ANAMA MƏKTUB

 

Əziz ana, gözəl ana,

Nigaranam səndən yana.

 

Öz ömrünü sərf etmisən bizim üçün,

Bir kimsəyə bildirmədən

Hər dərdini daşımısan için-için.

 

Bir vaxt qaçqın, köçkün olduq,

Kövrək olduq, küskün olduq,

Güclü ikən miskin olduq...

 

Atam kəndin kattasıydı,

Pis deyildi imkanımız.

Çox vaxt razı qayıdardı qapısına

Həmkəndlimiz, insanımız.

 

Ömür sürdük illər boyu

Qarğı-qamış daxmalarda.

Amma bütün zamanlarda

Bir inancım vardı mənim:

Anam harda - vətən orda!

 

lll

 

Yadımdadır,

Yeməklərdən

Ülüş küftə xoşlayardı,

Elvin - xəngəl,

Mənsə dovğa.

Hansımızın yeməyini bişirsəydin,

Qalanların cırnadardıq lovğa-lovğa.

 

Yadımdadır,

Sən həmişə payımızı tən bölərdin.

Biz süfrədə

Çəngəl üstdə,

Qaşıq üstdə dalaşanda,

Ara yerdə ən çox mənim

Üstüm-başım bulaşanda

Kənardan baxıb gülərdin.

 

Uşaq idik, heç bilmirdik

Haçan yemək yedin, ana.

Soruşanda acsan, toxsan,

"Bayaq yedim" dedin, ana.

 

lll

 

On üç ildir Bakıdayam,

İşim-gücüm, ailəm var.

Kürəyimdə qayğılardan

Qalaqlanmış bir şələm var.

 

Bir qızım var - altı aylıq,

Hərdən-hərdən mürgüləyir

Atasının qucağında.

Tanrım

əxşiş verib mənə

Həyatımın bu çağında.

 

Ağlayanda hirslənirəm,

Gülür - canını qurtarır.

Anasından əmdiyini

Mənim üstümə qaytarır.

 

Zalım elə şirindir ki,

Xətrinə dəyə bilmirəm,

Sənin adaşındır deyə,

Könlümcə söyə bilmirəm.

 

O gün həkimə göstərdim,

Deyir, bir az xəstələnib.

Elə həmin gündən bəri

Bağrımda qəm dəstələnib.

 

İndi-indi anlayıram

Bizdən nələr çəkdiyini,

Bizə bir şey olar-olmaz

Göz yaşları tökdüyünü.

 

Zaman necə tez ötüşür, elə deyilmi...

Bir zamanlar sənin bizə söylədiyin

Laylaları, oxşamaları

İndi mən öz qızım üçün oxuyuram

Səhər, axşam, lap gecəyarı.

 

lll

 

İndi burda - Bakıdayam,

İşim-gücüm, külfətim var.

Heç bilmirəm

Nə görmüşəm bu şəhərdə,

Sanki əhd-peymanım var,

ülfətim var.

 

Bura qürbətimdir mənim,

Burda nəfəsim çatmır,

Nəfəsim çatsa da, həvəsim çatmır...

 

Bilirsənmi, illər sonra

Bunları dilə gətirmək

Təxminən nəyə oxşayır?..

İçəriyə qapıdan yox,

Pəncərədən girməyə oxşayır.

 

Çox da insan püxtələşir,

Düşüb-qalxır, mətin olur.

Yenə ata-anasından uzaqlarda

Hər övlada,

Üstəlik də

Mənim kimi

dəymədüşər sonbeşiyə

Çətin olur, çətin olur...

 

Keçən dəfə telefonda atam dedi,

Yatırmışsan soyuqdəymədən

Və baş ağrısından.

Onda, bəlkə, düşünmüsən,

Balalarım bir gələydi,

Qızım umac bişirəydi,

Zoğallı çay gətirəydi oğullarım...

Kaş gələydi şirinlərim,

noğullarım.

 

İnan mənə,

əziz anam, gözəl anam,

Bu minvalla on üç ildir

Səndən yaman nigaranam...

 

04.03.2017

Pərviz AXUNDOV

525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.15.