“Azərbaycanda kitabçılığın çox sürətlə inkişaf edəcəyinə əminəm”

IX Bakı Beynəlxalq kitab sərgisinin iştirakçısı olmuş  türkiyəli yazar Nur Dombaycı ilə söhbət

 

Ötən ilin noyabrında uğurla gerçəkləşdirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində dünyanın müxtəlif ölkələrindən naşirlər, mədəniyyət xadimləri, yazıçılar və şairlər iştirak edirdilər. Bu yazıçılardan biri də “BookZone” şirkətlər qrupunun dəvəti ilə sərgidə iştirak edən uşaq yazıçısı Nur Dombaycı idi. Onunla kitab indüstriyasından, Azərbaycan və Türkiyə kitabçılığının oxşar və fərqli cəhətlərindən və əlbəttə, ədəbiyyatdan danışdıq.

– Nur xanım, Azərbaycanla bağlı təəssüratlarınız maraqlıdır...

– Hər türk kimi lap uşaqlığımdan Azərbaycanla bağlı məlumatım var. Qardaş ölkə kimi tanıyır, qəbul edirik. Bayrağımız hər yerdə qoşa dalğalanır. Məktəbdə, dərs prosesində digər ölkələrdən daha fərqli, daha doğma münasibət göstərilir. Bu mənim birinci növbədə vətəndaş mövqeyimdir.

İkincisi, bir yazıçı kimi ölkənizlə tanışlığım “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabımın birinci hissəsi Azərbaycanda çap olunandan sonra başladı.

Qardaş ölkədən çox gözəl mesajlar, rəylər almağa başladım. Oxucularım o qədər maraq göstərirdilər ki... Özü də mesajlar azərbaycanca yazılırdı.

Çox fərqli duyğu idi. Üstəlik yazılanların çoxunu başa düşmürdüm. Məsələn: “Necəsən?” – yazırdılar. Türkcə: “Nasılsın?” – demək imiş. Onlara cavab vermək üçün Azərbaycan dili, Azərbaycanla bağlı daha ciddi araşdırma apardım, müəyyən sözlərin qarşılığını öyrəndim.

Daha sonra “Bookzone” nəşriyyatının rəhbəri Seymur Tağıyev məni ölkənizə dəvət edəndə çox həyəcanlandım. O gündən bəri həyat yoldaşımla birgə mütəmadi olaraq Yutubda Azərbaycanla bağlı videolar izləyir, nələriniz məşhurdur, hansı yeməklər yeyilir, hansı gözəl guşələriniz var kimi məsələlərlə maraqlanır, hər şeyi öyrənməyə çalışırdıq. Ölkənizdə də bizi çox gözəl qarşıladılar. Nəşriyyatın əməkdaşlarının münasibəti də çox mehribandı, istər qarşılama, istər qonaqlama... Oxucular da çox yüksək diqqət göstərirdilər. Uşaqların əksəri məni tandığına görə, məxsusi mənim kitabıma görə gəlmişdi. Aralarında birinci kitabı oxuyan, ikincisini səbirsizliklə gözləyənlər də vardı. Hətta bəziləri dözə bilməyib ikinci kitabı türkcə alıb oxumuşdular. Həqiqətən, çox gözəl qarşılandım. Azərbaycanın nə qədər xoşuma gəldiyini deməyim üçün sözlər azlıq edir. Gərək bununla bağlı ayrıca kitab yazam. (gülürük)

– Bir qədər Azərbaycan və Türkiyə kitab industriyasının fərqli və oxşar cəhətləri barədə danışmağınızı istərdim.

Azərbaycan ədəbiyyatı ilə yeni tanış olmağa başlamışam. Dərin araşdırma aparmağa macalım olmayıb. Amma sərgiyə marağın böyük olduğunu görürəm. Naşirləriniz çox əhatəlidirlər, özlərini çox yaxşı inkişaf etdiriblər. Kitabların təbliği üçün can yandırırlar. Müəllifləriniz də eyni şəkildə. Az qala, hamısı sərgiyə qatılıb. Bu işə ürək qoyduqları ortadadır. Türkiyədə də naşirliyə, kitabçılığa, eləcə də müəlliflərə çox diqqət göstərilir. Bu siyahıya illüstratorları da əlavə etmək olar. Öz aralarında təşkilatlanır, platformalar yaradırlar.

Mənim Azərbaycana səfər edəcəyimi öyrənən rəssamlar buranın da kitab industriyası ilə maraqlanır, onlar üçün bazar olub-olmadığını, illüstratorlara ehtiyac duyulub-duyulmadığını öyrənmək istəyirdilər.

Türkiyə və Azərbaycan kitab bazarına müqayisə obyektindənsə, çox gözəl əməkdaşlıqlara imza atmağın mümkün olacağı iki ayrı nəşriyyat sahəsi kimi yanaşmağın daha doğru olacağı fikrindəyəm.

– Bəs əsas fərqlərin nə olduğunu düşünürsünüz?

– Klassiklər, dünyaca məşhur əsərlər sizdə də var. Amma uşaq yazıçılarına çox da rast gəlmədim. Əsas fərq bu ola bilər. Bizdə xeyli uşaq yazıçısı var. Xüsusən də son illərdə. Hətta uşaq kitabları yazmaq, uşaq yazıçılığı, rəssamlığı ilə bağlı təlimlər də keçirik. Bu təlimlər uşaq yazıçıları, illüstratorlarının sayına ciddi təsir edib.

Bir məsələ var ki, bu sayın azlığının, yaxud çoxluğunun yaxşı olmağına qərar verə bilmədim.

– Az olmağı, əlbəttə, yaxşı deyil. Amma bu sahənin inkişafına cəhd göstəririk. Az-çox alınır da.

– Sizdə bu sahənin çox sürətlə inkişaf edəcəyinə əminəm. Naşirləriniz, həqiqətən, bunda istəklidirlər. Uşaq nəşriyyatları açır, uşaq kitabları nəşr edirlər. Hətta sərgidəki bəzi stendlərin məhz uşaqlar üçün dizayn edildiyini gördüm; balacaların diqqətini cəlb etsin, oxumağı sevsinlər...

– Ədəbiyyata, yazıçılığa marağınızı necə kəşf etdiniz? Necə oldu ki: “Mən yazmalıyam!” – dediniz.

Qələmlə ilk tanışlığımdan danışa bilərəm. (gülür) Hər uşaq kimi qələmi birinci dəfə əlimə götürəndən etibarən yazmağı, şəkil çəkməyi çox sevdim.

Daha doğrusu, şəkil çəkəndə daha rahat oluram. Rəssam kimi özümü daha yaxşı ifadə etdiyimi düşünürəm. Qələm ilk oyuncaqlarımdan biri idi.

Qonaq gedəndə, yaxud evdə başqa oyuncağa ehtiyacım olmazdı. Qələmimin olmağı kifayət idi. Məktəb dövründə dəqiq elmlərlə yanaşı humanitar fənlərə də xüsusi marağım vardı; özümü daha yaxşı ifadə edə bilirdim. Türk dili dərsini çox sevirdim.

Böyük bacı kimi bacılarımın dərslərinə kömək edir, onlarla oyun oynayır, hekayələr oxuyub-yazırdım. Bir gün müəllim-müəllim oynayırdıq. Oyun əsnasında bacılarım üçün xırda-xırda hekayələr yazmışdım. Jan de Lafontendə olduğu kimi heyvanların dilindən qələmə almışdım. Kağızları səliqə ilə qatlayıb hekayələri yazdım, altından da illüstrasiya cızma-qaralama etdim. Guya mən müəlliməm, bacılarım da şagirdlərim. Oyun qurtarandan sonra kağızları atdıq. Anam təsadüfən bu cızma-qaralamaları gördü. Məndən: “Bunları öz beynindən yazmısan, yoxsa haradansa köçürmüsən?” – soruşdu. Mən də: “Özüm yazmışam”, – deyəndə anam çox bəyəndiyini söylədi. Sonra da mənə bir dəftər aldı. “Sən hər gün bu dəftərə hekayələr yaz, şəkillər çək, naşirlərə göstərək”, – dedi.

Yeri gəlmişkən, onda cəmi səkkiz yaşım vardı. Anam: “Naşirlər səkkiz yaşlı uşağın hekayə yazdığını, rəsm çəkdiyini görsələr, təsirlənərlər”, – düşüncəsində idi. Mənim yazmaq macəram belə başladı...

Bir məsələ də var ki, kitab sərgilərində, kitabxanalarda gördüyüm  tərcümə uşaq kitablarının əksəriyyətinin müəllifi və rəssamı eyni adam idi. Mən də yazıçı olmaq üçün rəssamlıq öyrənməyin lazım gəldiyi düşüncəsinə qapılmışdım.

Beləcə, özümü rəssamlıq sahəsində sınamağa başladım. Liseydə kompüter mühəndisliyi ixtisasında oxuyurdum. Sonuncu kursda mütləq praktika keçməli idim. Beləcə, on altı yaşında Türkiyənin ən böyüş nəşriyyatılarından birində təcrübə proqramına başladım. Kitabxanada kitabların arxasındakı ünvanlara baxdım; evimizə ən yaxın olanını seçdim. (gülürük) Beləcə, nəşriyyata getdim və yazıçı, illüstrator olmaq, qrafik dizayn öyrənmək istədiyimi dedim. Arzularıma, xəyallarıma qulaq verəndən sonra: “Sabah gəl başla!” – dedilər. Ertəsi gün Qrafik dizayn şöbəsində praktikaya başladım. Düz üç il orada təcrübə keçdim. Bu müddət ərzində tanınmış yazıçılarla tanış oldum. Tez-tez nəşriyyata gəlirdilər. Məsələn, dünyaca məşhur alim İlber Ortaylı ora gəlirdi. Mən də ona çay aparırdım. Arzum onun kimi məşhur müəllif olmaq idi. Ora gələn rəssamların texnikasına fikir verir, öyrənirdim; necə çəkirlər, hansı üsullardan istifadə edirlər... Həmin nəşriyyat mənim üçün bir növ universitet rolunu oynadı. İşi nəzəri cəhətdən çox praktiki şəkildə öyrəndim.

Sonra planşet alıb evdə yavaş-yavaş öz layihələrimi reallaşdırmağa start verdim. İlk gördüyüm iş bir taxta oyuncaq firması üçün bu oyuncaqların üstünə şəkillər çəkmək olmuşdu. Sonra da uşaqlar üçün interaktiv kitablar hazırlamağa başladım. İyirmi yaşım olanda isə “Damla” nəşriyyatında ilk

 

– “İxtiraçı nəvəsi olmaq asan deyil” kitabım çapdan çıxdı.

– Səhv etmirəmsə, bu beş kitablıq dəst olmalıdır.

– Elədir, beş kitabdan ibarət dəst idi.

– Sizin üçün yazıçı olmaq daha rahatdır, yoxsa rəssam?

 

– Bu sualı illərdir, mənə verirlər və həmişə dilemmaya düşürəm ki, görəsən, hansı cavabı verim? İki il əvvəl məni Qazaxıstana dəvət etmişdilər. Orada da kitablarımın xeyli oxucusu varmış... Uşaqların əksəri rus və qazax idi. Üstəlik, dillərini qətiyyən bilmirdim. Onlar da ingiliscə başa düşmürdülər. Hətta “hello” sözünü belə anlamırdılar. Təşkilatçılardan böyük bir yazı lövhəsi istədim və şəkil çəkməklə uşaqlara sözləri izah etməyə çalışdım. Məsələn, “tısbağa” deyirəm, uşaq başa düşmür. Mən də “tısbağa” sözünü təsvirlə izah etməyə başladım. O hadisədən sonra bir məsələni anladım ki, rəssamlığın dili qlobaldır. Heç bir xarici dil biliyim olmasa da, dünyanın istənilən yerində şəkil çəkməklə ünsiyyət qurmağı bacararam.

– Elədir, Çarli Çaplin də səssiz filmlərlə bağlı bənzər yanaşma sərgiləyib.

– Bəli, mən də rəsmlərimlə hamı ilə ünsiyyət qura bildiyimi düşünürəm. Kitablarım bir çox dilə tərcümə olunur. Amma rəssam kimi də neçə ölkənin nəşriyyatları ilə əməkdaşlıq edirəm. Dillərini bilməsəm də, rəsmlərimi görmələri ünsiyyət üçün kifayət edir.

Sualınızın cavabına gəlsək, rəssamlığı özümə daha yaxın hiss edirəm.

– Əslində, bu suala cavab verdiniz, amma daha ətraflı cavab istərdim: Müəllif olmaqdan əlavə rəssamlığın hansı avantajları var?

– Ən gözəl cavabımı deyim. Bunu normalda yazıçı dostlarım mənə deyirlər. Heyf deyil, kitabına rəssam axtarmırsan... (gülürük)

Bəli, rəssam axtarmıram. Hansısa hekayəni yazanda: “Görəsən, bunu hansı rəssam daha yaxşı çəkər?” – düşünmürəm. Yazı prosesində obrazlar xəyalımda canlanır, onsuz da. Bəzən birinci rəsm formasında ağlıma gəlir. Mən də: “Bu rəsmi hekayəyə çevirim”, – düşünüb sonradan yazmağa başlayıram.

– Görmək istədiyiniz kimi çəkirsiniz...

– Elədir. Rəsmləri başqası çəkəndə bəzən bəyənmir, yaxud obrazın yazdığımızdan fərqli olduğunu görürük.

– Filmlər və kitablarda olduğu kimi. Rejissor baxışı müəllif baxışından həmişə fərqli olur.

– Elədir. Məsələn, mən “Haydi” kitabını çox sevərək oxumuşdum. Amma cizgi filminə baxanda məyus olmuşdum. Çünki qətiyyən beynimdə canblandırdığım kimi deyildi...

– Uşaqlar üçün yazmağın hansı çətinlikləri var?

– Uşaqlar üçün yazmağın heç bir çətinliyi yoxdur. Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm. Əksinə, böyüklər üçün yazmaq daha çətindir. Böyüklər hər mətni bəyənmir, tənqid edirlər; məmnun etmək çətin məsələdir. Amma uşaqları xoşbəxt etmək, həqiqətən, asandır. Onların dili ilə danışıb, onların  gözlərinin içinə baxmaq, həyəcanlarını hiss etmək... Yazıçı olduğumu eşidəndə ürəkləri çırpınır. Amma hansısa yetkin şəxsi: “Mən yazıçıyam”, – deməklə həyəcanlandıra bilmərəm. Uşaqlar isə həyəcanlanırlar, tanış olmaq, imza almaq istəyirlər.

Bir məsələ də var ki, uşaqların sevəcəyi üslubda yazmaq, onların dilini tutmaq çətindir. Böyüyürük, uşaqlığımız arxada qalır. Amma böyüsək də, uşaqların dünyasından əl götürməmək lazımdır.

– Belə baxıram, bir xeyli çətinlik varmış... (gülürük)

– Hazırkı cizgi filmlərindən xəbərdar olmaq, indiki nəslin dilində danışa bilmək lazımdır. Çox müxtəlif animasiya filmləri var. Qısası, uşaqla uşaq olmaq lazımdır. Məsələn, “Haker nənə” kitabım var, bu yaxınlarda sizdə də çap olunacaq... Yaxud “Minecraft” (“Maynkraft”) oyunu ilə bağlı hekayə yazdım. Uşaqlar bu oyunu çox sevirlər. Hansısa oyunu uşaqlar üçün zərərli hesab edirsinizsə, “Bunu oynama”, – deməkdənsə, hekayənin içinə girib zərərlərini göstərmək daha doğru yanaşmadır.

Uşaqlarla daha yaxşı ünsiyyət qura bilmək üçün mənim də oyun oynamağı sevdiyimi göstərməyin faydalı ola biləcəyini anladım. Üstəlik, onlara dərs keçirmiş kimi yox, onların müəllimi, böyükləri kimi deyil, öz yaşıdları kimi xitab etməyə çalışıram. Azərbaycan dilində çıxan “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabında olduğu kimi... Necə deyərlər, uşaq qalmağa, böyüməməyə çalışıram. (gülürük)

– Nur xanım, hansı mövzular sizə daha doğma gəlir?

– Elmi fantastika janrını çox sevirəm. Filmlər olsun, kitablar olsun... Hətta yuxularım da elmi fantastika üzərində qurulur. (gülür) Bəzən elə yuxu görürəm ki, öz-özümə deyirəm: “Bunu “Vorner-Broz.” görsə, çox gözəl film çəkər”. (gülür) Bu janrı çox sevdiyimdən dolayı yazdıqlarımdan başqa – hətta yuxularıma qədər işləyib. Ən rahat olduğum, xəyal qura bildiyim, xəyal quranda, belə demək mümkünsə, cəfəng şeylərdən yaza biləcəyim şeylərdən yazmağı xoşlayıram. Əlbəttə, realistik mövzulara da toxunuram. Duyğu dolu mətnləri sevirəm. “Hər şey mütləq xoşbəxt şəkildə cərəyan etməlidir”, –  deyə bir şey yoxdur. Əzab, itki, müharibə kimi anlayışlar var. Obrazlarımı işləyəndə bunları da nəzərə alıram. Məsələn, “Saçaqlı qızın pasaqlı gündəliyi”nin ikinci kitabında qəhrəmanım qocalar evinə gedir, yaşlıları ziyarət edir. Bunlar hamısı həyatın gerçəkləridir. Mən də hekayələrimdə real hadisələrdən, yaşanmış iztirablardan söz açıram. Uşaqlara çox xoşbəxt, tamamilə utopik bir dünya təqdim etmirəm. Fantastika olsun, amma reallığı da qələmə almağı sevirəm. Yəni hər ikisi – realistik janr da, fantastika da mənim üçün doğmadır.

– Bayaq yuxulardan film çəkilməsi ilə bağlı zarafat etdiniz. Bizim yazıçılardan Şəmil Sadiq bu barədə “Yuxu maşını” adlı əsər yazıb. Romanın qəhrəmanı yuxuları filmə çevirə bilən bir maşın ixtira edən mühəndisdir.

– Həyat yoldaşıma tez-tez deyirəm ki, kaş yuxu maşını olaydı, yuxularımızı qeydə ala biləydi.

– Belə bir maşın Azərbaycanda olmasa da, ədəbiyyatında var.

– Çox gözəl. (gülürük)

– Nur xanım, yazanda özünüzə hansısa sərhədlər qoyursunuz?

– Əlbəttə. Ümumiyyətlə, insan yazanda da, yaşayanda da müəyyən konturlara əməl edir. Mənim də sərhədlərim var: əxlaqi, etik, uşaqların xarakterlərinə görə, inancıma görə sərhədlər... Bu mövzularda çox diqqətli davranmağa çalışıram. Xüsusilə onlayn mühitdə təzyiq və yönləndirmə var. Son zamanlarda mən də öz incə cizgimi çəkib içərisində dayanmağa, uşaqlara əxlaqi məsələləri yaxşı formada təqdim etməyə çalışıram.

– Bəs ən ciddi sərhədiniz hansıdır?

– Ən ciddi sərhəd... (düşünür) Xeyir və şər. Çox qısa cavab oldu? İstəyirsiniz, bir az da geniş danışım. (gülür)

– Yox, məncə, kifayət qədər konkret cavab oldu. (gülürük)

Yaxşı, bəs sizcə, ən uğurlu kitabınız hansıdır?

– “Saçaqlı qızın pasaqlı gündəliyi” 13 dilə tərcümə edilib. Oxucular tərəfindən çox sevilir. Mənim üçün xüsusi yeri var. Özüm də çox sevirəm. Amma “Qəmgin oğlan” kitabımın yeri bir ayrıdır. Çünki onu fantastik, elmi-fantastik janrda yazmışam: ən çox sevdiyim janrda. Uşaq vaxtı da qorxu filmlərinə baxmağı xoşlayırdım. Sərgilərdə uşaqlar tez-tez qorxu janrında nəsə yazmağımı istəyirdilər. Qorxulu hekayələr uşaqlara maraqlı gəlir. Biz də balaca olanda bir-birimizə qorxunc şeylər danışardıq. Bunu bir hekayənin içərisində, onları çox qorxutmadan verməyə, dəyərlərimizi aşılamağı da yaddan çıxarmamağa çalışdım. Məsələn, bu kitabın qəhrəmanlarının başlarına vahiməli bir meşədə qorxulu hadisələr gəlir. Amma hekayənin sonunda meşəni, ağacları xilas edirlər. Yaxşılıq toxumlarını əkməklə qorxulu hekayə yaza bildiyim üçün “Qəmgin oğlan” kitabımı çox sevirəm.

– Nur xanım, bəs sizin üçün dünya ədəbiyyatındakı ən yaxşı əsər hansıdır? Böyüklər üçün də ola bilər, uşaqlar üçün də.

– Həm işimlə bağlı, həm də sevdiyim üçün çox kitab oxuyuram. Evdə xeyli kitabım, hətta kitabxanam var. Amma lap uşaqlıqdan bəri dəfələrlə oxuyub, həqiqətən, sevdiyim – bəlkə də, ailələrin çoxu içərisində sehr, tilsim var deyə narahat olduğu – Coan Ketlin Roulinqin “Harri Potter” seriyasıdır. Dostluq, sevgi kimi mövzular işləndiyi üçün də bir ayrı xoşlayıram. Kimisə özünə qəhrəman seçmədən də hər insanın öz qəhrəmanlıq yolçuluğuna çıxa biləcəyini göstərə bilən çox gözəl bir hekayəsi var. Con Ronald Ruel Tolkinin “Üzüklərin hökmdarı” seriyası isə ən sevdiyim, ən yuxarı pilləyə qoya biləcəyim klassiklərdəndir. Ümumiyyətlə, dünya klassiklərini də sevərək oxuyuram. Ceyms Barrinin “Piter Pen” əsərini də çox sevirəm. Bir çox klassik əsəri sevirəm, amma əvvəl də dediyim kimi birinci yerdə “Üzüklərin hökmdarı” gəlir.

– Yaxşı, bəs hekayə yazanda oxuyanda, öz yolunuzu cızanda hansı yazıçılardan, rəssamlardan təsirlənmisiniz?

– Dünyaca məşhur rəssamların əsərlərini həmişə araşdırır, gözdən keçirirəm. Çünki mən incəsənətlə bağlı təhsil almamışam, ixtisasca kompüter mühəndisiyəm, türk dili və ədəbiyyatı üzrə də oxumuşam. Söhbətimizin əvvəlində də vurğuladığım kimi işi praktikada öyrənmişəm. Bunun üçün də həddən artıq çalışmışam. Hansısa müəllimdən dərs almamışam, amma bütün sənətkarları müəllim kimi görmüşəm. “Onlardan nə öyrənə bilərəm?” sualı həmişə ön planda olub. Yaxşı, “Üzüklərin hökmdarı”nı mütaliə edirdim, amma ona oxucudan daha çox müəllim kimi yanaşır, necə yazdığını, texnikasını öyrənməyə çalışırdım.

Yeri gəlmişkən, hələ də “Üzüklərin hökmdarı” kimi bir əsər yazacağımın xəyalını qururam.

Rəssam kimi isə bir çox əcnəbi rəssamdan onlayn şəkildə dərs alır, özüm də dərs keçirəm. Amma ad çəkməkdənsə, təbiətdən ilham aldığımı demək daha doğru olar. Təbiəti, buludları, ağacları seyr etməyi, meşədə gəzməyi sevirəm. Bunlar mənə daha çox ilham verir.

– Nur xanım, istəyirəm, bir az da yaradıcılıqla bağlı planlarınızdan danışaq.

– Böyüklər üçün heç nə yazmamışam. Bir dəfə də olsa, böyüklər üçün nəsə yazmağı sınamaq istəyirəm. (gülür) “Görəsən: “Böyüklər üçün yazmaq daha çətindir” – streotipimi qıra biləcəklərmi? Bəyəndirə biləcəyəmmi?” – düşünürəm.

– Məncə, uşaqlar üçün yazmaq daha çətindir. Mən bədii redaktoram, daha çox böyüklər üçün nəzərdə tutulan kitabları redaktə edirəm. Uşaq kitablarını redaktə edəndə bir qədər çətinlik çəkdiyimi düşünürəm. Çünki uşaq kimi baxmaq, uşaq kimi yazmaq, uşaq kimi düşünmək asan deyil.

– Bir məsələ var, uşaqlara nəyisə uzun-uzadı cümlələrlə danışanda sıxılırlar. Onları yormadan, daha axıcı cümlərlə ünsiyyət qurmaq lazımdır. Böyüklər üçün yazanda: “İstədiyim qədər – uzun-uzadı dərdimi danışa bilərəm”, – düşüncəsindəyəm. (gülür) Den Braunun üslubunu da çox sevirəm, təxminən o cür üslubda nəsə yazmağı planlaşdırıram.

– Nur xanım, əslində, son sualımı artıq vermişdim. Amma bir sual da əlavə etmək istəyirəm. Kitablarınızı oxuduqca başqa yazıçıları görürsünüz, yoxsa mətniniz bütövlükdə Nur Dombaycıdır?

– Bir üslub yarada bildiyim fikrindəyəm. Oxucular da bu fikirdədir. Kitabı bitirəndən sonra: “Gözəl alınıb”, – deyirəm. Amma içdən-içə “Bəlkə, alınmayıb?” düşüncəsi olur. Bu da, əslində yaxşıdır. İnsanı inkişafa aparır. “Mən artıq peşəkaram”, “Çox yaxşı yazıram”, “Xarüqələr yaradıram”, – düşünən insan inkişaf edə bilməz. Beə olanda nəsə problem, eqoizm var deməkdir. Həyat yoldaşıma həmişə şikayət edirəm ki, yaxşı alınmayıb, daha yaxşı yaza bilərdim və s. “Hamı oxuyur, neçə dilə tərcümə edilib”, – deyəndə: “Olsun, amma burasını filan cür yazsaydım, daha yaxşı alınardı”, – deyirəm.

Başqa ədibin təsirinin hiss olunması barədə heç düşünməmişdim. Amma bəlkə, Tolkinin təsirini hiss edə bilərəm. Əlbəttə, kitablarda bu görünməyə bilər: onun üslubunda yazmıram. Daxilən isə kitablarımı sanki Tolkin yazmış kimi tənqidi baxışla oxuyuram.

“Kitablarımı Nur Dombaycı yazıb”, – deyə bilərəm. (gülür)

– Nur xanım, maraqlı söhbət üçün sizə təşəkkür edirəm! Ümid edirəm, daha uca pillələrə qalxarsınız.

– Mən təşəkkür edirəm! Tanışlıq çox xoş oldu. Uca pillələrlə bağlı dediyinizə cavab kimi demək istəyirəm ki, hazırda elə ən uca pillədəyəm: Azərbaycanda olmaq mənim üçün ən uca pillədə dayanmaqdır. Burada olduğum üçün çox xoşbəxtəm.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2024.- 9 yanvar,¹ 2.- S.10.