"Düşmüş mələk"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəfa Dadaşovadır. Onunla məşhur fransız rəssam Aleksandr Kabanelin "Düşmüş mələk" əsəri haqqında danışmışıq.

Aleksandr Kabanel 1823-cü ildə Fransanın cənubunda yerləşən Monpelye şəhərində dünyaya gəlib. O, tarixi, klassik, dini mövzularda tablolar işləsə də, portret rəssamı olaraq məşhurlaşmışdı. Üçüncü Napoleonun sevimli rəssamı olan Kabanel ilk dəfə 1844-cü ildə Paris salonuna qəbul edilib, 1863-cü ildə isə İncəsənət məktəbində professor kimi fəaliyyətə başlayıb. Münsiflər heyətinin üzvü olduğu dönəmdə impressionist əsərlərin Paris salonuna girməsinə əngəl olub. Bu yanaşması Fransada impressionistlərin "Rədd edilənlər" salonunun yaradılması ilə nəticələnib. Aleksandr Kabanel, 23 yanvar 1889-cu ildə Parisdə 66 yaşında astma xəstəliyindən vəfat edib.

- Şəfa xanım, Kabanelin bu mövzuya müraciətində bəlli bir təsirlənmə faktı varmı?

- Kabanel bu rəsmi çəkəndə 24 yaşı vardı. Əsər yağlı boya ilə kətan üzərində işlənilib. Bu səhnə Con Miltonun 1667-ci ildə qələmə aldığı "İtirilmiş cənnət" adlı epik şeirindən təsirlənərək yaradılıb. Romada heç bir tələbə şeytanı ehtiva edən bir tablo təqdim etmədiyindən mövzu sərginin münsiflər heyətini heyrətləndirmişdi. Tabloda Lusiferin Tanrı tərəfindən cənnətdən qovulduğu ana şahidlik edirik. Kabanel sürgün və yalnızlığı vurğulayan bir mələk obrazından istifadə etməklə diqqətçəkici, duyğusal atmosfer yaratmağı bacarıb. Lusifer cənnətin baş mələyidir və Tanrının sevdiyidir, Tanrı insanı yaradar və mələklərin insanlara itaət etmələrini əmr edər. Lusifer isə özündən gücsüz və iradəsiz olana itaət etmək istəməz, bu vəziyyətə üsyan edər və cənnətdən sonsuzadək qovular. Aleksandr Kabanel burada şeytanın təsvirini Tövrat mətnlərinə əsaslanaraq çəkir: "Sən gözəllərin və müdriklərin ən mükəmməli idin. Sən Allahın bağında idin. Paltarların naxışlı daşlarla və qızılla bəzədilmişdi. Etdiyin heç bir şeyə görə məsuliyyət daşımadın. Nəhayət, zorakılıq yaratdın və günahkar oldun". Lusiferin gözlərindəki yaşlara baxsaq, içində fırtınaların qopduğunu və yalnız baxışlarına əsaslanaraq intiqam üçün yandığını hiss edə bilərik. Aleksandr Kabanel dövrün emosional əsərlərinə reaksiya olaraq belə emosional tablo çəkir.

Bu əsərlə rəssam içimizdəki şeytanı aydın görmək imkanı yaradır. Yəni hər kəs aldada, qəlb qıra, şəhvətə düşə, inandığı şeylərdən uzaqlaşa bilər. İçinin kin, nifrətlə dolu olduğunu gördüyümüz bu fiqur sanki günahlarımızı əks etdirir. Lusifer tabloda çılpaq şəkildə uzanmış vəziyyətdə sağ qolu ilə üzünün bir hissəsini örtməyə çalışmışdır. Mimikalarını tam görə bilməsək də, çatılmış qaşları, boşluğa baxan yaşlı gözləri bizə Lusiferin hirsi və qəzəbindən əlavə olaraq yaşadığı ağrını və məyusluğu da hiss etdirə bilir. Bu detalın sayəsində onun etdiklərindən peşmanlıq duymadığını görürük. İzləyiciyə baxan bu gözlər həm də bizi şeytanla empatiya qurmağa sövq edir və düşündürür.

- Lusifer sanki o biri şeytanlara bənzəmir.

- Görünüşü, bədən quruluşu, qanadları, qızılı rəngli, küləkdən uçuşan saçları o qədər təsiredicidir ki, ondan qorxmaq mümkün deyil. Tablonun sol tərəfində Lusiferin qanadlarını görürük. Əzələlərinin gərgin bir şəkildə dartılaraq təsvir olunması ilə bədəninin gözəlliyi vurğulanıb. Rəsmin fonunda mələyin düşmüş olduğu səmada digər mələklər təsvir edilib. Əslində bizə Lusiferin baxışlarının altındakı qəzəb daha çox təsir edir, nəinki ona yazığımız gəlir. Eynən Kabanelin Akademiyaya qarşı üsyanı kimi. Neçə illər qəbul edilməyən və ciddi tənqidlərə məruz qalan bu əsər Kabanelin hisslərini çox gözəl əks etdirir.

- Əsərin rəng həlli necədir?

- Tövrat mətnlərindəki təsviri nəzərə alaraq rəssam tünd və tutqun rəng diapazonundan geniş istifadə edib, rəng keçidləri ilə səma və yer arasındakı fərqi vurğulayıb. Lusiferin qızılı rəng saçlarını, ağlamaqdan qızarmış gözlərini, bir-birinə kilidlənmiş əllərini görürük. Sanki o, intiqam üçün hazırdır, lakin artıq yer üzündən xilas ola bilməyəcəyini də anlayır. Lusiferin söykəndiyi qayanın yanında uzun, yaşılyarpaqlı bir sarmaşıq var. Sarmaşıqdan Antik Yunan, Roma heykəltaraşlığında, keramikasında geniş istifadə olunurdu. Burada təsvir olunmuş sarmaşıq sonsuzluğu simvolizə edir. Lusifer utanc hissi duyur, çünki digər mələklərin onu gördüyünü bilir. Bir çox əsərdə qadın bədəninin qüsursuzluğu önə çıxarılırsa, bu əsərdə kişi bədəninin vizual baxımdan estetik görünüşü mənə daha yenilikçi gəlir. Bunu Lusiferin bədəninin anatomik quruluşunda görmək mümkündür. Kabanelin ustalıqla istifadə etdiyi rənglər, rəng keçidləri, rəsm texnikası mələyin və təbiətin gözəlliklərini gerçək və təsirli şəkildə əks etdirir. Rəssam tabloda isti və soyuq rənglərin balansından istifadə etməklə harmoniya yaradıb. Lusiferin qanadlarının pastel, açıq, yumşaq rənglərdən başlayaraq sona doğru tündləşməsi onun düşmüş mələk olduğunu, bir daha əvvəlki kimi bəyaz, parlaq qanadlarının olmayacağını göstərir. Onun gözündən düşən bir damla gözyaşı isə xüsusi incəliklə işlənib. Tabloda on doqquzuncu əsrin romantik və simvolik sənət cərəyanlarının təsiri hiss olunur.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kabanel fransız Akademik sənətinə əsaslanan əsərlərində neoklassizmin klassik forma və kompozisiya dizaynından bəhrələnib və bundan yeni sintezlər yaradıb. Digər tərəfdən onun Tövratda olan reallıqları təsvir etməsi güclü duyğuları ön plana çıxarır. Əsərin ideya-məzmunu olduqca ifadəli və anlaşıqlı tərzdə tamaşaçı qarşısına çıxır. Rənglər, rəng keçidləri, rəsm texnikası ustalıqla işlənilib. Fiqur mərkəzdə yerləşdirilib. Lusiferin bədəninin işlənməsində işıq və kölgədən istifadə olunub.

- Hazırda tablo harada saxlanılır?

- 1847-ci ildə işlənən bu əsər Fransanın Monpelye şəhərindəki Fabre muzeyinin kolleksiyasında saxlanılır

- Rəssamın üslubuna xas cəhətlər bu əsərdə özünü necə göstərir?

- Aleksandr Kabanelin rəssamlıq karyerası inkişaf etdikcə o öz üslubunu genişləndirirdi. Rəssamın bənzər işlərini də görə bilərik. Nümunə olaraq "Adəm və Həvva", "Musanın ölümü", "Pandora", "İtirilmiş cənnət", "Nimfa və Satir", "Veneranın doğulması", "Kleopatra məhkumlar üzərində zəhərləri sınaqdan keçirir", "Fedra" əsərlərinin adını çəkə bilərik.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Lusifer adı "İşıq daşıyan" mənasını verir. Xristianlıqda Orta əsrlərdən bəri düşmüş mələyin sinonimi şeytan və iblis olaraq anılır. Lusifer Allahın əmrinə qarşı çıxaraq, özünün oddan, insanın isə torpaqdan yaradıldığını deyir, özünü üstün görürdü. Buna görə də vəsvəsə ilə Adəm və Həvvanı aldadır. Onların bir alma uğruna cənnətdən dünyaya sürgün edilməsi Lusiferin haqlı olduğunu sübut edir. Şeytanın gözlərindəki qızarıqlıq sanki cəhənnəm alovudur. Gözləri hekayənin bitmədiyini, gerçək üsyanın başlamadığını və motivasiyasının intiqamdan qaynaqlandığını deyir. Aleksandr Kabanel bizi bu əsər vasitəsilə içimizdəki şeytanla üz-üzə qoyur.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.-10 yanvar,№3.- S.12.