ƏBÜLQASIM
USTADIN QIZILLARININ AQİBƏTİNDƏN ARXAYINLIĞI
Ömrü İçərişəhərdə
keçmiş Əbülqasım ustad özü də mənim
nəzərimdə yaşayan söz mühitimizin İçərişəhəri
kimi idi. Əsilli-köklü içərişəhərli
olduğuna görə deyil, yalnız yaşının
çoxluğuna, sağındakı-solundakı bütün ədiblərdən
və söz araşdırıcılarından daha qocaman
olduğu üçün də yox. Bəlkə elə
Əbülqasım müəllimin həyatda olduğu əyyamlarda
da yaxşı axtarsaydın, İçərişəhərdəki
hansı evdəsə ondan daha sinli köhnə içərişəhərliylə
də rastlaşardın, yazı-pozu adamları arasında da təvəllüdü
ondan böyük kimlərisə tapardın.
İndi kasadlıqdır, elə gözəyarı
hiss edirsən ki, sanki Azərbaycan daha artıq
cavanlaşıb, tarix şahidi ağsaqqallar seyrəlib, XXI
yüzilin ilk iki onili geridə qalandan sonra Bakıda və ətrafında
da, yurd boyu da yaşı 90-a adlamışları, 100-ü keçmişləri
nadir hallarda görərsən. 1980-ci illərdə isə hələ
bütün Azərbaycanda dünyagörmüş köhnələr
xeyli vardı və hər biri ilə söhbət edəndə
vaxtın çox uzaqlarına baş vurub geri qayıda
bilirdin. Ancaq o cür köhnələrin, sinlilərin hələ
bol olduğu əyyamlarda da Əbülqasım ustad həm
yaddaşının itiliyi, həm o möhkəm hafizədə
nələri saxlaması, üstəlik də, sinədəftər
etdiklərindən nələri insanlarla bölüşməsindəki
ustalığı və müdrikliyi ilə təqribən
özü yaşda olanların da, özündən
qocaların da hamısından seçilirdi. O, millət
yaddaşının içərisindəki ayrıca bir
mücrü kimi idi.
"İçərişəhər" söz birləşməsi
lap çoxdan bəlli bir coğrafi məkanı, dəqiq sərhədləri
olan, aşağı-yuxarı iyirmi hektarlıq ərazidə
yerləşmiş köhnə tarixli insan məskənini
nişan verən kəlmə olmaq çərçivəsindən
çıxaraq daha geniş məna qazanıb, özünəməxsus
fəlsəfə daşıyan açar sözə
çevrilib. İl-ildən genişlənib-böyüyən
Bakıdan fərqli olaraq, əsrlər öncəki
hüdudlarında qalmaqda davam edən İçərişəhər
əski Bakının həm tarixi, həm yaddaşı, həm
mənəviyyat dünyası - paytaxtın ürəyidir. Bu
mənada əslində hər köhnə tarixli şəhərin
özünə görə bir İçərişəhəri
var. Həm də mütləq deyil ki, hökmən o köhnə
şəhər təzə şəhərdən qala
divarlarıyla ayrılmış ola. Keçmiş qala-şəhərlərin
bir qismində belə divarlar indi də qalır, ancaq qədimi
şəhərlərin köhnə və yeni hissələrini
ayıran hasarlar olmasa belə, istər-istəməz
seçdirici, gözəgörünməz nazik tül pərdə
hiss olunur, addımladıqca tarixin bir qatından başqa
layına düşdüyünü sövq-təbii duyursan.
Bakıda doğulub-böyümüş, ya burada çoxdan
yaşayan hər həssas insan Qoşa Qala qapısından bu
məkana daxil olunca, lal-dinməz İçərişəhərin
küçələriylə addımlamağa
başlayınca ayrı bir aləmə
düşdüyünün fərqində olur. Zamanında
İçərişəhər böyük bir ailə kimi
olub. Əksəriyyət bir-biri ilə qohum, yaxın, simsar və
hamısı bir-birinin əsil-nəcabətinə bələd,
yaxşı-yamanından agah, həyatında və həyətində,
evində-eşiyində nələr baş verdiyindən xəbərdar.
İçərişəhərlilərin özünə xas
davranış qaydaları da, xətir-hörmət
meyarları da, danışıq ədaları da, başqa yerlərdəkiləri
təkrarlamayan lətifə və gülməcələri də,
zərbülməsəlləri də, zarafatları da olub. Hər
ailənin, hər içərişəhərlinin öz
maraqları ilə yanaşı həm də ortaq İçərişəhər
mənafeyi varmış ki, yeri düşəndə hətta
bir-biri ilə yola getməyənləri də
qovuşdurarmış. Əvvəllər - təqribən XIX
yüzilin ortalarınadək əsl Bakı elə İçərişəhər
sayılırdı. Qala divarlarından iki yüz-üç
yüz metr aralıdakı yer artıq şəhər yox, kənd
hesab edilərdi və səbəbsiz deyil ki, ora Çəmbərəkənd
adı verilmişdi.
XIX yüzilin ikinci yarısından etibarən
İçərişəhərdən çöldə yeni
mülklər tikildikcə, mehmanxanalar, restoranlar inşa
edildikcə, küçələr salındıqca Bakı
artıq qala divarlarından kənarlara doğru böyüməyə
başlayır və xalq tezliklə bu yerə uyğun ad da
tapır: Bayır şəhər. Təbii, Qala
divarlarından çöldə cərəyan edən həyatın
dalğası İçərişəhərə də dəyib
və dəyir, onu həm zahirən dəyişib və dəyişir,
həm də ən mühümü, nəsillər bir-birini əvəzlədikcə
asta-asta bu doğma məkanın özünə xas ənənələri,
vərdişləri, dəbləri də dünəndə qalır.
İndi İçərişəhərdə dədə-babadan
burada yaşamış neçə ailə qalmış olar
ki? Elə təxmini müşahidə təsdiqləyir ki, lap
az. Yaddaşsa insanlara bağlıdır. XX əsrin son çərəyində
hələ köhnə İçərişəhərin
çox xatirəsi canlı idi, çünki bu xatirələri
özü ilə gəzdirən, tez-tez dilə gətirən
insanlar sağ idi. Onlar getdikcə, elə bil ki, İçərişəhərin
dünəni də tarixin daha uzaqlarına çəkilir.
Qınamağa tələsməyin ki, sözüm
Əbülqasım Hüseynzadə haqqında olduğu halda
niyə mətləbdən belə aralı düşürəm.
Dedim axı, Əbülqasım ustad özü də elə
ayrı bir İçərişəhər idi, bu doğma məskənin
rəmzlərindəndi. Xalqın söz sərvətinin sadiq
və bilgin toplayıcısı Əbülqasım
Hüseynzadə 98 illik ömrünü başdan-sona
İçərişəhərdə sürdü (Bu
"sürdü" sözünü də ilk dəfə
"ömür"ə aid edən sərraf adammış. Həqiqətən,
ömür də bir qatar kimidir. Ancaq sənmi o qatarı
sürürsən, ya sadəcə ixtiyarı
Sürücüsünün əlində olan həmin qatarda
sadəcə sərnişinsən?!). İçərişəhər
təəssübkeşliyi və bu məkana dərin sevgisi
onu İçərişəhərin canlı tarixinə
çevirmişdi.
1984-cü il aprel ayının 30-da Əbülqasım
Hüseynzadə ilə İçərişəhərdəki
mənzilində yenə üzbəüz idim. Bu dəfə gəlişimin
məqsədi onu İçərişəhər barədə
danışdırmaqdı. Arzulayırdı ki, İçərişəhərlə
bağlı yaddaşlarını qələmə alıb
ayrıca kitab buraxsın. Bu sözləri deyərkən
Əbülqasım Hüseynzadənin 94 yaşı vardı və
təəssüf ki, nə elə bir kitab işıq
üzü gördü, nə də illər sonra onun arxivini
araşdırarkən o təhər kitabçün
hazırlıq yazıları ilə rastlaşdım. Amma
xatırlatdığım lentdəki söylədikləri
anladır ki, İçərişəhərin və içərişəhərlilərin
tarixini Əbülqasım Hüseynzadə beş
barmağı kimi bilirmiş və bundan belə çətin
ki ocürəsi ola. Hərçənd heç ondan əvvəl
olanın da haqqında bir soraq yoxdur.
Bütün XX əsr boyu peşəkar
folklorşünas alimlərin bölgə-bölgə gəzərək
el sözü nümunələrini yığması öz
yerində, 1960-70-ci illərdə filologiya fakültəsi tələbələrinin
şifahi xalq ədəbiyyatı nümunələrini toplamaq
üçün Bakıdan müxtəlif Azərbaycan
rayonlarına aparılması tədris proqramında rəsmən
yer alırmış. Amma qəribədir ki, bu qədər
yaxın ola-ola İçərişəhərin söz
yatırı ilə bağlı müfəssəl
araşdırmalar aparmaq sanki diqqətdən yayınıb. Nəsillər
dəyişdikcə həmin irsin çox qismi və yəqin
ki, həm də ən vacib hissəsi tarixin girdabına
sovrulub. Hüseynqulu Sarabskinin (1879-1945) "Köhnə
Bakı"sı istisna edilməklə, demək olar ki, bu
mövzuda ayrıca heç bir müfəssəl toplama və
tədqiqat aparılmayıb. Hüseynqulu Sarabskinin bu istiqamətdə
çalışmaları ardıcıl olmuş və o, həm
bayatıları, həm lətifələri, həm xalq
oyunları və adətlərini, həm el nəğmələrini
toplamış, lakin bütün bunlar arxivində
qalmış və onun vəfatından yalnız 70 ilə
yaxın bir müddət ötəndən sonra oxucuyla
görüşmüşdür. Əbülqasım
Hüseynzadənin əlyazmaları içərisində onun
İçərişəhərdəki məhəllə
adları və ayamalarla bağlı vərəqləri
qalmaqdadır. Bir çoxları, o sıradan köhnə
bakılı, ədəbiyyatşünas alim və şair Cəfər
Rəmzi İsmayılzadə (1905-1996) İçərişəhərin
yeddi əsas məhəllədən ibarət olduğunu
deyirdi və Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda eyni şöbədə işləyib
yanaşı masalarda oturduğumuz uzun illər boyunca mənə
hər məhəllənin məşhurları haqqında
çox qəziyyələri nağıl edirdi. Lakin
Əbülqasım Hüseynzadənin tərtib etməyi
düşündüyü İçərişəhər
kartotekasının ilkin hazırlıq materialları
arasındakı pərakəndə vərəqlərdə məhəllələrin
adlarından ibarət sıra daha sıxdır. Heç
şübhə etmirəm ki, zamanında Əbülqasım
ustaddan bunların hər biri haqqında soruşulsaydı, istənilən
məsələdən bəhs edəndə müqəddimə
ilə danışmağı, tarixdən başlamağı
xoşladığından bu halda da keçmişlərə
enərək xeyli cəlbedici tarix səhifələrini vərəqlərdi.
Əbülqasım Hüseynzadənin
siyahısında adı çəkilənlər həm
ayrı-ayrı nəsilləri nişan verir, həm də
müxtəlif şəcərələri. Çünki məhəllələr
və məhəllə içərisindəki daha kiçik
məhəllələr elə belə ayamalarla məşhurlaşan
nəsillərin adı ilə ünvanlanırdı. Müəyyən
mənada bu, İçərişəhərin küçəadlandırma
üsulu idi: "Part-partlılar", "Ağbiləklilər",
"Curçular", "Qoğalçılar",
"Axmaqlar", "Həştərxançılar",
"İskəncəbiylə özünü yuyanlar",
"Kiçikqapılı", "Novruzlular",
"Qaqlaburunlar", "Həlqəbəndlər",
"Cuhudlar", "Qılıncbağlayanlar", "Kəblə
Bağır övladı", "Doqquzlar", "Yeddilər",
"Boşbaş uşaqları", "Toyuqyeyənlər",
"Sibqolublar", "Səkkiz qardaşlar",
"Hamamçılar", "Hoppataran"
(Əbülqasım Hüseynzadə mötərizədəcə
bu ada izah verib: "hopp atılan"), "Kosalar",
"Cur-curlar",
"Ağşalvarlılar" (Köhnə içərişəhərli,
Xalq artisti, rejissor Vasif Babayev (1940) söyləyir ki, onlar
ağşalvarlılardandır. Belə adlanmanın da səbəbi
o məhəllədə keçmişlərdə dənizçilərin
yaşaması olub. Onların geyiminə uyğun olaraq da bu ləqəb
o nəslə qismət olub).
Adamlara hansısa xüsusiyyəti və əməlinə
görə ləqəblər qoşmaq Azərbaycanda geniş
yayılmış şakərlərdəndir. İçərişəhərdə
bu adət lap işləkmiş və təxminən hər
iki nəfərdən birinin ayaması varmış. 1984-cü
ildəki görüşümüzdə mən
Əbülqasım Hüseynzadənin içərişəhərlilərin
ləqəblərindən ibarət tərtib etmiş
olduğu müfəssəl siyahıdan xəbərsiz idim.
Amma həmin gün o, müxtəlif ləqəbli bir neçə
adamı xatırlamış, hər birinin ləqəbinin necə
yaranması haqqında tarixçələri də
nağıl etmişdi. Hekayətlərdən biri iki Zeynalabdin
barədə idi. Onlar Tağıyev olmasalar da, hər ikisi
Hacı Zeynalabdin imiş. Biri "Spasibo Zeynalabdin", digəri
"Bic Zeynalabdin". İkinci Zeynalabdinin "Bic"
ayamasını göstərməsə də, ona həmin ləqəbin
verilməsinə dəlalət edən hadisəni vaxtilə
Hüseynqulu Sarabski də təsvir edib və cüzi fərqlə
bu haqda Manaf Süleymanov da yazıb, Əbülqasım müəllim
isə həmin hadisəni yerli-yataqlı danışaraq vacib
bir məqama da diqqət yönəldirdi. Bu Hacı Zeynalabdinin
indiki Sabir bağının yerində bir neçə
dükanı varmış. Amma get-gəldən nisbətən
aralı olduğundan onları icarəyə götürməyə
ya müştəri tapılmırmış, ya da çox
cüzi haqq verirlərmiş. Tədbirli Hacı Zeynalabdin
şəhər bələdiyyə idarəsinə müraciət
edir ki, İçərişəhər camaatı Passaj
bazarına getmək istəyəndə yay-qış çox
əziyyət çəkir. Bazarın tuşundan,
"İsmailiyyə"nin böyründən Qala
divarında qapı olsa, camaatın alış-verişə
birbaşa yolu açılar, Bayır şəhərə
gediş-gəlişləri də rahatlaşar. İçəri
şəhər əhalisi bunu sizə
çatdırmağı xahiş edir, razılıq olarsa, mən
də öz növbəmdə camaata bütün xərcləri
hökumətin çəkdiyini bildirərək məsrəflərin
hamısını ödəməyi öhdəmə
götürürəm - həm camaatın
müşkülü həll olunar, hökumətdən
razı qalarlar, mənə də xoş olar ki, ticarətimizi
qurmaqda, yaxşı dolanmaqda bizə çox himayədarlıq
edən hökumətimizin bir işinə yarayım.
İcazə verilir, Qala divarının həmin hissəsi
sökülərək qapı açılır və az vaxt
içərisində Hacının dükanlarına dünənəcən
yaxın durmayan icarədarlar növbəyə
düzülür, dükanlar artıq yol üstündə
olduğundan kirələmə qiyməti bir neçə dəfə
artır. Əbülqasım ustad deyirdi ki, bu və bu qəbil
başqa fəndgir hərəkətlərinə görə
başladılar ona "Bic Zeynalabdin", "Qatır
Zeynalabdin" deməyə. Bundan xəbər tutunca bir
neçə nəfərə pul verərək "Bic" əvəzinə
onu "Zirək Zeynalabdin" ləqəbi ilə dilə-ağıza
salmağı rica etdisə də, alınmadı, elə
"Bic Zeynalabdin" olaraq qaldı.
Onlara yapışdırılmış və kobud səslənən,
həm də düz hədəfə vuran ayamalardan qurtulmaq
üçün təşəbbüs edənlərin, bir
qayda olaraq, uğursuzluğa düçarlığı məlum
gedişatdır və hətta bununla bağlı bir
yığın lətifə də söylənməkdədir.
Hansısa meydana, küçəyə verilən adları
yeni tarixi şəraitə uyğun dəyişmək olur və
elə Bakının timsalında bunun saysız örnəklərinə
də bələdik. Fəqət xalq dilinin qeyri-rəsmi olaraq
hansısa məkana qoyduğu ad, rəsmi sənədlərdə
və divarlara bənd edilən lövhəciklərdə
adların dəfələrlə dəyişdirilməsindən
asılı olmayaraq, yaşayır, onu heç bir qərarla,
hökmlə də yaddaşlardan silmək mümkün olmur.
Şors küçəsinin adı əvvəl Kamenistıy olub, müstəqillik
dönəmində yenidən özümüzküləşdi,
Bəşir Səfəroğlu adlandı. Amma elin dilindəki
"Həmşəri palanı" yenə fasiləsiz olaraq əvvəlki
işləkliyindədir. Yaxud gah Vrangel, gah Zinovyev, gah
Kaqanoviç, gah Əliheydər Qarayev olmuş, bugünsə
Əhməd Cavadın adını daşıyan küçəyə
köhnə bakılılar "Toyuqçu bazarı"
demişdilər. İndi o küçədə nə
toyuqsatan qalıb, nə bazardan əsər-əlamət var.
Elin vurduğu möhürsə yerindədir. Ya da ki, bir vaxtlar
Spasski olmuş, sonra Qasım İsmayılova çevrilmiş
tanış küçə elin dilində və
yaddaşında daim "Zərgər palanı"dır ki,
var. İnsanlara ayamalar qoşmaq vərdişinin bir izi elə
Dədə Qorqud əyyamlarına çəkir. Axı Dastan
"Qam Börənin oğlu Bamsı Beyrək boyu" bəlli
edir ki, "Ol zamanda bir oğlan baş kəsməsə, qan
dökməsə, ad qomazlardı".
Yəni oğuzlarda insanlara adlar heç də ixtiyari
olaraq, elə valideynin ağlına gələn ilk söz
olaraq deyil, şəxsin hansısa xüsusiyyətinə,
hansısa əməlinə, şücaətinə uyğun
şəkildə verilirdi. Başqa sözlə, o əyyamlarda
adların qoyulması üsulu elə sonradan insanlara ayamalar
verilməsi tərzində davam etmişdir. Axı heç bir
ayama da təsadüfən verilmir, mütləq o taxma adın
yapışdırıldığı adamın hansısa cəhəti
nəzərə alınır və dəqiq müşahidənin
nəticəsi olaraq ortaya çıxdığından bu sərrast
adlar da həmin adamlarla həmişəlik qalır.
Əbülqasım Hüseynzadənin köhnə
kağızları arasından taparaq sıraladığım
bu ayamalar İçərişəhər sakinlərinin əlvan
obrazlar qalereyasını canlandırır: Leylək
Əlabbas, Yeddipiləkən Qafar, Cək-cəki Hacı
Süleyman, Yaşmaq Ağabala, Qalan Ələkbər,
Dığa bratlar (yəni erməni qardaşlar - R.H.),
Qaq-qağayi Məhəmməd, Qır-qızıl Səftər,
Yağar-yağar Dadaş, Qara Seyid, Qoç Axund,
Dığdığ Həsən, Malbaş, Altaylıq, Şəbpərə,
Şahgəldi nəvəsi, Dodaq Ələsgər, Koha
oğlu Qasım, Kosavay Əbdüləli, Uzun Ağabala,
Kaftar Həsən, Göyəbaxan Molla, Kəb-kəb
Hüseyn övladı, Tıntın bəy, Turşan
Xalıq, Qanlı gəlin, Qoduq Məlik, Eşşək Abas,
Uzun yengə, Əyriçətir, Bakılı Səməd,
Şonı Abdulla, Dovşanbığ Dadaş, Pişik Məmmədqasım,
Hacıqara-batdağ, İlanyeyən Məmmədbağır,
At Balaxanım, İt Abtalıb, Madyan Əhməd,
Ağzıaçıq İsmayıl, Tacir Ələkbər,
İt Əlabbas, Madmazel Ədil, Çilov Məhəmməd,
Qalabəyi Səməd, İtaparan nəvəsi, Ağca Quzu,
Keçəl Dadaş, Şah İsmayıl, Pəlvan (pəhləvan
- R.H.), Kosa Əbdüləli, Gen-bol Zibeydə, Qara Hacı
Hüseyn, Təkbığ pristav, Cəro Hənifə, Cəro
Süleyman, Dəllək Fərzəli, Kar Xəlifə,
Burnuna təpdiyim Roza, Xangəldi Hacıismayıl, Zorba Tərvərdi
(Tanrıverdi - R.H.), Oğraş Tubşi, Damdız bəy,
Bajarnik (Yanğınsöndürən - R.H.) Süleyman, Dursun
oğlu, Pendiryeməz, Həbəs-külah (mötərizədə
Əbülqasım Hüseynzadə buna özü izah
yazıb: "Heyfəst külah bərə tu" - yəni
"Sənə papaq heyifdir" - R.H.).
Təsəvvür edin ki, sadalanan bu ayamaların hər
biri və o adamların özləri ilə bağlı nə
qədər əhvalatlar, sərgüzəştlər olub və
bunların da hər biri mahiyyətcə İçərişəhərin
tarixi surətinə yeni rənglər, çalarlar əlavə
edə biləcək ayrıntılardı. Ola bilsin ki,
köhnə içərişəhərlilərdən kimlərsə
yaşlı qohum-əqrəbadan eşitdiyi hansısa söyləmələri
xatırlaya, amma böyük ölçüdə el
sözünün bu maraqlı səhifəsi, heyhat, artıq
bükülüb və o səhifədəkiləri bizə
çatdıra biləcək insanlar, nə acı ki, daha
yoxdur.
XX əsr sonuna doğru irəliləyirdi.
Əbülqasım Hüseynzadə bu zamanın qoynuna dünənlərdən
salamat gəlib çatmış qiymətli əlyazmaya bənzəyirdi,
güclü hafizəsiylə səni istənilən anda XX
yüzilin əvvəllərindəki neçə qərib
xatirə adası ilə birləşdirən mötəbər
körpü idi. Görüb heyran qaldığımız
İçərişəhər onun söhbətləriylə
xəyalda başqa bir möcüzəli görkəmdə
canlanırdı. Danışırdı, həmin rəvayətlərlə
İçərişəhərin hər daşı, hər
ağacı, hər qarışı dirilirdi.
Əbülqasım Hüseynzadənin illər öncə lentə
aldığım söhbətlərinə qulaq asıram, elə
sanıram, İçərişəhərin dar-dolanbac
küçələrindən keçirəm və xatirələrdən
səsi gələn köhnə kişilər indi hansı
tindəsə qarşıma çıxacaq. Heyifsilənirəm
ki, niyə az yazmışam, Əbülqasım xəzinəsindən
istifadə edə biləcəyim genişlikdə bəhrələnməmişəm.
İndiki imkanlar olsaydı, nə vardı ki! O dövrdə
adicə kaseti əldə eləməyin də öz çətinlikləri
varı.
Dədəmiz Qorqud "eldən-elə, bəydən-bəyə
ozan gəzər" demişdi. Tarix boyu elə belə də
olub. Ozanlar oymaq-oymaq dolaşdlar, xalqın sözlərini sinələrinə
topladılar və yurdun sözünü təzədən elə
bağışladıla
Və Əbülqasım Hüseynzadə də fədakar
sələfləri kimi elin sözünü təzədən
elə qaytarmaqçün çalışmaqdaydı. 1938-ci
ildə o, həyatının növbəti xoşbəxt
gününü yaşayırdı. Yeni atalar sözü
kitabı çıxmışdı və həmin nəşrin
redaktoru Məmməd Arif, müqəddiməni yazan da Həmid
Araslı idi - Azərbaycanın yeni parlayan alimləri. Ön
sözündə Həmid Araslı bu kitabı da,
Əbülqasım Hüseynzadənin əməyini də
çox yüksək dəyərləndirir, lakin bir
iradını da bildirirdi ki, tərtibçi atalar sözlərini
əsasən Bakı və onun ətrafından, Abşerondan
toplayıb, gərək respublikanı səyahətə
çıxsın, Azərbaycan
boyu atalar sözlərinin tükənməz xəzinəsi
mövcuddur, yaddaşlardakı, könüllərdəki
dürdanələri toplamaq üçün gərək gecə-gündüz
səfərlərdə olasan, gəzəsən, arayasan.
O vaxt Əbülqasım Hüseynzadəni həmin
sözlər çox mütəəssir eləmişdi. Ona
görə yox ki, həmin sözləri həqiqət kimi qəbul
eləmirdi, özünə qarşı haqsız tənqid
hesab edirdi. Yox, iradı qəbul edirdi, sadəcə öz
naçarlığından mütəəssir olmuşdu.
Acizliyi də bundan ibarət idi ki, o, səfərlərə
çıxmağı çox arzulasa, Azərbaycan boyu kənd-kənd
gəzməyi çox istəsə də, buna imkanı yox
idi. Evdə, ailə söhbətlərində bu babətdən
nigarançılığını bölüşəndə
kürəkəni, professor Abdulla Qarayev qayıdır ki, niyə
narahat olursunuz, mənim xidməti maşınım var,
üç-dörd aylığa onu verirəm sizə, mən
işə piyada gedib-gələrəm, siz çıxın
Azərbaycan rayonlarına, yığın o sərvətlərdən,
bu maşın məndən
çox sizə lazımdır.
Və Əbülqasım Hüseynzadə
çıxır Azərbaycan rayonlarına. Beləcə, onun
topladığı atalar sözlərinin xəritəsi
böyüməyə, miqyasları artmağa başlayır.
Ömrü uzunu Əbülqasım Hüseynzadənin əlindən
və cibindən kağızı ilə qələmi əskik
olmadı. Harada bir ibrətli söz eşidirdisə, harada
atalar sözü adlanmağa layiq bir hikməti qulağı
çalırdısa, dərhal onu kağıza
köçürürdü. Daha heyrətlisi isə Əbülqasımın həcm məhdudiyyəti
tanımayan yaddaşı idi. Həyatda heç nə təsadüfi
olmur. Hərdən düşüncəmdən bu da keçir
ki, Allah Əbülqasım Hüseynzadəni ona görə
seçibmiş, ona görə bu şəxsiyyətə
bunca uzun ömür və belə möhkəm hafizə
veribmiş ki, vətəni qarış-qarış gəzsin,
elin sözünü itməkdən xilas etsin, atalar sözlərimizi
gələcəyə ötürmək missiyasını
layiqincə icra edə bilsin. Ancaq
yapışqanlılığı saqqız kimi möhkəm
olan lap möhkəm hafizələrlə müqayisə edəndə
də Əbülqasım Hüseynzadənin yaddaşına
adamın matı-mutu quruyur. Ömrünün son illərində
Azərbaycanın ucqar kəndlərindən birindən cavan
qız ona məktub yollayır, zərfə,
topladığı bir sıra atalar sözlərini qeyd etdiyi vərəqləri
də əlavə edir. O məktub da qalır, həmin məktubun
cavabı da. Məsələ bundadır ki, ifrat səliqəli Əbülqasım Hüseynzadə
aldığı məktub və teleqramlar öz yerində,
müxtəlif ünvanlara göndərdiyi məktubların
surətini də özündə saxlayırmış. Həmin
qıza cavab məktubu yazır, təşəkkürünü
bildirir, dil-ağız edir edir ki, el sözünə belə
qayğı göstərirsiniz və boyun olur: "Sizə təzə
kitabımı da üstünü yazaraq yadigar olaraq göndərəcəyəm.
Amma mənə yolladığınız 30-dan artıq atalar
sözünün çoxusu mənə tanışdır.
Amma onlardan 5-i mənim üçün təzədir.
Onları da yeni kitabıma daxil edəcəyəm. Mən sizə
çox minnətdaram!"
Təsəvvür edirsiniz bu nə deməkdir?
İndiyəcən topladığı minlərlə deyil,
onminlərlə atalar sözünün hamısı
yaddaşındadır ki, 30-dan bir az artıq atalar sözləri
gələndə kompüter kimi dəqiq işləyən
hafizəsində onları "axtarışa" verir və
minlərlə digərləri ilə tutuşduraraq müəyyən
edir ki, bunlardan vur-tut 5-i onunçün təzəymiş.
Daha möcüzə necə olmalıdır ki! Yaşı
100-ə çathaçatda olan qocaman bir insanın hafizəsindəki
belə sərrastlıq əslində möcüzədən
də artıqdır. Azərbaycan nə məsuddur ki, onun həmişə
bütün yeraltı və yerüstü sərvətlərindən
daha qiymətli belə möcüzə adamları olub!..
...Sevimli işi ilə Əbülqasım Hüseynzadə
qədər şövqlə, belə sürəkli məşğul
olmuş ikinci adamı mən yalnız özümüzdə
yox, dünyada tanımıram. O özü də bir
mücrü idi. Yurdu bölgə-bölgə dolaşaraq
yığdığı incilər - elimizin ürəyindən
qopmuş, düşüncəsindən axıb gəlmiş ən
dəyərli hikmətlər həmin mücrünün
içərisində cəm olurdu və oradan da təzədən
millətə qayıdırdı. Ata sözlərinin, zərbülməsəllərin,
nəsihətlərin, xalq söyləyişlərinin hər
çeşidinə bələd olan Əbülqasım
Hüseynzadə, təbii ki, bu el deyimindən də agah idi ki,
vəsiyyət yüngüllükdür. Yaş artdıqca
insan əbədi gediş haqqında da, şübhəsiz,
düşünməyə başlayır - heç kəsin
ömrü sonsuz deyil, hər gələn bir gün getməlidir.
Təbii, Əbülqasım kişi də bu barədə
ara-sıra fikrə dalırdı və ona görə də
son arzu və niyyətlərini dilə gətirməyi
canını tapşıracağı son dəqiqələrə,
axırıncı nəfəsinə saxlamadı. Vəsiyyətini
elə qabaqcadan - yaşlansa da, hələ xeyli sağlam,
gümrah olduğu çağlarda edərək daxilən
rahatlaşdı. Həm hərdən balaları başına
yığılanda bu ürək sözlərini dilə gətirdi,
həm də özünə xas səliqə ilə bir
parça kağızda da yazdı ki, nişanə qalsın,
bir gün həyatda olmadığı əyyamlarda vəsiyyəti
övladlarına təhrifsiz, sözbəsöz dəqiqliyi ilə
çatsın. 1983-cü il fevral ayının 4-də qələm
götürmüşdü, kağız topasından
çıxardığı təzə bir vərəqin
yuxarısında yazmışdı: "Vəsiyyətnamə".
Balalarına, özündən sonra qalanlara olmayacağı
günlər üçün məktubunu yazır,
ağıl verirdi. Hər vəsiyyətnamə fəlsəfəsi
ilə sırf şəxsi sənəddir, bəzən oradakı
müddəaların başqa birinə görsənməsi
heç məsləhət də deyil. Ancaq ömrü boyu
xalq üçün çalışmış
Əbülqasım Hüseynzadənin vəsiyyətnaməsi
də elədir ki, kitabları sayaq, bu mətndə də
başqalarının oxuyub götürə biləcəyi ibrətlər
var. Odur ki, həmin vəsiyyətnamədə nələrin
yazıldığını Əbülqasım ustadın elə
doğmaca övladları kimi baxdığı (belə
olmasaydı, Vətən balalarını mənəviyyatca
daha kamil etməyə hesablanmış ata sözləri
toplayıcılığı yükünü bir ömür
boyu çəkərdimi?) insanlarımızın da bilməsini
istəyirəm. Çünki bu, bir əsrə yaxın
ömür yaşamış aqilin bütün gördüklərini
görəndən sonra bu dünyada ona ən əziz olan ciyərparalarına
ondan sonra rahat, avand, ruhu tox həyat yaşaya bilməkçün
axırıncı əmanəti olan yol xəritəsidir. Adətən
vəsiyyətnamələrdə əsas söz mal-mülk,
miras haqqında olur. Amma Əbülqasım Hüseynzadə
sadə bir ömür yaşamışdı, ömrü boyu
məvaciblə dolanmışdı, maaşı da
böyük külfətini dolandırmağa ancaq
çatmışdı. Odur ki, bu vəsiyyətnamədə
hər hansı miras, onu balalar arasında necə
bölüşdürmək barədə söz getmirdi. Hərçənd
qələm götürüb vəsiyyətnaməni
yazdığı saatda Əbülqasım kişi dünyadan
köçəcəyi gündə başqa ən
varlı-hallı ataların qoyub getdiyindən də qat-qat qiymətli
olan miras tədarük etmişdi. Ancaq lül qızıl
külçələrdən ibarət həmin sərvət
balalar arasında bölünəsi deyildi. Əbülqasım
Hüseynzadə bu mirası bütün millət
üçün, Vətənin bütün balaları
arasında paylaşmaq üçün nəzərdə
tutmuşdu. O səbəbdən də bu vəsiyyətnamədə
miras söhbətini bir qırağa qoyaraq büsbütün
ayrı mətləblərdən söz açırdı.
1983-cü il fevral ayının 4-ü idi və hələ təkcə
Allaha bəlli idi ki, o, 5 il də yaşayacaq və 1988-ci ilin
25 sentyabrında gözlərini əbədilik yumacaq. Amma sonra
yaşadığı illərdə o, 1983-də
yazdığı vəsiyyətnaməyə heç nəyi əlavə
eləmədi. Çünki ən vacib saydığı
ismarışlarının hamısını etmişdi və
yüz düşünüb bir kərə
yazdığından nəyisə dəyişdirməyə
lüzum da qalmamışdı. Umuram ki, dünya
görmüş o insanın sadə, sadə olduğu qədər
də dərin öyüdlərini öz atasının,
babasının nəsihətləri kimi hər kəs
yadında saxlasın.
"Əziz balalarım!
Məryəm, Züleyxa, Gülsüm, Balaxanım, Nəzakət,
Asiya, Fərhad, Leyla!
Və nəvə-nəticələrim.
Sizə 2 şey tapşırıram".
Əbülqasım Hüseynzadənin zahirən
sırf şəxsi səciyyəli bu sözlərini, öz xələflərinə
məktubunu, bir ailəyə aid vəsiyyətnaməsini ona
görə insanlarımızın bilməsini istəyirəm
ki, bu sözləri yazan şəxs sifəti tez-tez dəyişən,
fırtınalı, bir çox cəhətdən qəddar
dövranların burulğanlarından keçmiş,
ağlı kitab-dəftər kəsəndən el
müdrikliyi ilə baş-başa olmuş tədbirli bir
ağsaqqaldı və bu tövsiyələr onun bitəcəkli
ömürdən, bivəfa dünyadan
çıxardığı başlıca qənaətlərdi.
Həm də elə həqiqətlərdi ki, hər nəslin,
hər ailənin, hər kəsin aqibətində bunların
yeri var.
Birinci istəyi nə idi?
"Oğlum və qızlarım, bir-birinizlə
mehriban və müqəyyəd olun".
Bu dünyadakı uzun, ya qısa ömrü ərzində
insana nəsib olan bütün dostlardan, qohumlardan, əzizlərdən
ən yaxınları Allahın müəyyən etdikləri,
daha heç vəchlə dəyişdirilə, statusları
başqalaşdırıla bilməyəcəklərdir -
bacın, qardaşın. Ancaq səmaların təyin etdiyi,
tale yazısı olan bu yaxınlığın mənasını
sonacan anlayaraq hamı bacısına-qardaşına bəsləməli
olduğu məhəbbəti, sədaqəti, nəvazişi
ömrü boyu davam etdirə bilirmi? Əbülqasım ustad
eyni valideynin övladı ola-ola bir-birləri ilə soyuq
davranan, yad kimi rəftar edən, hərdən lap
qanlıbıçaq olan az adam görməmişdi. Bundan da
bixəbər deyildi ki, öz doğmasına mehribanlıq,
ülfət göstərə bilməyən kəs yada da
heç vədə sonacan səmimiyyət, sədaqət,
şəfqət bəsləyə bilməz.
Kiçik kürəkəni, artıq yaşı 80-i
keçmiş Seyfi Gözəlov yada salır:
"Düzdür, söyləyirlər
ki, bacanaq bacanağı görəndə qaşınma tutar,
amma qayınatam elə mühit yaratmışdı ki, biz yeddi
bacanaq yeddi doğma qardaş kimi olmuşduq".
Elə balalarını da bu cür
böyütmüşdü. Ancaq hər ehtimala qarşı
sözünü bir də çatdırırdı ki,
balaları, onların övladları bu düsturdan
qırağa çıxmasınlar.
İkinci istəyi nə idi qalanlardan? Xatirəyə
hörmət, yaddaşa sayğı, keçmişə
dönük çıxmamaq.
Hər millətin də hər insan kimi yaddaşı,
xatirəsi, keçmişi var. Öz nəslinin, ailəsinin
soyadının yaddaşına, xatirəsinə,
keçmişinə sahib çıxmayan, biganə qalan kəs
millətin yaddaşına da, xatirəsinə də,
keçmişinə də etibarlı ola bilməz. Bu da
Əbülqasım ustadın uzun və enişli-yoxuşlu həyatdan
aldığı vacib dərslərdən idi. Özü
yaşadığı müddətcə əslinə-nəslinə
də, xalqının yaddaşına da sadiq olmuşdu. Bunu
balalarından da istəyirdi: "Qəbrim üstə gələndə
atamın-anamın da qəbri üstə gedin. Fatmaxanım
bacımı, Xanımananı və Hüseyni (erkən
itirdiyi övladları - R.H.) yaddan çıxarmayın".
Ən son diləyi və
nigarançılığı isə kitabları,
yazı-pozusu, yolu, məsləki ilə bağlı idi:
"Mənim kitablarımı, əlyazmalarımı
qoruyun.
Hansınızın həvəsi olsa, şifahi ədəbiyyatımızın
toplanmasını və nəşrini davam edin.
Heç olmazsa biriniz mənim otağımda
yaşayın".
...Otağında yaşamağına yaşadılar,
lakin o nəsildən Əbülqasım yolu gedən ikinci
şəxs çıxmadı. Azərbaycanınsa fədakar
Əbülqasımlara daim ehtiyacı var. Lap vaxt ayrı
söz desə də, lap zəmanə daha belə məşğuliyyətlərə
keçmişlərdəki kimi həssas yanaşmasa da, lap
araşdırıcılığa,
toplayıcılığa, əski sözlər üstündə
əsməyə internet dövrü, günün
ağılçaşdıran sürətləri laqeyd qalsa
da. Çox şeylər dəyişilə bilər və hələ
indikindən də betər dəyişəcək.
İnsanlıqsa gərək yaşasın! İnsanı insan
edən insanlıq! Hər təzə dövrün öz rəngi
və havasına uyğun tərbiyə etdiyi təzə
insanlar yetişir. Amma hər təzə dövrün təzə
insanlarının gələcək içərisində rahat
addımlaması üçün gərək köhnələrin
köhnəlməz dərsləri də yaşaya.
Əbülqasım Hüseynzadə 98 illik ömrünün
90 ilini ona sərf elədi ki, insanlara gələcəkdə
daha rahat yaşamaq üçün dürüst insanlıq
ülgüləri aşılayan kitablar yaratsın. Ondan
yadigar qalan cild-cild ata sözləri kitabı heç vaxt
köhnəlməyəcək. Yeni insan yeni zamanın təlatümlü
cərəyanında yeni-yeni üfüqlər fəth edəcək,
dünənəcən əlçatmaz hesab edilən çox
zirvələrə yetişəcək, həsrətlə
baxdığı ulduzlara da qədəm basacaq. Fəqət ən
yeni zamanın içərisindəki ən yeni insanın da həmişə
ayaqlarının torpaq üzərində möhkəm
dayanmağa ehtiyacı olacaq. Bu ehtiyacı ödəmək
üçünsə həmişə həmin kitablara
qayıtmaq, onları açmaq, vərəq-vərəq
çevirmək, sətir-sətir oxumaq və canına
hopdurmaq zərurəti yaranacaq. Elədirsə, demək, həmişə
Əbülqasımlara da ehtiyac qalacaq, Əbülqasım
Hüseynzadədən bizə saxlanc olan qiymətlidən-qiymətli
kitablar da ömrünü davam etdirəcək, dünənlərdə
olduğu kimi, bu gün də, gələcəkdə də
yeni zamanın övladları Əbülqasım Hüseynzadə
saxlancı, müdrikliklə ləbələb el
kitablarından kamil adam olmağın dərslərini alacaq.
...Təsəvvür edin ki, israfçılıqdan
uzaq, xərclədiyi hər qəpiyin yerini bilən, cürbəcür
əyləncələrə marağı olmayan, ailəcanlı
bir kişinin ömrü boyu əli pulla oynaya, Nikolay
dövründən ta Cümhuriyyət zamanına, oradan da
sovetin az qala axır-uxurunacan - 60 ildən artıq bir müddətdə
mühasib işləyə, həyatdan köçərkən
balalarına nə miras qalar? Ondan həmin var-dövlətin 50
min dənəsi qaldı. "50 min dənə" deyəndə
ki, bu, 50 min ədəd qızıl beşlik də ola bilər,
ya daha artıq - 50 min qızıl onluq da. Lap müasir
yığıcıların ölçüsüylə
düşünsən ki, 50 min ədəd yüzlük dollar
da ola bilər, yaxud indi dəbdən düşsə də,
bir ara pullu yekələrin daha az yer tutan və əlverişli
sayaraq çinləməyi xoşladıqları
beşyüzlük avro əsginasları da.
Bunların heç biri deyil! Ondan qalan hərəsini
bir qızıl külçəsi saydığı 50 min ədəd
kartcıq idi. Xeyr, hansısa bankdan, bankomatdan pul götürməyə
imkan verən kartlar yox, qalın kağızdan düzəldilmiş,
xüsusi taxta qutulara yığılmış, rəngi
saralmış, üstü yazılı kartcıqlar. O
kartcıqlarda bu müdrik kişinin 90 ilə çatan uzun
müddətdə topladığı atalar sözləri, nəsihətlər,
zərbülməsəllər, bayatılar, tapmacalar
yazılmışdı. Və bu kişi inanırdı ki,
dünyadakı ən böyük sərvət də elə
bunlardır. Çünki o, qəti əmin idi ki, bu qədər
şərin müqabilində dünyanın məhvərindən
çıxmamasına bais məhz həmin incilərdir.
Yüksək əyarlı o altun kartcıqları məxsusi
düzəltdirdiyi qutulara yerləşdirməyə
Əbülqasım xeyli gənc ikən
başlamışdı və özü həmin tarixçəni
belə söyləyirdi: "1911-ci ilin yayında biz ailəliklə
Bakının Zirə bağlarına
köçmüşdük. Kəndin qocaları ilə
tez-tez görüşür, onların şirin-şirin
söhbətlərindən çoxlu atalar sözü öyrənirdim.
Onlar da həyatda gördüklərini, eşitdiklərini,
başlarına gələn yaxşı-yamanı atalar
sözü ilə büruzə verirdilər. Məsələn,
bağ qonşumuz Hacı Seyid Mirinin dörd oğlu var idi,
özü isə tərəvəzçiliklə başını
dolandırırdı. Oğlanlarının heç biri ona
kömək etmirdi. Qoca həmişə deyərdi: "Su
çəkən də mən olum, bərə gəzdirən
də?" Mən qoca qonşumuzun kəlamını
yazıya alandan sonra bu söz
xalq arasında məsəl kimi yayıldı. Atalar
sözüdür: "Biri qızılgülü, biri də bənövşəni
sevər". Adam da var ki, qızılın, incinin, mirvarinin əsiridir,
yığıb, toplayıb sandıqlara doldurur. Mənim də
incim-mirvarim atalar sözü olmuşdur. Az zamanda onların
sayını iki minə çatdırdım.
Topladığım nümunələr əlifba dəftərimə
sığmadığı üçün ayrıca kartoteka
düzəltməli oldum".
...Bir müddət əvvəl oğlu Fərhad dədəsinin
vəfatından otuz ildən də çox zaman ötərkən
həmin mirası gətirib təhvil verdi mənə. Sərvət
sərvət gətirər, deyiblər. Mən də bu 50 min
qızıl külçənin, Əbülqasım müəllimin
öz sözü - incinin, mirvarinin düzüldüyü
qutuları əlavə etdim çox belə sərvətlərin
qorunduğu Nizami muzeyi xəzinəsinə ki, biryolluq millətə
qalsın. Çünki belə sərvətlər
ayrı-ayrı əllərə düşərsə,
itib-batmaq ehtimalı çoxalır, böyük xəzinədəki
başqa dəfinələrə qoşulanda isə həm dəyəri
artır, həm də oradakı başqa sərvətlərlə
bərabər daha yaxşı qorunur. O xəzinənin xəzinədarı
bu gün mənəm, mən qoruyuram, xəzinədarlar dəyişəndir,
qalan, daimi olansa xəzinənin özü və millətdir.
Millət özününkünün, halal sahibi
olduğunun qeydinə qalmağın, onu qoruyub
yaşatmağın yolunu təklif gözləmədən hər
zaman özü tapacaq. Bunu, həyatının mənası
olan sərvəti doqquz on il boyunca toplamış kişiyə
o incilərdən biri lap çoxdan
pıçıldamışdı ki, el atan daş uzağa
gedər. Həmin sözlərin çin çıxacağına
bütün qəlbi ilə inandığından
Əbülqasım ustad dünyadan əziz mirasının aqibətindən
yana ürəyi buz kimi, arxayın getdi...
30 dekabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.-10 yanvar,№3.- S.10-11;12.