"Müntəzirdi,
qabağında baş durub!"
Şair, publisist Faiq Balabəylinin 60 yaşına
Qəfil yağan yağış isladacaq
uşaqlığımın ayaqyalın keçdiyi
yollarını
- deyən Faiq Balabəyli 60 yaşın
ucalığına qədəm qoyur. Qədəm qoyur ki, bu
ucalıqdan yaşanmış ömür taleyinin bütün
nöqtələrinə yuxarıdan baxa, onları daha dərindən
təhlil edə, görə, ayaqyalın,
başıaçıq çağlarında
daddığı "atasının siqaret qoxusu verən
öpüşü"nü nəvəsi, bapbalaca
adaşı Faiqə ötürə bilsin!
Ardıcıllığı pozmaq olmaz axı...
Bəlli bir zaman intervalına sığan adi insan həyatından
başlamış, kitablaşmış yaradıcılıq
nümunələri ilə zəngin dərsə davamiyyətin
60 illik "gündəlik"ində acılı-şirinli nələr
yazılmayıb, nələr əks olunmayıb?! ...20 Yanvar
faciəsini bütün ağırlığı ilə
yaşamaq, hələ də tamamən bitib-tükənməyən
keçid dövrlərimiz, xaotik keçid dövrlərinin
qanunsuzlarının "bəxş etdiyi" məhbəs həyatı,
Qarabağ savaşımızın gətirdiyi
üzüntülər və nəhayət Qarabağda parlaq Zəfərimiz.
Şükürlər olsun ki, bu ziddiyyətli
yaşantıları həyatından keçirmiş dostumuz
Faiq Balabəyli sonucda qalibdi, sıralarımızdadı,
yazıb-yaradır, üstəlik, dünyaya bəxş etdiyi
övladları ilə bərabər, xalqımızın
ictimai-siyasi həyatında, ədəbiyyat tarixində də
öz sözünü deyə-deyə ahıllıq
çağlarına doğru irəliləyir.
...60 yaş bir insanın, bir şairin özünə
və xalqına hesabatı üçün gözəl
fürsətdi. Yubiley günlərinin yaratdığı
ab-hava sənin hesabata əliboş
çatmadığının təzahürüdür həm
də, əziz dostumuz.
Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Poeziyanın qanadlarında yorulmadan irəliləyən
Faiq Balabəylinin diqqətləri xüsusi cəlb edən bir
özəlliyi də şeirlərində, publisistikasında
xalq dilini məharətlə yaşatmasındadır.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Faiq xalqımızın ayrı-ayrı bölgələrdə
işlətdiyi qədim, arxaik ifadələri də toplayaraq hələlik
sosial şəbəkələrdə ictimailəşdirməklə
onların unudulmaması üçün çabalar göstərir.
İnşallah, kitab halında çap olunaraq gələcək
nəsillərin yaddaş etalonuna çevriləcək bu
sözləri toplamaqla da o, öz vətəndaşlıq, azərbaycançılıq
borcunu yerinə yetirmiş olacaq.
...Faiqin şeirlərindəki, publisistikasındakı
oxunaqlılıq, axıcılıq da xüsusi bir tədqiqatın
mövzusudur. Yəqin ki, ədəbi tənqid bu barədə
zaman-zaman danışmaqla onun spesifik cəhətlərini Azərbaycan
oxucusunun diqqətinə çatdıracaq.
Deyin, neçə il qabaq
səni atıb-gedəndi.
Ürəyi səndə qalıb
gəzdirdiyi bədəndi.
Yaxud, tamamilə fərqli bir ampluada:
Bir bəri dur
heç nə olmayıbmış kimi
yeriyək kor taleyin üstünə,
Barmaqlarımızı batıraq qanımıza
çəkək alnımıza,
görək poza bilirikmi? -
İnanma dostum, inanma.
Hələ havaların soyuqluğucanımızdan
çıxmayıb,
gözlədiyimiz ağır xəstəliklərin
virusları
qanımızdan çıxmadığı kimi...
Eləcə də:
Belə getmə, görənlər var, dur
görüm,
Bir gülümsə, gözlərində nur
görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub!
Onun uca Yaradana xitabən yazdığı bu şeiri
isə bu mövzuda çox nadir nümunələrdəndir
ki, öz mahiyyətini giley-güzarsız, sadəcə Allaha
səslənməklə arzu, dilək şəklində ortaya
qoyur:
İlahi, rəhm eləmə,
qoy uzansın bu ömür
yaş olan yanaqların tamı,
duzu bilinsin.
İlahi, qələmindən
boy verən alnımdakı
hər yetənə oxunan yazıların silinsin.
Qalanını "oxucuya hesabat" günündə
özündən eşidərik, inşallah. Hələliksə
60-na səmimi təbriklərimi çatdırmaq ümidi ilə
Nəzirməmməd ZÖHRABLI
525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.12.