Təmiz havaların
poeziyası
Yalın ayaqların torpaq duyğusu
Xalq şairi Vahid Əzizin
yaradıcılığı haqqında qeydlər
Poeziyanın gücü ondadır ki, parlaq tamaşadan
sonra sədəqə ilə yaşamağa cürəti
çatır və papağını insanlara uzadaraq utanc
hissi keçirmədən böyük mərhəmət,
şəfqət dilənçiliyi edə bilir. Bu, Brodskinin
yazdığı kimi, qafiyəpərdaz birinin
"qucağında başqasının uşağı"
ilə dilənçilik eləməyi deyil, bəzən bu
izafi etimada görə ödəməli olsa da, sənətin
yaşam amalı olan kəslərə əzəli
etibarıdır. Etibar hissini itirmiş sənət mənəvi
qısırlığa məhkumdur.
Şairin daxili mədəniyyəti biganəlik
epidemiyasına qarşı ən yaxşı zərdabdır.
Daxili mədəniyyət əbədi cavanlığın rəhnidir.
Yaşam instinkti həyat təcrübəsindən dəstək
almasa, saf emosiya ilə, ilkin təəssüratların qoxusu və
boyası ilə uzağa getmək olmaz. Bu əl cavanlara məxsus
möhkəm-möhkəm tutmağı bacarsa da, zaman
ağılsız əldən sivişib çıxır.
Şairə lazımdır ki, üç cəhət
bir yerə cəm olsun. Tələbəyə xas olan cəhət,
yəni tufan axtaran daimi, əyilməz üsyan ruhu. Rahibə
xas olan cəhət (təbii ki, bu, rəmzi olaraq deyilir), yəni
zahid kimi inziva meyli, gərdişə pimen münasibəti və
nəhayət döyüşçüyə xas olan cəhət,
yəni inandığın və təbliğ etdiyin dəyəri
qorxmadan qorumağa hazır olmaq.
Blok Mayakovskiyə yazdığı məktubda ədəblə
gizlədilmiş kinayə ilə məsləhət
görürdü: "Siz bilə-bilə xırda şeylər
barədə düşünməyin, uca, ali olan şeyləri
düşünün". Onda bəlkə xırda da olsa, həqiqi
bir şey ortaya çıxar.
Qeyd edək ki, Blok bu məktubu qələm əhlinin
bir hissəsi səthi qavramış olduqları
"Fırtına quşu" obrazının təsiri
altında üstün insan kimi görünməyə
çalışaraq və adi insan olmaqdan həya edərək
eqosentirik mücərrədliyə çıxıb gedirdi.
Blok onların güman etməyə cürət etdikləri
kimi nəhənglik eşqini sənətdə
"böyüklük" anlayışına aid etmirdi, onun
nəzərində nəhənglik eşqi ələngə
natamamlıq kompleksinin toppuş uşağından başqa
bir şey deyil. Amma qəsdən "cılız", qəsdən
"böyük" kimi natamamlıq kompleksinin təcəssümüdür,
yəni təkəbbürdən də betər olan
özünü kiçik göstərmədir.
Şair Vahid Əziz həyata sənətin giqantomaniya
xəstəliyindən əziyyət çəkdiyi bir
dövrdə qədəm qoyub. Plastilin monumentalizmi prinsipi əsasında
çəkilmiş elektrik stansiyalarının fonunda
çoxminlik banketləri təsvir edən təmtəraqlı
filmlər, Volqa-Don kanalı və xam torpaq haqqında
yazılmış poetik tsikllər. O, zəmanəsinin
övladı idi və o zəmanə ilə birlikdə onun xəstəliklərindən
əziyyət çəkirdi - Allaha şükürlər
olsun ki, giqantomaniya qızılcasına uzun sürən
ağırlaşmaları olsa da, yetkinlik çağında
deyil, uşaq yaşlarında tutuldu. Amma mənə elə gəlir
ki, son illərdə incəsənət ümumilikdə,
poeziya isə xüsusən ağırlaşmalara eyni səviyyədə
səbəb olan başqa bir xəstəliyə, yəni
"xırdalıq" xəstəliyinə düçar
olub, elə ona görə də Blokun "böyük
şeylər haqqında düşünmək" məsləhəti
indi açıq-aşkar aktuallıq kəsb edir.
Avropa poeziyasında "hermetik" təmayüllü
bir xeyli görkəmli şair olub və bu gün də var.
Asiya poeziyasında belə deyildi.
Vahid Əziz poeziyası varlığının lap əvvəlindən
xalqın vicdanı funksiyasını öz üzərinə
götürüb. Vicdan funksiyası ağrısız,
acısız olmur. Əfsus ki, təbabətdə ağrıkəsmənin
tərəqqisi ilə yanaşı, poeziyanın fəlakətli
şəkildə irəliləyən ağrıkəsmə
prosesi baş verir. Amma bir dəfə Gertsen belə demişdi:
"Biz təbib deyilik, azarıq".
Yazılmış həqiqətlər bəşərin
mənəviyyatını çiynində saxlayan
balinalardır. Mənəviyyatı həmişə
bayağılıq kimi tövsif etmək düz deyil.
Əxlaqi dəyərlərə dəstək
poeziyasının ən azı eksperimental poeziya qədər
yaşam haqqı var. Amma eksperimentlər əxlaqi dəyərlərə
xələl təhlükəsi yaratmaq qədər dərinə
gedəndə novatorluq daha poeziya olmur.
Ancaq duyğu müəllimi olmağa can atan bəzi
nazimlərin öz şəxsi həyatında təbliğ
etdikləri yazılı həqiqətlərdən çox
uzaq olması təəssüf doğurur. Şübhəsiz
ki, şairin şəxsiyyəti onun şeirlərindən
formalaşır, çünki hər bir şier özü
özlüyündə bir əməldir. Amma sadəcə əməllər
də var və heç kimin, hətta böyük şairin də
eqoistliyi bağışlanası deyil. Yanma istedadı yoxdursa,
poeziya ən istedadlı şairləri belə ortada qoyur.
Yalnız başqasının sətrilərini öz sətirlərindən
daha çox sevənlər dahi şair şəxsiyyətini qazana
bilir.
Əsl şair təkcə öz poeziyası ilə
deyil, həm də başqa şairlərə münasibəti
vasitəsilə başa düşülür.
Vahid Əziz başqasının nəzmini öz kəlamından
çox sevir.
Həqiqi şair xüsusi qəbildən olan cərrahdır.
Bu cərraha zamanın tənini təşrih etmək
üçün mənəvi lisenziyanı yalnız
özünü təşrih cəsarəti verir.
Yaradıcılıq keşməkeşli, əzablı
deyilsə, biz şairə mənəvi şübhə ilə
baxa bilərik. Bir dəfə Vahid Əziz mənə dedi:
"Hər bir insanın həyatında faciəvi bir mənbə
var, faciəsiz şair ya yarımçıq insandır, ya da
xarakteri zəif olduğuna görə özünə
qarşı amansız olmaqdan qorxan ağciyərin biridir".
Vahid Əziz üçün tənhalıq
yalqızlıqdan fərqlidir. Bəzən yalqızlıq əzab
səbəbinə deyil, bir kultun atributuna çevrilir. Amma onun
üçün başqa cür tənhalıq mövcuddur: yaradıcının
ruhunda daşıdığı, hələlik yalnız
özünün anlaya bildiyi tənhalıq; bir cavan
oğlanın və ya qızın sevgidən əvvəlki vəziyyətdə
tənhalığı; düşmənləri ilə meydan
üzbəüz qalan döyüşçünün tənhalığı.
Təkbaşına döyüşmək cəsarəti
ümumi cərgədə olan cəsarətdən yüksəkdir.
Bundan əlavə, yalnız tənhalıqda baş verə biləcək
bir döyüş var - bu da insanın öz-özü ilə
davasıdır. Belə tənhalıq anları əslində
daxili dünya ilə xaric arasında gizli əlaqə
anlarından və ya bu əlaqəni axtarmaq anlarıdır, vəssalam.
Daim təmtəraqla cəmiyyətlə
qaynayıb-qarışdıqlarını bəyan edən
şairlər reallıqda çox vaxt tənha olurlar, tənha
olduqlarını söyləməkdən çəkinməyən
şairlər isə ən azı ürək açmaq etibar
qazandığına görə cəmiyyətlə daha
çox bağlı olurlar. Öz tənhalığı
haqqında həqiqəti yazmaq artıq tənhalığa
qalib gəlməkdir.
Analar heç vaxt bəyənilmələri
üçün ilə süni şəkildə övlad
düzəltmir - analar sadəcə olaraq dünyaya övlad gətirir.
Qafiyəpərdazlar doğmur, zira doğmaq çox təhlükəlidir.
Onlar kimyəvi yollarla şüşə kolbalarda homunkullar
peydahlayır. Qafiyəpərdazların qəlbində müqəddəs atəş
yoxdur, sadəcə hesabçının daşınan spirt
qabı var. Bu hesablayıcının köməyi ilə onlar
özgə uğurunun düsturunu tapıb onun əsasında
öz səsini rasional olaraq yetişdirməyə cəhd edirlər.
Amma bu adamların səsi təsir eləmir, təcrübə
qazanmış səs yox, acının içindən
keçib yoğrulmuş səs ruha toxuna, onda iz buraxa bilər.
Poeziya daim insan qəlbinin qaranlıq,
qarışıq, çaşdıran dünyasının tərcüməsidir,
bu baxımdan hər bir şair tərcüməçidir. Qəlb
dilinin söz dilinə tam dəqiq tərcüməsi
mümkün olmadığı kimi, sərbəst tərcümə
qədər də təhlükəlidir, çünki qəlbin
özünə xas əzəli halında əsər-əlamət
qalmaz. Amma nə etməli? "Dilə gətirilmiş fikir
yalandır" aforizminin müəllifi M.F.Axundov məhz
susması yox, dilə gətirdiyi fikirlər sayəsində
xatirələrimizdə yaşayır. Axundovun məntiqi ilə
getsək, onda onun dediyi "Dilə gətirilmiş fikir
yalandır" fikri özü artıq yalandır.
Şair Vahid Əziz öz qəlbinin tərcümanıdır.
Təəssüf ki, özgə qəlblərin tərcüməçisi
olan şairlər yazdıqları şeirləri sənayenin
ildırıma oxşayan səsi, cəng meydanında
partlayışların gurultusu, tovuz quşuna oxşayan fəvvarələrin
bayağı fışıltısı ilə doldurur, amma
onların şeirini oxuyanda görürsən ki, şeir səssiz
kinoya oxşayır, ekranda şimşəklər
çaxır, amma gerçək ildırım səsi
eşidilmir.
Gurultulu səslə bəyan edən şairlər var
ki, onlar xalqın adından danışır. Onlara baxırsan
və yazığın gəlməyə başlayır - əslində
bu adamlar nə qədər tənhadır. Vahid Əziz tənhalıqdan
çox danışır, xalq haqqında o qədər
danışmır, amma ona diqqətlə baxdıqda
anlayırsan ki, məhz o, xalqın adından
danışır.
Bəzən poetik cəsarət karıxdıran
metaforaların, fövqəladə qafiyələrin, ritmik
supermüasir kakofoniyanın tətbiqi və yaxud əksinə,
"cəsarətlə modernizmin qarşısına
çıxarılmış sadəlik" (əslində
oğurluqdan da betər bir şey) olaraq başa
düşülür. Bəzən poetik cəsarət kiminsə
sifətinə zərbə vurmaq olaraq başa
düşülür.
Amma Vahid Əzizin əsl poetik cəsarəti ənənələrə
qarşı amansızlıqdan, bu ənənələri
pozanlara qarşı amansızlıqdan, ümumiyyətlə, ətrafı
hədəf tutmuş amansızlıqdan yox, məhz
özünə qarşı amansızlıqdan
başlayır.
Folklor mənşəli olmadan şair olmaq
mümkün deyil. Amma elə olur ki, insanlar zamanında gözəl
olan patriarxallığa valeh olaraq folklorda ilişib qalıb
poeziyanı geriyə sürükləməyə
başlayırlar. Amma əslində patriarxallıq indi bizə
göründüyü qədər də cazibədar deyil,
çünki ən patriarxal dövrdə belə insanların
qanı axıdılıb.
Həyatın əbədi olmadığını qəfildən
dərk etmək ya insanı qarşısına çıxan
ilk saman çöpündən yapışaraq çarəsiz
şəkildə ora-bura vurnuxmağa məcbur edir, ya da fənadan
azad edib daxili təmizlənmə yoluna çıxarır. Gənc
ikən mücərrəd bir anlayış kimi görünən
ölüm qəflətən əsl reallıq şəklində
insanın qarşısında durur və bir qorxu səni
ağuşuna alır: sən gedəndən sonra bu dünyada
səndən sənin əsl siman yox, arxasında gizləndiyin
maskalar qalacaq. Şair minlərlə güzgüdə inikas edərək
yaşayır: kiminsə gözündə, evlərin və
avtobusların pəncərələrində, amma o özü
dünyanın güzgüsü, ən əsası
özünün tərəfsiz güzgüsü ola bildimi?
Yaxud o, əks etdirdiyi idbarlığın gözəllik kimi,
zəmanənin faciəli simasının isə təlxəyin
şəkildən şəklə düşən sifəti
kimi göründüyü gülüş
otağındakı güzgüyə oxşayırdı?
Şair Vahid Əziz saflıq güzgüsü,
özünün isə tərəfsiz güzgüsü olub və
olacaq!
Bəzən biz qrup öz məqsədləri naminə
çoxmənalı şairlərin şişirdilməsinin,
poeziyanın coğrafiyasının genişləndirilməsi
adı altında, "paytaxtçılıqla" mübarizə
adı altında mənəvi əyalətçiliyə valeh
olmanın şahid oluruq. Hətta ən ucqar kənddə belə
yaranmış əsl sənət əsəri tənqidçilərdən
asılı olmayaraq ədəbiyyatın paytaxtına
çevrilə bilər.
Guya gözəl sayılan bir ifadə var:
"Heç kimin heç kimə borcu yoxdur". Əslində
hamı hamıya borcludur, xüsusən də şairə.
Şair olmaq özünü borclu elan etmək cəsarətidir.
Şair ona şeiri sevməyi öyrədənlərə
borcludur, çünki onlar ona həyatın mənasını
hiss etdiriblər.
Şair özündən əvvəlki şairlərə
borcludur, çünki sözün qüdrəti ona veriblər.
Şair bu günün şairlərinə, sex
yoldaşlarına borcludur, çünki onların nəfəsi
onun aldığı havadır, onun nəfəsi də
onların aldığı havanın zərrəsidir.
Şair öz oxucularına və müasirlərinə
borcludur, çünki onlar onun səsilə zaman və özləri
haqqında danışmağa ümid edirlər.
Ona görə də Qərbi Azərbaycanın Dərələyəz
mahalının Hipip kəndində dünyaya göz
açmış Vahid Əzizin yaradıcılığı
"yetmişinci" illər poeziyasının paytaxtı
oldu! Vahid Əziz anlayır ki, bir şair kimi gələcək
nəsillər qarşısında borcludur, çünki nə
vaxtsa onun gözü ilə bizi görəcəklər.
Böyük Nazim Hikmət bir dəfə demişdi:
Şairliyə təzə başlayanlar tez-tez mənə məktub
yazıb soruşurlar: "Əsl şair olmaq
üçün hansı xüsusiyyətlərə sahib olmaq
lazımdır?" Mən bu sadəlövh suala heç vaxt
cavab verməmişəm, amma indi cəhd edəcəyəm,
baxmayaraq ki, bəlkə də bu özü də bir sadəlövhlükdür.
Beş belə xüsusiyyət var.
Birincisi: gərək vicdan sahibi olasan, amma bu şair
olmaq üçün kifayət deyil.
İkincisi: gərək ağıl sahibi olasan, amma bu,
şair olmaq üçün kifayət deyil.
Üçüncüsü: gərək cəsarətli
olasan, amma bu şair olmaq üçün kifayət deyil.
Dördüncüsü: təkcə öz şeirlərini
deyil, başqalarının da şeirlərini sevmək
lazımdır, lakin bu, şair olmaq üçün kifayət
deyil.
Beşincisi: yaxşı şeir yazmalısan, amma əvvəlki
bütün keyfiyyətlərə sahib deyilsənsə, bu da
şair olmaq üçün kifayət deyil".
Məşhur deyimə görə, poeziya xalqın
özünüdərkidir. "Xalq özünü dərk
etmək üçün öz şairlərini
yaradır".
Şair Vahid Əziz ştrix deyil, bütün
misralardan, bütün şeirlərdən ibarət bir xətdir
- sözə, həyata öz münasibət xəttidir.
Ədəbiyyatda bəzən çox məharətlə
düzəldilmiş saxta yaddaşlar mövcuddur. Bəzi
şairlər keçmişdən danışarkən onu
özlərinin bugünkü konsepsiyasına sərrast şəkildə
uyğunlaşdırmağı bacarırlar, keçmişi
özünə lazım olandan asılı olaraq ya həddindən
artıq mənfiləşdirir, ya da həddən artıq
pozitivləşdirirlər. Bu, yaddaş möhtəkirliyidir. Bəzi
şairlər möhtəkirliyə əl atmadan öz
yaddaşını tərkib hissələrinə bölməyə
çalışırlar, ancaq ümumilikdə yaddaş
qarşısında zəiflik göstərərək yalnız
müəyyən sahələrdə dürüst olurlar. Bu,
yaddaş qarşısında qorxudur.
Amma Vahid Əzizin şəffaf poeziyası həm
möhtəkirliyin, həm də qorxunun fövqündədir.
Əgər "vicdan əzabı" ifadəsi varsa,
niyə başqa bir ifadə - "yaddaş əzabı"
ifadəsi olmasın? İncəsənət yumşaq divan
deyil, mıxla dolu taxtadır. İncəsənət bəşəriyyətin
əsas yaddaşıdır. Bəşər yaddaşından
qaçan insan məgər insandır?
Bəzi şairlər hər bir şeri mənanı
şüşə metafora kürəcikləri,
sentimentallıq pambığı, zərif qafiyələr
silsiləsi ilə ağırlaşdıraraq yeni il yolkası
kimi bəzəyir, ağacın özü az qala
görünmür. Ancaq başqa bir qüvvə də var - sadəliyin,
bəzəksizliyin gücü.
Şair Vahid Əziz qətiyyətsizliyə nifrət
edir və eyni zamanda anlayır ki, kor-koranə
dağıdıcılıq ondan da betər ola bilər. Pərdəni
deşən düşüncəsiz şpaqa Poloniyə deyil,
görünməyən başqa birinə də dəyə
bilər. Bütün mürəkkəblik, həm də
şairin tarixə, onun yalanın ağır pərdələri
arxasında gizlənmiş polonilərinə münasibətinin
tamlığı zahiri ikiləşmədədir.
Şair qafiyə yazmaq bacarığının
fövqündədir. Şair qəlbin ustadı sənətkardan,
insanı kal insandan yüksəyə qaldıran bir xüsusiyyətidir.
Vahid Əziz üçün poeziya torpağı
yalın ayaqla hiss etməkdir.
Böyük poeziya bəşəriyyətin bədii
memuarlarıdır. Böyük şairlər ay
işığı adamlarının
yazıçılarıdır. Böyük ədəbiyyat təbabət
üçün hələ də əlçatmaz olan,
insanın dirilmə səviyyəsinə yüksələn
ölüm üzərində qələbədir.
İki cür ikiüzlülük var.
Birinci növ Kaliqula kimi şəxsi ambisiya
atını senata daxil etməyə can atan mənsəbpərəstlərin
məharətlə əsl üzlərini gizlədib mənsəbpərəstliklə
mübarizədə mənsəbə yetişmək istədikləri
müasirliyə uyğunlaşmadır.
İkiüzlülüyün ikinci növü,
insanın öz xalqının ehtiyaclarından üz döndərib,
zamanın üstündən boylandığı əbədiyyətə
uyğunlaşmaqdır. Amma əbədiyyət özü
müasirliyə arxa çevirənlərdən üz döndərir.
İkiüzlülüyün bütün növləri
sadəcə sənət surroqatıdır. Əsl sənət
zaman kateqoriyalarına deyil, yalnız vicdana yönəlir.
Şairin vicdanı iki vahiddir - o, eyni zamanda həm
müasirlikdir, həm də əbədiyyətdir.
Qumilyov "Oxucu" adlı məqaləsində
yazırdı: "Bacardığın zaman deyil, lazım olan
məqamda yazmalısan. "Mümkündür"
sözü poeziya tədqiqatının bütün sahələrindən
kənara atılmalıdır". Heç o özü də
həmişə bu qaydaya əməl etmirdi, amma hansı
yazıçı harada və nə vaxt öz qaydalarına
qüsursuz əməl edib ki və ümumiyyətlə, məgər
bu, mümkündür?
Gecikmiş ehtiramın tələsikliyində Vahid
Əzizdən, ümumiyyətlə, heç kimdən bir
büt yaratmağa ehtiyac yoxdur.
Hətta Puşkinin də çoxlu pis şeirləri
var və imza sahibinin kim olmasından asılı olmayaraq ən
yaxşını ən pisdən ayırmağı bacarmaq
lazımdır. Biganəliklə unudulmaqdan başqa,
sitayişlə unudulmaq deyilən bir şey də var. Vahid
Əzizin irsi təkcə bu günün yox, həm də gələcəyin
poeziyaya məxsusdur. İrs ciddi sözdür. İrsə nə
düşünmədən heyran olmaq, nə də laqeyd
yanaşmaq olar.
Vahid Əzizin poeziyası təbii bir hadisədir. Onun
intonasiyasında yalnız Azərbaycan torpağının tərkibində
mövcud olan mineralın sehrli parıltısı var. Vahid
Əzizin poeziyası yalnız Azərbaycan təbiətinin və
yalnız Azərbaycan dilinin övladıdır.
Vahid Əzizin bütün poeziyası onun özü
haqqında böyük bir poemadır. Bəzən bizə elə
gəlir ki, ədəbiyyat ölür, hətta tənqidçilər
vaxtından əvvəl nekroloq kimi görünən
yazılar da yazır, amma ədəbiyyat ölmək istəmir,
ölə bilməz. Bəli, o, ölə bilməz! İstənilən
ölkənin ədəbiyyatı müvəqqəti olaraq bəzən
ölümü xatırladan letargiya yuxusuna gedə bilər,
amma ədəbiyyat ölürsə, xalqın ruhu da
ölür. Xalqın ruhu isə ölməzdir, yəni ədəbiyyat
da ölməzdir.
Murat BAYKAL
525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.14;15.