Qələmsiz
yazılanlar
status-esselər
Azərbaycan tarixinə böyük hərflərlə
yazılacaq unudulmaz hadisələrlə zəngin 2023-cü il
sona yetir.
Ümummilli liderin 100 illik yubileyində xalqımıza
ən böyük hədiyyə dövlət suverenliyimizin tam
bərpası oldu. Xankəndidə bayrağımızın
dalğalanması, ərazilərimizin separatçılardan qəti
şəkildə təmizlənməsi kimi inanılmaz arzular
gerçəkliyə çevrildi.
2024-cü ilin də ölkəmizə,
xalqımıza uğurlar gətirəcəyinə, əsası
qoyulmuş böyük işlərin davam etdiriləcəyinə
inanırıq. Əminik ki, xalqımız fevral
ayındakı növbədənkənar prezident seçkilərində
mütəşəkkilliklə tarixi nailiyyətlərimizin
davamına səs verəcək, ardıcıl inkişaf xəttinə
sadiqliyini bir daha nümayiş etdirəcək.
Gələn ilin sosial rifahın daha da yüksələcəyi,
azad edilmiş ərazilərimizdə hərtərəfli
quruculuğun və Qarabağa qayıdışın yeni
vüsət aldığı il olacağına
inanırıq. Ölkəmiz yenə böyük beynəlxalq
tədbirlərə qucaq açacaq, COP29 bütün
dünyanın diqqət mərkəzində olacaq,
"Yaşıl dünya naminə həmrəylik ili"
dövlətimizin gücünün, xalqımızın
böyüklüyünün növbəti ifadəsinə
çevriləcək.
Həmrəyliyimizin daha da möhkəmlənməsi
arzusuyla yeni-yeni əlamətdar tarixi hadisələri
yaddaşına yazacaq 2024-cü ilin gəlişi münasibətilə
qucaq dolusu sevgilərlə hamınızı təbrik edirəm!..
lll
Prezidentdən yeni ilin ilk müjdəli xəbəri:
"2024-cü ildə bir neçə
yaşayış məntəqəsinə keçmiş
köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu
müjdəni mən bu gün onlara vermək istəyirəm və
bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli,
Turşsu kəndləri tam bərpa edilib keçmiş
köçkünlərin sərəncamına veriləcək.
Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri
də öz evlərinə qayıdacaqlar".
lll
"Şuşa elə bir şəhərə
çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq,
memarlıq və təbiət bir vəhdət təşkil edəcək.
Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda
hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər
tiksinlər və görərlər ki, o, iqtisadi cəhətdən
də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti
nöqteyi-nəzərindən də önəmli olar".
"Ədalətə inam hissi zəifləyəndə
bədbinlik və pessimistlik yaranır" sözləri ilə
torpaqlarımızın işğal altında olduğu illərin
ovqatını xatırladan cənab Prezident lokal antiterror tədbirlərinin
nəticələri, suverenliyimizin tam bərpası barədə
"Azərbaycanın çoxəsrlik tarixində buna
oxşar Zəfər olmamışdır" fikirlərini səsləndirdi,
bunu epoxal hadisə və parlaq qələbə, yeni
dövrün başlanğıcı adlandırdı. Ölkəmizin
gələcək inkişafı ilə bağlı fikirlərini
bildirən Prezident cəmiyyəti bu məsələ ətrafında
ictimai müzakirələrə çağırdı:
"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək
idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında
birləşmişdi, biz bunu artıq əldə etmişik.
Ona görə gələcək inkişafla bağlı, əlbəttə
ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici
olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə
də bu məsələ ilə bağlı diskussiyalar getsin,
siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar,
yəni bizim gələcək inkişafımızla
bağlı əsas milli ideya və ideyalarımız nə
olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu
olmalıdır".
Proseslərə, keçmiş və gələcəyə
işıq salan geniş və dərin məzmunlu
cavablarına, müsahibə zamanı həm də jurnalistlərin
fəaliyyətini yüksək qiymətləndirdiyinə, səmimiyyətinə,
ümumilikdə, yerli televiziya kanallarına verdiyi bu ətraflı
müsahibəyə görə cənab Prezidentə sonsuz təşəkkürümüzü
bildiririk.
lll
Azərbaycan televiziyalarında rusca, türkcə
danışıqlar tərcüməylə verilirsə, ərəbcə
də doğma dilimizə çevrilməlidir. Müqəddəs
kitabdan parçalar olsa da.
lll
Problem olmayanda da uydurmaq lazımdır...
lll
Bayram günlərində tıxacda yol polislərinin
işi xüsusi qeyd olunmalıdır. Bacardıqları qədər
gərginliyi səngidə bilirlər.
Qar yağanda da eyni diqqət və həssaslıq
müşahidə olundu.
lll
Bayram günlərinin rahatlığında sevimli filmlərə
yenidən baxmaq ikiqat bayramdır.
lll
Mən bilirəm ki, bu telefonlar qalın kitablara vaxt
ayırmağa imkan vermir. Amma kitab oxumağın
üstünlüyü müqayisəolunmazdır,
yaratdığı zövq və özünəgüvən
hissini isə heç nə əvəz edə bilməz.
lll
İnandığı həqiqətləri deyənlər
özünə güvənli, güclü, idxal olunmuş həqiqətləri
söyləyənlər səksəkəli olurlar.
lll
Sosial şəbəkələr özündən
müştəbehliyi və yekəxanalığı sevmir.
lll
Nadanlar həmişə olacaq.
lll
Dünya sü
rətlə dəyişir. Yeni ilə köhnənin
mübarizəsi gedir. Düşüncə,
dünyagörüşü fərqləri
qarşı-qarşıya gəlir. Köhnənin, yoxsa yeninin
yaxşı olduğuyla bağlı sonsuz müzakirə və
mübahisələr nəticə verməyəcək.
Çalışıb köhnənin
yaxşılarını yeniyə inteqrasiya etmək, yeniyə
daşımaq lazımdır.
lll
Tanınmış yazıçı Çingiz
Hüseynovun "Fətəli fəthi" romanını gənclik
illərimdən, ilk oxuduğumdan ədəbiyyatımızın
ən sanballı romanlarından biri saymışam, gənc
yazarlara da bu əsəri oxumağı tövsiyə etmişəm.
Çingiz Hüseynov 94 yaşında,
yaşadığı İsraildə vəfat edib.
Allah rəhmət eləsin!
lll
Dünyanın gələcəyindən bədgümanlıq
yəqin ki, heç zaman indiki kimi bariz olmayıb.
lll
Cığallıq nədir? Uduzursan,
açıq-aşkar uduzursan, razılaşmırsan,
hay-küy salırsan, qadağan metodlardan istifadə edirsən,
xeyri yoxdur.
Cığallıq məğlubiyyətdir!
lll
Bir var axmaq, gic, məhdud düşüncəli və
psixikasında problem olanlar. Bir də var küyə gedib,
özünü gicliyə qoyub qəsdən sərsəm fikir
söyləyənlər.
lll
Qara sevinən uşaqlardır, bir də uşaq qəlbli
adamlar.
Qara sevinə bilirsənsə, safsan!
lll
Yaxşını, müsbət işləri
görmürsənsə, demirsənsə, kəm-kəsirləri
söyləyəndə obyektivliyinə şübhə
yaranır.
lll
Səbuhi Məmmədliyə Allah rəhmət eləsin.
Başda Vüsalə Mahirqızı, Rey Kərimoğlu
olmaqla onun üçün əziyyət çəkən
bütün dostlarına, bütün əlaqədar dövlət
qurumlarına təşəkkür edirəm.
Səbuhi Məmmədli hələ tələbə
ikən onu "525-ci qəzet"də işə
götürmüşdük. Bir müddət qəzetdə
redaktor olaraq da çalışmışdı. Rəhmətlik
Məmməd Nazimoğlu onun haqqında bir yazı
yazmışdı: "Dərsə gedən redaktor".
"525-ci qəzet"ə gəlib soruşublar ki, redaktorunuz
haradadır? Deyiblər ki, redaktor dərsə gedib".
lll
Cığal iradlara sərrast cavablar...
lll
İndi sosial şəbəkələr bu imkanı
yaradıb deyə, kimi necə istəsən, təhqir etməli
deyilsən ki. Hüquqi məsuliyyətdən qabaq sənin
öz tərbiyən, mənəviyyatın imkan verməməlidir
buna...
Tanıdığı-tanımadığı adamlar
haqqında rahatlıqla təhqir yazanların psixikasına,
ağlına, səviyyəsinə şübhələr
yaranır.
lll
Ölkəmiz müxtəlif beynəlxalq və yerli tədbirlərin
keçirildiyi dinamik bir məkandan əlavə, həm də
mədəni tədbirlərin çoxluğu və
genişliyi ilə heyrət doğurur. Təkcə iTicket.az
saytına göz gəzdirməklə yaxın aylarda
Bakıda, Sumqayıtda, Gəncədə keçiriləcək
mədəni tədbirlərin sayını və əhatə
dairəsini görəndə adamı heyrət
bürüyür. Bu zaman bəzi əcnəbilərin də
qısqanclığını başa düşürsən.
Onlar Bakının hər sahədə aparıcı bir məkana
çevrildiyini görüb əndişələnirlər.
lll
İP qazanmaq xətrinə oxucunu aldatmaq, xof və
qorxu yaradan başlıqlarla, yalanla diqqəti cəlb etmək,
gündəmə gəlmək bəsit illüziyadır,
qeyri-etikdir, peşəkarlığa ziddir.
lll
Mütəşəkkil mənəvi terror dəstələri...
lll
Hər bir ölkədə ağıldankəm, avam,
psixikası yerində olmayan insanlar tapmaq mümkündür.
Sosial şəbəkələr sayəsində
rastlaşdığımız belələrini bayraq edib
özümüzü aşağılamalı deyilik. Bu,
natamamlıq kompleksidir.
Gözəl keyfiyyətlərimizlə, istedadlı,
ağıllı, savadlı insanlarımızla, böyük
uğurlarımızla öyünməliyik.
lll
Feysbuku yüngül videoların
paylaşıldığı məkana çevirməyək.
lll
İlk dəfə 1998-ci ilin yazında Strasburqdan -
Avropa Şurasından "525-ci qəzet"ə dəvət
gəlmişdi. Onda hələ Azərbaycan Avropa
Şurasının üzvü deyildi, bu təşkilat barədə
ölkə ictimaiyyətində geniş məlumat yox idi. O
zaman biz - "Turan" İnformasiya Agentliyinin, ANS
televiziyasının və "525-ci qəzet"in təmsilçiləri
olaraq - üç jurnalist Avropa Şurası Parlament
Assambleyasının yay sessiyasında iştirak etdik.
Böyük ümid və inamla getdiyimiz sessiyada avropalı
parlamentarilərin bəzilərinin dilindən "Avropa
xristian dünyası olmalıdır, biz digərlərini
buraya buraxmamalıyıq" kimi eybəcər məzmunda
fikirlər eşidərkən heyrətə gəlmişdim.
Ədalətinə ümid bəsləyib qapısını
döydüyümüz o möhtəşəm sarayın
divarları arasında belə ayırıcı və
aşağılayıcı fikirlərin səslənməsindən
çox məyus olmuşdum.
Bununla belə, sonralar Azərbaycanın quruma
üzvlüyü ilə bağlı səsvermənin,
bayrağımızın bu sarayın önündə
qaldırılmasının şahidi olduq. Beş ildən
artıq müddətdə hər il bir neçə dəfə
jurnalist kimi iştirakçısı olduğum Avropa
Şurası toplantılarında başqa tarixi hadisələrə
də şahidlik etdim. Amma...
Çox təəssüf ki, ötən əsrin
90-cı illərində AŞPA-da bəzi avropalı
deputatların dilindən ilk dəfə eşitdiyim, guya
"şəxsi düşüncə və azadfikirliliyin
nümunəsi" olaraq qələmə verilən, əslində
isə sırf etnik antipatiya və dini nifrət meyllərini
ifadə edən çağırışlar get-gedə daha
geniş vüsət aldı. Son zamanlar isə ümumiyyətlə
dözülməz həddə çatdı.
AŞPA bir beynəlxalq qurum kimi bizim əvvəllər
Yüksək Ədalətə inamımızın söykənəcək
yerlərindən idi. Ancaq qətiyyən bizdən asılı
olmayan səbəblərə görə AŞPA-nın ədalətinə
inamımız çoxdan zəifləməkdəydi və bu
gün proses artıq öz labüd sonluğunu tapdı.
İndi - Azərbaycan nümayəndə heyətinin
"AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya
və İslamofobiya mühiti fonunda bu qurumla əməkdaşlığı
və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq qərarına gəlməsi"
barədə bəyanatını oxuyarkən fikrən o illərə
qayıtdım. 25 ilə yaxın müddətdə
AŞPA-nın Azərbaycana qarşı ədalətsiz, qərəzli,
ən yaxşı halda isə laqeyd münasibətdən xəbər
verən davranışlarını bir daha xatırladım.
Ona görə mən də tərəddüdsüz bu fikirdəyəm
ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etmiş qalib Azərbaycanı gözü götürməyənlərə
qarşı layiqli münasibətimizi, sərt
üzümüzü göstərərək belə bir qəti
addım atmaqda tamamilə haqlıyıq!
Yaşasın haqlı və güclü Azərbaycan!
lll
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
üzvü, "Yeni Azərbaycan" qəzetinin baş
redaktoru, Əməkdar jurnalist Alqış Musayevin 55
yaşı tamam olur.
Alqış Musayev jurnalistikanın dəyərlərinə
bələd, öz fəaliyyətində bu dəyərləri
qoruyan, həmçinin dəyər hesab elədiyi imzalara həmişə
xüsusi qayğı ilə yanaşan, yüksək ədəbi-bədii
zövqə malik bir redaktordur. Eyni zamanda, o, ən çətin
situasiyalarda belə öz prinsiplərindən dönməyən,
əqidəsinə sadiq, möhkəm xarakterli bir insandır.
Bu yubiley günündə həmkarımızı
ürəkdən təbrik edir, həm media sahəsində, həm
də ictimai-siyasi fəaliyyətində ona yeni-yeni uğurlar,
şəxsi həyatında cansağlığı, sağlam
ömür arzulayıram.
lll
Medianın
İnkişafı Agentliyi Müşahidə
Şurasının ilk iclasında Əməkdar jurnalist Natiq Məmmədli
Ağentliyin İcraçı direktorunun təqdimatı əsasında
Müşahidə Şurasının səsverməsiylə
İcraçı direktorun müavini təyin edilib.
Natiq Məmmədli Ağentlikdə
çalışdığı müddətdə öz təcrübəsi,
peşəkarlığı, jurnalistlərə isti və həssas
münasibətilə seçilib.
Natiq müəllimi ürəkdən təbrik edir,
yeni məsul işində və gələcək fəaliyyətində
uğurlar arzulayırıq
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.9.