İrəvanda Azərbaycan
mətbuatı: "Bürhani-həqiqət"ə bir nəzər
XIX əsrin sonlarından etibarən, XX əsr boyu Qərbi
Azərbaycanla, xüsusən də İrəvanla bağlı
aparılan əksər tədqiqatlarda ictimai-ədəbi
mühit, mədəni abidələr, tarixi şəxsiyyətlər,
köklü nəsillər, görkəmli ziyalılar
haqqında bəzi mənbələrdə yetərincə
materialın olmaması yazılan əsərlərdə
müəyyən boşluq yaradıb. Sonrakı dövr
araşdırmalarda isə əsasən əvvəlki əsərlərdən
iqtibaslar, onlara münasibət və eyni yanaşmalar
üstünlük təşkil edib. Bunun başlıca səbəbi
üzdəniraq qonşularımız tərəfindən Qərbi
Azərbaycanda minilliklər boyu mövcud olan yaşam tariximizə
edilən qəsdlər olub. Vaxtilə dövlət arxivlərində
işləyən erməni əsilli daşnak xislətlilər
dədə-baba torpaqlarımızda varlığımız,
milli mənsubiyyətimizlə bağlı xeyli sənədləri
xaincəsinə məhv ediblər. Təəssüflər
olsun ki, vaxtında bu xəyanətlərin qarşısı
alınmayıb. Digər tərəfdən, bu gün tədqiqatçıların
mövzu ilə əlaqədar ciddi axtarışlara səy etməməsi
də bu boşluğu dərinləşdirib. Bu gün Qərbi
Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq
müstəvidə yer alması, qədim yaşayış məskənlərimizə,
dədə-baba torpaqlarımıza ləyaqətli
dönüşümüzü hazırlayan amal olaraq
qarşımızda böyük vəzifələr qoyur. Belə
ki, mövzu ilə bağlı tarixin dərin qatlarında
araşdırmalara rəvac verilməli, ortaya yeni əsərlər
qoyulmalı, qədim, tarixi fotolar tədqiq olunmalıdır.
Əslində indiyədək bütün istiqamətlərdə
aparılan araşdırmalar, səhih məxəzlər Qərbi
Azərbaycanın Oğuz eli, azərbaycanlıların yurdu
olduğunu beynəlxalq aləmə isbat edir. XIV əsrin
sonlarından başlayaraq, məşum tarixə - 1828-ci ilə
qədər İrəvan xanlığını idarə edənlərin
azərbaycanlılar olduğunu sübuta yetirən ciddi mənbələr
məlumdur. Lakin bu yazıda diqqəti həmin məxəzlərə,
yaxud digər mənbələrə çəkmək fikrində
deyilik. Məsələ bundadır ki, Qərbi Azərbaycanda
yaşam tariximiz, mədəni, dini abidələrimiz, qədim
tikililərimiz haqqında tarixi həqiqətlərin üzə
çıxarılmasına indi daha çox səy etməliyik.
Bu istiqamətdə aparılan tədqiqatlarda İrəvanda,
ümumən Qərbi Azərbaycanda Azərbaycan mətbuatı
da müzakirə müstəvisinə gətirilməlidir.
Doğrudur, ötən əsrin 50-60-cı illərindən bəri
Qərbi Azərbaycanın ədəbi mühiti, mədəniyyəti,
folkloru, toponimləri və digər məsələrlə
bağlı tədqiqatlarda İrəvanda Azərbaycan mətbuatı
da diqqətdə olub. Məqamı gəlmişkən, bu sətirlərin
müəllifi də illər öncə bu yöndə
araşdırmalar apararaq dövri mətbuatda məqalələrlə
çıxış edib, ardınca isə "Bürhani-həqiqət"
jurnalı transliterasiya edərək ön söz, lüğətlə
nəşr etdirib. Bu yazıda isə məqsədimiz
"Bürhani-həqiqət" jurnalı və onun
toxunduğu əsas mövzulardan yığcam şəkildə
bəhs etməkdir.
2024-cü il yanvarın 1-də "Bürhani-həqiqət"in
106 yaşı tamam oldu. Çar mütləqiyyətinin azərbaycanlılara
qarşı etdiyi haqsızlıq və hər cür
qadağalara baxmayaraq, 1917-ci il yanvar ayının 1-də
İrəvanın nüfuzlu ziyalılarından olan şair,
publisist Əli Hacı Zeynalabdinzadə-Rəhimovun (Əli Məhzun)
müdir-mühərrirliyi və Həsən Mirzəzadə-Əliyevin
naşirliyi ilə "Bürhani-həqiqət"in ilk
sayı çapdan çıxıb. Əzəl başdan qeyd
edək ki, cəmi 9 sayı işıq üzü
görmüş jurnalın İrəvanın ictimai-siyasi həyatına,
xalqın milli şüurunun oyanmasına təsiri
böyük olub.
Əli Məhzun xalqı mövhumatın, cəhalətin
girdabından çıxarmaqda, milli oyanışın
yaranmasında, savadsızlığın aradan
qaldırılmasında, elmin, təhsilin inkişafında mətbuatı
güclü vasitə hesab etdiyindən jurnalın nəşrini
vacib sanmış və bu yolda böyük əziyyətlər
çəkmişdi. Həmin dövrdə İrəvan kimi qədim
mədəniyyətə, maarifpərvər şəxsiyyətlərə,
şair və ədiblərə malik olan azərbaycanlıların
həyatında belə bir məcmuənin nəşri ictimai-ədəbi
hadisə idi. Çünki 1914-cü ildə cəmi 12
sayı işıq üzü görmüş "Ləklək"
satirik jurnalından sonra İrəvanda heç bir mətbuat
orqanı olmayıb. Jurnalın ilk sayı Tbilisi və
Bakıda çıxan qəzet və jurnal redaksiyalarına da
müjdə kimi göndərilmişdi.
"Bürhani-həqiqət"in işıq
üzü görməsi tezliklə Qafqaz mətbuatında
böyük əks-səda doğurdu və onun nəşri
barədə xəbərlər yayıldı.
"Açıq söz" qəzeti 1917-ci il 11 yanvar
374-cü sayında jurnalın nəşrinə mübarəkbadlığını
bildirərək yazırdı: "Çoxdan bəri İrəvanda
nəşr olunacağı xəbər verilən
"Bürhani-həqiqət" məcmuəsinin ilk nömrəsi
idarəmizə gəlmişdir. İki həftədə bir
çıxan bu məcmuə bir taqım ibtidatı məlumat
ilə şeir parçalarından ibarətdir. Qafqaziya vilayətlərindən
Bakı ilə Tiflisi çıxdıqdan sonra İrəvan
olunca orada türkcə mətbuat nəşr olunur.
"Bürhani-həqiqət"dən ol İrəvan
"Leylək"i ilə meydana çıxmışdır.
Yəni zühur edən vilayət
arkadaşlarımızın müvəffəqiyyətli surətdə
davam edib də tərəqqi etməsini arzu ediriz".
Bu gün jurnalı vərəqlədikdə İrəvanın
ictimai-ədəbi mühitini, orada baş verən hadisələri
aydın təsəvvür etmək olur. Həmin dövrdə
soydaşlarımızın yaşam həyatı, fəaliyyəti
jurnalda yer almış mətnlərdə, elan və xəbərlərdə
güzgü kimi əks olunub. Başqa sözlə,
"Bürhani-həqiqət"in fəaliyyəti xalqın
milli varlığının, düşüncəsinin ədəbi-bədii,
elmi-ictimai formada təsviri ilə səciyyəvidir. Jurnalda yer
almış yazılarda xalqı qaranlıqda saxlayan
dini-fanatizm, cəhalət ifşa olunur, milli maraqlara xidmət
etməyən təşkilat və cəmiyyətlər, millətin
acınacaqlı taleyinə biganə qalan məmurlar ciddi tənqid
olunur. "Bürhani-həqiqət"in mövzuları
çoxşaxəli, geniş əhatəlidir. Xalqın məişət
ağrıları, uşaqların tərbiyəsi, milli təəssüb
ruhunda yetişməsi haqqında öyrədici, istiqamətverici
məqalələr, daşnak xislətli ermənilər tərəfindən
azərbaycanlılara edilən zülmlər, törədilən
maddi, mənəvi terror, abidələrimiz haqqında uydurmalar
və digər mətləblərin açıqlanması
zamanı üçün böyük aktuallıq kəsb
edib. Jurnalda yaradıcı, ziyalı qadınların bədii
yazılarla çıxış etməsi avam və
savadsız mühitdə maraqla qarsalandığını
düşünməyə əsas verir.
Əli Məhzun jurnalın ilk sayında oxucularına
bildirir ki, "Bürhani-həqiqət"in məsləki
haqq və həqqaniyyət tərəfdarı olaraq həqiqətə
bürhan olmaqdır". Jurnalda belə bir fikir də
açıqlanır ki, "hər şey olduğu kimi deyəcək,
şəhərdə və qəryələrdə (kəndlərdə)
baş verən hadisələri doğru mövqedən şərh
edəcəyik". Əli Məhzun məhz belə bir həqiqətin
işığında xalqına xidmət etmişdi.
Jurnalın sahibi "Bürhani-həqiqət"in
tribunasına söz deməyə qadir olan şəxsləri,
xalqın dilində danışmağı bacaran
ziyalıları, uşaqların tərbiyəsində əməyi
olan müəllimləri toplamışdı. Müəllim
Mirzə Cabbar Məmmədzadə, doktor Muğanlı, hesab
elmi müəllimi Şeyxülislamov, şair Cabbar Əsgərzadə,
Əli Səid, riyaziyyat elmi müəllimi Vahid, nəbatat elmi
müəllimi Rəhim Naci və başqa müəlliflər
Əli Məhzunun inanıb etibar etdiyi əqidədaşları
idi. Məcmuədə hər mətnin öz yükü,
oyatdığı təsiri və mövqeyi aydın şəkildə
nəzərə çarpır. Bu yazıların xarakterik cəhətləri,
öyrədici, tərbiyəedici xüsusiyyətləri, hadisə
və xəbərlərin doğru mövqedən
işıqlandırılması, istibdadın, erməni əyriliyinin,
xəyanət və xainliyinin cəsarətlə ifşası
oxucuda heyrətamiz təəssürat oyadır.
Bu sətirləri yaza-yaza düşünürəm
ki, əslində jurnaldakı yazılara münasibət bildirərkən
onlara öz zamanı və mühitinin timsalında yanaşmaq
doğru olar. Bəzən 100 il əvvəl yaşanılan
problemlərdən bu gün əksərinin olmadığı
səbəbindən onlar ciddi və mühüm amillər kimi
qəbul edilmir. Əslində dövrün ictimai qüsur və
promlemlərini tədqiqatın obyekti etmək nəinki
mövzunun əhəmiyyətini azaldır, əksinə, əsəri
elmi cəhətdən qüvvətləndirir. Bu yazıda həmin
mətnlərin üzərində ayrılıqda dayanmadan
mövzuya xarakterizə formasında yanaşmağı vacib
sandıq.
Jurnalda yer almış bəzi məqalələrin
adlarına diqqət edək: "Həqiqət",
"İrəvan məscidi", "Hürriyyət",
"Müsavat, ədalət", "Ədavəti
unutmalı, iş görməli", "Təşkilatımız
nə yoldadır?", "Azadlıqmı? Əsarətmi?",
"Ədəbiyyata dair", "Türk xanımları
asarından nümunə", "Quşlar", "Tərbiyəyə
dair", "Hükəmanın məişət barədə
fikirləri", "Zavallı yarpaqlar", "Səyahəti-istibdad",
"Hürriyyət maskası geyən müstəbidlərə!"
və digər yazılarda zamanın diktə etdiyi ciddi, siyasi,
həyati mövzulara müraciət edilib. Məqalələrin
hər birində qaldırılan problemlər dövrün
naqisliyini, millətin acı taleyini əks etdirir. Bu
yazılarda bir yığın mətləbdən halı
oluruq. 1756-cı ildə İrəvanda hakimlik etmiş Nəcəfqulu
Xan Qacarın oğlu Hüseynəli Xan tərəfindən
tikilən "Göy məscid"ə sahib çıxmaq
istəmiş erməni müsəvvirini (rəssamını)
ifşa edən "İrəvan məscidi" məqaləsində
tarixi həqiqət, müəllifin milli təəssübkeşlik
hissi çox təsirlidir. İrəvanda bir-birinin ardınca
yaranan firqə rəhbərləri azərbaycanlıların
ictimai halını düşünmək əvəzinə,
şəxsi mənafeləri üçün
çalışırlar. Başqa bir yazıda deyilir ki,
İrəvanda yaranan cəmiyyətlər və firqələr
xalq üçün faydalı işlər görmür, ancaq
bir-birilə ədavət aparırlar. Müəllif onları
birləşib xalq üçün faydalı işlər
görməyə səsləyir. Məqalələrdə
korafəhmliyin, avamlıq və savadsızlığın, mədəni
geriliyin tənqidi, mövzusu xalqın həyatından
alınmış şeirlərdə, roman və hekayədə
insanın taleyi həyati gerçəkliyi təsvir etdiyindən
maraqla qarşılanır. Yeni nəslin tərbiyəsinə
həsr olunmuş məqalələr, tibbi mövzuda mətnlər,
məişət, heyvanat aləmi haqqında maarifləndirici,
öyrədici yazılar jurnalın ideya və məzmununun
bariz göstəricisidir. Beləliklə, jurnaldakı
bütün mətnlər bu günün oxucusuna 100 il əvvəlin
həyat mənzərəsini, soydaşlarımzın yaşadığı
çətin həyatı göstərir.
"Hərdənbir" rubrikasında "Lüğətin
lüğəti"indəki fikirlərə gəlincə,
burda müəllif xalqın düçar olduğu dərdləri
diqqətə çatdırır. Diqqət edək:
"Buynuz - Haqq söz danışanların kəlləsinə
qondarılan əlamət. Təfavüt - seçkilərdə
dövlətli ilə kasıba verilən imtiyaz. Töhfə -
Hürriyyət münasibətilə hürriyyətpərəst
erməni soldatları tərəfindən hər gün bir
çox İrəvan müsəlmanlarına vurulan kötək.
Haram - Arvadların intixabatda iştirak etmələri. Odun -
Dumanın müsəlman qlasnısı. Çox çətinliklə
tapılır. Halal - Müsəlman qanı..."
Jurnalda yer almış elan və xəbərlər də
öz çəkisi, məntiqi ilə diqqət çəkir.
Bu yığcam fikirlərdə böyük mətləblər,
siyasi hadisələr, xalqın üzləşdiyi çətinliklər
açıqlanır. Biz bu xəbər-məlumatlar vasitəsilə
vaxtilə soydaşlarımızın İrəvan
quberniyasında yaşam tərzindən halı oluruq. Eləcə
də ad-soyadları, xeyirxah əməlləri ilə məşhur
olan görkəmli elm və ürfan sahiblərinin,
yazıçı və şairlərin əsərləri,
imkanlı şəxslərin malik olduğu mülklər,
dükanlar, bağ-bağatları haqqında öyrənirik.
Məsələn, bu xəbərlərdən məlum olur ki,
İrəvanda nə qədər imkanlı, maarifpərvər
şəxslər uşaqların yeni üsulda təhsil
almaları üçün mülklərində məktəb
açıblar."Xanım Əliyevanın ticarət məktəbində
mütəəllimlərin qəbul olunmağı davam
edir", - elanından aydın olur ki, həmin dövrdə
ziyalı qadınlarımız öz xeyirxahlığı, nəcibliyi
ilə millətə xidmət etməyi,
gözüaçıq, savadlı gənclər yetişdirməyi
özlərinin mənəvi borcu hesab ediblər.
"Bürhani-həqiqət"lə
tanışlıqdan bir daha öyrənirik ki, bu siyasi, ədəbi,
fənni jurnal həmin dövrdə İrəvan azərbaycanlılarının
ictimai, mənəvi taleyində böyük təsir
gücünə malik olub. Bu mənada "Bürhani-həqiqət"
yaddaş tariximizin mədəni abidələri
sırasında şərəfli bir yer tutur.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 8 yanvar,№ 1.- S.11.