Təhsildə qiymətləndirmə
sistemi: müasir meyarlar, konseptual əsaslar
Azərbaycanın dünyaya sıx inteqrasiyası təhsilin
inkişaf etdirici və yaradıcı xarakterinin
artırılmasını, fərdi və praktik istiqamətinin
gücləndirilməsini tələb edir. Hazırda insan fəaliyyəti
getdikcə əsaslı şəkildə innovativ xarakter
alır. Bir qayda olaraq, ənənəvi texnologiyaların
istifadəsi ilə əlaqəli reproduktiv fəaliyyətin
önəmi və çeşidi əhəmiyyətli dərəcədə
azalır və insan fəaliyyətinin bütün sahələrində
innovativlik artır. Dünyada bu, şübhəsiz ki, təhsil
sisteminə və onun keyfiyyətinə xüsusi tələblər
qoyur. Azərbaycan təhsil sisteminin qlobal təhsil sisteminə
tədricən inteqrasiyası üçün geniş imkanlar
var. Xarici təcrübənin təhlili və ümumiləşdirilməsi
yerli pedaqoji təcrübənin dərk edilməsinə, təhsilin
gələcək inkişafına və təhsildə
inteqrasiya proseslərinə kömək edir. Dünyada təhsilin
inkişaf tendensiyalarını başa düşmək
üçün ən vacib məsələ təhsilin keyfiyyət
səviyyəsinin beynəlxalq tədqiqatlarla təsdiqləndiyi
ölkələrin təcrübəsinin öyrənilməsidir.
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan
Respublikasının Təhsil İnstitutunun direktor müavini
İlham Cavadov deyir ki, beynəlxalq təcrübədə
olduğu kimi, Azərbaycanda da qiymətləndirmə sistemi təhsil
sahəsinin inkişafında prioritet istiqamətlərdən
biridir. Qiymətləndirmə sistemi tədris və təlimin
təkmilləşdirilməsində, respublikada şagird
nailiyyətləri ilə bağlı düzgün məlumatların
əldə edilməsində, eləcə də təhsil
standartlarının monitorinqinin həyata keçirilməsi
baxımından mühüm mexanizm hesab olunur. Şagirdlərin
təlim nəticələri və onların obyektiv şəkildə
qiymətləndirilməsi təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində
mühüm göstəricidir. Ümumtəhsil sistemində
şagirdlərin nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsində
üç əsas qiymətləndirmə növündən
istifadə olunur: 1. Şagirdlərin ilkin bilik səviyyəsini,
onların əsas bilik və bacarıqlara malik olmasını
müəyyənləşdirmək üçün diaqnostik
qiymətləndirmə. 2. İrəliləyişlərin
monitorinqini nəzərdə tutan formativ qiymətləndirmə.
3. Şagirdlərin standart və standartlar qrupunda göstərilən
məqsədlərə nail olmalarını müəyyənləşdirmək
məqsədi ilə aparılan summativ qiymətləndirmə:
"Bu qiymətləndirmə növləri şagirdləri tədris
olunan fənlərin məzmun standartlarında müəyyənləşdirilən
əsas bilik və bacarıqların mənimsənilməsi
sahəsində fəaliyyət istiqamətləri ilə təmin
edir. Azərbaycanda milli qiymətləndirmə ilə
yanaşı, beynəlxalq qiymətləndirmədən də
istifadə olunur. Beynəlxalq qiymətləndirmənin əsas
funksiyası təhsilin səviyyəsinin qiymətləndirilməsi
və keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Beynəlxalq qiymətləndirmədə monitorinqlər vasitəsilə
müqayisə tədqiqatları aparılır, ölkədə
təhsil sahəsində ümumi vəziyyət barəsində
informasiya almaq, problemləri aşkara çıxarmaq,
onların həlli yollarını araşdırmaq, əldə
olunan nəticə və alternativləri xarici dövlətlərlə
müqayisə etmək imkanı əldə edilir. Bu
baxımdan Azərbaycan ümumtəhsil sistemində istifadə
olunan qiymətləndirmə təcrübəsinin
dünyanın aparıcı dövlətlərinin qiymətləndirmə
təcrübəsi ilə müqayisəsi mühüm
aktuallıq kəsb edir.
Onun dediyinə görə, Azərbaycandakı
ümumtəhsil müəssisələrində qiymətləndirmə
sisteminin müəyyən konseptual əsasları vardır.
Qiymətləndirmə sxemi şagirdlərin işinin qiymətləndirilməsi
və onlardan tələb olunanları aydın şəkildə
göstərərək, konkret məqsəd və meyarları
müəyyən edir. Bu, ilk növbədə, "Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları" və Qiymətləndirmə Konsepsiyası
sənədlərinə əsaslanır. Azərbaycanda
diaqnostik qiymətləndirmə yeni dərs ilinin, II
yarımilin əvvəlində, tədris resurslarında nəzərdə
tutulmuş hər bölmənin başlanğıcında,
şagird məktəbdən məktəbə, sinifdən sinfə
keçdikdə aparıla bilər. Diaqnostik qiymətləndirmənin
məqsədi tədris, təlimin təşkil olunmasından əvvəl
şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirmək,
yanlış bildiyi mövzuları öyrənmək və səmərəli
təlim mühitinin yaradılmasıdır: "Diaqnostik qiymətləndirmə
zamanı müxtəlif vasitələrdən - müşahidə,
tapşırıqvermə kimi üsullardan istifadə edilir. Bu
qiymətləndirmənin nəticələri isə
şagirdin fərdi qovluğunda saxlanılır. Formativ qiymətləndirmə
şagirdin fənn üzrə təhsil proqramında nəzərdə
tutulmuş məzmunun mənimsənilməsi istiqamətində
fəaliyyətini izləməyə, burada onun
qarşılaşdığı maneələri müəyyənləşdirməyə
və onları aradan qaldırmağa imkan verir. Bu qiymətləndirmə
şifahi və yaxud yazılı şəkildə həyata
keçirilir, bu yolla şagirddən alınan məlumat şərh
edilir və beləliklə, şagirdlərin təlim səviyyəsi
müəyyənləşdirilir və növbəti mərhələnin
təşkili barəsində qərar verilir. Formativ qiymətləndirmə
zamanı bir sıra vasitələrdən - müşahidə,
sual-cavab, özünüqiymətləndirmə, şagirdlərin
sual verməsi və s. istifadə olunur. Summativ qiymətləndirmə
təlim prosesinin konkret müddətinə qədər
şagirdin əldə etdiyi biliyin və nailiyyətlərin
ölçülməsi məqsədi ilə aparılır və
iki mərhələdə keçirilir. Birincisi, fənlər
üzrə dərsliklərdə hər bölmənin daxilində
və ya sonunda aparılan kiçik summativ qiymətləndirmədir.
İkincisi isə hər yarımilin sonunda aparılan
böyük summativ qiymətləndirmədir. Qiymətləndirmədə
şagirdin yaşı və onların psixoloji vəziyyətinin
kənar təsirlərdən qorunmasına diqqət yetirilir.
Buna görə də məktəblərdə I siniflərdə
summativ qiymətləndirmələr aparılmır. II və
III siniflərdə böyük summativ qiymətləndirmələr
(BSQ) keçirilmir, nisbətən yuxarı siniflərdə isə
BSQ-lərin sayı xeyli azaldılıb. Şagirdlərin
müəyyən təhsil səviyyəsində nəticələrinin
müəyyənləşdirilməsi məqsədi ilə
IV, IX, XI siniflərdə bütün fənlərdən
böyük summativ qiymətləndirmələr
keçirilir. Qeyd edək ki, ümumtəhsil məktəblərinin
VVIII siniflərində və tam orta təhsil səviyyəsinin
təmayül olmayan X sinfində buraxılış imtahan fənləri
ilə yanaşı, məktəbin pedaqoji şurasının
qərarına əsasən müəyyən olunmuş
maksimum digər 3 fənn üzrə böyük summativ qiymətləndirmə
keçirilə bilər. Summativ qiymətləndirmə
zamanı müəllimin müxtəlif üsullardan - esse, ifadə,
test, situativ tapşırıqlar, çalışma,
yaradıcılıq, əl işləri, layihə və s.
istifadə etməsi məqsədəuyğundur. Summativ qiymətləndirmədə
test üsulu ən çox istifadə olunan metoddur. Test
üsulunun müsbət tərəfi onun qısa müddətdə
və standartlar çərçivəsində şagirdin
biliyinin qiymətləndirilməsini təmin etməsidir.
Bununla belə, bu üsulun bir sıra
çatışmazlıqları vardır. Test üsulu ilə
şagirdlərdə tənqidi təfəkkür, şifahi və
yazılı nitq qabiliyyətini əks etdirən
bacarıqların yoxlanılması effektiv olmur. Bu baxımdan,
summativ qiymətləndirmə zamanı test
tapşırıqlarında açıq və qapalı
suallardan istifadə olunması vacibdir. Qapalı sualda yalnız
bir cavabın tapılması tələb olunursa, açıq
sualda müəyyən şərh və əlavə məlumatların
yazılması, qeyd edilməsi şərtdir".
İlham Cavadov bildirib ki, Britaniya sistemində beş təhsil
pilləsi var: erkən illər, ibtidai təhsil, orta təhsil,
əlavə təhsil, ali təhsil. Bu ölkədə
uşaqlar 5 yaşından 16 yaşına qədər ibtidai və
orta təhsildə icbari iştirak etməlidirlər. İcbari
təhsil şagirdin yaşından asılı olaraq dörd əsas
mərhələyə bölünür. Birinci mərhələ
5-7 yaşadək, dördüncü və sonuncu mərhələ
isə 14 yaşdan 16 yaşa qədər davam edir. İngiltərədə
icbari təhsilin ilk əsas mərhələsi 5-7 yaş
arası uşaqları əhatə edən ibtidai məktəbdir.
İcbari təhsilin bu mərhələsində şagirdlərə
ingilis dili, riyaziyyat, tarix, coğrafiya, bədən tərbiyəsi,
musiqi tədris olunur. Bu mərhələnin sonunda şagirdlər
ingilis dili, riyaziyyat və təbiət fənlərindən
biliklərinin inkişafını ölçmək
üçün imtahan verirlər. İcbari təhsilin ikinci əsas
mərhələsi 7-11 yaş arası şagirdlərdən
ibarətdir və 3-6 ili əhatə edir. Bu mərhələnin
sonunda məktəb şagirdləri ingilis dilindən oxu,
ingilis dilinin qrammatikası, durğu işarələri və
orfoqrafiya, riyaziyyat, təbiət fənləri üzrə
sınaqdan keçirlər. Bu mərhələdə ingilis
dili və riyaziyyat fənləri üzrə imtahan milli qiymətləndirmə
testləri ilə aparılır, müəllim isə hər
bir şagirdin təbiət fənləri üzrə təkmilləşmə
səviyyəsini müstəqil qiymətləndirir: "Böyük
Britaniyada orta təhsil, adətən, şagirdlərin əksəriyyəti
üçün 11 yaşdan, Birləşmiş
Krallığın bəzi yerlərində 12 və ya 13
yaşdan başlayır. 11 yaşdan 14 yaşa qədər
olan şagirdlər icbari təhsilin üçüncü pilləsinə
daxil olur. Bu mərhələ təhsilin 7-9-cu illərini əhatə
edir. Təhsilin bu mərhələsindəki kurikulumda
şagirdlərin təhsilin gələcək pillələrinə
keçməzdən əvvəl bəzi əsas bilikləri əldə
etmələri nəzərdə tutulan yeni fənlər də
yer alır. 11-14 yaş arası şagirdlər musiqi,
riyaziyyat, elm, ingilis dili və s. kimi geniş spektrli fənləri
öyrənir, 14 yaşına çatdıqda isə adətən
GCSE kimi tanınan 2 illik prosesin birinci ilinə daxil olurlar.
Üçüncü əsas mərhələnin sonunda bəzi
tələbələr GCSE və ya digər milli
imtahanlarını verə bilərlər. Dördüncü əsas
mərhələ şagirdlərin GCSE və ya digər
imtahanları vermək üçün milli qiymətləndirmə
testlərinin keçirildiyi ən ümumi dövrdür".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.-10 yanvar,№3.- S.15.