa Hacıbababəyovun opera səhnəsindəki
ilk eşqi "Leyli və Məcnun" olmuşdu və
çox keçmir ki, xorda oxumaq dövrü də başa
çatır, ona bu əsərdəki ikinci əsas baş
rolu tapşırırlar - Leylini. Və tamaşadan-tamaşaya
Leylisini daha artıq cilalamağa, daha cazibəli etməyə
başlayır. Operada xorda və dramlarda kütləvi səhnələrdəki
xırda surətlərdən sonra ilk baş rollarını
alarkən onun "Səfa" və "Nicat" cəmiyyətləri
aralığında vurnuxmalarının bihudə
olmadığı sevimli bəhrələri ilə üzə
çıxır. Operada oxuyanların əksərinin qəlbəyatan
səsi olsa da, başlıca kəsirləri onlarda
aktyorluğun zəifliyi idi. Hüseynağanınsa
yaxşı aktyorluğu ilə qovuşan məlahətli səsi
bir-birini tamamlayırdı və onun Leylisini həm daha
inandırıcı, həm də daha təsirli edirdi.
Hüseynağa Hacıbababəyov elə işi
olmamışdı ki, əlinə çox pul, sərvət gəlsin
ki, dar gün üçün dala atsın. İllərcə
yığdığı sərvət fotoşəkillər
idi, bir də ayrı-ayrı qəzetlərdə adı
keçən məqalələrin kəsikləri. Nəvazişlə
qoruyub saxladığı, yaşlaşdıqca daha tez-tez
baxdığı (bu təfərrüatların hamısı
mənə qızı Suğra xanımın söylədikləridir)
həmin qəzet kəsiklərindən biri XX əsrin əvvəllərinin
yadigarıdır - "Leyli və Məcnun"un növbəti
tamaşalarından sonra yazılmış resenziyadan
parça. Qəzet xəbər verir ki, Leyli rolunda
çıxış edən Hüseynağa Hacıbababəyov
"Xoşdur, nə qədər eyləsə yarım cəfa
mənə" misrası ilə başlayan parçanı elə
məlahətlə oxudu ki, neçə tamaşaçı
hönkür-hönkür ağladı.
Hüseynağa Hacıbababəyovun fitri
istedadını və parlaqlığını yalnız qəzetdə
bu qəbil məqalələr yazan tənqidçilər hiss
eləmirdilər ki! 1916-cı ildə Bakıya iki məşhur
rus müğənnisi gəlibmiş: soprano - Starostina, bariton
- Bragin. Hüseynağa Hacıbababəyovun müxtəlif
tamaşalardakı ifalarına qulaq asırlar. Və
tamaşalardan birindən sonra Hüseynağa Hacıbababəyova
yaxınlaşıb deyirlər ki, gözəl səsiniz var,
sizdən yaxşı opera müğənnisi alınar, ancaq
bunun üçün gərək səsi tərbiyə edəsən,
səsə düzgün yollar öyrədəsən, mükəmməl
vokal təhsili alasan. Gəlin Rusiyaya, biz də sizə kömək
edərik, orada dolğun oxuma savadı alarsınız.
Söz yox, bütün bunlar ona heç deyilməmişdən
də Hüseynağanın ürəyindən keçirdi ki,
uyğun bir yerə getsin, oxusun, öyrənsin, təkmilləşsin,
biliklərini artırsın. Ürəyindən keçməyinə
keçirdi, rus müğənniləri təhsil
almağın vacibliyi barədə onunla danışandan sonra
bu həvəsi bir az da artmışdı, di gəl, imkan o
imkan deyildi. Gözünün qabağında Üzeyir bəyin
örnəyi vardı. Üzeyir bəy getmişdi Peterburqa təhsil
almağa, ancaq maddi ehtiyaclar vadar etmişdi ki, təhsilini
yarımçıq buraxıb qayıtsın Bakıya. Bu,
öz yerində, amma o maddi sıxıntıları bəlkə
nə yollasa nizamlamaq da mümkündü, fəqət
buralardan ayrılmağın özü də ayrı bir sual
idi. Bakıda mədəni həyat elə qaynayırdı,
tamaşalar, səfərlər, konsertlər elə çoxdu
ki, baş qaşımağa macal yoxdu. Qastrollar da haralara? Azərbaycan bölgələri bir ayrı, amma
Qafqazın müxtəlif şəhərlərinə,
İrana, Orta Asiyaya səfərlər də çox idi. Həm
də o qastrol səfərlərində Hüseynağa
Hacıbababəyov truppa üçün ən sərfəli
ifaçılardandı - həm opera tamaşalarında
oynayırdı, həm dram tamaşalarında
çıxış edirdi, həm də bu ard-arda səfərlərin
əksərində tamaşalardan əlavə verilən
konsertlərdə də artıq sırf müğənni kimi
tamaşaçı qarşısına
çıxırdı. Bu, bir girdab kimi idi, oradan
çıxmaq mümkünsüz kimi görünürdü.
Üstəlik, orası da vardı ki, gah o, gah bu bölgədə
verilən konsertlərin, göstərilən tamaşaların
çoxunda heç mənfəət də yox idi - əsasən
məccani, xeyriyyə məqsədli.
Günlərin birində gedib
çıxıblarmış İrana - Rəştdə,
Ənzəlidə, Qəzvində tamaşalar göstərmiş,
konsertlər vermişdilər. Məqsəd o tərəflərdəki
aclara yardım! Yəni Hüseynağa Hacıbababəyov və
onun məsləkdaşları peşələrinə elə
vurğun, bir az da artıq - elə fanatik, elə fədakar
insanlar idilər ki, onlar özləri haqqında
düşünmürdülər. Əsas niyyətləri
qarınlarından daha əvvəl insanların mədəniyyətə
olan aclığını doydurmaq idi (Zatən özləri həmişə
bir qarın ac, bir qarın tox olduqlarından qarın
doyurası halları da yox idi).
Onlar bu savab yolda bütün bacarıqlarını, qəlblərinin
bütün məhəbbətini sərf etməyə,
qarşıya çıxacaq hər maneəni adlamağa hər
an hazır idilər.
...Ancaq Pərvərdigarın hərdən-hərdən
yox yerdən qapı açması da olur. Nəhayət ki,
Hüseynağa Hacıbababəyova arzusunu ürəyində
çoxdan daşıdığı ali musiqi təhsili almaq
da qismət olur. 1925-ci ildə Bakıda konservatoriya yenicə
ayaq tuturdu. 1921-ci ildə konservatoriya təşkil ediləndə
orada vokal kafedrası üzrə təhsil alan bircə nəfər
azərbaycanlı tələbə Bülbül idi və onun
da ilk müəllimlərindən biri professor Nikolay
İvanoviç Speranski (1877-1952) olmuşdu. Üzeyir bəy
Sovet İttifaqının müxtəlif guşələrindən
bu cür püxtə ustadları Azərbaycana ona görə
dəvət etmişdi ki, konservatoriyada milli kadrların
yetişdirilməsinə nail olsun. Hər biri ehtiramla
anılmalı həmin qiymətli sənətkarlar və
pedaqoqlar da bacardıqları qədərincə ləyaqətlə
çalışmış, qısa zaman kəsiyində
müasir musiqimizin gələcək
sıçrayışlı yüksəlişlərinə səbəb
olacaq bir-birindən qüvvətli qabil cavanlardan ibarət
qüdrətli musiqiçilər nəsli yetişdirmişdilər.
Nikolay Speranski həmin xeyirxah missiyanı yerinə yetirməkçün
ümidverici səslər ardınca operaya vaxtaşırı
baş çəkərmiş. Növbəti gəlişlərindən
birində Hüseynağa Hacıbababəyovun oyunu da, oxusu da
diqqətini çəkir, tövsiyə edir ki, konservatoriyaya gəlin,
sizin yaxşı vokal təhsili almağınız
lazımdır.
Və səs quruluşu üzrə ən bilgin mütəxəssislərdən
olan professor Nikolay İvanoviç Speranski Hüseynağa
Hacıbababəyovu tezliklə öz kursuna götürür.
1928-ci ildə Hüseynağa Hacıbababəyov
çoxdanın müğənnisi və aktyoru idi. Ancaq həmin
il debütü gerçəkləşir - Nikolay
Rimski-Korsakovun "Qarqız" operasında çar Berendeyin
rolunu ifa edir və hamı tərəfindən də rəğbətlə
qarşılanır. 1930-cu ildə isə daha bir əlamətdar
hadisə baş verir. O vaxtlar müəyyən Avropa və rus
operalarını Azərbaycan dilinə ekvoritmik tərcümə
etməyə başlamışdılar və həmin il Pyotr İliç
Çaykovskinin "Yevgeni Onegin"i Azərbaycan dilində
tamaşaya qoyulanda Hüseynağa Hacıbababəyov Lenski
rolunu ifa edir.
Azərbaycan operasının tarixində güclü,
şöhrətli sənətkarlarımız az olmayıb.
Ancaq onların hamısının arasında və
bütün Azərbaycan operasının tarixində
Hüseynağa Hacıbababəyovu tam nadirə, müqayisəsiz
təkə çevirən bu müstəsna universallıq
keyfiyyətidir ki, o, eyni məharətlə həm muğam
operalarında həm kişi, həm qadın rollarında dəfələrlə
çıxış edib, eyni ustalıqla həm də
operettalarda qadın və kişi rollarını oynayıb,
amma eyni zamanda Qərb və rus bəstəkarlarının
operalarında aparıcı rolları həm Azərbaycan, həm
rus, həm də Qərb dillərində ifa edib. Bu baxımdan
Hüseynağa Hacıbababəyova tay olacaq, onunla
tutuşdurula biləcək ikinci sənətkarımız
olmayıb və bu meyarlar nəzərə alınarsa, bundan
belə də ona rəqib sayılası digəri olmayacaq.
Müxtəlif dillərdə oxuyanlarımız da yetişər,
həm muğam, həm klassik operalarda, üstəlik, musiqili
komediyalarda uğurla çıxış edə bilənlərimiz
də yaranar. Ancaq illər boyu səhnəmizdəki
boşluğu dolduraraq bir kişinin operalarımızda
qadın rollarını oynamaq zərurəti daha bundan sonra
yaranası deyil.
...1938-ci ildə Moskvada Azərbaycanın ilk ədəbiyyat
və mədəniyyət ongünlüyü keçiriləcəkdi.
Bu, mühüm mədəni və həm də ciddi siyasi mənası
olan hadisə idi. Azərbaycan ədəbiyyatı və incəsənəti,
onun nailiyyətləri ilk dəfə bunca yüksək səviyyədə,
bu miqyasda və belə geniş əhatədə
nümayiş etdiriləcəkdi. Həmin ərəfədə
ən narahat günlər yaşayanlardan biri bəstəkar
Müslüm Maqomayev idi. O, ağır xəstə idi, dəqiqi
- can üstündə idi. Amma bu halında da yarı canı
"Nərgiz"inin yanındaydı. Çünki "Nərgiz"
"Koroğlu" ilə yanaşı Moskvadakı dekadada
nümayiş etdirilməli idi. "Nərgiz"
Müslüm Maqomayevin bəstələdiyi ilk Avropa tipli opera
idi. Maestro Niyazi xatırlayırdı ki, ağır xəstə
olduğu vaxtlarda getmişdim Müslüm bəyi yoluxmağa.
Çünki "Nərgiz"in orkestrləşdirilməsini
yerinə yetirmək də, Moskvada - dekadada bu əsərə
dirijorluq da Niyaziyə tapşırılmışdı.
1975-ci ildə hələ tələbə ikən
Müslüm bəyin 90 illiyi münasibətilə Azərbaycan
radiosu üçün hazırladığım verilişdə
Maestro söyləyirdi ki, Maqomayev "Nərgiz"ə Moskvada
mənim dirijorluq edəcəyimi, baş rolu - Əlyarı
Hüseynağa Hacıbababəyovun ifa edəcəyini biləndə
çox sevindi, "Mən "Nərgiz"in taleyindən
artıq arxayınam" dedi.
Dekada Hüseynağa Hacıbababəyov
istedadının çoxcəhətliliyini bütün
çalarları ilə əyan edir. O, Moskvada, Müslüm
Maqomayevin "Nərgiz"ində Əlyar rolunu ifa edir,
Reynqold Qliyerin "Şahsənəm" operasında yenə
baş rolda çıxır -
Qərib olur.
Moskvaya aparılan əsərlərin içərisində
Üzeyir bəyin "Arşın mal alan"ı da vardı
və "Arşın mal alan"da Hüseynağa Hacıbababəyov
Süleyman idi. Moskva qəzetləri heyranlıqlarını
gizlətmədən yazırdılar ki, Bülbül və
Hüseynağa Hacıbababəyov bu tamaşada komik aktyor və
müğənni kimi də böyük ustalığa malik
olduqlarını əyani şəkildə hər kəsə
sübut etdilər.
1938-ci ildə çəkilmiş kinoxronika qalır.
Azərbaycan ədəbiyyat və sənət xadimləri
Moskvadan qayıdırlar. Şövkət Məmmədova da
buradadır, Bülbül də, Hüseynağa Hacıbababəyov
da, digər məşhurlar da. Hamısının sifətində
gülüş, çöhrələri işıqlı,
hamısı xoşbəxtlər xoşbəxti.
Hamısının həyatında əlamətdar hadisələr
baş verib - mükafatlandırılıblar, orden-medallara
layiq görülüblər, yüksək fəxri adlar
alıblar. Səhnəyə gəldiyi ilk anlardan - lap o
uşaqlıq çağlarından həmişə xalq
artisti olmuş və xalq artisti olmağın yüksək
şərəfini ömrünün sonunacan dəyanətlə
daşımış Hüseynağa Hacıbababəyov Vətənə
o çağlarda sənətkara verilən ən yüksək
fəxri ad olan "Xalq artisti" kimi qayıtdı, bu da onun
yeni sənət uğurları qazanmasından ötrü təzə,
daha əngin üfüqlər açdı.
...Pərdə həmişə nəyisə gizlədir
və pərdənin ardında həmişə bir mübhəmlik
var. İstəyir bir evin pəncərəsindəki pərdə
ola, istərsə də hər hansı səhnədəki pərdə.
Hələ bu görünən pərdələrdən
savayı, gözəgörünməz, insanlar arasında olan
pərdələr də var.
Nə qədər ki səhnənin pərdəsi
örtülüdür, onun arxasındakı dünya bizim
üçün məchuldur. Səhnənin pərdəsi
açılır və orada bizi də özünə tərəf
çəkib gərdişinə qoşan ayrı bir həyat
cərəyan edir. Elə həyat ki, istər-istəməz
bir saat, saat yarım, iki saat ərzində ona sadəcə
seyrçi, gendənbaxan olaraq qalmırıq,
dönürük onun iştirakçısına. Oradakı həyata
qarışa, təsir edə bilmirik, ancaq orada baş verənlərin
təsirində olduğumuzdan biz də mahiyyətcə həmin
həyatdakılardan birinə çevrilirik. Orada yaşananlar,
oradakı hiss və həyəcanlar dönüb olur həm də
bizimki.
Hüseynağa Hacıbababəyov yeniyetmə
yaşından pərdə çəkilincə orada
möcüzələr yaradanlardan oldu. Onun peşəsi pərdənin
o üzündəkiləri bu tərəfə göstərmək
idi və payına belə bir sənət
düşdüyü üçün də o, həmişə
özünü çox bəxtli sayırdı. O, səhnədə
başqalarının ömrünü yaşayırdı,
başqalarının sevincini və dərdini oynayırdı
və səhnədə yaşadıqları öz
ömrünü də məna ilə doldururdu. Ancaq onun da hər
kəs kimi şəxsi həyatı, doğmaları, əzizləri,
yaxınları ilə başabaş yaşanan ömrü
vardı. Lakin həmin ömrün pərdəsi, səhnə
pərdəsindən fərqli olaraq, yalnız ən məhrəmlərə
açıla bilirdi. Başqa ömürlərin ən
xırdaca ayrıntılarını da səxavətlə
insanlara göstərən Hüseynağa Hacıbababəyovun
öz ömrünün iri-iri səhifələri və
parçaları başqaları üçün
görünməz, hələm-hələm açılmayan
pərdə ardında idi. Hələ sağlığında
belə idi, indi özü çoxdandır həyatda yoxdur,
sanki o pərdə bir az da qalınlaşıb,
qaranlığa bir qədər də artıq qərq olub. O pərdənisə
vaxtaşırı açmağa mütləq ehtiyac var.
Açmasaq, bizimçün gözəlliklərə pərdə
açılmış və borclu olduğumuz çox qiymətli
şəxsiyyətləri asta-asta unudarıq.
1980-ci illərdə, 1990-cı illərin əvvəllərində
toxucu oğlu olmuş atasının toxuduğu sənət
tikmələri yaddaşlardan silinməsin deyə vəfalı
qızı tez-tez qapıları açardı, yubiley mərasimlərinin
keçirilməsi üçün təşəbbüslər
edərdi, radioda lent yazılarının səsləndirilməsindən
ötrü vaxtaşırı musiqi redaksiyasına zəng
vurardı. O zaman hələ Hüseynağa Hacıbabəbəyov
bizdən, sən deyən, uzaqda deyildi. Ən əvvəl ona
görə ki, onu səhnədə görmüş, onun
tamaşalarına baxmış, konsertlərini dinləmişlərin
bir çoxu sağ idi, onunla eyni səhnədə
çıxış etmişlərin də neçəsi həyatda
idi, hətta yaşlaşsalar belə, operada işləməkdə
davam edənləri də vardı. Suğra xanımı da, o
canlı şahidləri də vaxt apardı və sanki bu sənət
və səhnə fədaisi də bizdən qəfilcə
xeyli aralandı.
Azərbaycan radiosunun, televiziyasının səslər,
görüntülər xəzinəsi bu millətin mənəviyyat
yaddaşıdır. Zamanında nə qədər qiymətli
verilişlər, tamaşalar hazırlanıb, nə qədər
gözəl səslər, ifalar, danışıqlar lentləşdirilib.
Ötənlərdə o saxlancları vaxtaşırı səsləndirərdilər,
göstərərdilər və pərdənin bu cür
mütəmadi açılması da dünənlə
körpülərin qırılmamasına imkan yaradardı. Təzə
gələnlər indi bundan qəti imtina etdilər ki, bizə
təkrar-filan gərək deyil, özümüz yenilərini
düzəldəcəyik. İddiası hədəqəyə
sığmayan içərisidayazlara ixtiyar sahibliyi verildi,
getdikcə də bunu daha iştahla edirlər və nəticə
də heç yaxşıya doğru aparmır. Gələnlər
dünəndəkindən daha yaxşı olan yenini yaratmaq
gücündə deyillər, keçmişdə
yaranmış yaxşıların da bugünün
insanlarına yolunu kilidləyərək bərk-bərk
sandıqda saxlayırlar.
Qabaq camaatımız səhnədə görmədiyi
müğənniləri də, aktyorları da belə-belə
daimi səsləndirmələrin sayəsində elə səsindən
tanıyırdılar. İndi vəziyyətin necə olduğunu,
yaddaşın hansı kökə düşdüyünü
etiraf etməyə dil dönmür, acınacaqlı durumu
düşünəndə ürək sıyrılır.
Bu gün milyonlarla azərbaycanlı arasında
Hüseynağa Hacıbabəyovu tanıyan barmaqla sayılacaq
qədər ola-olmaya. Pərdəsə gərək daim
açıla ki, yeni nəsillər babalarından, onlara irs
yaratmışlardan iraq düşməyə.
Qalxdığımız zirvələrdən
aşağıya yuvarlanmaq nə asan. Axı rəva deyil, bu
yüksəkliklərə dikələ bilməyimiz
üçün ömürlər sərf edilib, can qoyulub!
XX yüzilin əvvəllərində zaman dəyişirdi,
o vaxtın içərisindəki insan
başqalaşırdı. Təzə yüzilin yeni
çağırışları mühiti dəyişməyə,
onu daha çağdaş, daha irəliçi etməyə səsləyirdi.
Və Hüseynağa Hacıbababəyov kimi məcnunlar mədəniyyətin
yeni, saf dalğalarının Azərbaycan cəmiyyətinə
daha dərindən sirayət etməsi naminə mübarizədəydilər.
Yol daş-kəsəkli olsa da, "qarşıdan məşəqqət
daşları yağsa da" (bu ifadə o dövrün dəqiq
mənzərəsini cızan və özü də həmin
qurucuların ən ötkünlərindən olmuş Cəfər
Cabbarlınınkıdır), Hüseynağa Hacıbababəyov
müqavimətləri yara-yara qabağa gedənlərin
sırasında idi.
O, aktyor idi, bununla ifixar duyurdu, ancaq mürgülü
çoxluğun cahil mühiti aktyorluğa
"mütrüflük" deyib ikrahla baxırdı.
Hüseynağanın işisə ikiqat ağır idi. Həm
aktyordu, həm də övrət libası geyib qadın
rollarını oynayırdı.
Bütün dövrlərdəki ən üstün
opera Məcnunu Hüseynqulu Sarabskinin oğlu, unudulmaz
teatrşünasımız Azər Sarabski mənə söyləyirdi
ki, gələcək atası gələcək anası ilə
evlənməyi ərəfəsində qızın ailəsinə
müraciət edəndə rədd cavabı vermişdilər
ki, bizim artistə arvad olası qızımız yoxdur. Ya qüdrətli
Hüseyn Ərəblinski ki, onu başqalarından daha əvvəl
öz yaxınları, qohum-əqrəbası ittiham edirdi, hətta
söyləyirlər ki, aktyor olması səbəbindən onu
qətlə yetirən də öz doğmaca dayısı
oğlu Xalıq olmuşdu.
Hüseynağa Hacıbababəyovunsa səhnəyə
elə coşqun məhəbbəti vardı ki, hər cür
tənələr vurulsa, qaxınclar edilsə də, yolundan
dönən deyildi. O zavallını yalnız quruca sözlə
yamanlasaydılar, təhqirlə, məzəmmətlə kifayətlənsəydilər,
nə vardı ki! Yenə öz etdiyi söhbətlərdən
qızının yadında qalan əhvalatlardandır ki, yol
gedəndə bir para guya millət təəssübü
çəkənlər ona yekəxanalıqla, hikkəylə
gendən söz atır, "biqeyrət" deyirlərmiş.
"Qeyrət" kəlməsini dilimizə ərəbcədən
gəlmiş söz sayırıq və ailə, xalq, Vətən
namusu anlamında qavrayırıq. Əslində isə bu
söz qədim yunancadan gəlir və bir ilahın
adıdır. Əski yunan əsatirində Zevsin ən
kiçik oğlu Kairos müəyyən qərar və
davranışların gerçəkləşməsi, vacib
bir vəzifənin yerinə yetirilməsi üçün əldən
qaçırılmamalı zamanın tanrısı idi.
"Biqeyrət" deyib burunlanan, həqarətlərə
məruz qalan Hüseynağa Hacıbababəyov əslində
qeyrətin özü idi. Çünki göylər onu bəlli
bir zaman aşırımında milləti üçün
mühüm vəzifəni yerinə yetirməkdən
ötrü ezam etmişdi.
Tarixdən və Taledən Vətən və Millət
naminə məhz seçilmiş vaxt kəsiyində yerinə
yetirməli olduğu işin tapşırığını
almış və özü Qeyrət olana vücudu qara qəpiyə
dəyməyənlərin hərzə-hədyanları qayalara
çırpılan yellər kimidir.
Xalqını daha şərəfli, daha şanlı,
daha gur işıqlı etməkçün zaman
çınqıllıqlarında yalın ayaqlarla irəliləyən
QEYRƏTLİLƏR daş-kəsəkdən haçan qorxub
ki?!
Və onlar gərək zaman pərdələrinin də
arxasında gizli qalmaya, ən azı QEYRƏT dərslərini
yeni zamandakılara öyrətmək üçün!
18 yanvar 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.14-15.