Xalq rəssamının
üç tarixi portreti
Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı
Əzim Əzimzadə (1880-1943) xüsusi istedad və
bacarığı, dərin müşahidə qabiliyyəti ilə
seçilən şəxsiyyətlərdən olub. Onun uzunillik,
çoxşaxəli və rəngarəng
yaradıcılığında realist portret janrı da
mühüm yer tutub. Məxəzlərdən məlum olur ki,
rəssam bir çox tarixi şəxsiyyətlərin surətini
öz təxəyyülünə istinad etməklə kətanın
üzərinə köçürüb. Məsələn,
Sasani padşahının, şair Firdovsinin portretləri bu qəbildəndir.
Biz isə bu yazıda görkəmli fırça
ustasının üç tarixi rəsm əsərindən bəhs
edəcəyik.
Ə.Əzimzadə Şərq ədəbiyyatının
nadir bilicilərindən idi. Klassik fars ədəbiyyatının
korifeyi Sədi Şirazinin yaradıcılığı ilə
yaxından tanış olan rəssam bu böyük şairin
portretini ərəb qiyafəsində kətanın üzərində
işləyib. Qeyd edək ki, Sədinin Mirzə Sadıq Rahil
tərəfindən Azərbaycan dilinə tərcümə
olunmuş "Gülüstan" əsəri 1911-ci ildə
Bakıda "Səda" nəşriyyatında "Bəhrül-həqayiq"
("Gülüstan"ın şərhi") adı ilə
çapdan çıxıb. Şairin Ə.Əzimzadə tərəfindən
çəkilmiş portreti (şəkil №1) də məhz həmin
kitabda özünə yer alıb.
Rəssamın digər bir rəsm əsərində
görkəmli orta əsr Azərbaycan şairi və mütəffəkiri,
qəzəl janrının ustadı Məhəmməd
Füzülinin surəti əksini tapıb (şəkil №2).
1912-ci ildə çəkilən portretdə dahi şairin
çalmasındakı nişanələr onun şiəliyinə
işarədir. Rəssam özü də Füzuli beytlərini
məharətlə şərh etməyi bacarıb. Təsadüfi
deyil ki, Buzovnalı Məşədi Azər bir şeirində
yazır:
Heyif itirdim Əzim rəssamı,
O bənami vahidi-əyyamı.
Ə.Əzimzadənin haqqında söz açmaq istədiyimiz
üçüncü rəsm əsəri məşhur "Məsnəvi"nin
müəllifi, görkəmli türk şairi və mütəfəkkiri
Cəlaləddin Ruminin portretidir. Rəssamın 1972-ci ildə
Bakıda çapdan çıxan kitabında həmin portret təqdim
edilib. Lakin portretin üstündə ərəb əlifbası
ilə səhvən məşhur islam fatehi Səhahəddin
Əyyubinin adı yazılıb (şəkil №3).
Onu da bildirək ki, Səhahəddin Əyyubi (1138-1193)
haqqında "Səlib müharibələri" kitabında
(Bakı, 1912) müfəssəl məlumat verilib. Misir
sultanı olmuş S.Əyyubi Suriya və Fələstinin ərazisini
səlibçilərdən azad edib. Ə.Əzimzadə bu qəhrəman
fatehin də təsvirini məharətlə çəkib.
Mərhum alim Nüsrət Nəcəfovun kitabında
da (Moskva, "Sovetski xudojnik" nəşriyyatı, 1957) bu səhv
təkrarlanıb. Amma Ə.Əzimzadənin rəsm əsərlərinin
siyahısında Ruminin adı qeyd olunub (səh.45, (akvarel
62X39), 1912). Əgər bunu tarixi səhv kimi dəyərləndirsək,
onda rəssamın əsərlərinin bundan sonrakı nəşrlərində
əsl həqiqəti üzə çıxarmaq və
buraxılmış səhvi aradan qaldırmaq çox vacibdir.
Xalq şairi Süleyman Rüstəm Əzim Əzimzadəyə
həsr etdiyi şeirində sərrast söyləyib:
İnan yaşayacaq sənin də adın,
Çəmən yaşadıqca, gül
yaşadıqca,
Vətən yaşadıqca, el yaşadıqca...
Ağaddin BABAYEV,
Lənkəran.
525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.12.