Qocalmayan bir səs  

Kamil Vəli Nərimanoğlunun xatirəsinə

 

 

Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə 2001-ci ilin dekabrında Kamil Vəli Nərimanoğluna həsr etdiyi və 2004-cü ildə "Azərbaycan" jurnalının birinci sayında dərc olunmuş "Harda yanğı varsa, orda işıqdır" şeirində yazırdı:

 

Soruşma, dahilər, görəsən, neçin

Ögey övladıdır zəmanəsinin?

Xalq üçün yananlar, Adəmdən belə,

Qarşı-qarşıyadır zəmanəsilə.

 

...Əslinə qalsa, tələbəlik dostum Oqtay Məmmədovun qəfil zəngi məni təəccübləndirmədi, çünki bir həftə qabaq telefon açıb söyləmişdi ki, bu günlərdə Kamil Bakıda olacaq və onlar birlikdə məni bağ evimdə ziyarət edəcəklər. Amma o sabah Oqtay mənə ortaq dostumuzun - Kamilin qara xəbərini verdi...

Bəli, biz üç dost, daha doğrusu, dörd dost (mərhum Adil Axundov da bizim otaq yoldaşımız idi) 1965-ci ildən 1968-ci ilə kimi ADU-nun 3 saylı yataqxanasındakı 65 nömrəli otaqda yaşamışdıq və sonralar da heç zaman əlaqələrimiz üzülməmişdi. Bu illər ərzində yaddaqalan hadisələr, görüşlər isə saysız-hesabsız... Nə qədər yazırsan, yaz. Amma hardan, nədən başlayasan? Və qərara aldım ki, nə qədər pərakəndə olsa da, qovluqlarda saralmış, qat kəsmiş arxivimə baş vurum. Unutmamışam, hətta mən əsgərlikdə olanda da Kamillə məktublaşırdıq. Məktubların, sənədlərin dili isə, daha anlaşıqlı və sadədir.

"Çox hörmətli Kamil bəy!

Sizi əsası Böyük Atatürk tərəfindən qoyulmuş və türk milli şüurunun inkişafında fəaliyyəti olan Atatürk Dil-Tarix Qurumunun fəxri üzvü seçilməyiniz münasibətilə içdən təbrik edir, uğurlar diləyirəm".

Bu cümlələr sabiq prezidentimiz Əbülfəz Elçibəyin 1997-ci ilin 29 mayında Kələkidən o zaman M.Ə.Rəsulzadə adına olan BDU-nun professoru, AXC Ali Məclisinin üzvü Kamil Vəli Nərimanoğluya yazdığı məktubdan bir parçadır.

Kamil Vəli hələ sovet dönəmində dilçi-alim kimi Türk dünyasının ictimai-siyasi çevrəsində yer tuta, mövqe qazana bilmişdi. Daha çox üzdə olan isə "Kitabi-Dədə Qorqud" abidəsi ilə bağlı araşdırmaları idi və bu yazılar cəmi türk dünyasında səs salmışdı. Və Elçibəyin də Kamil Vəlinin türk dünyasındakı uğurlarına diqqət yetirməsi təbii idi.

Bəli, o, Ə.Elçibəyin kabinetində Baş nazirin müavini kimi bir neçə ay fəaliyyət göstərib. O ərəfədə biz, demək olar ki, görüşmürdük. Amma bir dəfə, təsadüfən qarşılaşanda ərklə ded:

- Ə, niyə məndən istifadə eləmirsən?

Mən də bu təklifdən ürəklənib, bir neçə gündən sonra siyasi və ədəbi məfkurəsinə hörmət bəslədiyim cavan yazıçı dostum Saday Budaqlını apardım onun Nazirlər Sovetindəki kabinetinə...

Əlbəttə, mən bu görüşün nəticəsindən danışmaq istəmirəm. Yaddaqalan isə onun diqqətidir. O özü də çoxşaxəli yaradıcılığına, elmi fəaliyyətinə görə diqqət umurdu və bu qayğını görməyəndə üz tutdu xəyallarının şəhərinə - İstanbula. Çünki burada ona qucaq açanlar vardı. Türk dünyasının ədəbi-siyasi coğrafiyasında, o özünü, öncə vurğuladığım kimi, illər öncə sübut eləmişdi.

Unudulmaz Bəxtiyar müəllimin Kamilə həsretdiyi beş-altı bəndlik mənzuməsində daha bir beyt diqqətimi çəkir:

 

Dəstəyə çevirir inamın adı,

Gizli bir sirridir buda Allahın.

Bu, onun əzabkeş, öge övladı

Doğma balasına dönür sabahın.

 

Bəli, Kamil Vəlidə sabah üçün ilbəil, aybaay, günbəgün doğmalaşmaqdadır. Əlbəttə, hər şeydən öncə zəngin ədəbi irsinə, pedaqoji-elmi fəaliyyətinə görə. Neçə illər öncə Türk dünyasının ünlü alimi, böyükzi yalısı Təbrizli Cavad Heyət yazırdı:

"Mən Kamil Vəlini o taylı-bu taylı Azərbaycanımızın böyük ziyalısı, alimi hesab edirəm, onun yazılarını, çıxışlarını məmnunluqla oxuyuram, sevə-sevə dinləyirəm. Kamil bəylə tez-tez Türkiyədə elmi konfranslarda görüşürük.Və bugörüşlərdən zövqalır, məmnunluq duyuram".

Əlbəttə, Kamil Vəlinin Türkiyə Cümhuriyyətinin yüksək "Şərəf və Ləyaqət Nişanı"na layiq görülməsi də halal haqqıdır. O, Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin,Türkiyə Folklor Mərkəzinin fəxri üzvü seçilmişdi. Səlcuq Universitetinin fəxri doktoru idi.

Kamillə bağlı arxiv materiallarında daha bir qəzet yazısı diqqətimi çəkir. Bu, dostumun yığcam tərcümeyi-halıdır. 2005-ci ilin 10 avqustunda öz qələmindən çıxıb. Bu yazı həm də onun bir qədər ziddiyyətli həyatı və taleyi haqqında etiraf kimi səslənir:

"Mən həyatımda heç çirkə bulaşmamışam ki? Yəqin ki, bulaşmışam. Kim bulaşmayıb ki? İnsanın bir adı da səhv edəndir. Bəla odur ki, xislətin çirkdən yarana. Zamanın, mühitin çirkinə, istəsən də, istəməsən də, bulaşacaqsan. Əsas məsələ bu çirki əməlinlə, əqidənlə, ibadətinlə, gərəksə, qanınla yumaqdır.

Bəli, o, əqidəli dost idi, necə deyərlər, dediyi sözün ağası idi. Yataqxanada təzəcə məskunlaşdığımız günlərin birində (məşqdən qayıtmışdı, ağır atletika ilə məşğul olurdu) bir konyak şüşəsinin qapağını açdı və başladı ara vermədən çapma stəkanla içməyə. Biz heyrətə gəlmişdik. Sanki bunu sezdiyi üçün dedi: "Mən bu axşam içki ilə əbədi vidalaşıram". Həqiqətən də sözünün üstündə durdu və mən bir daha onun alkoqollu içki içdiyini nə gördüm, nə də eşitdim.

Prinsipiallığını yuxarıda sözügedən tərcümeyi-halındada vurğulayıb:

"...Elçibəy məktəbində olan insanların böyük əksəriyyəti ilə dostam. Başqa partiyada olmamışam. Mübarizələr, çalxantılar təbiidir. Elçibəyin vəfatından sonra meydana çıxan problemlər artıq həll olunmuşdur. Siyasətdə prinsiplərini qəbul etmədiyim adamlar var, düşmənim yoxdur. Düşmənim millətimin düşmənləridir. Mahiyyətcə siyasətçi deyiləm. Siyasət mənim zərurətdən doğan işim, qayəmdir. Bizi siyasətə Zaman gətirib, yəqin ki, Zaman da lazım bildiyi vaxtda aparacaq. Həyat kimi..."

"...Mənim yaradıcılığıma həsr olunmuş konfransda, əsərlərim haqqında danışan azərbaycanlı alim Kamil Vəli Nərimanoğlunun Avropa elmi səviyyəsində olan çıxışını məmnunluqla dinlədim" - bu kəlmələr 1999-cu ildə Türkiyə Dövlət Televiziyasında etdiyi çıxışda dünyaca məşhur Çingiz Aytmatovun dilindən səslənib. O ərəfədə Kamil Vəlini artıq Türkiyə Cümhuriyətinin, demək olar ki, hər guşəsində tanıyırdılar və ona hər yerdə məmnunluqla meydan verirdilər.

Qeyd etdiyim kimi, Kamil Vəli Türkiyədə tam məskunlaşandan sonra da onunla əlaqə saxlayırdıq. Mobil telefonlar həyatımıza daxil olandan sonra ünsiyyətimiz bir qədər də çoxaldı. Kamilin növbəti zənglərindən birində isə, məlum oldu ki, o, mənim Orta Asiyaya - Türkmənistana və Özbəkistana səfərlərim barədə "Azərbaycan" jurnalında dərc olunmuş "Buxara əsirinin sirri" adlı sənədli povestimi oxuyub və istəyir ki, bu əsər kitab halında da çap olunsun. Təbii ki, mən imkanlarımı nəzərə alaraq, "sağlıq olsun" dedim. Amma bir qədər keçəndən sonra məlum oldu ki, o, İstanbulda "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə görüşüb, sözügedən sənədli povest haqqında danışıb və elə oradaca gələcək kitabın xərcini də çəkib. Mən bilən, bu sevdada ortaq dostumuz Oqtay Məmmədovun da eyhamı olmuşdu, amma indi sözüm onda deyil. Tez bir zamanda "Buxara əsirinin sirri" 2010-cu ildə "Qanun" nəşriyyatında Kamil Vəlinin ön sözü ilə çap olundu. Hələ də fikirləşirəm: Türkiyədə yalnız müəllimliklə - dərs deməklə para qazanan bir insanın bu səxavətinə səbəb nə idi?.. Mənə elə gəlir ki, Turan ideyasına olan sonsuz sevgisi. Bu sevginin işartılarını isə mən hələ tələbə vaxtı görmüşdüm. O, uşaqlardan birinin "VEF" spidolasında Türkiyə dalğalarından birini aydın, xırıltısız tutanda gözləri işıqla dolurdu və mənə elə gəlirdi ki, Kamil bu dili, bu ləhcəni şərbət kimi içir və məst olur.

Maraqlıdır ki, ortaq dostumuz Azər Abdulla ilə bu barədə müşahidələrimiz üst-üstə düşürmüş. Kamilin "Məni candan usandırdı" roman-essesini məhəbbətlə araşdıran Azər 2005-ci ildə haşiyə çıxaraq yazırdı:

"...sonralar Kamil bəy Vəlinin böyük Füzuli haqqında esse-romanından fraqmentləri oxuyanda heyrətləndim, boynuma alıram, qibtə, həsəd, paxıllıq hisslərim bir-birinə qarışdı və cavanlıq illərimizi xatırladım. Gecəqondu evlərin birində kirayədə qalan, gecələr spidolasında Türkiyə dalğalarından birini dinləyə-dinləyə milli ruhda, folklorumuzla bağlı radio verilişləri yazan, hərdən vaxt tapıb gecəqondu evimə gələn (onda qonşu idik) və küçədə qarşılaşanda gəzməyə gen-bol vaxt ayıra bilən doğma və səmimi oğlanın bir kəlmə sözü yadıma düşdü: "Məndən ayrılmağa tələsməyin, mən sizdən öyrənirəm..."

Keçən yüzilliyin səksəninci illərində Kamil də bir maşın almışdı, amma o "Jiquli"ni daha çox yaxın dostları sürürdü. Bir neçə dəfə o maşının sükanı arxasına mən də keçməli oldum. Bir dəfə isə Kamilin oğlanlarını - Toğrulla Turalı Cəbrayıla aparıb ata ocağında müsəlman elətdirdik. El adətilə kirvəlik də mənim boynuma düşdü. Şənlik adına isə Kamilin tarzən atası Nəriman kişi tarda, gitarada oyun havaları çaldı və ailə üzvləri də ortalığa düşüb beş-on dəqiqə oynadılar, vəssalam. Hələ o zaman Kamilin ata yurdunda yeni bir mülk ucaltmaq arzusu vardı. Bilmirəm, cəmiyyətdə artıq mövqe qazanmış oğlanları Toğrul və Tural atalarının bu niyyətindən xəbərdardılar, ya yox...

Köhnə yazılarımı arayanda məlum oldu ki, mən də 2005-ci ildə mətbuatda Kamilin haqqında söz demişəm. O məqaləyə bir də nəzər saldım və hiss elədim ki, heç bir düzəlişə ehtiyac yoxdur.

"O, istər Ramiz Rövşəndən yazsın, istər Anardan, Elçindən, Əkrəm Əylislidən, Məmməd Orucdan, Dədə Qorquddan, istərsə də "Ki" şəkilçisindən... hökm verməkdən çəkinməyib. Mən Kamillə bir dost, yaşdaş, ziyalı kimi fəxr edirəm. Nə üçün? Əqidəsinə sədaqətinə görə. 1993-cü ilin hakimiyyət burulğanlarında, o da bir çoxları kimi, yeni bir rol oynayıb çox şeylərə nail ola bilərdi. Amma o, nəinki rol oynamadı, əksinə, sübut elədi ki, o, heç zaman rol oynamayıb. Kamilin son oxuduğum yazısı Ənvər Məmmədxanlı ilə bağlı essedir. Amma mən bu yazıda da, daha qabarıq şəkildə Kamilin öz obrazını gördüm".

Son telefon söhbətlərimizi xatırlayıram: dedi ki, Hüseyn Adıgözəl Türkiyədə "Buxara əsirinin sirri"ni çap etdirəcək. Sonra da xahiş elədi ki, Elçinin "Baş" romanı çap olunmuş "Azərbaycan" jurnalının bir-iki nüsxəsini ona göndərim. Yeri gəlmişkən, o, bu roman haqqında danışmaqdan yorulmurdu. Məni heyrətləndirən isə onun səsi idi və mənə elə gəlirdi ki, onun məsləki, əqidəsi kimi, əsla dəyişməyən əlamətlərindən biri də səsidir. Səsi sanki on yeddi yaşında qalmışdı. Bunu ona çatdıran da isə ucadan güldü.

Kamilin otuza yaxın kitabı arasında ən çox müraciət etdiyim "Sözün sehri"dir. Bu kitab, mənə elə gəlir ki, zaman keçdikcə oxucularını daha çox sehirləyəcək:

"...Əsasında böyük, uzun səyahət və səmimi xatirə, incə araşdırma və əsaslı toplama, yüksək elmlik və dərin sənətkarlığa dayanan "Divani-lüğət-it türk" zamanın ehtiyacından doğmuşdu. Tayfalar, qəbilələr, nəsillər danışır, nəğmə oxuyur, şeir deyir... Onların hamısını Kaşqarlı Mahmud ürəyinə köçürür. Ürəyə nə qədər böyüklük, gözəllik sığarmış..."

Mən bu xatirə yazısına Bəxtiyar Vahabzadənin Kamil Vəliyə həsr etdiyi şeirin bir beyti ilə başladığım kimi, Bəxtiyar müəllimin Kamil Vəli haqqında ürək sözləri ilə də bitirmək istəyirəm:

 "...Və açıq deyirəm ki, Kamil Vəlinin mənim yaradıcılığım haqqında yazılarını da böyük məmnunluqla oxuyuram. Onun tənqidçi həssaslığını, dərin elmi dünyagörüşünü yüksək qiymətləndirirəm. İnanıram ki, Kamil Vəlinin zəhməti hədər getməyəcək. Onun kitabları, məqalələri yeni nəslin yetişməsində olduqca faydalı olacaq".

4 yanvar 2024-cü il. Albalılıq bağ massivi.

 

Məmməd ORUC

525-ci qəzet.- 2024.- 8 yanvar,№ 1.- S.10.