Gənclərin peşə seçimində valideynlərin iştirakı aktuallaşıb

 

Peşə yönümünün müəyyən edilməsi və həyata keçirilməsində valideynlərlə əməkdaşlıq indi son dərəcə aktual və gündəmdə olan mövzudur. Təhsil sistemi dəyişir, valideynlik anlayışı, tələbatları dəyişir və bu, valideynlərin övladlarının təhsil prosesində daha səlahiyyətli və daha faydalı şəkildə iştirak etmələrini tələb edir. İşin əsas məqsədi, valideynlərin övladlarının təhsil sahəsində daha səlahiyyətli və ehtiyatlı bir şəkildə cəlb edilməsi, onların təşviq edilməsidir. Bu yazıda fərdin peşə seçiminə valideynlərin təsirivə onlarla əməkdaşlığın formaları öz əksini tapıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömür boyu təhsil şöbəsinin baş mütəxəssisi Gülnar Tahirlinin dediyinə görə, peşə seçimi hər kəsin həyatında verməli olduğu ən çətin, ən məsuliyyətli qərarlardan biridir. Bu seçim uzunmüddətli nəticələrə səbəb olacaq bir qərardır ki, bununla fərdin təhsili, əmək bazarında yeri müəyyən edilir. Buna görə də, peşə yönümü xidmətinin həyata keçirilməsi fərdə peşə seçimində doğru, əsaslandırılmış qərar verməkdə köməklik göstərən çox önəmli mərhələdir. Gənclərin təhsil və öyrənmə yolları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələri üçün peşə yönümü xidmətinin mövcudluğu vacibdir: "Peşə yönümü xidmətinin həyata keçirilməsində bir sıra fəaliyyət metodları və istiqamətləri mövcuddur. Peşə yönümü xidmətinin həyata keçirilməsində ən mühüm istiqamət valideynlərlə əməkdaşlığın qurulmasıdır. Gənclərin karyera məsləhət xidmətinə, peşə yönümünə, ən müasir karyera məlumatlarına çıxışının təmin edilməsi vacibdir, lakin gənclərlə yanaşı, valideynlərin də dəstəyə və sistematik məlumatlılığa ehtiyacı var. Daim dəyişən əmək bazarında valideynlər getdikcə daha mühüm rol oynamağa başlayırlar, buna görə də gənclər üçün vacib olan təkcə valideynlərinin təhsil və təlim daxilindəki yönləndirmələri deyil, eyni zamanda gənclərin karyera yollarının izlənilməsidir. Bu baxımdan valideynlərin rolunun əhəmiyyətinə dair artan sübutlar olsa da, valideynlərin müasir əmək bazarına çıxan mövcud yollarla kifayət qədər tanış olmamaları səbəbindən, bəzən təmin etdikləri məsləhət və dəstəkdən əmin olmurlar. Buna görə də öz övladlarına hansı peşə, yaxud karyera seçiminin onlar üçün ən yaxşısı olacağı barədə məsləhət verməkdə tərəddüd edir, yaxud çətinlik çəkirlər. Buna görə də valideynlərin dövlət və ya təhsil müəssisələri tərəfindən necə daha yaxşı dəstəklənə biləcəyini başa düşməyə ehtiyac var. Gəncin təhsili ilə yanaşı, onun karyera trayektoriyası boyunca davamlı valideyn dəstəyi, valideynlərin müxtəlif rollarda fəaliyyət göstərməsi uğurlu karyera inkişafına töhfə verən əsas amil kimi görülür. Peşə yönümü xidməti təkcə gənclərin təhsil və təlim zamanı birbaşa dəstəklənməsində deyil, həm də valideynlərin müxtəlif vasitələrlə cəlb olunmasında əsas rol oynayır ki, onlar övladlarının təhsil və karyera yolları üçün mövcud seçimlərini daha yaxşı başa düşə bilsinlər".

Gülnar Tahirli deyir ki, valideyn iştirakı ilk növbədə, psixoloji və maliyyə dəstəyini təmin edən, öyrənməyə təşviq edən valideyn fəaliyyəti kimi müəyyən olunur. Valideynlər, tərəfdaşlar arasında səmərəli əməkdaşlıq, fərdin təhsil və inkişafını daha effektiv şəkildə təmin edən, təhsil sistemini gücləndirən bir faktordur. Valideynlər övladlarını doğru təhsil və karyera seçimi üçün təşviq etdikdə onların peşəkar həyat yolunda müvəffəq olmalarında əvəzsiz rol oynayırlar. Bu əməkdaşlıq, gənclərin öz potensiallarını maksimum göstərmələrinə yol açır, təhsildə daha uğurlu nəticələrinə, həmçinin peşəkar karyeralarını qurmağa və ya inkişaf etdirmələrinə səbəb olur. Valideynlərin sosial və mədəni konteksti onların övladlarının peşə seçiminə təsirini böyük ölçüdə müəyyənləşdirir. Hazırda valideynlərin peşə seçimi üzrə təsiri üç əsas amillə əlaqələndirilir. 1. Rol model effekti: Valideynlərin özünün peşə seçimi və iş təcrübəsi, övladların peşəkar marağının formalaşmasına təsir edir. Valideynlər öz uğurlarını və ya çətinliklərini paylaşaraq övladlarının peşəkar hədəflərini daha yaxşı anlamalarına kömək edir. 2. Sosial status və iqtisadi durum: Valideynlərin sosial və mədəni statusu övladların öz hədəflərini müəyyənləşdirməsinə və öz potensiallarını qiymətləndirməsinə təsir göstərir. Valideynlərin maliyyə durumu övladların təhsil istiqamətlərini, təhsil imkanlarını müəyyənləşdirir. 3. Cins faktoru və cəmiyyətin gözləntiləri: Bəzi cəmiyyətlərdə cins faktoru, valideynlərin öz övladları üçün peşə seçimində həlledici təsirə malikdir. Məsələn, bir çox ailələrdə oğlan övladlar mühəndis və ya hüquqşünas kimi, qız övladlar isə həkim kimi uşaqlıqdan "kodlanırlar". Bundan əlavə, valideynlər bəzi peşələrdə çalışmağı öz övladlarına, məsələn, qız övladlarına "kişi işi" hesab etdikləri sahələrdə, oğlan övladlarına "qadın işi" hesab etdikləri sahələrdə çalışmağı uyğun görmürlər: "Bu amillərdən yola çıxaraq söyləmək mümkündür ki, valideyin təsiri, övladların peşəkar maraqlarının və hədəflərinin müəyyənləşdirilməsində, onların peşə seçimi ilə bağlı yekun qərara inamlarının formalaşmasında önəmli rol oynayır. Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Ümumi təhsil müəssisələrində peşə yönümü xidmətinin həyata keçirilməsi Qaydası"nda valideynlərlə əməkdaşlıq müəyyən edilib. Bunlar peşə marağının və qabiliyyətlərin öyrənilməsi. Bu tədbirlərə pedaqoji işçilər və valideynlər cəlb olunmaqla, təhsil alanın fərdi və psixoloji xüsusiyyətlərinin öyrənilməsi, habelə hər hansı peşə istiqaməti üzrə əmək, sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsi. Maarifləndirmə və məsləhət tədbirlərinin təşkili zamanı ümumi təhsil müəssisələri tərəfindən valideynlərin də yaxından iştirakının təmin edilməsi. "Əmək nədir?", "Valideynlərimin peşəsi" və s. bu kimi mövzularda təqdimatların və sərgilərin keçirilməsi, müxtəlif peşə sahələrinə aid video filmlərin nümayiş etdirilməsi, yaxın ərazidə yerləşən müəssisələrə ekskursiya, peşələrə dair oyunların keçirilməsi. Fərqli təhsil pillələrində valideynlərlə əməkdaşlıq formaları müxtəlifdir. Məsələn, ümumi təhsil müəssisələrində peşə yönümü xidməti "Ümumi təhsil müəssisələrində peşə yönümü xidmətinin təşkili" adlı metodik vəsaitdə müəyyən olunan tədbirlər həyata keçirilir: peşə istiqaməti və peşə seçimi ilə bağlı anketlərdə iştirak; peşə yönümü və övladlarının gələcək peşə seçimi ilə bağlı valideyn iclaslarında iştirak; məktəbdə müxtəlif təhsil və sənaye müəssisələri ilə birgə təşkil olunan maarifləndirmə tədbirlərinə, seminar və mühazirələrə qatılmaq; valideynlərin öz peşələri ilə bağlı şagirdlər qarşısında çıxışları; yuxarı sinif və peşə təmayül siniflərinin şagirdləri üçün müəssisələrdə peşə sınağı tədbirlərinin təşkilində valideynlərin köməyi; tətil zamanı təhsil alanların müvəqqəti işlə təmin olunmasında valideynlərdən dəstək; şagird valideynlərinin dərnək, idman seksiyası, bədii studiya, uşaq teatrlarının rəhbəri kimi işləməyə cəlb edilməsi; müəllimlər və şagirdlərin valideynləri arasında fərdi söhbətlər; ümumi təhsil müəssisəsinin işçiləri, şagirdlərin valideynləri, məktəbə sponsorluq edən şirkətlərin sahibkarları, patronaj təşkilatlarının nümayəndələri və sair daxil olmaqla, Qəyyumlar şurasının yaradılması".

Baş mütəxəssis bildirir ki, peşə təhsili müəssisələrində həyata keçirilən tədbirləri belə müəyyənləşdirmək olar: məktəblərdə, icmalarda və ailələrdə birgə tədbirlərin keçirilməsi, müəllimlər, psixoloqlar, valideynlər arasında ünsiyyətin yaxşılaşdırılması üsullarının tətbiqi; valideynlər, müəllimlər, təhsil müəssisəsinin digər əməkdaşları, ailələr, övladlar və gənclərlə çalışan psixoloji-pedaqoji mərkəzlər, başqa məktəblər, təşkilatlar və təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi; valideynlərin övladlarının rifahı naminə övladlarının təliminə, məktəb həyatına və tədbirlərə cəlb edilməsi; məktəb və kolleclər tərəfindən valideynlərə övladlarına karyera seçimində dəstək göstərməkdə məlumatlı və özlərinə əmin olmaları üçün dəstək verilməsi; valideynlərə karyera yüksəlişi və əmək bazarı imkanları haqqında məlumat verilməsi; valideynlərlə fəal ünsiyyət qurmaq, onlara təhsil sistemi, peşələr və əmək bazarı haqqında məlumatların verilməsi; valideynlər və övladlar üçün peşə yönümü aparılması təklifi.

Ümumilikdə valideynlərin peşə yönümü xidmətinin həyata keçirilməsində iştirakı praktiki dəstək - valideynlərin övladlarının karyera ilə bağlı bacarıqlarının inkişafına dəstəyi, şifahi həvəsləndirmə - valideynlərin təhsil və karyera inkişafı seçimləri barədə məlumat verməklə övladını həvəsləndirməsi kimi ümumiləşdirilə bilər. Təhsil müəssisələrində pedaqoji heyətin valideynlərlə əməkdaşlığın həyata keçirilməsində bir sıra öhdəlikləri də var. Peşə yönümü koordinatoru valideynlər ilə təhsilalanların maraq dairəsinə və bacarıqlarına dair sorğuların keçirilməsinin təşkilini həyata keçirir. Sinif rəhbəri şagirdlərin peşə yönümü, peşə hazırlığı ilə əlaqədar valideyn iclaslarının təşkilini həyata keçirir, şagirdlər, onların valideynləri arasında peşə yönümü test və sorğularının keçirilməsinə dəstək göstərir. Məktəb psixoloqunun isə valideynlər arasında peşə istiqaməti, peşə seçimi ilə bağlı sorğu anketinin keçirilməsi, valideyn və müəllimlər üçün peşə seçimi ilə bağlı maarifləndirmə sessiyalarının keçirilməsi, valideynlərin öz peşələri haqqında təhsil alanlar qarşısında çıxış etməyə dəvət edilməsi kimi fəaliyyətləri mümkündür.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.13.