Sifət

"Universitet hekayələri" silsiləsindən

 

 

Kafedra müdiri, professor Qalib Vəliyev semestrin sonunda üçüncü kursda oxuyan Əkbərə dedi: "Qayıbların silinməsi yüz, seminarlara görə yüz, sərbəst iş yüz, imtahan yüz manat. Neçə elədi?" - "İki yüz". - "Yoox". - "İki yüz əlli". - "Telefonunda hesabla, mənə inanmırsansa", - deyib kafedra müdiri güldü. "Elə bilir gülməklə öz bildiyini eliyəcək" fikirləşən tələbə dedi: "Yaxşı, üç yüz və söhbət bağlandı". - "Üç yüz əlli və sən demişkən, söhbəti birdəfəlik bağlıyırıq", - öncə gülən Qalib müəllim qəfil ciddi sifət aldı, yəni uzatma, deyilənlə razılaş.

Əkbər mobil telefonlar satılan dükanda işləyirdi deyə, vaxt üzündən tək Qalibin yox, əksər müəllimlərin də dərslərinə girməmişdi. Biri iki yüzə, o biri iki yüz əlliyə razılaşmışdı, ən çox (üç yüz) fəlsəfə müəllimi istəmişdi, Əkbər hamısının pulunu vermişdi. Qalibin "oxuduğu" son qiymət, - üç yüz əlli manat "həyasızlıq nümunəsi" kimi gəlmişdi ona.

Qalibin yanından çıxan kimi Əkbər köhnə qonşuları, tədris işləri üzrə prorektor Hikmət müəllimin yanına getdi. Bir vaxtlar eyni binada yaşamışdılar, Əkbərin atasıyla salam-əleykümü vardı. Universitetə qəbul olunanda atası oğluna demişdi, sessiyalarda ciddi bir problemi olsa, ona yaxınlaşsın, salamını çatdırıb problemini desin. Birinci kursda ilk dəfə universitetin dəhlizində Hikmət müəllimi görəndə yaxınlaşıb tanışlıq vermişdi, atasının salamını çatdırmışdı. Hikmət müəllim də sağollaşanda demişdi: "Burayla bağlı çətinliyin olsa, mənə yaxınlaşarsan".

"...Nə? Dörd yüz?" - prorektorun qaşları yuxarı qalxdı. "Hə, amma sonra dediyim kimi, əlli düşdü". -  "Bunun iştahına bir bax. Üç yüz də ona çoxdu". - "Hikmət müəllim, inanın, yeri gəlsə, o əlli manatı iki yüz əllinin üstünə qoyardım, ürəyimdə "haram xoşun olsun" deyib verərdim. Sadəcə, bu adamın tamahkarlığına görə prinsipə düşdüm". - "Əcəb eləmisən". Prorektor bir qədər fikirləşəndən sonra məhrəm təbəssümlə soruşdu: "Harda işləyirsən? - "Telefon dükanında". - "Aydındı. Bəs o biri müəllimlərlə neynədin?" - "Birinə iki yüz, o birinə iki yüz əlli verdim". - "Ha-ha-ha. Birinə, o birinə, sən lap siyasətçilər kimi ad çəkmirsən. Düzünü de, Akifə nə qədər vermisən?" -  prorektor bic-bic gülümsədi. Akif fəlsəfədən dərs deyirdi. "Üç yüz", - Əkbər yavaş səslə dedi. "Bax, fəlsəfə səndə qeyri-ixtisas fəndi. Bu qədər tamahkar olmaq olmaz axı. Mənlə məsləhətləşsəydin, o qədər verməzdin. Ən azı yüz saldırardım, o pul cibində qalardı".

Bu vaxt Əkbərə elə gəldi ki, Qaliblə bağlı əsas məsələyə keçməyin əsl məqamıdı, tez dilləndi: "Hikmət məllim, düzü, elə istərdim xeyrim sizə dəysin. Mümkünsə, Qalib məllimlə olan məsələni..." - "Hə, mümkündü". -  "Yəni nə qədər lazımdısa verim?" - "Onun birinci dediyi rəqəmin yarısını versən, bəsdi". Əkbər iki yüz manatı nəzərdə tutaraq barmağıyla iki rəqəmini göstərdi, prorektor başını tərpətdi. Tələbə tez əlini cibinə salanda prorektor dilləndi: "Sən belə elə. Aşağıda, kitab mağazasında Nizami Muradovun "Fizika kursu" kitabı satılır. Beş manatdı qiyməti, yəni baha deyil. Mağazaya girən kimi, solda, birinci rəfdədi. Onu alarsan, dediyimi arasına qoyub sabah axşamüstü gətirib şəxsən mənə verərsən. Burda olmasam, birdən çaşıb kitabı qıza vermə ha", - başıyla katibəsi olan otağı göstərdi, sonra bir az fikrə gedib dilləndi: - "Atanın xətrinə, əlli də salıram". - "Ay məllim, çox sağ olun. Allah sizdən razı olsun". - "Atana salam deyərsən".

Semestrin sonu yüz əlli manatın hesabına və Qalib müəllimə bir manat vermədən Əkbərin qayıbları qeyb oldu, sərbəst işdən, seminarlardan üç aldı. İmtahanda isə biletdə birinci suala Messinin müxtəlif illərdə klub transferlərindən, ikinci suala Quba və İsmayıllı Qızıl Əhməd almaları arasında zahiri və dad fərqlərindən, üçüncü suala sevdiyi Vinni Pux cizgi filmində əsas personajların dovşangilə qonaq getmələrindən, dördüncüdə səhər yuxudan duranda şirin çayı yağ pendir, yoxsa yağ süzmə qarışığıyla içməyi barədə xeyli düşünməyindən, sonda acı çayla yağ-bal yeməyindən, beşincidə isə bir cümlə yazdı: "Görən, "Keçəl qızın hörükləri" adı ilk dəfə kimin ağlına gəlib?" Nəhayət, Qalibin imtahanından üç alan Əkbər semestri kəsirsiz başa vurdu.

Növbəti semestrin əvvəli Qalib dəhlizdə onu görən kimi hirslə dedi:  "Bu universitetdə aspirantura üzü görməyəcəksən". - "Onu hardan çıxartdız ki, aspiranturaya girmək fikrim var?" Qalib duruxdu, yavaş səslə dedi: "Düzünü de, Hikmətə nə qədər vermişdin?" - "Heç nə qədər". - "Heç kimə deməyəcəm, yavaşca de". - "Dedim də, bir manat da verməmişəm". - "Ay uşaq, onsuz da gec-tez biləcəm, gizlətməklə deyil ha", - Əkbər əlini yelləyib ondan aralandı.

Sonrakı günlər dəhlizdə üz-üzə gələndə, bir-birini görməməzliyə vurdular. Əkbər magistraturanın ikinci kursunda oxuyanda, Qalib qəfil onu saxlayıb salamsız-kəlamsız başladı: "Sənə demişəm də, aspiranturaya qoymuyacam səni". - "Off, başa düşün, elm mənlik deyil, nifrət eləyirəm elmə. Mənlik olsaydı, seminarlara cavab verərdim, sərbəst iş yazardım, imtahanlara hazırlaşardım". - "Bəs əsgərlik məsələsi?" - "Narahat olmayın, onu özüm həll eləyəcəm". - "Bax, bəri başdan deyirəm, sən pulla aspiranturaya qəbul ola bilərsən, amma minimum imtahanında sənə üç yazsam, atamın oğlu deyiləm". Son eşitdiklərindən sonra Əkbər eləcə başını tərpətdi, guya razılaşdı. "Bu sarsaq yaxşı bilir ki, mən aspiranturaya daxil olan deyiləm, eləcə məni cırnadıb kayf tutmaq istəyir. Eybi yox, qoy ürəyini boşaltsın, onsuz da üç aydan sonra bunun sifətini bir də görməyəcəm", - fikirləşdi.

Artıq illər keçmişdi, Əkbər boyalar satılan şirkətdə baş menecer işləyirdi. Bir gün axşamüstü dördüncü sinifdə oxuyan oğluna planşet almaqçün kompüter dükanında mallara baxarkən, qəfil adını eşitdi, səsindən tanıdı. "Uy da, yenə bunun sifətini görəcəm? Yüz faiz soruşacaq ki, Hikmətə o vaxt nə qədər pul verdin?" fikirləşdi. Salam, hal-əhval, "Harada işləyirsən?", "Evlənmisən? Neçə uşağın var?" suallarından sonra Qalib soruşdu: "Sən Allah, düzünü de, o vaxt Hikmətə nə qədər vermişdin?" - "Ay məllim, yüz il keçib üstündən, bunu indi soruşmağın nə mənası var axı?" - "Bəs əsgərliyi neynədin?" - "Fövqəladədə xidmət elədim". -"Hmm, lap yaxşı. Deyirsən, işin-gücün yaxşıdı, hə?" - "Yaxşı yox, əladı". - Əkbər ədayla cavab verdi. Müəllim bunu gözləyirmiş kimi tez dedi: "Lap yaxşı. Nəvəmə telefon alıram, bəlkə ilkin ödənişə mənə kömək edəsən?" Bunu heç gözləməyən Əkbər matdım-matdım xeyli ona baxıb dilləndi: "Nə qədər?" - "Yetmiş beş manat". Əkbər qeyri-ixtiyari əlini cibinə saldı.

29 sentyabr-23 dekabr 2023

Bakı

 

Alpay AZƏR

525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.15.