Dəli Bayram
Esse
"Tək-tək adamlar dünyanı hay-küylə,
nəsillər isə səssizcə tərk edirlər" -
Vaqif Bayatlı Odər
Pandemiya vaxtı üzərimizə dolu kimi, ya da lap
güllə kimi yağan ölüm xəbərlərinə
bir status yazmışdım: "İndi gedən
ayağının ucunda, səssizcə çıxıb
gedir... yatanlar oyanmasın", -demişdim.
Amma hamı "oyanıb", həm də tərs
ayağı üstündən qalxıb.
Həyatlarını səssiz-küysüz
yaşayanların da ölümü səs-küylüdür
artıq.
Əcəl zənginin səsi ölüm xəbərçiliyinin
küyündə eşidilməz olur.
Adamları, deyəsən, artıq insanların həyatı
deyil, ölümü daha çox maraqlandırır. Üstəlik
də yalan-doğru ağlaşma səsi medianı, sosial
şəbəkəni başına götürüb.
Bir zaman şair xalq idik, indi isə, az qala dönüb
olmuşuq mərsiyəçi, rövzəxan camaat.
Aramızda "ictimai mürdəşirliyə" həvəslilər
də tapılır, nə yazıq ki...
Ölüm xəbərçiliyinin
mikroindustriyasını qurmuşuq. Bir azca empatiya qumağa
çalışım.
Bəlkə insanların xoşbəxtliyindən
yazmağa bir şey tapmayanda bədbəxtliyini informasiya əmtəəsinə
çevirib satırıq. Arada saxtası da olur; yol-yordan
yoxsulluğunun doğurduğu qaraxəbərçi dezinformasiya.
Bax, bu "dezinformasiya" dediyimiz hər nədirsə,
ictimai etikanın, toplum əxlaqının, kollektiv vicdanın
deformasiyasından əmələ gəlir.
Məni qorxudan bir meyl var; ictimai rəyi çoxdan
itirmişik deyə, artıq, deyəsən, yavaş-yavaş
ortaq ağlımızı da itiririk.
...Uşaqlıq və yeniyetməlik illərimdə
Füzuli şəhərində "Dəli Bayram" deyilən
bir adam görmüşdüm. Bütün gün bazarın,
vağzalın, raykomun, mədəniyyət evinin, dram
teatrının, redaksiyanın qabağında veyllənirdi.
"Çərəkən"in qırağından
tutmuş Qala yoluna, Ağdam döngəsinə qədər,"Çənlibel"dən
Xanlar küçəsinədək, universamdan Cin qobuyacan, Məngələnata
ətəklərindən Quruçay boyuna kimi hər yerdə
məqsədsiz-məramsız dolaşar, qarşısına
çıxan hər kəsə qara xəbər verərdi.
Gözləri hədəqəsindən çıxardı,
ağzının qıraqlarına köpük
yığılardı. Öz-özünə
danışa-danışa yol ölçər, elə hey qəhqəhə
çəkib səbəbsiz gülərdi.
Cındırından cin hürkən bu qapqara, çəlimsiz bədbəxti
tez-tez ya
xırdavat dükanlarının qarşısında,
ya toxuculuq sexinin həndəvərində, ya da mərkəzdəki
tikiş kombinatının ətrafında görərdin. Hərdən
dilənçi Rəfiqənin yanında elə onun kimi
bardaş qurub oturardı, ya İşıqlının
enişinə tərəf yellənərdi, ya da üzü qərbə
doğru diki aşıb molokanların qəsəbəsində
yorğun-yorğun ayaqlarını sürüyərdi.
Əlinə keçən corab, paltar, sap, ayaqqabı,
kibrit... etiketlərini, cürbəcür konfet
kağızlarını, kino biletlərini, hind artistlərinin
yapışqanlı xırda şəkillərini, poçt
markalarını-filan üzünə, alnına, qollarına
yapışdırıb ortada hərlənirdi.
Bir də gördün, yolda, küçədə,
meydanda birinin yanından keçərkən: "Öldü,
öldü! Filan məhlədə
filankəs öldü" deyə qışqırıb
adamın bağrını yarardı.
Hətta uzaq kəndlərdə belə
dünyasını dəyişən adamlar haqqında qara xəbəri
sağa-sola səpə-səpə aşağı-yuxarı
dolaşardı.
Dəli Bayram bu xəbərləri hardan
alırdı?! İndiyə qədər də hamıya sirr
qalıb.
Vaxt keçdi, dövran dəyişdi. Müharibə
başladı. Artıq insanlar tək-tək yox, dəstə-dəstə
gedirdi dünyadan.
O arada Dəli Bayram özü də öldü;
qalsaydı, yaşasaydı da belə, bu qədər qara xəbəri
küçədə-bacada camaata çatdırmağa
gücü çatmazdı.
Bayramı, görünür ki, başqalarının
tək-tək ölümü... yaşadırmış. Bu
balaca əyalət şəhərində istənilən
birinin ölümü o naçar dəli üçün əsl
bayram idi; hər küçəni, tini-bucağı ovcunun
içi kimi tanıyırdı, kim kimin evinə
girib-çıxır, görürdü, bilirdi. Harda yas
çadırı qurulsa, ehsan qazanı qaynasa, Dəli Bayram
özünü ora verər, qayışın altını bərkidib,
havayıdan xoşbəxt olardı. Kiminsə həyatda
yoxluğu Dəli Bayramın qarın toxluğu demək idi...
Elə bir gün gəlib çatdı ki, qara xəbərlər
artıq hər evin qapısını özü döyür,
Bayramsız da hamıya anında yetişirdi.
Əsir, girov düşənlər, cəsədi
düşmənin əlinə keçənlər, ən "yaxşı" halda
"neytralda" qalanlar da az deyildi.
Öldüsü-qaldısı bilinmirdi çoxunun. Həm
düşmən tərəfdə, həm biz tərəfdə
cəsəd dəyişdirənlər, girovu pula, benzinə
satanlar, meyit alverçiləri "hörmətli" adamlara
çevrilirdi yavaş-yavaş. Çox adamın işi
onlardan keçirdi, ya da, nə bilmək olar, bəlkə nə
vaxtsa keçəcəkdi...
Bax, o zaman bir yox, lap yüz dəli Bayram olsaydı, bu
qədər qara xəbəri dəqiqləşdirə də
bilməzdi, yaya da bilməzdi.
Dünya ağlını itirəndə Dəli Bayram
hamıya ağıllı görünmüşdü. Dəli
Bayram özü isə, görünür, ağıllı
yaşamağı bacarmazdı; bir gün ölüb
haqqın rəhmətinə qovuşdu (özündən xeyli
sonra bir vaxt
dolaşdığı küçə-bazar da - o şəhər
də büsbütün, yerli-dibli "yoxa
çıxdı"...)
Heç kimsə bilmədi Bayram nədən
öldü və nədən?! Başqalarının
ölüm xəbəri ilə maraqlanan adamın öz
ölümü heç kimsəni maraqlandırmadı da. Səs-küylü
yaşadı (əgər bu yaşamaqdısa), bir gün isə
səssizcə çıxıb getdi.
...Hamıya elə gəlmişdi ki, daha Dəli Bayrama
ehtiyac qalmayıb. Hamı sözləşibmiş kimi qəfildən
və dərindən unutdu o biçarə qaraxəbərçini.
Özünün yaratdığı küyün
içində öz ölümünün səsi də
eşidilməz oldu Dəli Bayramın...
Bahəddin Həzi
525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.11.